Leyli dedi: "Ey vücudi-kamil,
Qürbi-Həqə ismət ilə qabil!

Me'raci-kəmalını sınardım,
Keyfiyyəti-halını sınardım.

Oldum necə olduğundan agah,
Xoş mərtəbədir bu, barəkallah!

Əhsəntə ki, zati-pak imişsən,
Pakizə vücudi-xak imişsən.

İnsaf həmin ola qənaət,
Təskini-bəvaya istitaət.

Eşqində riya güman edərdim,
Ətvarını imtəhan edərdim.

Əlminnətü lillah oldu mə'lum,
Vəsl olduğu məşrəbində məznıum.

Qəmnak idim, eylədin məni şad,
Bu qeyd təəllüqündən azad.

Bir qafili-xudpərəst idim mən,
Cəh! ilə müdam məst idim mən.

Arayişi-zülfü xal edərdim,
Peyvəstə munu xəyal edərdim

Kim, sən tələbi-vüsal edərsən,
Nəzzareyi-zülfii xal edərsən.

Hala mənə rövşən oldu halın,
Me'raci-həqiqəti-kəmalın.

Mən bəslədigim bu zülfü xalı,
Çeşmi-siyəhü Üzari-alı

Öz canım üçün degil, şəbü ruz,
Nezri-nəzərindir, ey diləfruz!

Ta eyləyəsən dəmi nəzarə,
Təskin verəsən dili-figarə.

Həm sən olasan murada vasil,
Həm ola mənə səvab hasil.

Yoxdur çü nəzarə meyli səndə,
Neylər bu cəmali-xub məndə.

Tən dürcünədir düri-rəvanım,
Gənci-bədənimdə nəqdi-canım

Derdim ola sərfi-rəhgüzarın,
Gördükdə rəvan qılam nisarın.

Tövfiqü vüsalın edəm idrak,
Əndişeyi-hicrdən olam pak.

Hala ki, müyessər olamaz kam,
Olmaq nə rəva arada bədnam?

Nəsxi-xəti-e'tibar qıldım,
Rahi-ədəm ixtiyar qıldım.

Ta necə verə qübari-surət
Ayineyi-zatıma küdurət?

Vəqt oldu ki, rövşən ola mir'at,
Müstəğni ola süfatdan zat.

Vəqt oldu bu qönçə ola xəndan,
Tə'sir edə sübhi-feyzi-canan.

Xunabi-qəmilə doldu könlüm,
Qönçəsifəti tutuldu könlüm.

Fərz oldu ki, tey qılam büsatım,
Qət' edəm özümdən ixtilatım.

Sitri-tətı edəm ədəm hicabın,
Rüxsara çəkəm fəna niqabın.

Ta hüsni-rüxüm ki, istəməz yar,
Olmaya nəsibi-çeşmi-əğyar.

Zira ki, nəsibi-hüsni-qabil
Oldur, ona aşiq ola mayil.

Hüsnümdə çü yox qəbuli-aşiq,
Nöqsan ilə olmağım nə layiq?"

Bu hala münasib ol pərizad
Filhal bu şe'ri etdi bünyad:

Bu qəzəl Leyli dilindəndir

Nə dilbər kim, dəmadəm aşiqə ərzi-cəmal etməz,
Qalır naqis, bulub feyzi-nəzər kəsbi-kəmal etmə.

Degil cəzb etməyən üşşaqı mə'şuq olmağa qabil,
Nə hasü hüsni-surətdən ki, cəzbi-əhli-hal etməz.

Gərək rüxsareyi-mə'şuq məxfi qeyri-arifdən
Ki, arif olmayan idrak sün'i-zülcəlal etməz.

Həvayi-vəsldir kim xublər vəslinə talibdir,
Və gər nə, eşqi-kamil fərqi-hicranü vüsal etməz.

Olan nəqdi-həyatın aşiqin mə'şuqə sərf eylər,
Bu zülmü, ah, əgər mə'şuqinə aşiq həlal etməz.

Məcaz əhlinə xublar cilveyi-naz eyləsinlər kira,
Özün əhli-həqiqət mübtəlayi-xəttü xal etməz.

Füzuli, aləmi-surətdə sərgərdan gəzər zahid,
Zəhi qafil, bu sevdanın sərəncamın xəyal etməz.

Təmamiyi-süxən

Xətm eyləmədən sözünü ol mah,
Bir naqənişin göründü nagah.

Naqə ilə bir nəfər səbükxiz,
Gördü ki, gəlir nəsimtək tiz.

Bildi büti-gülrüxü səmənbuy
Kim, özü üçündür ol təlcü puy.

Bildi ki, rəqib bədgümandır,
Ənduhi-dilü bəlayi-candır.

Ol mahivəş olduğunda qaib
Olmuş ona sürət ilə talib.

Gülzara hənuz yetmədən xar,
Gül qıldı vidayi-səhni-gülzar.

Ol halına vaqif olmadan qeyr,
Təprətdi cəmazeyi-səbükseyr.

Cuyəndə görüb ol afitabı,
Tərk etdi şitabü iztirabı.

Tövfiqi-murada oldu xoşdil,
Düşdü önə, qıldı əzmi-mənzil.

Şəhbazı yetirdi aşiyana,
Tapşırdı nihah bağibana.

Məcnun yenə qaldı zarü məhcur,
Həmsöhbəti marü həmdəmi mur.

Nə durmağa taqətü qəran,
Nə gəzməyə əldə ixtiyarı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq