Gəldi ol İsa kim, ondandır həyati-əhli-hal,Yoxdur onsuz xəlq cismində həyatə ehtimal.

Gəldi ol Xizri-mübarəkpey kim, onsuz bidəlilMüztərib qalmışdı əhli-fəzlü ərbabi-kəmal.

Gəldi ol Mehdi ki, salmışdı zəmani-qeybətiİqdi-nəzmi-kişvəri-islamə bimi-inhilal.

Gəldi ol Asəf ki, qondurmuşdu cündi-şövkətiDaməni-mülki-Süleymanə qübari-ixtilal.

Sərfərazü rastəhdü nikrə’yü xubruySərvəri-pakizə ətvarü pəsəndidə xisal.

Cövhəri-qabil Əyasi-aqibət Məhmud kim,Xəlqə göstərmiş onu İyzəd fələkdən bir misal.

Mərhəba, ey rövnəqəfzayi-səriri-izzü cah,Mərhəba, ey ziybbəxşi-məsnədi-cahü cəlal!

Sərvəra, həqqa ki xurşidi-cəmalindən cüda,Əxtəri-iqbalinə yetmişdi Bağdadın zəval.

Olmuş ikən əşk seylabiylə ə’ma, şükr kim,Buldu çeşmi-mülk xaki-məqdəmindən iktihal.

Qalmamışdı feyz, guya kim sənə imdad üçün,Övliya qılmışdı Bürci-Övliyadən irtihal.

Ey xoş ol kim, xirməni-ə’dayi bərbad etməyə,Canibi-dəryayə qıldın seyr manəndi-şimal.

Xəsm mülkinə xüraman eylədin xəzra ələm,Şərri-şeytan dəf’inə açdın mələkvəş pərrü bal.

Girdin ol iqlimə kim, bəhr ilə bərrində onunYox sənə bir munisü qəmxar qeyri-Zülcəlal.

Qılmadın əmvaci-dəryayi-ədavətdən həzər,Çəkmədin əhvali-asari-həvadisdən məlal.

Kəsdin əvvəl fitnə başın intizami-mülk içün,İbtidayi-kari-xeyr etdin, mübarək oldu fal.

Fəth qıldın ol yeri kim, dövri-Adəmdən bəriQılmamışdı sahibindən qeyrə hərgiz intiqal.

Aldın ol iqlimi kim, aləmdə yüz min padişahHəsrətiylə verdi can, fəthin bilüb əmri-məhal.

Açdın ol mülki ki, yüz min səltənət lafın uranOldu əcz ilə onun də’vayi-təsxirində lal.

Şahidi-Bəsrə pərişanhal ikən verdin onaXəttü xali-ləşkəri-islamdən ziybi-cəmal.

Minbərin zikri-hümayun ilə etdin sərbüləndK’ol məqami heyfdir qılmaq ərazil payimal.

Sikkəsinə padişah ismiylə verdin ziybü fər,Heyfdir kim, ola ol rə’na siyəhru layəzal.

Kəsdin ol iqlimdən əhli-Firəngin rəğbətin,Aça bilməz oldu küffar ol yana çeşmi-xəyal.

Xəlqə e’lan etməgə dini-Məhəmməd taətin,Eylədin ol Məscidi-Əqsayə tə’yini-Bilal.

Sərhədi-Hindistan açdın, sənə yüz afərin!Rum rüxsarına xeyli ziynət artırdı bu xal.

Gər sənə düşmən müqabil durmadiysə, vəchi var,Oldürür xəffaşü sənsən afitabi-bizəval.

Fəth yüz vermiş sənə hər qanda kim əzm eyləsən,Hiç kəsdən surətə gəlməz xilafi-imtisal.

Ləşkərin əzm etsə bir saətdə eylər tarimar,Hər nə tədbirü təəssül qılsa xəsmin mahü sal.

Seyr qılsan himmətin sərfinə doymaz bir nəzər,Qılsa ə’da cümlə ömrün sərfi-zəbti-mülki mal.

Ərseyi-cəngü cidalin qətldən xali qalıb,Müttəsil rə’yinlə tiğindir qılan cəngü cidal.

Tiğin isitər rəzm edə, qanlar tökə, başlar kəsə,Rə’yin etməz düşmənin fəthini möhtaci-qital.

Böylə ki, tövfiqi-Həq nüsrət nəsib etmiş sənə,İntisabi-rif’ətü iqbalə düşmüşdür məcal.

Dut cahan mə’murəsin sərəskəri-islam olubNövcəvanlar zuri-bazusuna doymaz pirə zal.

Cövhəri-zatində çün namusi-nəzmi-mülkdür,Lütfi şahənşahi-islamın sənə olsun həlal.

Oldu rövşən kim, sənə ağazi-rif’ətdir bu fəth,Pərtövi-xurşiddən bədr olacaqdır bu hilal.

Var ümidim kim, müxaliflər arasında müdam,Asiman qıldıqca niyrani-ədavət işti’al,

Müttəsil fəth ola ruzi canibi-Həqdən sənə,Fezyi-mədhinlə Füzuli xəstəyə hüsni-məqal.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə