Nə lütfdür yenə kim, buldu səbzədən gülzar?Nə feyzdir yenə kim, saldı bağa badi-bahar?

Müzəyyən oldu xəti-səbzə ilə ruyi-zəmin,Lətafəti-xəti-səbz ilə öylə kim, rüxi-yar.

Hicabi-qeybdə hər feyzi-Həq ki, məxfi idi,Cəhanə eylədi lütfi-nəsimi gül izhar.

Səfayi-aləm üçün şahidi-inayəti-HəqRiyazi-dəhrdə ərz eylədi güli-rüxsar.

Səhifeyi-çəmənə yazdı xameyi-səbzə,Xəti-dəlayili-isbati-İyzədi-cəbbar.

Məzahiri-əsəri-rəhmət etdi hər tərəfiKəmali-qüdrəti-Həq fənzuru üluc-əbsar.

Görünsə xəlq rizasi zəmanədən, nə əcəb,Zəmanə surəti-iqbalə oldu ayinədar.

Sipehr minnəti altında olsa dəhr nola,Götürdü ayineyi-dəhrdən sipehr qübar.

Çiraği-bərğ qılıb şəm’i-laləyi rövşən,Sədayi-rə’d qılıb çeşmi-nərgisi bidar.

Tutuşdu heyrət ilə sineyi-zəvil-əfham,Açıldı ibrət ilə dideyi-ülul-əbsar.

Dimağı etdi müəttər həvayi-ğaliyəbuy,Həvayi qıldı müənbər səhabi-gövhərbar.

Zəmirə zövq verib müjdeyi-təvəccöhi-gül,Cahana saldı səfa məqdəmi-nəsimi-bəhar.

Onun kimi ki, bu iqlimə yümni-məqdəm iləBuraxdı zövqü səfa sərvəri-sipehrvüqar.

Güli-hədiqeyi-iqbalü sərvi-baği-hünər,Məhi-sipehri-ədəb, şəhriyari-lütf-şiar.

Mühiti-mərkəzi-dövlət Əyas paşa kim,Mədari-mülkədir iqbali nüqteyi-pərgar.

Sipehrmənziləti kim, buraxsa xakə nəzər,Qılır xəvas ilə xaki zəri-təmaməyar.

Mühithövsələyi kim, gər etsə qətrəyə meylTəvəccöh ilə qılır qətrəyi düri-şəhvar.

Sədaqətində səbati-səadətü iqbal,Siyasətində səvabi-mühacirü ənsar.

Səlah əhlinə helmilə valiyi-müşfiq,Fəsad dəf’inə ədlilə hakimi-qəhhar.

Vücüdi-kamilinə padşahi-aləmdənSirayət eyləmiş asari-səltənət nə ki var.

Cəhanfüruzi görən ol məhi-təmami bilirKi, afitabi-cahantabdəndir ol ənvar.

Əya buludnəzər afitabi-övci-hünərKi, rəsmdir sənə hüsni-xəsailü ətvar,

Kəmali-mə’dələti verdi istiqaməti-mülk,Təbibi-haziqə san kim, irişdi bir bimar.

Münəvvər eylədi iqbalın övliya bürcin,Livayi-ədlin olub övliyayə şəm’i-məzar.

Rəvacbəxşi-təriqi-İmami-Ə’zəm olub,Binayi-şər’ ilə verdin ümuri-mülkə qərar.

Çiraği-təl’ət ilə Kərbəlayə saldın nur,Ol asitanədə qıldın düri-niyaz nisar.

Təmamiyi-üməradən sənə müsəlləmdirRiayəti-nəsəbü şər’i-Əhmədi-Muxtar.

Yetər bu əcr sənə ol zaman ki, ərz olunurCəza üçün Həqə bir-bir səadəti-əbrar.

Xilafi-qeyr nəsib oldu heyni-hökm sənəZiyarəti-hərəmi-paki-Heydəri-Kərrar.

Kim, ol xəlifeyi-rabe’dürü münasibdirSənə kim, hakimi-rabe’sən ona qürbi-civar.

Şəha, səadəti-iqbalınadır əhli-dua,Cəmii-əhli-cahan, kəmtərin Füzuliyi-zar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar