Rindü Zahid
Səhifə 8 / 10 · 70%
Sinəmdə varlıqların nəşqləri dəyişsin,
Yalnız dəyişilməyən nə varsa, o qalsın.
Qoca onun təbiətində irfan istedadını gördükdə gülüzlü bir saqiyə işarə elədi və söylədi ki:
– Dərdin dəfi üçün ruh cilalandıran şərbəti ver və qəmzə neştəri ilə onun kirpiklərindən qan al, şövq dərmanından bir qədər onun şərbətinə qat, ürəyəyatan nəğmə qidası ona ver ki, yavaş-yavaş zahirdən etiqad əlaqəsi kəsilsin, mənaya yaxınlaşsın və rabitə tellərini məcazdan qırıb həqiqətə bağlasın.
Şeir
Xoş onun halına ki, qüssə aparan şərabdan içir,
Bir ləhzə ağıl vəsvəsəsindən ayrılır.
Allaha yaxınlaşmaq özgələrdən tam ayrılmaqdır,
Anla ki, ayrılıqda Allahın nəqşi vardır.
Saqi piri-muğanın göstərişi ilə al şərabdan bir udum məhəbbət şərbəti ilə qarışdırıb incəliklə Rindin əlinə verdi. Rind onu hərifanə dodaqlarına yaxınlaşdırdı. Elə ki, şərabın nəşəsi utanmaq pərdəsini aradan götürdü və eşq sultanı onun vücudunda zühur bayrağı qaldırdı, Rindin gözü nurani bir aləm müşahidə etdi. O, bir bağa tamaşa etməyə başladı. O bağda şənlik üçün nə qaranlığın küdurətindən bir qorxu var idi, nə də hadisələrin xəzanından o bağçaya bir zərər. Oğlan təzə açılmış bir gül kimi açıldı və dedi:
Şeir
Ey fələk, mənə çox kin bəslədin,
Üzümə məhrumiyyət qapıları açdın.
Gördün ki, muradsızlıq mənə aciz etmir,
Axırda aciz oldun, məni muradıma çatdırdın.
Xülasə, rindlərin söhbəti Rində o qədər yaxşı təsir etdi ki, Zahidin yanına getmək qapılarını bağladı. Zahid bildi ki, Rindin başına bir iş gəlib. Şeytan hiyləsi onun yolunda tələ qurub, atalıq hissi onu qeyrətə gətirdi və meyxanəyə getməyi onun gözündə əhəmiyyətsiz etdi. Həyəcanla meyxanəyə tərəf qaçdı və Rindi şərab içənlərin cərgəsində gördü.
Zahid dedi:
– Ey Rind! Axır şeytana aldandın, bizim abrımızı apardın.
Şeir
Əfsus ki, fələk məni səndən naümid etdi,
O işi ki, səndən görməmişdim, gördüm.
Qorxurdum ki, gedəsən, mənim yanıma qayıtmayasan,
Ondan ki, qorxurdum başıma gəldi.
Rind dedi:
– Ey Zahid! Sən məni fasiq şərab içənlərə qoşulmağa qoymurdun, bura pak rindlərin məclisidir. Sən mənim xəbis çaxır içməyimə mane olurdun, bu, canpərvər bir kimyadır. Bir saat otur və bu tayfanın rəftarını gör. Bəlkə düşündüyün işin tərsini görəsən və təsəvvür etdiyinin əksinə bir iş mülahizə buyurasan.
Şeir
Həqiqət qabıq içərisində olan məğzdir,
Dostu düşməndən fərqləndirmək çətindir.
Çox adam var ki, yaxşı hesab edirsən, əslində pisdir,
Çox iş var ki, pis bilirsən, əslində yaxşıdır.
Zahid dedi:
– Ey Rind! Bu oyunlar şeytanın hiyləsidir və nəfsani ləzzətlərin oyuncağıdır ki, pisi yaxşı təsəvvür etmisən və etdiyinə də etiqadın var. Əgər şeytan belə bir haram oyunu halal göstərməsə, ağıllıların öhdəsindən gələ bilməz. Bil ki, hər kəs ki, pis iş görür, onu yaxşı bilir və pis işi yaxşı işdən fərqləndirə bilmir. İndi ki, sən meyxanəni ibadətgah fərz etmisən, bu elə onun şahididir, içkini hal mənşəyi təsəvvür etdiyin də bu dediyimə dəlalət edir.
Şeir
Şeytani-şərirə şərabdan yüz kömək yetişər,
Çünki şərab ağıl çöhrəsinin örtüsüdür.
Bədəmələ bütün pis işlər yaxşı görünür,
Əgər bilsə ki, pisdir heç vaxt onu eləməz.
Rind dedi:
– Ey Zahid! Sən meyxanəni İblis evi bilirsən, şərabı fəsad aləti sanırsan. Bu düz deyil! Şeytanın tələsi hirs və qürurdur. Bu da meyxanədə oturanlardan uzaqdır. Şeytanın fəsad aləti ikiüzlülük və riyadır. Bunlar isə şərab içənlərin məsləkində xətadır. Əgər bu evi Allahdan xali hesab edirsən, onda Allahı hər yerdə hazır bilmirsən. Əgər Allahın burada olmağını etiraf edirsən, Şeytanı kinayə ilə Allaha şərik hesab edib, dilinə gətirirsən.
Şeir
Şeytan Allahdan həmişə qaçar,
Hər yerdə ki, Allah var Şeytan yoxdur,
Allahı unutmasan Şeytandan qorxma,
Şeytanla həmsöhbət olmaq onu (Allahı) unutmaqdır.
Zahid dedi:
– Ey Rind! Madam ki, Allah hər yerdə hazırdır və hamının işinə nəzarət edir, bəs nə üçün ədəbə riayət etmək bəhanəsi ilə abidlər ibadətxanası olan məscidə ayaq basmadın, amma meyxanə ki, qafillərin yığıncağıdır, ora gəldin və fəsad sahibləri ilə oturdun? Orada nə eyib gördün? Burada gözəl nə eşitdin? Əgər səni İblis aldatmayıbsa, niyə məscidi qoyub meyxanəyə getdin?
Şeir
Bütün şərab sevənlər və qürur sərxoşları
Allahı tanımaqdan qafildirlər.
Əgər məscid əhli faydasızdırsa,
Meyxanədə oturanlardan nə fayda var?
Rind dedi:
– Ey Zahid! Fikir elədim, gördüm ki, məsciddə oturanlar özlərinə məğrurdurlar, meyxanədə məskən edənlər isə özlərindən xəbərsizdirlər. Məsciddə oturan abidlərin ibadətə olan etimadları onları məğrur etmiş, meyxanə qafilləri öz xətalarını etiraf etməklə qəflət yuxusundan ayılmışlar. Orada həqq surətində bir xəta gördüm. Burada əzab paltarında bir səvab gördüm. Etiraf edən günahkarların bağışlanmağa ümidləri var. Məğrur abidlərdə üsyan qorxusu var. Mən də üzümü qorxu mərhələsindən ümidə doğru çevirdim. Özümü yoxluq zəncirinə bağlayıb varlıq əlaqəsini üzdüm.
Şeir
Məscid əhli hamısı qalmaqal, mübahisə əhlidir,
Onların söhbətinə rəğbət göstərmək ağıla haramdır.
Meyxanə əhli hamısı özlərindən xəbərsizdir,
Mən o yeri xoşlayıram ki, orada heç kəs öz adını dilə gətirmir.
Zahid dedi:
– Ey Rind! İnsanın işləri gərək ya dünya əhvalı ilə uyğun olsun, ya da axirət. Şərabın keyfiyyətində həm onun (dünyanın) işini unutmaq var, həm də bunu (axirəti) ələ gətirməkdən məyusluq. Təəccüb edirəm ki, insan öz ağıl şərəfi ilə heyvanlardan üstün olması ilə fəxr etdiyi halda nə üçün öz iftixar vasitəsini aradan qaldırmağa çalışır. Elə bilirəm ki, Allah şərabı haram etməsəydi, heç kəs ona rəğbət etməzdi. Yəqin ki, şərab içmək nəfsin tələblərinə tabe olmaq cəhətindəndir. Bəlkə də Allahın hökmünə müxalif olmaq üçündür.
Şeir
Bir şey ki, Allah səni ondan çəkindirir,
Ona niyə bihudə yerə rəğbət edirsən?
O səni özünə müxalif gördükdə
Əlbəttə, səndən razı qalmayacaqdır.
Rind dedi:
– Ey Zahid! Bilirəm ki, mey haramdır. Xüsusilə o səbəbdən mənim ona tam rəğbətim vardır. Ona görə ki, zalım nəfsdir ki, məni bəla toruna salıb və öz istəyinə görə Allaha itaət etməkdən məhrum edibdir. Mən ondan intiqam almaqdan acizəm. Həm də günah etdiyinə görə ona əzab vermirəm ki, Allah mənim heyfimi alsın və mənə zülm edəni əzaba giriftar etməklə məni rahat buraxsın.
Şeir
Nəfsdir ki, xalis şərab həvəsindədir,
Mənim üzümə xeyr qapısı və savab yolunu bağlayıbdır.
Mən də belə bir aşkar zülmün əvəzi olaraq
Onu xəta işə yönəltməklə əzab əhli edirəm.
Belə ümid edirəm ki, əgər itaət əhli Allahın rəhmətinin güzgüsüdürsə, günah edənlər də Allahın bağışlamaq sifətinin məzhəridirlər. Yəqin ki, bağışlamaq günahla bağlıdır, deməli günah əhli bağışlamaq zəncirini hərəkətə gətirir.
Şeir
Nə qədər ki, bəndə üsyan və pis işlərdən uzaqdır,
Bağışlanmaq (sifəti) qeyb pərdəsində gizlənibdir.
Bağışlanmaq insana günahdan hasil olar,
Kim ki, günah edir, o bağışlanar.
Buradan günahın faydası səvabdan artıq görünür. Odur ki, günah təbə daha xoş gəlir, çünki günahkar öz işinin cəzasına yetişərsə, ədalət meydana çıxar. Əgər bağışlanarsa, bağışlanmaq məzhəri olar.
Şeir
Səvab əhli nə qədər ki, rəhmətə yaxındır,
Bunlar qiyamət günü bir sifətdə görünəcəklər.
Amma günah əhlində iki sifət zahir olur:
Əzab vaxtı-ədalət, bağışlanmaq zamanı-məğfirət.
Zahid dedi:
– Ey Rind! Doğrudur, məğfirət (əfv etmək) xəta baş verdikdə mümkündür və bağışlamaq pis işlər üçündür. Şərt odur ki, pis işlər səhvən və ya naçarlıqdan ola və nəfs ondan tövbə edə, təəssüf edərək üzr istəyə. O adamlara təəccüb edirəm ki, bəd əməlləri özlərinə peşə ediblər və Allahın əmr və nəhyinə xilaf iş görürlər və bağışlanmaq bağından da bir gül dərmək istəyirlər.
Şeir
Kim ki, bilmədən bir günah etsə,
Bağışlanmaq qapısına yol tapa bilər.
O ki bağışlanmaq ümidi ilə qəsdən günah edir,
Ahü fəryadı faydasız olacaq.
Rind dedi:
– Ey Zahid! Sən ümidsizlərin sözünü dilinə gətirdin və məhrumların əfsanəsini danışdın. Bil ki, bağışlanmaq günahın əndazəsicədir. Necə ki, rəhmət ibadət qədricədir. Qəsdən günah edən adamın təqsiri unudub günah edən adamın günahından artıqdır. (Lakin) məlumdur ki, məğfirət ondan da artıqdır. Əgər “Adlar elmi”nə bələd olan Adəm əleyhissəlam Allahın bağışlamaq feyzini anlamasaydı, xəbərdarlıqdan sonra qadağan olunmuş ağacın meyvəsini yeməzdi. Halbuki meyvə yeməklə bir günah işlədi, bununla da bağışlanmaq gözəlinin üzündən pərdəni götürdü.
Şeir
Biz günah əhliyik, günah bizim zinətimizdir,
Günahsız olmaq bizə mümkün deyildir,
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-rindu-zahid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Başqa şairlərin şeirləri
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.