Rindü Zahid
Səhifə 1 / 10
Ey namaz vaxtı zahidlərin səcdə etdiyi,
Ey niyaz zamanında rindlərin rəğbət bəslədiyi (Allah)!
İstər həqiqət əhli, istər məcaz əhli olsun,
Hər kəs bir dil ilə öz sirrini sənə deyir.
İlahi, ibadət sovməəsinin pak məzhəb zahidləri hörmətinə günah və üsyan meyxanəsinin rindlərini “Allaha doğru qayıdın” qədəhinin nəşəsindən məhrum etmə, üzlət xərabatının saf təbiətli rindləri izzətinə, xudbinlik xanəgahının zahidlərini, “imtina etdi və təkəbbür göstərdi” azğınlığı və zəlalətindən uzaq saxla!
Rübai
İlahi, sən məni məğrur zahid etmə!
Səndən uzaq olan bir rind də etmə!
Elə et ki, yoxluqda ikən bir ad çıxarım,
Məni rindlik və zahidliklə məşhur etmə!
Xoş o zahidin halına ki, səadət əldə etmək itaətxanəsində ibadət təsbihinin səriştəsini son Peyğəmbərin səlavatı silsiləsinə yetirə. Xoş o rindin halına ki, iradət qədəhini hüsn və fərasət meyxanəsində şəriət sahibinin razılığı əlindən ala, həmişə təriqət xanəgahlarından etikafında onun yolunu tutub gedə və bu təriqənin zövqünü tabe ola, necə ki deyiblər:
Rübai
Zahidlərin pak ürəyindəki işıq səndəndir,
Şəriətin binası həmişə səninlə abaddır.
Qırxlar məclisində həriflər bir-bir
Rindliklə üzüm suyunu səndən alıblar.
Peyğəmbərə, onun gözəl nəslinə və pak yoldaşlarına Allahın səlavatı olsun.
Sonra.
Riya sovməəsinin zahidi və xəta meyxanəsinin rindi binəva Füzuli əhli-nəzər yığıncaqlarında və hünər sahiblərinin məclislərində hekayə zikrinin zümzüməsini bu qanunla eşidib və rəvayət qədəhinin cürəsini bu minvalla dadıbdır.
Əcəm diyarında olduqca vüqarlı, çox təmiz və pak bir zahid var idi, necə ki deyiblər:
Şeir
Dünyanın kəşməkəşindən asudə bir fəqih idi;
Ona təzim etmək üçün mehrabların qəddi ikiqat olmuşdu,
Tacdarlar onun ayağının torpağına möhtac idilər,
Onun başmaqları fələyin başına tac idi.
O, özündən xəbərsiz müridlər məclisinin yuxarı başda əyləşəni, həqqə yaxınlaşmaq və onun tərəfindən qəbul olunmaq istəyənlərin qabaqda gedəni idi. Hər aləmdə bir ələm qaldırmışdı, hər elmdən bir bəhrəsi var idi. Onun Rind adlı bir oğlu var idi ki, kamalda misli-bərabəri yox idi. Hələ onun üzünə tük gəlməmişdi, lakin öz idrak qüvvəsilə yaradılış xəttinin məzmununu dərk etmək dərəcəsinə çatmışdı.
Rübai
Fəzl və kamal bağının rəna bir gülü idi,
Cah-cəlal mədəninin gözəl bir gövhəri idi.
Gözəl xasiyyətlərinin və lətif əxlaqının aynası
Onun işıqlı idrakının seyqəlindən nur almışdı.
Elə ki Zahid oğlunun kamallı simasında istedad günəşinin parıltısını müşahidə etdi, fərasətli üzündə gözəl qabiliyyətinin əlamətini oxudu, nəsihət qapılarını açdı, ona öyüd verməyə başladı:
– Ey əziz və xoşbəxt oğlum! Bil ki, Allahın hikmətinin tələbi və xaliqin qüdrət iradəsi insanların vücudunu müxtəlif təbiətdə xəlq eləyib, onların varlıq cəridəsində müxtəlif təbiətlərin rəsmini çəkmişdir. İnsanların bəzisini “hər kimi Allah hidayət etsə, o yol tapmışdır” (ayəsi) mövcibincə “kimi istərsən əziz edərsən” məqamına yetirib və bəzisini “hər kəsi Allahı nəzərdən salarsa, ona yol göstərən olmaz” səbəbinə “hər kimi istəsən xar edərsən” zillət torpağına əyləşdiribdir. Belə qərar qoyubdur ki, hər kəs öz səyi sayəsində ona müqəddər olan rütbəyə çatmaq üçün cidd-cəhd eləsin. Hər kəs öz səyinin nəticəsində ona qismət olan ruzi şərbətini içsin, ta tənbəllik törədən və beləliklə, aləmin nizamına qarışıqlıq gətirən qəzaya etimad etməsin, habelə kəsalət törədən və bəni-adəmin ixtilatını pozan qədərə etiqad etməsin. İstənilənləri əldə etmək niyyəti və bəxtin qapılarını açmaq ixtiyarı hamıya bərabər verilmiş və hamıya “bilənlər ilə bilməyənlər bərabər ola bilərlərmi?” təşviqini eşitdirməklə və “insan üçün səyindən başqa bir şey yoxdur” xəbərdarlığı mövcibincə onların huş qulağını açıbdır. Ta heç kəs özünün zillət töhmətini yaranışa isnad etməsin, istək yolunda bir bəhanə tapıb səy etməkdən əlini çəkməsin.
Bu müqəddimədən məqsəd və bu söhbətdən murad odur ki, indi sənin bilqüvvə asari-fəzilət mənşəyi olan zati-şərifin bilfel onların məzhəri-əsrarı olmalı və batinən incilər xəzinəsi olan lətif ünsürün onları aşkara çıxarmalıdır.
Nəzm
Rind bu nüktəni Zahiddən eşitdikdə
Naşı olduğuna görə mənasını anlamadı.
Dedi: ey mənim hər müşkülümü həll edən,
Mənim ürəyimdə olan müşküllərdən xəbərdar olan.
Hərçənd hünər qapılarını açdın,
Söz fəsahətini kəmalə çatdırdın,
Səndən nə gizlədim, sözlərinin dolaşıqlığından
Məna mənə aydın olmadı.
Sən əgər kəmalını göstərmək istəyirsən,
Hamıya ustadsan, (Allahın) sənə rəhməti olsun.
Əgər vəz və nəsihət etmək istəyirsənsə,
Ləfzi məzmuna pərdə etməyəsən,
Məzmunu başa düşmək istəyənlərin ürəyini qan etməyəsən,
Əsl mənadır, kəlmələri zinətləndirmək deyil,
(Əsl) söz odur ki, onu avam da başa düşsün.
Qəbul əhlinin nəsihətini eşit.
Hər kəs ilə onların öz ağıllarının səviyyəsində danış.
Zahid dedi:
– Ey Rind! Sənin sözlərindən nəsrdən ikrah etdiyin məlum oldu. Anladım ki, sənin mənzum sözlərə rəğbətin var, bildim ki, idrakın nöqsanlı olduğuna görə təbiətin dolaşıq inşaya nifrət bəsləməkdə məzurdur.
Nədən Allahın və Peyğəmbərin cayis görmədiyi nəzmi bəyənirsən? Yalançılıqla ifrat etdiklərinə görə şəriət əhli tərəfindən adı məzəmmətlə yad edilən şeir sənin xatirinin səhifəsində nə üçün nəqş bağlamışdır?
Şeir
Yalan söz söyləyənlərin gərək
Ağıl yanında heç bir etibarı olmasın,
Nə üçün gərək insan yalan danışsın,
Və yalanı etibarının səbəbi bilsin!
Rind dedi:
– Ey Zahid! “Biz ona şeir öyrətməmişik” ayəsinin məzmunundan belə anlaşılır ki, şeir Peyğəmbərdən başqasına Allah təlimidir. Odur ki, onu (şeri) təhqir etmək xətadır. “Həqiqətən bəzi şeirlər hikmətdir” (hədisinin) mənasından belə anlaşılır ki, Peyğəmbər şeri bəyənirmiş. Odur ki, onu məzəmmət etmək həyanın azlığına dəlalət edər. Bil ki, şeirdəki fayda verən yalan, zərər yetirən doğru nəsrdən yaxşıdır. Əgər desən ki, elə deyil, yalandı.
Şəriətdə yalaq söz işlənməz;
Yalan söz naməşrudur, hətta əqlə müğayirdir.
Şerin rütbəsində bu qədər demək kafidir ki, bu paltarda (şeir şəklində), rədd olunmuş (yalan) da hamı yanında məqbuldur.
Zahid dedi:
– Ey Rind! Yalançıları tərifləməkdən əl çək. Uca himmətli ol ki, bundan da yaxşı bir sənət öyrənəsən ki, həm həyatda etibarına səbəb olsun, həm də öləndən sonra onun asarı səndən yadigar qalsın. Onu bil ki, bu gün hər nəyə rəğbət eləsən bacararsan. Sabah hər nəyi yadına salsan həsrət çəkərsən
Şeir
Allahlıqdan aşağı olan bütün təkamül rütbəsinə çatmaq üçün
İnsanın tərkibində əqlin feyzindən (hər bir imkan) mərkəzləşmişdir
Lakin səysiz fəzl və hünər örtülü qalar,
İmkandan həqiqətə çevrilə bilməz.
Nə qədər ki, huş və duyğular fəaliyyətə qabildir,
Fürsəti qənimət bilib, hünər kəsb etməyən adamın
Bədən əzaları süst olduqdan sonra peşmanlığı fayda verməz.
Çünki alətsiz ustadın əlindən heç bir iş gəlməz.
Rind dedi:
– Ey zahid! Yaxşı dedin, nəsihət incilərini gözəl deşdin. Lakin indi sən məni bir elmə doğru yönəlt ki, mən də bir səy göstərim.
Şeir
Mən ki, yoxdan yenicə varlıq aləminə gəlmişəm,
Dünya qayda-qanunlarından xəbərim yoxdur.
Sən ki, bir ömürdür bu dünyadasan, mənə yol göstər!
Bilim ki, işin gedişi nə cürdür, qayda nədir!
Bil ki, insan varlığının kəmalı iki vücutdan asılıdır. İnsanın nəfsini o iki keyfiyyət kəmal nəşəsinə doğru aparır. Əvvəl zahiri vücuddur. Onun da məbdəyi atadır. İkinci mənəvi vücuddur ki, onun da mənşəyi rəy sahibi olan mürşidin hidayətidir. Kamil olmaq dərəcəsi sonuncuya bağlı olduğundan mürşid atadan müqəddəmdir.
Qitə
Elim bir ruhdur ki, qoca mürşid öz nəfəsinin feyzindən
Tələb əhlinin ölü bədənlərinə gətirər.
Tələb əhlinin həyatı mürşidin nəfəsi feyzindədir.
Buna görədir ki deyirlər: “Nəfəsin canı vardır”.
Zahid dedi:
– Ey Rind! Çün elm və sənəti bəyənirsən və mənfəət və zərərlərinin aqibətini düşünürsən, daha yaxşı olar ki, sənət kəsb etməkdən qabaq elmə rəğbət edəsən. Elm öyrənmək vadisinə gələsən ki, elm ruhani ləzzətlərin zəncirini hərəkətə gətirəndir və Allahı tanımaq sirlərinə vasitədir. Necə ki deyiblər:
Şeir
Elm bir dəryadır ki, ondan
Həqqi tanımaq gövhəri hasil olar.
Elmin rütbəsini ağıllılardan soruş,
Elmin ləzzətini cahil nə bilər?!
Rind dedi:
– Ey Zahid! Deyirsən ki, elm öyrənmək yaxşıdır. Mənim də onu öyrənməyə arzum çoxdur. İndi təlim ver öyrənim və onun nuru ilə ruhumun şəmini işıqlandırım.
Rübai
Elə et ki, sənin feyzindən bir zövqə çatım,
Sənin yol göstərməyinlə bir yerə çatım.
Varlıqda irfandan başqa bir müddəam yoxdur,
Mənə rəhbərlik et ki, bir müddəaya çatım.
Sonra Zahid bir səhifənin üzərinə bir əlif çəkdi.
Rind onun mənasını soruşdu.
Zahid dedi:
– Bu elmlər xəzinəsinin açarıdır. Ədəbi və qadir Allahı tanımağın əsasıdır. İbtidadə ki, qələm gözəllik lövhü üzərinə rəqəm yazdı, “Təkdən yalnız tək törər”, mövcibincə (Allah) özünü əlif surətində göstərdi.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-rindu-zahid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Başqa şairlərin şeirləri
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.