Rindü Zahid
Səhifə 3 / 10 · 20%
Allahı tanımaq alim və ağıllı olmaqdan başqa bir şeydir,
Allahın sözündə və işində elm və əql kor və kardır.
Hansı ağıllı işin axırına layiqincə çatdı?
Hansı alim işin sonundan xəbərdardır?
Elm bəhsinin nəticəsi ürək ağrısıdır, onu etmə!
Elmin qeydinə qalmağın faydası başağrısıdır, qeydinə qalma!
Əgər sən bu dediyin sözlərdə mənim zahiri rütbəmin artmasını istəyirsən, həqiqətdə dünyada kim nadan və elmsizdirsə, onun da neməti artıqdır. Çünki alim dolanmaqda öz tədbirinə arxalanır. Lakin cahil öz işini Allahın kərəminə bağlayır. Madam ki, Allahın kərəmi xalqın tədbirindən təsirlidir, onda xalqın özü üçün çörək tapmağa minnət çəkməsi lazım deyil:
Qitə
Bir ağıllı bir cahilə dedi ki, niyə
Sən mənim kimi deyilsən, qüssəsizsən,
Mən bu qədər ağıl ilə yoxsul və fəqirəm?
Sən isə o cəhalətinlə həmişə şadsan?
Cahil dedi ki, məgər bilmirsən ki,
Mən möhtərəməm, sən gözdən düşmüş.
Mən Allahın lütfünə təvəkkül eləyirəm,
Sən isə öz tədbirinə güvənirsən.
Zahid dedi:
– Ey Rind! Nemətin çoxluğu Allahın inayətinə dəlalət eləyir və zindəganlığın çətinliyi təhqir əlamətidir. Ola bilməz ki, Allah cahili inayət silsiləsinə alıb bilicini gözdən salsın, ta elmsiz cəhaləti özünə qəbul edib o vəziyyətdə də qalsın. Bilici isə elmi məhrumiyyət aləti hesab etsin və ondan bəhrələnsin.
Qitə
Cahilin nemətdə, alimin yoxsul olmağı ya Allahdan deyil,
Ya da yoxsulluq və fəna rütbəsi nemətdən yüksəkdir,
Belə olmasa, elmi necə yüngül saymaq olar?
Necə demək olar ki, nemət cahillərə layiqdir?
Rind dedi:
– Ey Zahid! Cahilin nemətdə olması, alimin çətinlikdə yaşaması qəzəb və mehribanlıqdan deyil, bəlkə onda Allah hikmətinin sirləri var. Hərçənd ki, məmləkətin işləri cahilin əlindədir, alimin tədbirlə öz güzəranını əldə etməsi ondan daha asandır. Əgər dünya işlərinin əsasları ağıllıların əlində olsa, onda cahil adamlar istehqaqın olmaması üzündən çətinliklə onu qəbul edər. Bu hikmət Allah mərhəmətinin ümumiliyinə dəlildir və bu da alimlərin təsəllisinə səbəbdir ki, Allahın nemətindən hamı istifadə edir, hər kəs onun salmış olduğu süfrədən öz ruzisini yeyir.
Qitə
Dünya dövlətinin daima nadanlara çatması,
Ölkənin nizam və intizamı üçün bir hikmətdir.
Alim öz ağlı ilə cahilə yaxınlaşa bilər,
Amma cahilin alimə yaxınlaşması zəhmətdir.
Zahid dedi:
– Ey Rind! Hərçənd ömrümü tamam sənin üçün sərf etdim, zəhmət çəkib səni böyütdüm. Belə olmaya ki, mənim zəhmətim məzəmmətə səbəb ola, cəhalətin sayəsində mənim ümidlərim puça çıxa, öyrənməmək pərdən nəsəbinin üstünü örtə, sənin cahilliyindən xəbərdar olanlar məni təqsirləndirələr.
Şeir
Vay o bəndənin halına ki, adının baqi qalması üçün
Bir ömür zəhmət çəkə, övlad böyüdə,
Övladına gözəl tərbiyə əsər etməyə,
Atasının adını batıra, abrını apara.
Rind dedi:
– Ey Zahid! Deyirsən ki, övladın cahil qalması ataya eyibdir, tamam səhvdir və rəva görülməyən fikirdir. Onu bil ki, Allahın hikməti insanların bərabər olmasına icazə vermir və hər kəsin rütbəsində bir fərq qoyubdur. Övladın pis olması atanın yaxşı ad çıxarmasının mənşəyidir. Odur ki, mənim hünərsizliyim sənin adının yaxşı xatırlanması üçün kamali-hünərdir.
Şeir
Bir alimin övladı özündən bilikli olsa,
Deyərlər ki, atasının elmi bu qədər deyildi.
Bu qədər zəhmət çəkib təlimdən sonra ataya
Öz cəhalətini isbat etməkdən başqa oğulun elmindən nə fayda hasil olar?
Zahid dedi:
– Ey Rind! Əgər elm təhsil etməkdə idrakının nöqsanlı olması manedirsə, itaəti təqlid etməyə nə var? Onda nə üçün mənim arxamca gəlmirsən. Mən ibadət yolunda zəhmət çəkirəm, nə üçün məni rəhbər tutaraq mən gedən yolu getmirsən? Əgər elm öyrənməkdə süstlüyün zahiri səadət qapılarını sənin üzünə bağlayırsa, gözəl əməlin nöqsanını tamamlasın. Özünü həqiqətçilər dərəcəsinə çatdıra bilməsən də, Allahın köməyi ilə heç olmasa təqlid edənlərdən də geri qalmazsan.
Şeir
Ey bu müxtəsər dairədə (dünyada)
Hünər və elm öyrənməyi istəməyən!
Madam ki, asanlıqla yaşayırsan
Şükür eləməkdə bir xoruzdan əskik olma!
Bax ki, o necə vəqti bilir,
Təşəkkür etmək üçün saatı başa düşür!
Onun dənini və suyunu Allah verdiyi üçün
Üzünü göyə tutub başını yerə qoyur.
Rind dedi:
– Ey Zahid! Mən sənin ardınca getməkdən utanmıram. Səni təqlid etməkdən yaxşı iş yoxdur. Amma sənin evində riyazət çəkmək vasitələrindən başqa bir şey yoxdur. Məndə isə riyazət çəkmək üçün əsla qüdrət yoxdur. Aləm xoşhallıq mətaı ilə doludur, sənin evin onlardan boşdur.
Şeir
Dünya, şadlıq mətaı ilə abaddır,
Şənlik və səlamətlik şəmindən işıqlanmışdır,
Sənin qüssəli evini belə ki, mən görürəm
Dünya mülkündən yüz fərsəng uzaqdır.
Bunu da bil ki, insanın riyazət çəkməkdən xoşlanmaması təəccüblü deyildir. Xüsusən uşağın təbiəti ki, çətin işə və zəhmətə dözümü yoxdur.
Bəşər təbiətən şadlığa, şənliyə mayildir,
İnsanın riyazətdən xoşlanmaması təəccüb deyildir.
Xüsusən uşaq ki, təbiəti incə olduğu üçün
Onun əziyyət çəkməyə heç taqəti yoxdur.
Zahid dedi:
– Ey Rind! Dünya rahətliklərinin vəsaiti yol tələsidir. Alimlər ondan ikrah olurlar. Yaxşı olar ki, arif dünya tələsindən əlini çəksin və tərəddüd vadisindən bir guşəyə çəkilsin: çünki Allah şənlik və qüssəni dünya əhlinin qarşısında qoyub və buyurub ki, hamı hər ikisindən bəhrələnsin və heç kəs hər ikisini görməkdən məhrum olmasın. Hər kim dünyada bir şeyə əlaqə bağlasa, axirətdə ona verilməyəcək.
Pəs ağıllı adam gərək dünyada qüssəli olsun ki, axirətdə qəm çəkməsin və dünyada şadlığı buraxsın ki, axirətdə onu əldə etsin.
Şeir
Dünya və axirət bir-birinin ziddidir,
Hər nə burda varsa, orda yoxdur.
O adamların ki, dünyada rahətlikləri yoxdur,
Axirəti rahətliklə keçirə biləcəklər.
Rind dedi:
– Ey Zahid! Heç vaxt Allahın hikməti pis şeyin icad olmasına əsla icazə verməz, varlıq yolu qəriblərin qarşısında tələ qurmaz, hər nə xəlq eyləyibsə, əlbəttə ki, yaxşıdır. Nə qayda qoyubsa, o da çox yaxşıdır. Kim pis və yaxşı iş görürsə, öz təbiətindən asılıdır.
Şeir
Hər nə ki, yoxdan var olmuşdur.
Allahın qüdrətinin məzhəri və sənətinin əsəridir.
Kim desə ki, dünyanın yaradılışı pisdir,
O, demək istəyir ki, bundan yaxşısını yaratmaq lazımdır, bu da ki, məhz xətadır.
Zahid dedi:
– Ey Rind! Əgər dünya işlərinin binası pis olmasaydı, həqq yolu yolçularının nəzərində məkruh görünməzdi. Dünyanın oyunlarını görmək ayıq adamların işidir, sən hələ yuxudasan. Dünyanın eyiblərini başa düşmək qocaların işidir, sən hələ cavansan. Səbr elə ki, dünya hadisələrinin günəşi sənin üzərinə düşsün, sən də dünyanın yaxşı-pisindən baş çıxarasan:
Şeir
Həqq əhli bəla və qüssə tələsinə düşübdür,
Dünya bəla və qüssələrin mənzilidir,
Bu xarab dünyanın zülm və vəfasızlığını
Şərh etməyə ehtiyac yoxdur, çünki bu, aləmdə məşhurdur.
Rind:
– Ey Zahid! Həqiqət əhlinin dünyanı pis qələmə verməkləri onun yaxşılığına işarədir. Onu məzəmmət edənlər dünyanın sevimli, istəkli olmasını söyləmək istəyirlər. Hər kəs ki, onun ləzzətlərini anladı, itaət yolundan üz çevirdi və dünya ilə məşğul olmaqdan başqa bir yerə çata bilmədi, vücudun qayəsini ondan başqa bir şeydə görmədi. Kamil insanlar ki, dünyadan məhəbbətlərini kəsiblər və ağıllarını nəfslərinə üstün tutublar, onun pisliyinə görə deyil. Bil ki, dünya kamil yaradanın asarının məzhəridir. Dünya ariflər üçün rəhbər, cahillər üçün yol-kəsən bir səddir. Xoş adamın halına ki, dünyanı əldə edə, ona bağlanmaya, dünyanı çətin əldə edib, asan buraxa.
Şeir
Dünya o adam üçün pisdir ki,
Ona əlaqə bağlaya və həmişəlik olmasını istəyə.
O kəs xoşdur ki, dünyanın varlığını yox kimi,
Yoxluğunu isə var kimi bilə.
Zahid dedi:
– Ey Rind! Dünya rahatlığının vəsaitini əldə etməyi toplamaq deyil, dağıtmaq bil! Mal toplamağı rahətlik bilmə ki, o özü narahatlıqdır. Hər kəs öz müşkül işini qurtarmağı asudəçilik hesab etsə, həmişə zəhmətə düçar olar. Çünki nemətlər çoxdur və onların hamısını əldə etmək də çətindir. Xoş o adamın halına ki, xatircəmliyi (mal) toplamaqda axtarmasın, mahal bir arzu ilə pərişan söz danışmasın.
Şeir
Tamahkar adamlar dünya malını axtarırlar,
Onlar elə ümid edirlər ki, bu toplamaqda rahətlik vardır.
Bundan xəbərsizdirlər ki, həmişə
Mövcud olmayan rahətlik arzusu özü bir zəhmətdir.
Rind dedi:
– Ey Zahid! Hər kəs yüksək idrakın və arifpəsənd təbiətin köməyinə dünya məhəbbətini rahətlik hesab etsə, mümkün deyil ki, o adam dünyanı əziyyət və zəhmətlər yeri bilsin.
Şeir
Cahillər möhnəti yoxsulluqda, rahəti varda bilirlər,
Buna görə özlərini gah rahətdə, gah da zəhmətdə sayırlar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-rindu-zahid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Başqa şairlərin şeirləri
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.