Səhifə 2 / 10 · 10%

Rübai

Əlif bir hərfdir ki, heca (əlifba) ərbabının dəftərində birinci yazılır,
Bir sərvdir ki, zəka bostanına zinət verir.
Təkdir, lakin min şəkildə görünür,
Məzhəri gah qüssə, gah da şəfadır.

Rind dedi:

– Ey Zahid! Bu xətt təliminin müqəddiməsidir. Xətt təlimini mərifətin şərti bilmək qələtdir. İrfan istedadı xətdən asılı deyildir. Peyğəmbərin savadsızlığı, təhsilsizliyi bina şahiddir.

Şeir

Fəqih kitabları yığıb belə güman edir ki,
Xətt elmi irfanı kəsb etmək üçün səbəbdir.

O yəqin etməyib ki, xətt irfanın mənşəyi deyil.
Əgər xətt olmuşsa da, o, gözəllərin üzünün xəttidir.

Xətt öyrənmək qilü-qalı artırır, Allaha arif olanın isə dili laldır.

Rübai

Münəccimlik, nəhv, sərf, fiqh, fəlsəfə elmləri
Əqli yüksəltmək və danışığı zinətləndirmək üçündür.
Həqiqət əhlinin bunlara ehtiyacı yoxdur.
Çünki Allaha yaxınlıq məqamında əql heyran, nitq də laldır.

Zahid dedi:

– Ey Rind! Xətt elmi Allahın elə bir fəzilətidir ki, dinin əsasını qoyanların danışıqlarının mütaliəsi üçün və yəqin əhlinin təriqətinin əbədiləşdirilməsi üçün istifadə edilir, xətt vasitəsilə həmişə keçmiş adamların yazılarından faydalanır və onu sonra gələnlərə çatdırırlar.

Rübai

Əgər xətt sənətindən bir əsər olmasaydı,
Peyğəmbərin elmindən bizə kim xəbər verərdi?
Çün xətt hünər əhlinin əbədiləşməsinə səbəbdir,
Vallah xətdən gözəl hünər yoxdur.

Rind dedi:

– Ey Zahid! Xətti öyrənmək yazıların mütaliəsinə səbəb olur və yazıların mütaliəsi məsələlərdə olan ixtilafın girdabıdır, xülasə, sərgərdanlıq mənşəyidir. Sərgərdanlığı axtarmaq isə nadanlıqdır:

Rübai

Hünər sahibləri bir-birinin əqidəsinin əleyhinədirlər.
Hər kəs öz əqidəsinə görə kitab yazıbdır.
Yaxşı olar ki, onların yazdıqlarını heç oxumayam,
Qələm kimi hər xəttin sərgərdanı olmayam.

Kitab mütaliəsinin çoxluğu şübhəni ortadan qaldırmaz, bəlkə şübhəni bir az da artırar. Buna şübhə yoxdur!

Şeir

Hər nə qədər artıq kitab oxusan,
O qədər də artıq heyrətdə qalacaqsan.

Xətt ölkəsi elə bir şəhərdir ki, əql sahibləri onu
Sərgərdanlıq hasarı adlandırırlar.

Zahid dedi:

– Ey Rind! Bu şərafətli elmi, lətif fənni elmlərin mütaliəsi üçün olmasa da, qayda-qanunları bilmək üçün öyrən ki, padşah dərgahına yaxın olanlar, himməti ali olan adamlar vəzirlik və sədrlik mərtəbəsinə bu sənətlə çatmışlar, dünya işlərinin idarəsinə və dünyada olan şeyləri əldə etməyə bu vasitə ilə nail olmuşlar.

Qitə

Xoş o adamın halına ki, xəttin köməkliyi ilə
İzzət və etibar çölünə qədəm qoya.

Alçaqlıqdan acizliyin adını qənaət qoymaya,
Yüksəklik axtara və acizliklə razılaşmaya.

Rind dedi:

– Ey Zahid! Bu dediklərin dünya məişətindən ötrüdür ki, ömrü onda sərf edərlər və dünyanın hesabını axirətdə əzabla çəkərlər. İki dünyanın hesabını vermək bihudədir və bu, hər iki dünyada əzaba səbəb olar.

Şeir

Aqil, axırda xətaya aparan elmin
Şərəfini bəyənməz.

İnsanı rütbə və məqama çatmaq arzusu
Həqdən uzaqlaşdırıb nahəqqə çatdırar.

Doğrudan da, səltənət zövqündən qafil olan cahil, padşahlara meyl edən alimdən yaxşıdır.

Qitə

Anlamazlıq rütbəsi ki, rütbələrin ən alçağıdır,
İnsanı hər bir nemətdən məhrum etsə də,

O elmdən yaxşıdır ki, o, hünər sahiblərinin
Padşahlara yaxınlaşmasına və rütbəyə çatmasına səbəb olur.

Zahid dedi:

– Ey Rind! İndi ki, xətti öyrənmək xoşuna gəlmir, onu rədd etmək üçün bəhanə axtarırsan, heç olmasa mənim nəsihətimi qəbul et, padşahlara xidmətin qanun və qaydalarını öyrən. Çünki padşah yanında xidmət etməklə xoşbəxtlik qazanılır. Bu isə mülkün və səltənətin təməl daşıdır.

Şeir

Əgər ədəbin kamil olması səni padşahlara yaxınlaşdırsa,
Ümid var ki, hər iki dünyada muradına yetəsən.

Dünya neməti sevincini padşahların iltifatından, axirət mal-dövlətini isə günahsız adamlara kömək etməklə taparsan.

Rind dedi:

– Ey Zahid! Madam ki, məxluqatın yaradılmasından qərəz xaliqə ibadət etməkdir, məxluqun məxluqa ibadət etməsi layiq deyil. Bir insanın başqa bir insandan yüksəkliyini göstərən şərt Allahı tanımaqdır. Bu yüksəklik dilənçilik və yaxud padşahlıq rütbəsindən asılı deyildir. Onu bil ki, padşahların xidmətçiləri həmişə məhzun və sultanlara yaxın olanlar daima məğbundurlar. Əgər şahın yanında hörmətləri var, ədəb qayda-qanunlarını yerinə yetirməkdə əzab çəkirlər, əgər hörmətləri yoxdursa, qəzəbdən qorxurlar. Bu sənətə rəğbət bəsləməyi dünyapərəst adamlarda axtar. Bu nəsihəti irfan rütbəsi axtaranlara demə.

Şeir

Padşahların xidmətində məqam tutmaq üçün
Ömür mətaını sərf edən adamın

Görəsən qiyamət günü üzrü nə olacaq,
O öz məbuduna tərəf necə baxacaq?

Zahid dedi:

– Ey Rind! İndi ki şahlara xidmətdə tənbəl, sultanlara yaxın olmağın ləzzətindən qəfilsən, onda əkinçilik kimyasından faydalan ki, əkinçilik səvab mənzilinin yoludur. Kim tarlaya bir toxum salsa, o, hər dünya evini abad eləmiş olar.

Qitə

Get əkinçiliklə məşğul ol ki, onun mənfəəti ümumidir,
Həm sənin üçün kifayətdir,

Həm bütün heyvanlar və quşlar üçün.
O işdə ki, onun səmərəsindən

Həm özünə, həm özgəsinə mənfəət yetər, qüsur göstərmə.

Rind dedi:

– Ey Zahid! Əkinçilik mənfəət ümidilə bir xəsarətdir. Bu bir zəhmətdir ki, rahətlik arzusu ilə çəkilir. Gərək həmişə toxum əkəsən, sonra müntəzir olasan ki, nə zaman hasil olacaq. Bu isə ömrün azalmasını tələb etmək, ölümün yetməsinə tələsmək deməkdir. Bu mətləbin də həqiqəti məlumdur və irfan əhli tərəfindən pislənmişdir.

Şeir

Kim ki əkin əkdi, ola qulluq elədi,
O, intizardadır, məhsulun arzusunu çəkməkdədir.

O adam ki, ömrünün tez keçməsini istəyir,
O, ağılsız və qafildir.

Zahid dedi:

– Ey Rind! Əgər əkin işi sənə çətin gəlir və bu sənətlə işləməyi səmərəsiz sayırsan, rnda ticarəti intixab et, arzu gülünü o gülşəndən dər, çünki həm güzəran, həm də xalqın ehtiyacını rəf etmək yoludur.

Qitə

Xalqın ehtiyacı öldürücü bir xəstəlikdir,
O naxoşluq Allahın mərhəməti ilə sağalar,

Allahın feyzi guya tacirin səyidir,
Xalqın ehtiyaclarını o rəf edir.

Rind dedi:

– Ey Zahid! Ticarət mənfəət etmək üçün bir sevdadır və mənfəət əldə etmək üçün xalqı möhtac etməkdir. Əvvəl bir malı gərək alasan, sonra qiymətin bahalaşmasına müntəzir olasan. Bu da nemət əldə etmək üçün xalqın nemətlərə olan ehtiyacının çoxalmasını arzu etməkdən ibarətdir. Yəni, özünün mənfəətini xalqın ziyanında axtarmalısan. Bu mürüvvətdən uzaqdır və mərifət əhlinin yanında pis iş hesab olunur.

Şeir

Alverçi öz məişəti üçün istəyir ki,
Malı həmişə ucuz alsın, baha satsın.

Onun məqsədi həmişə öz mənfəəti üçün xalqı aldatmaq olduğundan
Çox zəhmət çəkir və az rahatlıq görür.

Zahid dedi:

– Ey Rind! Madam ki, ticarət yolu ilə getmək və bu sərmayədən faydalanmaq istəmirsən, onda fərasət şamını yandır, bazar əhlinin sənətlərindən birini öyrən ki, sənət minnətsiz ruziyə və yaxşı yaşamağa səbəb olur. Peşəkara bu feyz bəsdir ki, öz kasıbçılığı ilə keçinir, həm də özgələr onun işindən faydalanırlar:

Şeir

Ey peşəkar, halal ruzi üçün
Xalqın minnətini çəkməkdən azadsan.

Özünə zəhmət verib çörək yeyirsən.
Afərin! İlanı öldürüb xəzinə əldə edirsən.

Rind dedi:

– Ey Zahid! Sənətkarlıq müəyyən olunmuş ruzi yolunda əzab çəkməkdir, qəflətdə nəfsin ibadətidir. Yəni, dolanmaq vəsaitini ələ gətirmək fikrində olub, kəmal kəsb etməyə imkan tapmamaq və ruzi tələbini nəfsin kəmalı hesab etmək deməkdir. Onu bil ki, sənətkar gündüz gecəyə qədər güzəran üçün əziyyət çəkir və gecə gündüzə qədər çəkdiyi zəhmətin yorğunluğu ilə yatır. Bir nazənin ömür ki, yalnız yemək və yatmağa sərf olacaq, lüzumsuzdur və belə bir alçaq mərtəbəyə qənaət etmək cəhalətdir.

Şeir

Peşə öyrənmək üçün həyat sərf edən adam
Rahatlığı ancaq yuxuda görər.

Belə adam ömründən nə istifadə edə bilər ki,
Daima yaşamaq üçün əzab çəkmək və əzab çəkmək üçün yaşamaq istəyir.

Zahid dedi:

– Ey Rind! Belə ki, sən mənimlə müxalifətə başlamısan və cürbəcür bəhanələr gətirirsən, qorxuram ki, elm və sənətdən bir bəhrə aparmayasan, mərifət ağacından bir meyvə yeməyəsən və sənin himmət atın iqbal çəmənliyində ədəb kəsbində yoldaşlarından geri qalsın, cəhalət şehi mərifət zövqü hərarətini sənin qəlbinin manqalında söndürsün, cəhalət eybini hünər sayasan, bilməməyi yaxşı biləsən:

Qitə

Əgər adam öz cəhlinə etiraf etsə, eyb deyil,
Çünki hər alim ibtidada cahildir.

Cəhli etiraf etmək də bir növ elmdir,
İnsanın eybi odur ki, cəhalətindən bixəbər qalsın.

Naqis insanlara kamil demək düz olmasa da,
Naqis öz nöqsanını başa düşsə, bir növ kamildir.

Rind dedi:

– Ey Zahid! Əgər elm və sənət öyrənməkdən məqsəd yaradıcıya mərifət yetirməkdirsə, yaradıcıya mərifət yetirmək bu cüzviyyatın töhmətindən uzaqdır.

Şeir

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri