Səhifə 4 / 10 · 30%

Rahətliyi yoxsulluqda bilən dərd əhli isə
Büsbütün rahətlikdədir, əziyyətin adını da bilmir.

Zahid dedi:

– Ey Rind! Sən ki, yoxsulluğun dərəcə və rütbəsini bilirsən, nə üçün hikmət atını varlıq zindanından azad etmirsən? Əgər qafillər yoxsulluğu pisləsələr, üzürlüdürlər. Amma sən ki, yoxsulluğun ləzzətini bilirsən səndən uzaq görünür ki, öz nəfsini tərbiyə edib, ona əzab verməyə çalışasan və nemət qədəhindən qəflət şərabı içməyəsən:

Şeir

Allah ki, bir gün səni yoxdan var elədi,
Bundan məqsədi sənin riyazət və ibadətin idi.

İndi sən asudəlik xəyalındasan,
Ayıq ol ki, onun göstərdiyi yolun əksinə getməyəsən.

Rind dedi:

– Ey Zahid! Allah kamil, tədbirli və adil bir həkimdir. Hər iş üçün bir yer təyin edib və hər yer üçün də bir iş buyurubdur. Cavanlara qocalar işi görmək qanuna ziddir. Qocalara cavanların xasiyyətində olmaq yaxşı deyildir. Riyazəti təbiətən həddi-büluğa çatmışlara buyurublar və ibadət zəhmətini çəkmək qapılarını onlara açıblar, nəinki bizə. Çünki biz surət bostanının yenicə göyərmiş səbzələriyik və heyrət çölündə hələ avara gəzən adamlarıq. Allah hökmünün əksinə danışma və riyazət yolunu məndən soruşma.

Şeir

İndi ki məndə zahiri kamal yoxdur,
Mənə zöhd yolu ilə getmək yaxşı deyil.

Sən ki özünü ağıllı hesab edirsən,
Cəfaya dözmək sənin vəzifəndir, mənim vəzifəm deyil.

Zahid dedi:

– Ey Rind! İnsan istər-istəməz zəhmətin zəhərini dadmalı və riyazət yükünü çəkməlidir. Belə isə yaxşısı budur ki, bu gün qüssə çəkməyi intixab edib axırı olmayan şadlığı boşlayasan. Dünya əziyyətlərinə elə adət edəsən ki, əgər qəflətən bir rahətliyə çatsan da ona nifrət bəsləyəsən.

Şeir

Özünü zülmə elə öyrət ki,
Əgər birisi sənə lütf eyləsə, zülm biləsən,

Hər kim qüssədən fərəh, əziyyətdən rahətlik duymursa,
Onun rahətliyi əziyyətə və şadlığı qüssəyə çevrilir.

Rind dedi:

– Ey Zahid! Hər kəs dünya ləzzətini görməsə, ondan əl çəkməyi asandır. Məhrumiyyətin adını himmət qoyub, sərvəti olmadığından yoxsulluğu bəyənmək hünər deyil.

Hünər dünyanı əldə etmək və tərk etməkdədir, nəinki onu tənbəllikdən axtarmamaqdadır.

Şeir

Kimə ki, dünyanı ələ gətirmək çətindir,
Çarəsiz olaraq fəna və yoxsulluq yoluna üz çevirər,

Belə adamın tərifini hökm divanında nə cür yazmaq olar?
Dünyamı onu tərk edib, yaxud o dünyanı tərk edib?

Zahid dedi:

– Ey Rind! İndi ki hər ikimiz Allah məxluquyuq, birlikdə də möhnət və əziyyət tələsinə düşmüşük, niyə gərək tək mən zəhmət çəkəm, sən isə əylənəsən?

Şeir

İki nəfər əgər qürbətdə bir yerdə yaşasa,
Gərək bir-birinə həvəslə kömək edələr.

Bu zülm olar ki, biri asudə otura,
Əziyyət o birisinin öhdəsinə düşə.

Rind dedi:

– Ey Zahid! Cəhalətimi etiraf məni bəladan qurtarıbdır. Ağıl iddiası isə səni bəlaya düçar edibdir. Dünyanı etibarsız hesab etmək məni fikirdən qurtarıbdır. Sən isə bu mənanın xilafına olduğun üçün ürəyinə tərəddüd dağı vurulubdur.

Şeir

Nə qədər ki, uşaq yetkinləşməyib,
Həmişə rahət və şən olacaqdır.

Elə ki, dünyada ağıldan dəm vurdu,
Bir ləhzə də fikirdən asudə olmayacaqdır.

Dünyanın qüssəsini çəkmək böyük bir bəladır,
Axirəti düşünmək çətin və dərdli bir əzabdır.

Bunların hər ikisi ağılın özünə güvənməsinin nəticəsidir.
Dəli ilə uşaq ikisindən də azaddır.

Zahid dedi:

– Ey Rind! Tutaq ki, mən ağıl qeydi ilə gərək əzab çəkəm və sən cəhalətinə kef edəsən. Bəs niyə mən gərək sənin eyş-işrət vəsaitini düzəldəm. Sənin ehtiyacın olan şeylərin ödənilməsi niyə mənim üzərimə düşsün?

Şeir

Ey oğul, əziz ömrüm sənin varlığın yolunda sərf oldu,
Ömrümün yarısı da səni tərbiyə etmək yolunda tələf oldu.

Tamam vücudum sənə sərf olundu; səndən mənə nə fayda?
Dürr sədəfə əvəzində nə verər?

Rind dedi:

– Ey Zahid! Mənə açıq zülm etmisən, indi onu lütf hesab edirsən. Məni təhqir etmisən, əvəzində mərhəmət umursan. Dünya bəla yeridir, müsibət və zəhmət məhəllidir. Mən sənin üzündən bu tələyə düşmüşəm. Lazımdır ki, onun mükafatını verəm?

Şeir

Bir ata oğluna məhəbbətlə dedi:
– Sənin yoxdan vücuda gəlməyinin vasitəsi mənəm.

Oğlu dedi: – Dünyada qüssə və əziyyətdən başqa şey yoxdur.
Çox da öyünmə ki, əziyyət və qüssəmə səbəb olmusan!

Bil ki, ata oğlunun əziyyət dünyasına gəlməsi üçün bələdçidir və oğul da atanın axirət işləri yolunda çəkilmiş səddir.

Şeir

Ey ata, sən məni dünyada qəm-qüssəyə əsir etdin,
Mən də sənin Allaha itaət etməyinə mane oldum.

Dünya mükafat evidir, razı ol, incimə,
Yaxşılıq istəyirsən yaxşılıq et, pislik edibsənsə, onda pislik gözlə.

Zahid dedi:

– Ey Rind! Sənin sözlərindən belə məlum olur və hərəkətindən belə anlaşılır ki, zəhmətsiz mal toplamaq arzusundasan. Sənin bu arzun da ənqa quşu kimidir (ki, adı vardır, özü yoxdur). Könlündən şadlıq keçir, əziyyət çəkməsən, bu təmənna da kimya kimidir.

Şeir

Dünya bir iş yeridir,
Hər kəs bir iş ilə məşğuldur.

Sənin ki, ey tənbəl, bir işin yoxdur,
Get ki, əlbəttə, bazar oğrususan.

Rindi dedi:

– Ey Zahid! Tədbirsiz yaşamaq mən qafilə aid deyildir. Bu rahətliyin feyzi tamam heyvanlara da şamildir. Bütün vəhşi heyvanlar ruzi yeyirlər və öz tədarük və tədbirlərindən minnət çəkmirlər. İnsan ki, yaşamaq və məişət üçün heyrandır, əlbəttə, heyvandan da əskikdir.

Əgər deyirsən ki, işsizlərin məişət küçəsinə yolları düşə bilməz, Allaha təvəkkül et ki, təvəkkül pis iş deyildir.

Şeir

Onlar ki, öz ruzilərini tədbirə bağlayırlar,
Bihudə bir işdir ki, görürlər.

Aya heyvanlar, quşlar dağ və səhralarda
Gündüz yeyəcəkləri üçün gecə nə tədbir görürlər?

Zahid dedi:

– Ey Rind! Hərçənd sənin yaşamağın mənim ruhumun şəmini işıqlandırır, amma səni yaşatmaq odu canımı yandırır. Çünki nəsihət eşitmək istedadın var və mətləbi başa düşməyi də bacarırsan. Amma nə mənim kimi riyazət çəkməyə qatlaşırsan, nə də özgələr kimi dünya nemətlərindən dadmağı bacarırsan.

Şeir

Yoxsulluğa əgər razı olasan, tabın yoxdur,
Nemətlərə meyl göstərsən, vəsilən yoxdur.

Sovməənin zahidi olmaq istəsən, yoxsulluğa dözə bilməlisən.
Xərabatın rindi olmaq istəsən, xalis şərabın yoxdur.

Rind dedi:

– Ey Zahid! Mübaliğəni həddindən aşırdın, münaqişəni ifrata çatdırdın. Nə vaxta qədər mən səndən rahatlıq vəsaiti istəyəcəyəm, sən isə əziyyət və zəhmət yolu göstərəcəksən. Mən kef və eyşdən danışıram, sən məşəqqət qapısını açırsan. Bəhanə gətirmə. Nemət vəsilələrini hazırla ki, fürsət qənimətdir, təxirə salmaq zərərdir.

Şeir

Ayıq ol ki, nazənin ömür keçir,
Bax, necə də qüssəli və kədərli keçir.

Ömrümdə eyş, işrət görməmişəm,
Yüz heyf bu ömrə ki, belə keçir.

Zahid dedi:

– Ey Rind! O cür ki, özün görmüsən və dəfələrlə də məndən eşitmisən, mənim evimdə riyazət vasitələrindən başqa bir şey yoxdur. Sən də ona rəğbət etmirsən. Bundan sonra istədiklərini özgə bir yerdə axtar və ürəyindəkiləri başqasına de.

Şeir

Mənim evimin əşyasından xəbərdarsan,
Əgər bəlaya meylin var, buyur, bismillah!

Əgər rahətlik istəyirsən, özgə qapını döy,
Rahət və bəla üçün sənə yol göstərmişəm.

Rind dedi:

– Ey Zahid! Nə qədər ki, mənim zəhmət çəkmək növbətim yetişməyib, mən məişət zəhməti çəkənə qədər o ruzi ki, sənin öhdənə düşübdür mənə yetir, hələlik sənin boynuna düşən güzəranımı mürəttəb çatdır. Mənə lazım olan şeyləri hazırlamaq sənin öhdəndə olduqca mənə güzəran fikri etmək lazım deyil.

Şeir

Hər kəs bir muzdura əmək haqqı verə
Ki, onun üçün səylə işləsin,

Tədbirsiz adamdır, əgər yanılıb
Axmaqlar yolu tuta:

Muzdurun rahatlığını nəzərə alıb,
Öz işini özü görə.

Zahid dedi:

– Ey Rind! Mənə hansı əmək haqqını vermisən ki, dolanmaq xərcini mənim boynuma salmısan?

Şeir

O gündən ki, sən yoxluqdan
Varlıq dairəsinə qədəm qoymusan,

Məndən hər cür yaxşılıq görmüsən,
Mən səndən zülm, əziyyətdən başqa bir şey görməmişəm.

Rind dedi:

– Ey Zahid! Sən dəfələrlə nəsihət yolu dedin və moizə gövhərini bu qayda ilə deşdin ki, dünya hər bir şadlıq qarşısında min cürə qüssə verər, hər bal müqabilində min zəhər qoyar. Bil ki, evlənmək ləzzəti bir baldır və onun zəhəri övladın əziyyətidir. Təzə gəlin ilə ixtilat şadlıqdır, onun müqabilində ev-eşik qayğısı bir qüssədir.

Şeir

Ey nikahə, evlənməyə və əyal sahibi olmağa könül verən,
Ehtiyat elə ki, ayağını möhnət tələsinə qoyursan.

Hər kim o balı dadsa, bu zəhəri də dadmalıdır, başqa çarəsi yoxdur. O şadlığı görən bu qüssədən uzaq deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri