Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardır
Azərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.
O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.
Ərəblinski səhnə fəaliyyətinə başladığı gündən əsl sənətkar – professional aktyor olmaq üçün möhkəm bir istiqamət tutmuşdu. O, sənət aləmində qorxmaz və cəsur idi. Qara qüvvələrin, çar satraplarının, ruhanilərin hər cür müqavimətinə baxmayaraq Ərəblinski Azərbaycanda möhkəm aktyor kollektivinə malik olan doğma teatr yaratmaq uğrunda mübarizədə ruhdan düşməyən, yorulmaq bilməyən bir enerji ilə çalışan, hər çətinliyə sinə gərən, bu yolda büdrəməyən bir qəhrəman idi. O öz sənətini bütün varlığı ilə sevir və onu hər şeydən yüksək tuturdu.
Hüseyn Ərəblinski ilə tanışlığımızda onun özünəməxsus bəyənilməli bir xüsusiyyəti heç vaxt mənim yadımdan çıxmır: bu, onun öyrənmək talantı, həssaslığı və öyrətmək bacarığı idi. O, başlıca olaraq xalqdan və o dövrdəki rus artistlərindən öyrənirdi. Ərəblinski Bakıda ən yaxşı rus artistləri ilə yaxın əlaqə saxlayırdı, onlardan öyrənər və öz həvəskar yoldaşlarına öyrədərdi.
Ərəblinski aktyor üçün kulturalı olmağı ən yüksək tələb sayırdı. Bu işdə o başqalarına nümunə idi. Ehtiyac və yoxsulluq içində yaşamasına baxmayaraq, yeməyindən kəsib təmiz geyinər, zahiri görkəminə fikir verərdi. O, təmiz və səliqəli geyinməklə də camaatda aktyora – sənətkara qarşı yaxşı təsir oyadır və onların rəğbətini qazanırdı.
Demək olar ki, o vaxt birinci olaraq bığını qırxdıran Ərəblinski idi. Qüvvətli aktyor – sənətkar olmaq üçün qızğın arzu ilə çalışan Ərəblinski tez yüksəldi, professional artist oldu və həvəskarlar dərnəyində həm artist və həm də rejissor sifəti ilə işləməyə başladı.
Ərəblinski “Hamlet”, “Otello”, “Ağa Məhəmməd Şah Qacar” kimi əsərlərin tamaşaya qoyulmasının təşkilatçısı, təşəbbüsçüsü olduğu kimi, Hamlet, Otello, Ağa Məhəmməd Şah Qacar rollarını böyük ustalıqla oynamış və doğru obraz yaratmışdır. Ərəblinskidən sonra gələn artistlər bu obrazları yaratmaqda yalnız onun yolunu davam etdirmiş və beləliklə inkişaf etmişlər.
Yaxşı yadımdadır. 1916-1917-ci illərdə biz Ərəblinskini opera teatrımızın rejissorluğuna çağırdıq. O, öldürüldüyü günədək bizimlə birlikdə işlədi, opera təşkilatımızın rejissoru oldu. Opera artistləri yetişməsində, onların yüksəlişində Ərəblinskinin fədakarlığı olduqca böyükdür və unudulmazdır.
Ərəblinski “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarında rejissor olardı. Mən onun rejissor dərslərində çox iştirak edər və artistlərlə söhbətinə qulaq asardım. Doğrudan da Ərəblinski insanı heyrətə salan və sevindirən bacarığa malik idi. O, bu operettalarda artistlərin yerli tipləri qüvvətli, inandırıcı ifa etməsinə çox dərindən fikir verərdi, hər tipi yaratmaqda düzgün mühakimə yürüdərdi. Hər artistə təklikdə yanaşar, hər bir hərəkəti dəfələrlə təkrar edər və öyrədərdi. O zaman gənc artistlərdə öz talantlarını inkişaf etdirmək üçün bir durğunluq vardı. Qaranlıq mühit onlara təsir edirdi. Lakin Ərəblinski artistlərə qayğılı, mehribancasına köməklik edər, onlara təkan verərdi. O, talantları üzə çıxarır, tanıtdırır, inkişaf etdirir və artistlərdə öz qüvvələrinə möhkəm inam yaradırdı.
Hüseyn Ərəblinskinin teatr sənəti aləmində məharəti belə idi. Revolyusiyadan qabaq teatr tariximizə ötəri bir nəzər saldıqda Ərəblinskinin teatr sənətinin hər sahəsində – istər özünün qabiliyyətli aktyor olması, artistlər tərbiyə etməsi və istərsə rejissorluqda ustalığı ilə nə qədər böyük əməklər sərf etdiyi göz qarşısında canlanır.
Acı keçmişdə, qaranlıq mühitdə böyük sənətkar Ərəblinskini qiymətləndirən olmadı. Kütbeyin ağalar, milyonerlər, tacirlər, ruhanilər... Ərəblinski kimi sənətkarları nəinki qiymətləndirmir, hətta onları daima ölümlə təhdid edir, sıxışdırırdılar. Ərəblinski də nadanlıq və avamlıq qurbanı oldu. Onun öldürülməsi böyük bir faciə idi. Bu cür faciə təkcə Ərəblinskinin başına gəlmədi. Çar satraplarının ağalığı və müsavatçıların quldurluğu dövründə əməkçi xalqımız özünün çox qiymətli adamlarını itirdi.
Çox ümidlər verən Ərəblinski revolyusiyadan sonra yaşasaydı, öz talantını qat-qat inkişaf etdirmək üçün geniş imkan tapar və səhnəmizə çox xeyir verərdi.
Biz Ərəblinskinin öldürülməsinin 20 illiyini qeyd edir və belə bir sənətkarın sıramızda olmamasına ürəkdən acıyırıq. Lakin onun sənət sahəsində böyük ümidləri, arzuları, diləkləri artıq həyata keçir.
Azərbaycan teatrının, incəsənətinin çiçək kimi açdığını, inkişaf etdiyini gördükcə fərəhlənir və iftixar edirik.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ereblinski-teatr-tariximizde-unudulmaz-senetkardir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə.Dedi: – Ay buz, sən nə zalımsan?
Ayrı söhbətMəşədi Dadaş**. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?Kəblə Qasım**. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.
MəzhəkəKəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi...Bir nəfər bəy bunu gendən gördu və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur.
KələkbazlarMirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.Bədnamülməmalik**. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Səfura getdi, Səfura gəldi…Səkkiz il öncə ömür yoldaşım dünyasını*dəyişdi. Uzun həsrətdən sonra qız nəvəm*
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
OlmazGəlində zühura nuri-təcəlla,Camalın tək münəvvər olmaz