İttifaq və ittihad məsələsi
Bakı. Bax budur, mən sizə açıq-açığına deyirəm: hərgah bizim aramızda “ittihad və ittifaq” olmasa, – onda, sözün doğrusu, işlərimizin axırı xarab olacaqdır. Bax, bu bir sözdür ki, mən sizə dedim və öz borcumdan çıxdım, indi özünüz bilin!..
Gəncə. Əvvəla, Allah sənin atana rəhmət etsin. Və saniyən, sənin dediyin sözlər bir belə həqiqətdir ki, hərgah bir kəs durub, onun əksinə danışsa – nə deyim, onda gərək sözsüz, hekətsiz namərdliyi boynuna götürə. Mən də bunu deyirəm.
Qarabağ. Bax, bu siz öləsiniz, mənim də fikrim, zikrim, gündüz axşamadək elə bu idi. Ancaq, sözün doğrusu, qorxurdum deyəm, məni qınayasınız.
Tiflis. Hərgah əlinizə çıraq alıb, bütün dünyanı gəzəsiniz – bir nəfər adam tapmazsınız ki, desin ittifaq və ittihad pisdir!
Şəki. Doğrudur!
Dərbənd. Düzdür!
İrəvan. Ey milləti-biçarə! Daha, sən nə vaxta kimi öz hali pərişanınə bəsirət nəzəri salıb, nifaq və ziddiyyətdən tökülən atəşi covr və zülmi görməyəcəksən?!
Ordubad. Bərəkallah, sən öl!
Salyan. Haqq sözə kim nə deyər.
Quba. Heç kim.
Bu hamısı pərdənin bir üzüdür. İndi baxaq pərdənin o biri üzünə.
Bakı. İttifaq, ittihad – bunlar hamısı boş sözdür. Pəh! Mən işimi, gücümü töküm ki, bəli millətin halı pərişandır, xeyr, yalan sözdür. Hərgah mən millətəmsə, mənim keyfim çox kökdür. Yerdə qalanın canı çıxsın! Mənə nə?
Gəncə. Doğrudur, ittifaq və ittihad yaxşı söz və yaxşı da işdir. Amma adam gərək bir işi tutanda, dalını da mülahizə eləsin. Hərgah bu ittifaq və ittihadın dalısı müəllimlər ictimai olacaqsa, onda, sözün doğrusu, mən əlimi yuyub çıxıram qırağa, bu cürə ittifaq ittihaddansa, fərağat oturmaq min pay yaxşıdır.
Qarabağ. Bir yerdə ki, cəmi rəiyyətlərin “atası” olan bəyin sözünə bir qara qəpik qiymət qoyan olmıya və bir yerdəki baqqal durub bəy hüzurunda “reç” deyə və bir yerdə ki, eşşəksürənin birisi bəy ilə bərabər saat gəzdirə, elə yerdə ittifaq və ittihaddan danışmaqdansa, bir girvənkə simiçkə alıb, çırtlamaq yüz dəfə yaxşıdır.
Tiflis. Mən də deyirəm ki, ittifaq və ittihad yaxşı şeydir. Amma, di gəl ki, görək hökumət nə deyir. Vallah, mən mərc gələrəm ki, hərgah biz də durub xalq kimi ittihad və ittifaq qayırsaq, bir də nişan və midal görüncə qulaqlarımızın dibini görərik və halbuki cəmi vur tutduğumuz elə bir nişan üçündür.
Şəki. İttifaq, yəni birləşmək deyilmi? Canım, mən birləşmirəm də!
Şamaxı. Bu məsələdə “böyük” sözünə baxan heç vaxt peşiman olmaz.
İrəvan və Naxçıvan. İttifaq və ittihad, bunlar hamısı lotu-potu sözüdür. Təvəqqe edirəm ki, öz işinizdə olasınız.
Ordubad. Bərəkallah, sən öl!
Salyan. Haqq sözə kim nə deyər?
Quba. Heç kim.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ittifaq-ve-ittihad-meselesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rus malının İranda baykot olunması təəssüf ediləcək hadisələrdən biridir. Hər halda bu işdə müqəssir iranlılar deyildirlər... Biz burada hökumətimizin politikasını təftiş və tənqid etmək niyyətində deyilik, çünki bu politikanın bugünkü nəticəsi haman politikanın yaxşı-yamanını gözəlcə bildirməkdədir.Ancaq nə üçün İranda rus malı baykot olunur da, ingilis malı olmayır. Halbuki İngilis hökuməti dəxi rus hökuməti ilə müvafiq bir surətdə iş görməkdədirlər.
Ordan-burdan 38Bir neçə gün bundan irəli “əlahəzrət”, qədri-qüdrət Məhəmmədəli şah Qacar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Məşədi Məhəmmədəli denilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür!Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir!
Zemstvo nədirTiflis qəzetələrindən məlum olduğu üzrə doktor Xətisov tərəfindən cəmi-cümlətanı 17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda zemstvoların nə yolda və nə sayaq təşkili məsələsilə məşğul olub bu barədə məlumat hazırlasınlar. Kəmali-heyrət və təəssüf ilə bildiririk ki, o adamların içində bir nəfər də müsəlman yoxdur. Bizim “vısşi kurs” qurtarmışlarımızın ətalət və etinasızlığına təəccüb edirik. Bu iş onların qulağına girmir. Halbuki “zemstvo” çoxdan bəri Qafqazda arzu olunan bir islahatdır. Əvvəlcə hökumət böylə bir imtiyazı yalnız içəri Rusiya üçün müxtəss edib ətraf ölkələri bundan məhrum qoymuşdur. İndi isə, Qafqaz canişini həzrətlərinin səy və ehtimamı sayəsində Qafqaza dəxi öylə bir ixtiyar verilmək üzrədir.Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda nə sayaq təşkil lazım olduğunu bəyan və aşikar etsinlər. Yəni oylə bir zemstvo təşkil olunsun ki, məhəlli şəraitə müvafiq gəlsin. Əlbəttə, bu gün içəri Rusiyada olan zemstvonu haman eynilə bizim Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı ümumiyyət üzrə bir millət təşkil edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən əmələ gəldiyi üçün, hər millətin də özünə məxsus şəraiti-məişəti mövcud olduğundan, oylə bir mühüm işin icra və tətbiqini ibtidada müzakirə edən heyətin içindən hər millətin nümayəndəsi olmalı idi...
İspaniya – Fas müharibəsiÜlamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi:“Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə damınır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”.