(Komediya)

Əvvəlinci məclis

Şahın sarayında, bir qapının ağzında vaqe olur.

Şüca Nizam. Mən deyirəm ki, şahın yanına bir-bir gedək.

Müctəhid Mirzə Həsən. Nə üçün? Hamımız bir yerdə girsək nə olar?

Şüca Nizam. O da yaxşı olar, ancaq...

Mir Haşım. Mən də o fikirdəyəm ki, bir-bir girsək yaxşı olar!

Müqtədiriddövlə. Mən də buna razıyam.

Rəhim xan. Yoxsa bir-bir girib məndən şaha şeytanlıq eləmək istəyirsiniz?

Şüca Nizam. Əşi, ayıb deyilmi belə sözlər danışırsan?

Rəhim xan. Yox, şahzadə! Mən sözü açıq danışıram. Demə ki, bu bir çöl tərəkəməsidir, qanmır, amma mən sözü açıq danışaram: şahın özünə də açıq söyləyəcəyəm! Mən, mən... biclik bilmərəm.

Şüca Nizam (acıqlı). Xan! Sən padşahı söyürsən!

Rəhim xan. Mən padşahı söymürəm! Mənim ürəyim...

Şüca Nizam (lap acıqlı). Xeyr, sən padşahı söyürsən. Sən mənə xanəzadə, şahzadəyə bic deyirsən və halonki, mənim atam da, anam da məlumdur.

Rəhim xan. Mənim sənin atanla və ananla işim yoxdur... və təvəqqe edirəm ki, hirsini basıb top kimi açılmayasan, mənim xasiyyətim bir qədər tünddür!

Şüca Nizam (hədə ilə). Yaxşı... Çox yaxşı...

Müctəhid Mirzə Həsən. Əşi, bəsdir, ayıb deyilmi, uşaq deyilsiz ha!

Mir Haşım. Bura Təbriz deyil ha! Bura padşah qapısıdır.

Rəhim xan. Bilirəm, sizin hamınızın fikri nədir! Amma şahı aldada bilməzsiniz!

Müqtədiriddövlə. Xan, ümidvaram ki, sən mənə yaxşı bələdsən!

Mirzə Həsən. Allahın kəlamına and olsun, heç qanmıram ki, bu nə söhbətdir.

Rəhim xan. Sizin hamınıza yaxşı bələdəm.

Mir Haşım (cibindən tənbəki çıxardıb çubuq hazırlayır). Xan, çubuq dartırsan?

Rəhim xan (etinasız). Yox, başım ağrıyır.

Müqtədiriddövlə. Məndə bir qədər baş ağrısı davası var, istəyirsən?

Rəhim xan. Yox, o davalar mənə kar eləməz.

Mirzə Həsən. İstəyirsən baş ağrısı duası yazım.

Rəhim xan. Yox, ağa zəhmət çəkmə! Mənim bütün əhvalım pərişandır.

Şüca Nizam. Xan, mən sənin xatirinə dəydim, təvəqqe edirəm ki, bu adamların içində məni bağışlayasan, özün bilirsən ki, Təbrizin əldən getməyi nə təhər əsər eləyib. Bir qədər dilim acı olub, bağışla xan! (Yanına gedir, əl verir.)

Rəhim xan (bu işdən xoşlanıb). Allah bağışlasın, mənim də dediyim odur ki, mən sizin hamınızdan qocayam, özümün də sənətim gündüz axşamadək cəngü-cidal idi. Bir dava olurdu ki, mən basırdım, bir dava olurdu ki, mən basılırdım. İndi Təbriz davasında mən basıldım. Nə zərəri var, sabah Şiraz davası olar mən basaram. Dediyim budur, elə şaha da belə deyəcəyəm, mənim təqsirim yoxdur. Mənim sənətim belədir.

Hamısı. Əlbəttə, əlbəttə, bizim heç birimizin təqsiri yoxdur, ancaq iş burdadır ki, o tərəf güclü oldu. Ona görə... iş də belə oldu!..

İkinci məclis

Şah otağında

Şah. Sonra nə oldu?

Şüca Nizam. Fəda olum sənə! Sonra mən Rəhim xana dedim ki, indi ki sən dava eləmək istəmirsən, onda sən Təbrizdən çıx get, ancaq qoşunu ver mənə dava edim. Buna da razı olmadı. O tərəf isə getdikcə hücumunu artırıb bizi dara saldı! Yenə Rəhim xana yalvardım ki, Allaha baxsın, səni arada görsün, bizə kömək eləsin. Qulaq asmadı, axırda bir də eşitdik ki, Rəhim xan öz qoşunu ilə Təbrizdən çıxıb qaçıbdır.

Şah. Yaxşı get o biri otağa. Mir Haşım gəlsin.

Şüca Nizam çıxır, Mir Haşım girib səcdə edir.

Şah. Söylə görək əhvalat nə tövr oldu.

Mir Haşım (durur). Bi əbi əntə və ümmi! Ayağınızın torpağına fəda olum şah, bizim evimizi yıxan Şüca Nizam ilə müctəhid Mirzə Həsən oldu.

Şah. Həə!.. Yaxşı get, Müctəhid gəlsin!

Mir Haşım çıxır, Mirzə Həsən ərəbcə sözlər oxuya-oxuya daxil olub səcdə edir.

Şah. Söylə görüm əhvalat nə tövr oldu?

Müctəhid Mirzə Həsən. Fəda olum sənə, dünyada hər şeyin bir başı olar və bir də ayağı. Məsələn, sən bizim başımızsan biz də sənin ayağın...

Şah. Mətləbi söylə görək iş nə tövr oldu?

Mirzə Həsən. Sənə fəda olum, hərgah Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə olmasaydı, Təbriz əldən getməzdi.

Şah. Yaxşı get, Müqtədiriddövlə gəlsin!

Müqtədiriddövlə. Xaki-payinə qulamın canı qurban! Şüca Nizam, Müctəhid Mirzə Həsən, Mir Haşım – Təbrizi fənaya verdilər. (Gedir.)

Şah. Rəhim xan gəlsin. (Rəhim xan gəlir.) Çağırın Şüca Nizamı, Mir Haşımı, Mirzə Həsəni, Müqtədiriddövləni. (Hamısı daxil olurlar.)

Şah (Şüca Nizama). Bəs sən deyirsən ki, Təbrizin batmağına Rəhim xan səbəb oldu?

Şüca Nizam (Rəhim xana baxıb). Bəli, şah sağ olsun!

Rəhim xan (acığından dişini qıcayır). Sən namərdsən!

Şah. Xamuş! Müctəhid sən də deyirsən ki, təqsirkar Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə idi?

Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə. Şah sağ olsun, təqsir bu əmmaməli müctəhidin özündə idi.

Şah. Mir Haşım, sən də deyirdin ki, təqsirkar Şüca Nizam ilə müctəhiddir.

Mir Haşım. Şah sağ olsun, Şüca Nizamı da dedim? Gərək ki, onu...

Şah. Müqtədiriddövlə, sən də söylədin ki, Şüca Nizam, Mirzə Həsən, Mir Haşım təqsirkar idilər.

Müqtədiriddövlə. Şah sağ olsun, bəli!

Mir Haşım. Müqtədiriddövlə, məni də təqsirkar bilirsən?

Müqtədiriddövlə. Bəs sən məni nə üçün deyirsən?

Mir Haşım. Mən səni deməmişəm.

Müctəhid. Yaxşı, cənab Müqtədiriddövlə və Mir Haşım, sizin sözünüzdən bu çıxır ki...

Şüca Nizam. Cənab müctəhid, heç utanmadın ki, sən məni böhtan altında...

Rəhim xan. Görək, Şüca Nizam, qalsın səninlə...

Müqtədiriddövlə. Ayıb olsun sənə, Mirzə Həsən, mən səni bir adam...

Şah (bərkdən). Lyaxov!

Lyaxov daxil olur.

Şah. Bu adamları aparıb top ağzına qoyarsan. Ən əvvəl müctəhidi toplarsan.

Mirzə Həsən. Vay, dədəm vay, ah, şah başına dönüm, sənə qurban olum, mənə yazığın gəlsin! Mənə yazığın gəlsin, sənə qurban olum, vay...

– Ağa, ağa, ağa

Mirzə Həsən. Haa!..

– Nə pis sayıqlayırsan!

Mirzə Həsən. Paho!.. Bari pərvərdigara, şükür olsun sənə, yaxşı ki, yuxu imiş!

– Nə olub?

Mirzə Həsən. Balam yuxumda gördüm ki, Təbrizi Səttarxana verib, Tehrana qaçmışıq, şah da bizi top ağzına qoydurub.

– Ağa, elə axırda da o cürə olacaqdır. Bizi ya Səttarxan topa qoyacaqdır, ya ki şah. Bu ikisindən xali dəyilik. Nahaq yerə özümüzü əngələ saldıq!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 46

Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq... Adam qəzetəni əlinə alıb açanda “müharibə”dən başqa bir şey görmür.Hərçəndi bu halda, lap qızıq bir şey varsa, o da yenə elə “müharibə” xəbərləri, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq.

2 dəq
Ordan-burdan 47

Məzəli-məzəli işlərimiz olur.Kasıbı və fəqiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçün belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu “cibişdan” üçün çalışır.

2 dəq
Ordan-burdan 48

Keçmişdə köhnə mədrəsələrimizin cığbığını, bir bucaqda mürgüləyən mollanın, onun çırt çubuğunun və “Çubi tənbihini” fələqqəni, Gülüstan, Bustan, Çehil Tuti, Yusif Züleyxa, Cameyi Abbas və sairlərini yada salıb və indiki münəzzəm, müntəzəm elm oxudan baqaidə məktəblərimizi görüb, öz-özümə deyirəm ki:– Pərvərdigara, dərgahına şükür!

2 dəq
Zemstvo haqqında

Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.

2 dəq

Başqa şairlərin şeirləri