“Məktəb məsələsi” ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin “Yüz ildir getdik və əlx” məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi.

Həmin bu “məktəb” məsələsinə bihəqqin aşına olan (F.A.) rəfiqimiz kimi mühərrirlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu “Yüz ildir getdik və əlx” kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, “İş olanda olur”.

Bizi artıq məyus və mükəddər edən odur ki, (F.A.) rəfiqimiz yazdığımız məqaləni dürüst oxuyub, fikrimizi anlamaq əvəzində, məqaləni nə səbəbdən isə təhrif və fikrimizi təğyir etməyi səlah görübdür. Məsələn, mən yazmışam ki, “Dilimizin heç bir imtiyazı yox və kəsbiruzi vasitəsi də yalnız, bir rus dilidir... Aşikardır ki, bütün camaatı ana dilində olan məktəblərə təşviq və tərğib etmək üçün o məktəblərdən gözlənicək maddi təminatı indidən təmin etmək lazımdır. Bu bir çox mühüm məsələdir ki, mərifət və mədəniyyətimiz, zənnimcə, yalnız bir bundan asılıdır”. Amma (F.A.) rəfiqimiz mənim bu sözlərimi dəyişdirib, əvəzində bunu yazıbdır ki, guya mən böylə demişəm: “Dilimizin heç bir imtiyazı yox və kəsbi-ruzi vasitəsi də yalnız bir rus dilidir... ki, mərifət və mədəniyyətimiz, zənnimcə, yalnız bir bundan asılıdır. İnsaf yahu! Bu, buna bənzər ki, məsələn, birisi bir məqalə yaza və o məqalənin bir yerində qeyd edə ki, “namaz qılmaq vacibdir” və haman məqalənin digər bir yerində yaza ki, “adam öldürmək haramdır”, sən də binəvanın “namaz qılmaq” ilə “haramdır” sözlərini bir-birinin yanına yazıb deyəsən ki: Ay camaat, filan adam yazır ki, namaz qılmaq haramdır!

Və sonra da bir qədər istehza yazıb “oxucu qardaş”ı da köməyə çağırasan...

“Oxucu qardaş” özü gördü ki, (F.A.) bəradərimiz haman bu tövr edibdir. Ancaq bilmirəm ki, bunu “oxucu qardaş”ları güldürmək üçün edibdir, yoxsa bu cürə anlayıbdır. Hər halda özgələrin rəy və təsvirinə qarşı bu ehtiramsızlığı mən heç vaxt özümə layiq bilməzdim... Hələ bu dursun.

(F.A.) bəradərimizin bir hərəkəti məni hamıdan artıq təəccübləndirir ki, rəfiqim mənim məqaləmi təhrif elədiyi bəs deyilmiş kimi, məqalədə ifadə etdiyim bütün fikrimə də təğyir verib üstündən də bir etiraz yazır və kəmali-yəs ilə bu sözləri də axırda deyir:

“Xülasə, məqalədən boylə anladım ki, (??) indiyədək qəzetələrdə yazılan “milli məktəblər”, “ana dili” və qeyri sözlərin hamısı boş-boş sədalər imiş, bürokratların əlindən xilas olmuş məktəbləri yenə dübarə onlara vermək istəyirlər (!) və əlx”. Lap aşikar görünür ki, bəradərim (F.A.) özgənin fikrini bu gunə təğyir edib mətbuata salmağı bilmərrə muğayiri-ədib hesab etməyir.

Mənim məqaləmdə ifadə etdiyim fikrim budur ki: “Əlan rus ibtidai işkolalarında oxuyan uşaqlar oranı ikmal etdikdən sonra sair böyük işkolalara girib, təhsillərinə davam edə bilərlər və yaxud haman ibtidai məktəblərdə oxuduqlarına iktifa edib rus dilinin bərəkətindən bir iş tapıb kəsbi-ruzi edə bilərlər. Amma müsəlman ibtidai məktəbi olsa, onu ikmal etmiş şagirdlər nə böyük işkolalara girə bilərlər, nə də bir iş tapıb kəsbi-ruzi edə bilərlər. Ondan ötrü indidən fikir etmək və çalışmaq lazımdır ki, gələcəkdə açmaq fikrində olduğumuz müsəlman məktəbləri, axırda şagirdlərə maddi bir kömək verəcəyindən xalqı ümidvar edə bilsin ki, camaatımızın hər bir sinfi uşaqlarını müsəlman məktəblərinə qeyd etməyə şövqmənd olsunlar”, vəssəlam. Mənim fikrim budur ki, əvvəlimci məqalədə yazmışam və müsəlman məktəblərindən axırda kömək çıxartmaq məsələsi xüsusunda da öz təsəvvüratımı söyləyəcəyimi vədə vermişəm. Məktəblərin bürokratlar əlinə verilməsini arzu etməmişəm, “milli məktəb” və “ana dili” boş-boş səda olduğunu söyləməmişəm. Rəfiqimiz (F.A.)nın bu gunə nalayiq sözləri mənə isnad verməsi çox təəccübdür.

Şayani-diqqət burasıdır ki, (F.A.) əfəndi yazdığı məqaləsində ana dilini və milli məktəbləri guya müdafiə edib, axırda ana dilinə və milli məktəblərə dair kutahbinanə və təəssüf ediləcək dərəcə dairəsi təng olan nəzərini dəxi meydana çıxarır.

Rəfiqimizin ağzı dolusu söylədiyi “ana dili” və “milli-məktəbi” və bu xüsusda qopardığı qiyamətlər və hay-huylar, bilirsiniz nədən ibarətdir? İçində müəllim olduğu russko-tatarski işkoladan ki, orada həm rusca və müsəlmanca oxunur!..

Əfəndim, bəradərim! Əgər “ana dili” və “milli bir məktəb söyləməkdə muradınız vaqe”də yalnız russko-tatarski işkolalardırsa... bu əqidənizə də şərik deyiləm, çünki bu mühüm məsələyə mən vase nəzər ilə baxmaq istəyirəm.

Mən milli məktəb ona deyərəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunur. Rus dilinin bu elmlərə dəxli, təsərrüfü yoxdur. Rus və müsəlman işkolasını ibtidai ana dilli məktəb hesab etmək, zənnimcə, dilimiz və millətimizi təhqir etməkdir.

Əfəndim, əgər siz bu məsəldə ermənilərə təqlid edirsinizsə, siz də gərək bu əqidədə olasınız. Çünki ermənilərin nəinki, yalnız ibtidai milli məktəbləri, hətta üç kilisa da ali məktəbləri dəxi vardır. Gələcək məqaləmizdə ana dili və milli məktəblər xüsusunda bir qədər vəsi surətdə yazmağı dəröhdə edib də əlan bunu kəmal heyrət və təəccüblə əlavə edirəm ki, (F.A.) rəfiqimizin “ana dili” və “milli məktəbi” (ki onu müdafiə etmək üçün, hətta həqiqəti gizlətmək istəyir) yalnız bir russko-tatarski işkolalardan ibarət bilməsi hamısından bədtərdir!

Çox təəssüflər olsun! Rəfiqimizin bütün məqaləsi başdan-ayağa “subyektivno” yazılmış bir şeydir.

Rəfiqimiz ana dilini və milli məktəbləri, guya, müdafiəyə qalxır, bunun üçün bu vasitəyi-nicatımız olan dilə məktəbə dair mənim ifadə etdiyim fikir və nəzərimi kəmali-ehtimam ilə gizlədib, əvəzində mənim başıma vəhşiyanə və divanələrə mənsub bir əqidə soxub onu da xalqa bildirir və özü də tənqid eləməyə başlayır, yəni məni dəli ələ salır və bu hərəkəti də özünə layiq bilir. Lakin o bir tərəfdən də ana dilinə və milli məktəblərə dair həqarət ilə baxdığı nəzərini ifadəyə məcbur olur.

Rusca bilməyin kəsbi-ruzi üçün bir mənbə olduğunu rəfiqim inkar edir və halonki özü rus dilinin sayəsində kəsbi-ruzi edir. Bu həqiqəti danıb da özünü bir maska altında gəzmək üçün köhnə tərzi-idarənin pisliyindən dəm vurur. Daha bunu bilməyir ki, rus dilinin kəsbi-ruzi mənbəyi olduğu bir ayrı məsələdir və köhnə tərzi-idarənin də pisliyi özgə bir məsələdir. Qafqazın imtiyaz və istiqlalına gəldikdə rəfiqim uşaq kimi danışır, deyir ki, Qafqaz kəsbi-imtiyaz etsə də yenə rus dilinə möhtac olacaqdır. Mən bunu inkar etməyirəm. Ancaq Finlandiyada da rus dili istemal olunur, bainhəmə bütün müəssisələrində, divanxanalarında, dəftərxanalarında öz dilləri işlənib bir o qədər də əmələlər üçün mənbəyi-ruzidir...

Qərəz ki, (F.A.) rəfiqimizin bu gunə baş-ayaq və ayaq-baş vurmasından məqsədi nə olduğunu anlamadım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəbərdarlıq 2

Keçən səfər müəllimlər barəsində işarə edib tərbiyəyi-ətfaldan bəhs açdıq. Doğrudan da uşaq tərbiyəsi çətin bir əmrdir. Uşağı nə tövr tərbiyə etsək, o tərbiyəyə görə də adam olar.Bilümum uşaq xeylağı məktəbə girmədən qabaq öz valideyninin təhti-tərbiyəsində qalır. Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şərri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan əazim pedaqoqların tərbiyə haqqındakı mülahizat və təklifatından layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsiz və tərbiyəsizliyidir. Bu barədə möhtərəm Firidunbəy Köçərli cənabları şirin dilli məqalələrlə tərbiyə və təlimi-nisvanın lüzum və vücubunu qəzetəmiz səhifəsində vazeh surətdə bəyan buyurublardır.

3 dəq
Ordan-burdan 43

Zemstvo məsələsiZemstvo məsələsinin (qoy urusca deyim) – “vajnılığını” biz hələ başa düşmürük. Axı bir baş ki onun içi təkfir, təlin, fitnə-fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik və bu kimi şeylərin iğvası ilə dolu ola və yainki bilmərrə boş ola – o başdan nə ummaq?

3 dəq
Zənburçulara ciddi bir təklif

Ümum millətimizin asayiş və səlamətliyini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün zənbur çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf etməklə xain, həsud və bəxil zənbur çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvüləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində – deyil ev tikdirmək, banklarda pul saxlamaq, – bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq zənburçular nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu, bir ciddi təklifdir.

1 dəq
Ovzaımız

Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.

3 dəq

Başqa şairlərin şeirləri · Satira