Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.

Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.

Bu gün cürətli ingilislər, amerikalılar kürreyi ərzin hər bir nöqtəsində hökmü fərmandırlar. Cürətsiz İran isə əğyar təcavüzündən dəxi özünü qorumağa qadir deyildir.

Biz, Rusiya müsəlmanları dəxi artıq bir cürət sahibi olduğumuzu meydana çıxara bilmərik, bizcə cürət ölübdür, əhya etmək lazımdır.

Ticarətimizin həmcivarlarımıza nisbətən kasadlığı, dürlü-dürlü mənfəətli sənətlərdən məhrum olmağımız, elm və fəndə dala qalmağımız, hamısı bizim cürətsizliyimizdən naşidir. Bizi saxlayan tək bizim bəsalətimizdir ki, o da belə qalsaq, yavaş-yavaş itər və yox olar. Cürətsizlik bizi mədəniyyətdən uzaqlaşdırır. Odur ki, bizlərdən gözəl görkəmli və şayani diqqət əməllər nüdrətən sadiq olur.

Biz bir işə iqdam etmədən qabaq öz acizliyimizi iqrar edərək, məzkur işdən heç bir şey çıxmayacağını hökmən özümüzə yəqin edirik və şövqühəvəsdən düşüb, əbəs yerə fürsətimizi əldən buraxırıq. Birimiz bir iş tutmaq istədikdə digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə sən, yaxud biz bacarası iş deyil – deyə bu işdən sərf-nəzər etməyi dəxi tövsiyə edirik. Biz eşidirik ki, filan müsəlman filan böyük işə iqdam edibdir. Yaxud, filan işdən ötrü Amerika kimi bir yerə getmək istəyib. O saat biz (guya ilhamı-rəbbani ilə) o işlərdən bir şey çıxmayacağını qəti xəbər verib, “çünki” müsəlmanlardan belə-belə işlər baş verməz, bu ittifaqda ermənidən danış, biz müsəlman belə işləri bacarmarıq kimi cəbunlara məxsus bir naümidsizliyə bunu da əlavə edirik.

Belə çıxır ki, biz hər bir ittifaqda nikbinlərdən ədd olunduğumuz halda, tək bir bu yerdə bədbinalığı qəbul edirik. Görünür bizim öz qüdrətimizə etiqadımız yoxdur. Varmışsa da itibdir. Budur ki, indi bizim cürətsizliyimiz və acizliyimizə müqərr olmağımız hər bir iş müqabilində əl-ayağımızı bağlayıb, bizi hərəkətsiz buraxır. Cürətsizlikdən başqa bir də, ümumiyyət etibarilə, digər bir fəna sifət dəxi müşahidə olunur. Bu da acizlikdir. Balaca bir müsibət və bədbəxtliyə düçar olanda biz özümüzü, bilmərrə, itiririk. Əslinə baxsan, bu da bizim cürətsizliyimizdən doğan bir sifətdir.

Söz yoxdur ki, bir işə iqdam edib, başa aparmağa çalışan adam bu yolda neçə-neçə maneələrə və çətinliklərə düçar olacaqdır. “Zəhmətsiz bal yemək olmaz” – öz türklərimizin zərbi-məsəlidir. Lihaza, biz bu məsəl fəhvası ilə müvafiqət eləməyib, başladığımız işi cüzi bir çətinliyə təsadüf edəndə buraxıb, əl götürürük. Halbuki insan başladığı işi başa aparmaq üçün təsadüf edən maneə və çətinlikləri bir-bir dəf və rəfə çalışmalıdır ki, məqsudinə nail olduqda da kamiyab olsun. Və illa, hər bir çətinlik müqabilində aciz qalıb, məqsədimizdən sərfinəzər etsək, mütləqa başqalara möhtac olacayıq. Möhtaclıq da, məlum olduğu üzrə, insanın tənəzzülünə yardım edən bir bədbəxtlikdir. Hər bir sahibkara lazımdır ki, həmişə tərəqqiyə mayil olsun, ətalət və bətaət ilə iş görsək gündən-günə tənəzzüldə qalacayıq. Əsrimiz isə tərəqqi əsridir.

Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də heç bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. İnsan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır. Acizlik və cürətsizlik göstərməkdənsə. mübarizə edib, ruzigara basılmamaq əfzəldir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Zemstvo haqqında

Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.

2 dəq
Ordan-burdan 49

Yazıq ermənilər!Genə yazıq ermənilər!

2 dəq
Ordan-burdan 50

Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

2 dəq
Erməni-müsəlman sülh məclisinə dair

Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

2 dəq

Başqa şairlərin şeirləri · Satira