Rus qəzetələri bir o qədər Vitte – Durnovo – deyə bağırıb, bu iki dövlətçiləri bir hökmdar yerində qoydular ki, axırda Vitte ilə Durnovo arasında birdən-birə pozğunluq peyda oldu. Vitte rəfiqi (bəlkə də rəqibi) Durnovodan küsübdür. Lakin bu küsməni bir vəchlə örtüb, özünü sındırmamaqdan ötrü (böyük adamlara küsmək yaraşmaz) daha qocalmışam – deyə məmuriyyətini tərk etmək istəyir. Durnovo isə – o da sədr əzəm Vittedən küsübdür. Amma bu, küsməyini gizlətmək deyil, aşkar etmək üçün vəzirlər məclisinə gəlməyib, at minib Peterburqun küçələrində ora-bura çapırmış... Deməli, bu da vəzirlərə məxsus bir zabastovka (tətildir) ki, sairlərə qadağandır.


Zabastovka dedim xatirimə bir fəqərə düşdü. Birisi realni məktəbi şagirdlərindən sorurdu:

– Heç bu məktəbə getmişdin?

– Bir iki dəfə getmişdim!

– Bəs sair vaxt nə üçün getmirdin?

– Tətil eləmişdim.

– Nə üçün?

– Mixaylovsk sənaye məktəbinin müdiri pis adamdır.

– Sənə nə dəxli var?

– Yoldaşlarla həmrəy olmaq lazımdır.


Yoldaşlarla həmrəy olmaq lazımdırsa da, ingilis dövləti öz yoldaşı Osmanlı dövləti ilə heç bir halda həmrəy olmaq istəmir. İndi bunlar Əqəbə bəndəri üstündə çəkişirlər. Osmanlı dövləti deyir ki, Əqəbə mənimdir, qoşunumu oradan çıxartmıram, ingilis də buna müxalif, – Əqəbə Misir torpağıdır, – deyə ayağını yerə döyür ki, Osmanlı qoşunu oradan çıxsın. Burası yamandır ki, ingilis Əqəbə Misir torpağıdır dedikdə, o, Osmanlıya deyə bilmir ki, Misir hara, sən hara, çünki Osmanlı xəritələrində Afrikayi-Osmaniyyə adlanan Misir indi olub “Afrikayi-ingilisi”, buna da səbəb mən olmamışam, Osmanlının özü olubdur. Deyirlər ki, Osmanlının inadlığı ingilis tərəfindən İzmir sahilində (morskaya demonstrasiya) bəhriyyə nümayişi icrasına səbəb olacaqdır.

Zərər yoxdur. Osmanlının peşəsi üzərinə icra olunan nümayişlərə tamaşa etmək deyilmi? İngilis isə Qoqolun hərifi Nozdrovun şarmankasında mütləqa aramgir olmaq istəməyən zurnaya bənzəyir.


Zurna dedim xatirimə “Novoye vremya”nın müdiri və naşiri Suvorin baba düşdü. Suvorin baba da zurnaçıdır. Lakin zurnaçı da var, zurnaçı da var. Aşıq Abbasqulunun zurnası səsləndikdə adamın oynamağı gəlir. Suvorin babanın zurnası çalındıqda Allah göstərməsin bayquş kimi ulayır. Suvorin baba zurnasında əvvəl müsəlmanlar üçün “Uzun dərə”, “Keçi məməsi” kimi havalar çalırdı. İndi isə zurnasını bayquş hülqumuna döndəribdir, uluyur, uluyur. Ulamağına da səbəb müsəlmanların yuxudan oyanmağıdır. Əslinə baxsan, müsəlmanların oyanmağında Suvorin babanın özü müqəssirdir. Çünki kim bilmir ki, yatmış adamın yanında zurna çalınsa oyanar?


Deyirlər ki, İran dəxi oyanıb, “ədalətxanə” və “Məclisi məbusan” kimi iranlı qulağı eşitməmiş şeylərdən bəhs edirlər. Əgər İranın oyanmasından nəticə bizim “Dövlət dumamız” kimi bir şey olacaqsa – nə deyim?


Dövlət duması. Dövlət dumasına bolluca keşiş seçirlər. Keşişin hörməti Rusiyada artıbdır. Amma Fransada keşişləri ağacla döyürlər. Çünki bura Rusiyadır, ora Fransa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay ötür, gün keçir

Dövlət duma yaxınlaşır. Camaat da hazırlaşır, hökumət də hazırlaşır. Hökumət hazırlaşır ki, görsün elə bir duma qayıra bilərmi ki, axırda camaatı öz zurnası ilə oynatsın.Camaat dəxi bu kələyi duyub əlləşir ki, görsün bir elə duma qura bilərmi ki, hökuməti zurnasına oynatsın…. Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir.

2 dəq
Biz ilə yevropalıların təfavütü

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir….Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.

1 dəq
Bir dəlinin dəftərindən

Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur.Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil.

3 dəq
Ordan-burdan 101

Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əjdahalar tökülüb parça-parça edərlər.İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir “şir”, “pələng”, “əjdaha”, yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub “voenni polevoy suda” verərsən! Qərəz, məzəli işdir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira