M ə ş ə d i İ b a d ı n evində vaqe olur. Toy məclisidir. Q o ç u Ə s g ə r "Padşah" olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: H ə s ə n q u l u b ə y, R z a b ə y, Ə s g ə r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir.

Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy durub oynasın!
H ə s ə n q u l u b ə y. (ayağa durur). Padşah sağ olsun, vallah, mən oyun bilmirəm, məni bağışla!
Ə s g ə r. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu bəyi çəkib oynadırlar. Bəədə haman qərar ilə Rza bəy oynayır). Çəkin buraya Məşədi İbadı! Bəy gərək toyunda oynasın ki, ucuzluq olsun.

O biri otaqdan M ə ş ə d i İ b a d ı gətirirlər. Məşədi İbad "Mirzəyi" havasını oynayır.

H ə s ə n q u l u b ə y. Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə.
H a m ı. Bəli, vaxtdır. (Ayağa durub hamı gedir).
M ə ş ə d i İ b a d (daxil olur). Türkdə bir məsəl var: deyərlər ki, hər gözəlin bir eybi olar. Qonaqlar bu evdə olanda mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə, mənim eybim nədir? İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eybsizliyimdir. Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah mənim bir danə eybim olsaydı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi mənim heç bir eybim yoxdur, ona görə də heç kəs mənə gözəl demir. Bütün məsələ bundadır. Vəssəlam…. Hər halda qız nə qədər gözəl olsa da bir o qədər mənə baha oturdu: beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat Rza bəyə rüşvət, əlli manat Həsən bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz manat…. Əşi, hesab eləməsəm yaxşıdır! Daha ürəyim xarab olur. Amma pis geyinməmişəm, ha!… (Ətrafına baxır və dalını görmək üçün fırlanır və sonra bir yerdə əyləşir). Bəli, qız gəlsin görək nə olacaqdır. (Zümzümə eylzyir):

Şəb əsl şəhido şəmo şərabo şirini,
Ğənmət əst ke, şəbi ruyi dustan bini!

Qız gəlsin, amma mən bir şeydən qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin, çünki o cürə evdə böyümüş qız bir az kəmhövsələ olar. (Acıqla). Ağzı nədir! Vallahi, bax bu gündən bir yekə qıfıl alacağam. Səhər durub dükana gedəndə qapını qıfıllayıb, açarını aparacağam ta axşam qayıdana qədər, qoy qalsın evdə, evə öyrəşsin; pəncərələri də daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyəcəyəm, çünki arvad ki, döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kmi üzümə gülərdi. Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərrə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eyləsə budur, onun canıdır. (Yumruq göstərir. Bu əsnada daldan: "allah", "allah" səsi gəlir, zurna çalınır). Paho, gəlin gəldi, mən qaçım!

Qaçır o biri otağa. G ə l i n i gətirirlər. S ə n ə m dəxi gəlin ilə içəri girir.

B i r i s i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl.

Hamı çıxır, tək gəlin qalır.

M u s i q i

M ə ş ə d i İ b a d (daxil olur).

Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana…. (və i.a. oxuyur).

X a n ı m, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban!

Çarşabın içindən gəlin əvəzinə S ə r v ə r çıxıb, əlindəki siğarı tapança kimi uzadır M ə ş ə d i İ b a d a tərəf.

M ə ş ə d i İ b a d. Vay!… (deyib çökür).
S ə r v ə r. Səsin çıxdımı, başına bir güllə vuracağam! Tez ol, bir kağız-qələm götür!
M ə ş ə d i İ b a d (qorxu ilə). De qoy tap?m da!… (Stolun üstündən kağız-qəldm götürür). Bəs indi nə qayırım?
S ə r v ə r. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülləni!
M ə ş ə d i İ b a d. Yazım da, vallah, bu saat yazım!
S ə r v ə r Yaz! (Bərkdən deyir). Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu….
M ə ş ə d iİ b ad. Vaxsey!… Atamın adını da bilir!
S ə r v ə r. Danışma, yaz, yoxsa odlaram səni!
M ə ş ə d i b a d. Vallah, danışmıram, yazıram, sonra?
S ə r v ə r. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm.
M ə ş ə d iİ b a d. İstəyirəm….
S ə r v ə r (acıqlı). İstəmirəm!…
M ə ş ə d iİ b a d. Yaxşı, istəmirəm, istəmirəm!…
S ə r v ə r. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun.
M ə ş ə d i İ b a d. Bunu kim təvəqqə edir?
S ə r v ə r. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm!
M ə ş ə d i İ b a d. Yazıram, yazıram, sonra?
S ə r v ə r. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?
M ə ş ə d i İ b a d. Yazdım….
S ə r v ə r. De qol qoy!
M ə ş ə d i İ b a d. Vaxsey!… Bəs mənim pullarım….
S ə r v ə r. Qol qoy, yoxsa partladaram səni. (Qol qoydurur). İndi tərpənmə!
M ə ş ə d i İ b a d. Tərpənmirəm.
S ə r v ə r. Danışma!
M ə ş ə d i İ b a d. Danışmıram.

S ə r v ə r dal-dalı gedib S ə n ə m i gətirir.

S ə r v ə r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir). İndi tərpənmə!
M ə ş ə d i İ b a d. Tərpənmirəm.
S ə r v ə r. Danışma!
M ə ş ə d i İ b a d. Danışmıram.

S ə r v ə r birdən dönüb cəld qaçır.

M ə ş ə d i İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə iş idi mənim başıma gəldi, ay tutun, ay qoymayın!…

C a m a a t hamısı dolur içəri, səs-küy düşür.

H ə s ə n q u l u b ə y. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql eylə görək!
M ə ş ə d i İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?
H a m ı. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar!
M ə ş ə d i İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın əvəzinə mənə kişi göndərdi. O da qaçdı getdi.
H a m ı. Paho!… Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?
B i r i s I. Bəs nə tövr olsun, neyləməli?
H ə s ə n q u l u b ə y. Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya gətirim? Razısan?
M ə ş ə d i İ b a d (azarlı kimi). Yox….
R z a b ə y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim, razısan.
M ə ş ə d i İ b a d. Yox….
Ə s g ə r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım, razısan?
M ə ş ə d i İ b a d. Yox….
H a m ı. Bəs nə eyləməli?
M ə ş ə d i İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün kəssin!
H a m ı. Ha!… Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis deyildir.

M u s i q i

H a m ı.

Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin. (2 dəfə)
(Sənəmə) Məşədiyə arvad edək,
Razısan?

S ə n ə m. Hə! … hə!…
H a m ı (Məşədi İbada). Razısan?
M ə ş ə d i İ b a d. Hə! … hə!…
H a m ı Razısız?
M ə ş ə d i İ b a d və S ə n ə m Hə! … hə!…
H a m ı. Bəs gedək biz?

M ə ş ə d i İ b a d.

Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin.(2 dəfə)
(Sənəmə) Səni mənə arvad edə, razısan?

S ə n ə m. Hə!… Hə!…
M ə ş ə d i İ b a d (xora). Razısız?
X o r Hə Hə!… Razıyıq!… Hə, Hə!… Bəs gedək biz?

Bu əsnada səhnənin dal pərdəsi qalxır, S ə r v ə r ilə G ü l n a z hündürdə dayanıb görünürlər. Tar çalınır.

S ə r v ə r (bayatı-qacar oxuyur).

Yetdim vusalına yarın, çəkdim əzabını,
Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını.

G ü l n a z.

Çün qalxdı pərdə, əyan oldu hər kəsə,
Məşuqə aşiqə vasil edər əlbəttə canini.

H a m ı (Məşədi İbada).

Sən qoca, qız cavan,
Səndə yoxdur eşq odu.
Sərvərindir eşqi,
Sənə olmaz heç meyli. (2 dəfə).

M ə ş ə d i İ b a d.

Yanıma gəl, arvad, yanıma gəl,
Yanıma gəl, et məni şad!… (2dəfə)

H a m ı.

Pulunu verdin sən, Məşədi İbad,
Əlinə düşdü dul arvad,
Qəm yemə hərçi badəbad,
Olmasa o, bu olsun!…

P ə r d ə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 68

Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.“Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.

3 dəq
Dövlət Dumasının qurulması

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?

27 dəq
Ordan-burdan 69

“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.

1 dəq
Vəkillərimiz nə tövr olmalıdır

Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.

4 dəq

Başqa şairlərin şeirləri