Üçüncü məclis
Səhifə 1 / 3
Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.
M u s i q i
H a m ı (oxuyurlar).
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…
H a m a m d a n b i r s ə s.
Gəl, ey ha!… Bir yumurta!…
H a m ı.
Yaz, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
M u s i q i
Dəllək qırxır, hamamçı qəlyan çəkir.
M ə ş ə d i Q ə z ə n f ə r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən?
H a m ı. Hamamda!…
M ə ş ə d i Q ə z ə n f ə r. Yazın istisində harada sərinləyə bilərsən?
H a m ı. Hamamda!
M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə de!
U s t a M ə h ə r r ə m. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə heyfsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klubda, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan sonra harada istirahət edə bilərsən?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda bir parça ləzzət görərsən?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
U s t a M ə h ə r r ə m. Bəs elə, de gəlsin!
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, tez gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…
H a m a m d a n b i r s ə s. Gəl, ey ha!… Bir papiros, özü də müştük ucunda. (Aparırlar).
H a m ı.
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…
M u s i q i
K ə r b ə l a y ı N ə s i r (dəllək ülgüc itiləyərkən). Mən özüm bisavadam, amma kitabda yazılanlardan oxuyurdular, mən də eşitmişəm: müsəlman padşahları bir yerdə şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra məscid. Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan, bəs sonra harda təmiz olursan?
H a m ı. Hamamda!
K ə r b ə l a y ı N ə s i r. Harda pak olursan?
H a m ı. Hamamda!
K ə r b ə l a y ı N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
K ə r b ə l a y ı N ə s i r. Bəs belə!
M ə ş ə d i Q ə z ə n f ə r. Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər, nağıl deyənlər, dərvişlər hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidirsən?
H a m ı. Hamamda!
M ə ş ə d i Q ə z ə n f ə r. Harda dünya qayğısını yadından çıxardarsan?
H a m ı. Hamamda!
M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin!
M u s i q i
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var!…
H a m a m d a n b i r s ə s. Gəl, ey he!… Ab xurdan, içində qəmiş. (Aparırlar).
M u s i q i
H a m ı. Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var! …. gəl.
U s t a M ə h ə r r ə m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış həkimlər dərmanlarından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz deyin, harda yaxşı qan aldırmaq olar?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda yaxşı baş qırxdırmaq olar?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda yaxşı həna yaxmaq olar?
H a m ı. Əşi, hamamda!
U s t a M ə h ə r r ə m. De, bəs belə!
M ə ş ə d i Q ə z ə n f ə r. Həna dedin, yadıma Sədi Əlyəəl-rəhmənin bir şeri düşdü ki, günlərin bir günündə rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb, ətrindən bihuş olub və o xüsusda bu şeri deyibdir:
Gili-xoşbuyi dər həmmam ruzi
Rəsid əz dəsti-məhbubi be dəstəm.
Bədu qoftəm ke, mişki, ya ənbəri
Ki, əzbuyi-delavizi-to məstəm.
Bəqofta mən gili-naçiz budəm
Və leykən moddəti ba gün neşəstəm.
Kəmali-həmneşin bər mən əsər kərd
Və kərna mən haman xakəm ki, həstəm!
İnandırıram sizi ki, əgər Sədi Əlyəəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şeri yaza bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə p. Bəs belə isə de gəlsin!
M u s i q i
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…
H a m a m d a n b i r s ə s. Gəl, ey ha!… Qətfə! Gəl apar!
Camadarlar qətfə ilə gedirlər.
H a m ı.
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-o-olmasin-bu-olsun-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sədini tənqidAdam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:
İanə təqsimiDumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?
Ordan-burdan 115Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.
Ordan-burdan 116Stolıpin xəyalı“Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.
Başqa şairlərin şeirləri
Gözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki