Səhifə 2 / 3 · 33%

M u s i q i

Q o ç u l a r.

Ey kimsən orda, aç qapını!
Aç qapını, gələk səni öldürək!

M u s i q i

Pişto doludur, hazır etmişik,
Aç qapını, gələk səni öldürək!
Ey, kimsən orda, aç qapını!
Aç qapını, gələk görək kimdir o,
Ey kimsən, ey, aç qapını!
Aç qapını, gələk səni öldürək!

G ü l n a z.

Ax, Sərvər, qorxuram, səni öldürər bunlar.
Gəl tez buradan qaçaq, tez-tez, gedək özgə şəhərə.

Ah, Sərvər, qorxuram,
Açma gəl qapını sən.
Yoxsa səni öldürər
Qoçunun gülləsi.
Gəl bəri, Sərvər, gəl!

Q o ç u l a r.

Aç qapını!

S ə r v ə r.

Söyləyin görüm bir siz,
Nə istəyirsiniz məndən?
Nə lazım sizə bu evdən,
Ta xəlqin qapısından.
Qorxmuram mən sizdən,
Hər nə bilsəniz edin!
Yaxşısı budur, siz gedin,
Öz iş-gücünüzə.

Q o ç u l a r.

Sənsən Məşədi İbadın
Gəlinin əlindən alan.
Sənsən xəlqin evin yıxan.
Səndə vardır çox günah,
Gəldik səni öldürək.
Ta kim, Məşədi xoş olsun.
Biz də ondan pul alaq,
Eyşü işrətə məşqul olaq
Ondan biz!

Ə s g ə r (qoçulara). Çıxardın piştoları, hazır olun! Mən bir, iki, üç dedikdə siz atın! Hazır olun! Bir … iki….

S ə r v ə r fit çalır, qaradovoy çağırır. Q o ç u l a r həmən saat qoyub qaçırlar. H a m b a l ilə M ə ş ə d i İ b a d dəxi qaçırlar. S ə r v ə r gülür.

G ü l n a z. Ax, qorxudan ürəyim üstümdə durmur.
S ə r v ə r. Heç qorxma, bəri gəl, gedək otağa (Gedirlər).

Bu əsnada R ü s t ə m bəy küçədə vaqe olub, həyətə girmək istəyir.

R ü s t ə m b ə y. Hərçənd Məşədi İbadın bir-ikimin manat qulağını kəsdim, amma Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun.

İstəyir ki, içəri girsin, bu əsnada S ə r v ə r dəxi həyətdən çıxır. Bunlar bir-birini görüb, bir qədər təəccüb ilə baxışırlar.

R ü s t ə m b ə y. Sən kimsən və mənim evimdə nə qayırırsan?
S ə r v ə r. Mən bir student babayam və sənin evində heç nə eyləmirəm.

G ü l n a z ilə S ə n ə m çıxırlar.

R ü s t ə m b ə y (acıqlı). Bu saat de görüm, nə cürət edib mənim evimə gəlibsən?
G ü l n a z. Öldürəcəkdir, hamımızı qıracaqdır.
S ə n ə m. Allah, sən saxla, yazığıq!…
S ə r v ə r. Mən sənin evinə heç vaxt gəlməzdim, hərgah sənin qızına aşiq olmasaydım və sənin qızın da mənə aşiq olmasa idi.
R ü s t ə m b ə y (hirs ilə). Bu nə sözdür danışırsan? Nə cürət edirsən? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar.
S ə r v ə r. Patronu mən özüm çaxacağam.
R ü s t ə m b ə y. Kimə?
S ə r v ə r. Özümə!
R ü s t ə m b ə y. Bu nə sözdür!
S ə r v ə r. Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam.
R ü s t ə m b ə y (acıqlı). Sən mənim qızımı öldürə bilməzsən!
S ə r v ə r. Sənin xəbərin olmayacaqdır.
R ü s t ə m b ə y. Neçün?
S ə r v ə r. Çünki əvvəlcə səni öldürəcəyəm.
R ü s t ə m b ə y. Bu nə danışır, ədə, dəlidir nədir?
S ə r v ə r. Bax, sən bu qızı bədbəxt eyləmək istəyirsən. Amma mən, Sərvər, sən Rüstəm bəyə deyirəm ki, hərgah bunu mənə verməsən, onda bir güllə sənə, bir güllə qıza və bir güllə də özümə vuracağam! (Gedir).
R ü s t ə m b ə y. Bacı oğlu, bir bura bax! Axı, mən özgəsinə söz vermişəm, iş işdən keçibdir.
S ə r v ə r. Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm.
R u s t ə m b ə y. Nə tövr düzəldərsən?
S ə r v ə r. Əvvəl de görüm, acığın soyudumu?
R ü s t ə m b ə y. Soyudu.

S ə r v ə r əyilib onun qulağına nə isə deyir.

R ü s t ə m b ə y. Əşi, qoy görək! Eylə də iş olarmı?
S ə r v ə r. Sənin canın üçün, mən düz deyirəm, razısanmı?
R ü s t ə m b ə y. Yaxşı, razıyam, amma bəlkə baş tutmadı?
S ə r v ə r. Onda qızı hər kəsə istəyirsən ver!
R ü s t ə m b ə y. Çox gözəl!
S ə r v ə r. Amma sən Məşədi İbada heç bir söz demə və onu tələsdir ki, tez toyu eləsin.
R ü s t ə m b ə y. Çox gözəl, deyəsən ağıla batan şeydir, görək?
S ə r v ə r. Bax, əyər iş tutdu-tutdu və illah tutmadı….

M u s i q i

H a m ı.

Babalı Sərvərin boynuna. (2 dəfə)

S ə r v ə r.

Əyər işi düz eləməsəm….

R ü s t ə m b ə y.

Düz eləməsən….

S ə r v ə r.

Gər bacarmasam….

R ü s t ə m b ə y.

Gər bacarmasan….

H a m ı.

Babalı Sərvərin boynuna. (2 dəfə)

Musiqi çalınır, oynayırlar və sonra gedirlər. M ə ş ə d i İ b a d pərişan və pəcmürdə bir hal ilə küçədə vaqe olur, hambal da dalınca.

M u s i q i

M ə ş ə d i İ b a d (bayatı oxuyur).

Ayrı düşdüm yarımdan,
Əl çəkmişəm canımdan,
O qədər başımı itirmişəm ki,
Adım çıxıb yadımdan.

H a m b a l.

Mən aşiq o kəndə də,
Belə o kəndə də, bu kəndə də.
Belə əcəb oğlan qoyub getmisən
A bu kişini əkən dədə!

Küçə a d a m l a r ı hamısı buraya yığılırlar.

M ə ş ə d i İ b a d.

İşlərim hamısı zülm getdi.
At axtardım çulum getdi.
Cavan qıza bel bağladım,
Beş min manat pulum getdi.

M u s i q i

A d a m l a r.

Əvvəldən aşina idin, yad oldun nədən? (2 dəfə)
Səni qoydu qaçdı o nazik bədən!

Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!
Aman, aman, aman, aman,
Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!

M ə ş ə d i İ b a d.

Əvvəldən bilsəydim verməzdim pulu, (2 dəfə)
Xəlqin eyləməzdim cibini dolu.
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
Aman, aman, aman, aman!…
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!

A d a m l a r.

Dedin qocalıqda bir qız alasan, (2 dəfə)
Cavan qızı alıb evə salasan.
Ay belə is olmaz!…

H a m b a l. A Məşədi, belim sınıbdır, sən gəl bir abbası da verginən.
M ə ş ə d i İ b a d (lap azarlı kimi). A gedə, rədd ol başımdan! Mən nəyin dərdindəyəm, sən nəyin dərdindəsən. Təki mənim də dərdim sənin kimi bir abbası olaydı.

Millətpərəst H ə s ə n q u l u b ə y gəlir.

H ə s ə n q u l u b ə y. Məşədi İbad, salamünəleyküm. A kişi, bu nə işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır?
M ə ş ə d i İ b a d. A Həsənqulu bəy, sən allah, indi insaf eləyin. Sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm?
H ə s ə n q u l u b ə y. Dedi!
M ə ş ə d i İ b a d. Sonra məni evinə çağırmadı?
H ə s ə n q u l u b ə y. Çağırdı!
M ə ş ə d i İ b a d. Siz də qonaq gəlmədiniz?
H ə s ə n q u l u b ə y. Gəldik!
M ə ş ə d i İ b a d. Qonaqlıqda məni mübarəkbad eləmədiniz?
H ə s ə n q u l u b ə y. Elədik!
M ə ş ə d i İ b a d. Birisi də mənə orada meymun demədi?
H ə s ə n q u l u b ə y. Dedi.
M ə ş ə d i İ b a d. Mən də onunla dalaşmadım?
H ə s ə n q u l u b ə y. Dalaşdın!
M ə ş ə d i İ b a d. Siz də bizi aralaşdırmadınız?
H ə s ə n q u l u b ə y. Aralaşdırdıq!
M ə ş ə d i İ b a d (bərkdən). Bəs bu nə kələkdir ki, Rüstəm bəy mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir.
H ə s ə n q u l u b ə y. Sən heç qəm eyləmə. İşi düzəltmək asandır. İstərsən mən düzəldərəm!
M ə ş ə d i İ b a d. A kişi, atana allah rəhmət eyləsin, düzəlt, düzəlt yoxsa əhvalım çox pərişandır.
H ə s ə n q u l u b ə y. Çox gözəl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdə bir balaca pul lazımdır.
M ə ş ə d i İ b a d (təəccüb ilə). Nə? Beş yüz manat pul verim?!
H ə s ə n q u l u b ə y. Əlbəttə, pulsuz olmaz ki!…
M ə ş ə d i İ b a d. Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim!
H ə s ə n q u l u b ə y. Özün bilərsən, amma mən belə güman edirəm ki, beş min manat verən adam, beş yüz də verə bilər, artıq pul deyildir.
M ə ş ə d i İ b a d (əlini qoynuna salıb pul çıxardır). Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün də mənə iki yüz boşlusan, elədi beş yüz.
H ə s ə n q u l u b ə y. Hə!… İndi işi düzəldərəm, ancaq sən bir qəzetçi Rzanı da gör, çünki Rüstəm bəy qəzetədən çox qorxan adamdır. (Baxır). Aha, budur, özü də gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 49

Yazıq ermənilər!Genə yazıq ermənilər!

2 dəq
Ordan-burdan 50

Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

2 dəq
Erməni-müsəlman sülh məclisinə dair

Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

2 dəq
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.

9 dəq

Başqa şairlərin şeirləri