Səhifə 1 / 2

BİRİNCİ ŞƏKİL

Ş a h ı n s a r a y ı n d a vaqe olur. V ə z i r və b e ş n ə f ə r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.

V ə z i r (çahargah)--Tamam altı aydır ki, padşahdan bir xəbər yoxdur.

(M u s i q i)

Çün nigaranam, çox pərişanam, çox da heyranam!

(M u s i q i)

B i r i n c i ə y a n--Bəli, padşahın bu səfəri çox uzun çəkdi. Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi….

(M u s i q i)

İ k i n c i ə y a n--Dilim-ağzım qurusun, bəlkə padşahın başına….
V ə z i r--Sus! Oylə söz demə, yoxsa camaat xəbərdar olsa haman dəm şuriş düşər.

(M u s i q i)

Ü ç ü n c ü ə y a n--Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar.
D ö r d ü n c ü ə y a n--Məncə, heç bir şey lazım deyildir; inşaallah, padşah tezlik ilə gələr. Bu qədər iztirab əbəsdir.
İ k i n c i ə y a n--Xeyr, əbəs deyildir!
D ö r d ü n c ü ə y a n--Xeyr, əbəsdir!
Ü ç ü n c ü ə y a n--Heç əbəs deyildir!
B e ş i n c i ə y a n--Əbəsdir, əbəsdir!…
B i r i n c i ə y a n--Mən çox nigaranam!
B e ş i n c i ə y a n--Mən heç də nigaran deyiləm!
D ö r d ü n c ü ə y a n--Mən də nigaran deyiləm!
İ k i n c i ə y a n--Sənin üçün təfavüt yoxdur!
B e ş i n c i ə y a n--Xeyr, sənin üçün təfavüt yoxdur!
Ü ç ü n c ü ə y a n--Ağzının sözünü danış!
B i r i n c i ə y a n--Əbləh taifə!
B e ş i n c i ə y a n--Əbləh sənsən!
D ö r d ü n c ü ə y a n--Sizsiz əbləh taifə!
İ k i n c i ə y a n--Sizsiz!
B i r i n c i ə y a n--Sizsiz!
B e ş i n c i ə y a n--Sənsən!
D ö r d ü n c ü ə y a n--Sənsən!

Səs-küy düşür.

V ə z i r--Sakit! Əhalidən əvvəl siz şuriş salırsınız. Səbr ediniz, görək bu işin çarəsi nədir. Binəva Xurşid günüz axşama qədər yaş töküb ağlayır. Hər halda biz hələ bir neçə gün səbr edək, görək nə olur.

M u s i q i. N ö k ə r daxil olur.

N ö k ə r--Xurşid banu izn istəyir!
V ə z i r--Buyursun, buyursun!

M u s i q i. X u r ş i d daxil olur.

X u r ş i d (müxalif)--

Gün gedib, aylar dolandı, padşahim gəlmədi,
Atəşi-hicrə tənim yandı da, şahim gəlmədi,
Gözləməkdən yolunu qan ağlayır bu gözlərim,
Düşmən oldumu mənə bu xeyirxahim gəlmədi!

Qəlbimə düşmüşdü əvvəl vahimə kim, bu səfər
Padşahın canına haşa yetirməzmi xətər!
Altı ay keçdi o gündən, gəlmədi heç bir xəbər,
Noldu ki, yarəb, mənim dadü pənahim gəlmədi.

M u s i q i: təsnif başı.

V ə z i r v ə ə y a n l a r (təsnif)--

Xurşid, nəyə lazım bunca cəfa; (2 dəfə)
Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə)
Şahın bu səfəri millətə edər xidmət; (2 dəfə)
Səbr et, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə)

X u r ş i d--

Qorxum bunadır kim, şahim gedər gəlməz, (2 dəfə)
Bəs mən necə edim cəzə-fəzə eyləməyim? (2 dəfə)

M u s i q i. X u r ş i d əlləri ilə üzünü örtüb ağlayır.

V ə z i r v ə ə y a n l a r--

Xurşid, nəyə lazım bunca cəfa?! (2 dəfə)
Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə)

(M u s i q i)

X u r ş i d (mənsuriyyə)

Gecələr sabaha tək yatmam yataqda, ağlaram,
Ah edib, nalə qılıb, öz sinəmi mən dağlaram,
Sən gedərkən yalvarırdım, ey şahım, apar məni,
Ta xətər vaxtında qalxan eyliyim mən sinəmi.

V ə z i r (çahargah)--

Ahü nalə fayda verməz, əbəsdir göz yaşı,
Hər işə tədbir lazımdır, gərək bu müşkülü
Həll üçün bir neçə gün səbr eyləyək.

Ə y a n l a r--

Şübhəsizdir ki, gərək səbr eyləyək!

V ə z i r--Xurşid, sən get bir qədər istirahət elə. Qorxma sənin duan şahın üstündədir. (Xurşid gedir). Siz hər gün burada hazır olarsınız, hər halda ehtiyatı əldən buraxmaq olmaz, amma bu barədə camaat heç bir söz bilməsin, Əgər beş günə qədər şah gəldi, gəldi və ila gəlməsə….
N ö k ə r (daxil olur)--Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir.
H a m ı--Aha!…
V ə z i r--Yəqin bu şəxsi padşah göndəribdir. İlahi, sənə şükür! Siz gediniz o biri otaqda gözləyiniz.

M u s i q i. Ə y a n l a r çıxırlar, M ə s t a v ə r daxil olur, qoltuğunda bükülü keçə var.

V ə z i r (rast)--Söylə görək mətləbin nədir?
M ə s t a v ə r--Şiraz şəhərində bir dərviş bu keçəni toxuyub, sizin hüzurunuza göndəribdir.
V ə z i r (kənara)--Ah, şahın keçəsidir, mən tanıdım! (Ona). Xob, keçə qalsın burada, sən çıx get. (Kənara). Gedim Xurşidə müjdə verim (gedir).
M ə s t a v ə r (öz-özünə acıqla)--Gedim? Bəs pul, bəs pul?

(T ə s n i f)

Aldatdı məni mühil dərviş,
Göndərdi məni sərayi şahə.
Pul vermədilər, pis oldu bu iş;
Sərf oldu bu qədr vəqt rahə,
Gör mən sənə neylərəm, a dərviş!
Durmam, gəlirəm sənə cəzaçün;
Gəlcək sənə eylə sancaram niş,
Ta xalq tamam vəhşətə gəlsin!

M u s i q i. Gedir.

M u s i q i. V ə z i r və X u r ş i d b a n u bir tərəfdən, əyanlar dəxi o biri tərəfdən gəlir.

V ə z i r (şikəsteyi-fars)--

Müjdə olsun sənə, Xurşid, yarından xəbərim var.
Sağ səlamət o şəhinşah, yanından xəbərim var.

(Rasta enir).

Gör, budur, naməsidir padşahın, bu keçə,
Bunda çəkmiş, gəl-gəl etmiş, nişanından xəbərim var.

X u r ş i d keçəni görcək ağlayır və keçəni öpür.

X u r ş i d--Bu gecə mən bir yuxu görmüşəm, sizə nəql eyləyim!
H a m ı--Söylə, söylə (qulaq asırlar).

(M u s i q i)

X u r ş i d--

Gecə olcaq başlamışdım mən ahi, (musiqi)
Yuxu tutdu, gördüm onda mən şahi, (musiqi)
İtiribdir nə isə şahim rahi, (musiqi)
Məni görcək söylədi: gəl-gəl-gəl-gəl!
Xurşid, gəl, tez-tez gəl, hey!…

(M u s i q i)

Baxıb gördüm şahım düşdü bir çahə, (musiqi)
Belə baxdım, heyran qaldım dəstgahə, (musiqi)
Yüyürüb tez çahə, baxdım mən şahə, (musiqi)
Məni görcək söylədi: gəl-gəl-gəl! Xurşid, gəl, tez-tez gəl, hey!…

(M u s i q i)

Dedi: əl ver, Xurşid, məni azad et, (musiqi),
Köməyə çağır tez xalqı, fəryad et. (musiqi),
Əlimi atdım, mən şahdan yapışdım, (musiqi),
Quyudan çıxcaq söylədi: gəl-gəl-gəl!
Xurşid, gəl, tez-tez gəl, hey!…
Hey!… Tez gəl-gəl!

(M u s i q i)

V ə z i r (çahargah)--Xeyir olsun, çox gözəl yuxudur.
H a m ı--Xeyir olsun, çox xeyir olsun!
X u r ş i d--Fikrimə bir şey gəlir….
V ə z i r--Nə var ki?
X u r ş i d--Bu keçəni göndərməkdə şahın fikri nə imiş?
V ə z i r--Şübhəsizdir ki, özündən xəbər verir.
X u r ş i d--Yox-yox, mənim fikrimə başqa şey gəlir.
H a m ı--Nə var ki?
X u r ş i d--Bəlkə padşah bir təhlükə içindədir və bu keçəni göndərməklə bizə xəbər verir.
V ə z i r--Yox!… (Fikir edir). Amma ola bilər. Keçəni gətirən necə oldu?
N ö k ə r--Çıxdı getdi!
X u r ş i d--Ah, bu saat onu geri qaytarın!
V ə z i r--Doğrudur, onu geri döndərmək lazımdır! Görək şah nərədədir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 108

“Tərcüman” qəzetəsi və barama qurduBütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.

1 dəq
Dövlət Duması

Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayaniəhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa “Kolo”sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.

2 dəq
Ordan-burdan 109

Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, “İrşadı”n bugünkü teleqraflarını oxuya bilərlər.

6 dəq
Ordan-burdan 110

Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.

1 dəq

Başqa şairlərin şeirləri