Səhifə 2 / 4 · 25%

Diqqət buyurulsun: Rəşid bəy əfəndi yenə də “əcnəbi lisanına aşna olmaq fəqərəsilə məlumat və mərifət kəsb etmək məsələsini qarışdırıb əsil məsələni başqalaşdırır. Halbuki yuxarıda özü tənbeh edir ki, “bizim əqidəmizdə məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət məlzəmə fəqərəsini əcnəbi dilinə asan təriq ilə aşna olmaq fəqərəsilə heç qarışdırmamalıdır”. Amma Rəşid bəy əfəndi özü öz əqidəsinə etina etməyib qarışdırır. Bilmirəm ki, böylə əqidəsizliyi Rəşid bəy əfəndi nasıl rəva görür. Sonra Rəşid bəy əfəndi burada didaktikadan bəhs açır və o fəndən bir neçə qaydalar zikr edib deyir ki, “didaktikanın işbu qanunlarına təşəbbüsən (?) ən əvvəlcə ana dili təlim və tədris olmamış və I dildə məlumatı əvvəliyə kəsb olunmamış, əcnəbi dilinin təlim və tədrisinə keçmək xilaf təbiətdir”.

Əvvəla Rəşid bəy əfəndiyə ərz olsun ki, bu sözləri didaktika deyil, ümumi pedaqogika deyir və bu sözləri də, – keçən dəfə ərz etdiyim üzrə, – nəinki pedaqoqlar, hətta hökumət əhli belə iqrar və etirafa məcbur olub, məktəblərdə əvvəl sənələrdə ana dili tədrisinə yol veribdir. Bunun məsələyə dəxli yoxdur. Didaktika isə pedaqoji fənnin bir qismi olub onun vəzifəsi öyrətmək sənətinə aiddir.

İndi bu öyrədiləcək şey rus dilimi, ana dilimi, quş dilimi, çəkməçilikmi, papaqçılıqmı, hesabmı, şəriətmi, hər nə olur olsun, didaktikaya borc deyildir. Bundan başqa, bu dilləri, sənətləri, əməlləri üsulitərcümə iləmi, üsuli-təbiiləmi, hər növ üsul ilə olursa olsun öyrədə bilərsən, onun didaktikaya heç bir dəxli yoxdur; ancaq didaktika səndən tələb edir ki, bu öyrədilən şeyi intixab etdiyin bir üsul ilə öyrədən zaman, bu qaydalara əməl et, yəni:

  1. uşağa aşna olan şeylərdən başlayıb biganə olduğu şeylərə keç;

  2. uşaq gözü ilə dərk etdiyi şeylərdən başlayıb, xəyal ilə dərk olunan şeylərə keç;

  3. sadə və bir əczalı şeylərdən başlayıb mürəkkəb və çox əczalı şeylərə keç və i. a.

Əcəba, bu qaydalardan görünürmü ki, məsələn, rus dilini tərcümə vasitəsilə öyrətmək lazımdır?! Burasını dəxi nəzərə almalıdır ki, didaktikanın ümdə qanunlarından biri də budur: uşağa aşna olmayan bir sözü uşaq bilmədiyi başqa bir sözlə qandırmaq olmaz.

Halbuki tərcümə üsulunda bir çox rus sözləri tərcümə edilir ki, heç onun mənasını da uşaq anlamır. Bu barədə sonra danışacayıq. Rəşid bəy əfəndi davam edib deyir ki, tazə dil açmış bir səbiyə (yəni uşağa) üsuli-təbii ilə əcnəbi dilini öyrətmək fizioloji və psixoloji (daha doğrusu, pedaqoji deməlidir) nöqteyi-nəzərincə yaramaz.

Əcəba, Rəşid bəydən kim təvəqqe edir ki, tazə dil açmış səbiyə əcnəbi dili öyrətsin? Neçin Rəşid bəy yersiz yerə bu cür mətləbi buraya soxur və yenə məsələni qarışdırır?! Rəşid bəy əfəndi deyir ki, “tazə dil açmış” səbiyə üsuli-təbii ilə əcnəbi dil öyrətmək olmaz. Mən deyirəm ki, tazə dil açmış uşağa nəinki üsuli-təbii ilə, hətta üsuli-tərcümə ilə və heç bir üsul ilə əcnəbi dil öyrətmək yaramaz.

Buna əqli-səlim ilə bərabər pedaqoji ki, fizioloji və psixoloji də bu yolda onun şöbələri hesab olunur, yol vermir.

Məqaləsinin axırında Rəşid bəy əfəndinin əcnəbi dillərinə guya acığı tutub deyir: “Əcnəbi lisanları bizi təmiz batırdı, elmdən, mədəniyyətdən geri saldı...”.

Amma Rəşid bəyin bu sözlərindən səmimiyyət qoxusu gəlmir, çünki Rəşid bəyin bir tərəfdən acığı tutur, digər tərəfdən də məqaləsinin başdan-aşağı qəliz və çox az istemal olunan ərəb və sair sözlərlə doldurub çətinləşdirir.

Sonra yenə Rəşid bəy əfəndi “Üsuli-təbii” sərlövhəsi altında bir məqalə yazıb, bizim məktəblərimizin ki, onları məktəb adlandırmaq da günahdır, pisliyindən bəhs edir. Əcəba, bunun üsuli-təbiiyə nə dəxli vardır? Bu yol ilə üsuli-təbiinin yolunu bədnam eyləmək caizdirmi? Həmin məqaləsinin sərlövhəsini Rəşid bəy əfəndi “Köhnə məktəblərimiz” deyə yazsa idi, daha yaxşı olmazdımı? Xülasə, Rəşid bəy əfəndi məsələni qarışdırdı və böylə əhəmiyyətli məsələyə diqqət yetirmək istəyənləri də ehtimal, çaşdırdı.

Meydani müzakirəyə qoyduğum məsələ Rəşid bəy əfəndinin “haşiyə”ləri arasında itməmək üçün keçən səfər yazdığımın xülasəsini burada zikrə məcburəm.

Mən yazmışdım ki, bir neçə il bundan əvvəl, o zaman ki, hökumətin ruslaşdırma politikası hər yerə hökmfərman idi, hökumət üsuli-təbii tədrisini həmin politikaya alət edib, qeyri-rus məktəblərində rus dilinin həmin üsul ilə tədrisini məcbur etmişdi. Çünki hər kəsə və hökumətə dəxi məlumdur ki, tərcümə üsulu lazım olan qaydalarla icra edildiyi halda, bir o qədər öyrədilən dilin öyrənilməsinə kömək etmir. Nə qədər ki, ana dilinin daha dürüst, daha mükəmməl öyrənilməsini təmin edir. Madam ki, ana dilinin dürüst və mükəmməl surətdə öyrənilməsinə – rus dili vasitəsilə deyil, öz dilimiz vasitəsilə bir yol tapdıq, yəni ibtidai vəzarət məktəblərində əvvəlinci sənələr və öz milli məktəblərimizdə də bütün məktəb kursu ana dili tədrisinə müvəffəq olduq, o halda həmin məktəblərimizdə rus dili tədrisindən muradımız həmin dili öyrətmək isə, onu – mən deyirəm ki, – üsuli-təbii ilə tədris etməlidir.

Burasını dəxi Rəşid bəy xatırından çıxartmasın ki, istər ibtidai milli, istər ibtidai vəzarət məktəblərində rus dili tazə dil açan uşaqlara deyil, ikinci şöbədən başlanıb 9-10 yaşında uşaqlara tədris olunur. Və bu dərsi həmin uşaqlara asan etmək və dərslərdən də məqsədlərimizə kömək edən faydalar almaq üçün üsuli-təbii tədrisini ixtiyar etməlidir. Çünki tərcümə çətindir, ağırdır və dil öyrətmək nöqteyi-nəzərincə də faydasızdır. Gələn səfər üsuli-tərcümə haqqında yazıb burasını da iqtidarım qədər isbatə çalışacağam.


Burada balaca bir müqəddəməyə ehtiyac vardır: məktəb, təlim, tədris və bu kimi məsələlərin qəzetə sütununda müzakirəsi halhazırımızda ən mühüm məsələlərdən biridir, desəm heç kəs etiraz etməz, zənn edirəm. Çünki hər kəsə məlumdur ki, bu gün bizim camaat maarifə olan ehtiyacını artıq anlayıbdır. Buna dəlil, məktəblərimizin gün-gündən artması və açılan məktəblərin də uşaqlar ilə dolmasıdır. Məktəb məsələsinə camaatımız böyük əhəmiyyət verməyə başlayıbdır.

Zira, məktəbsizliyin zərər və ziyanını düşünüb də elm və biliyin hər bir barədə insan üçün xeyir və nəf olduğuna etiqad etməkdədirlər. İndi biz müəllimlərin də mənəvi borcu camaatımızın bu etiqadını bərkitmək və bu etiqadın da eyni həqiqət olduğunu onlara aşkar etməkdir. Camaatımız məktəbi elm və bilik yeri hesab edib də oradan haqlı olaraq xeyir-mənfəət gözləyir; o xeyir və mənfəət isə camaat balalarının məktəbdə təhsil edəcəkləri ülum və fünundan asılıdır və o ülum və fünununun da uşaqlara pis və yaxşı təlim və tədrisi müəllimlərin əlində olub onların əql və insaflarına bağlıdır. Əql və insaf isə elə məsuliyyətli və mühüm bir əmrdə iqtizahi-hal və zamana görə araya düşən müşkül məsələlərin müzakirə və həllini tələb edir. İndi haman məsələlərdən biri məktəblərimizdə rus dili təlimidir. Rus dilinin məktəblərimizdə oxunması lüzumu, məncə, həll edilmiş bir məsələdir. Bu barədə danışmaq artıqdır. Məsələ rus dilinin hansı üsul ilə tədris edilməsi xüsusundadır.

Müəllim öz millətinə və millətin dilinə nə qədər aşiq olsa da, millət balaları üçün öyrənilməsi lazım olan əcnəbi bir dilin təlim və tərbiyəsində müqəddəs sənəti əmr etdiyi qəvaid və qəvanini tətbiq və icrayə məcburdur; çünki bu qəvaid və qəvaninə rayət olunmadığı halda, tək bir əcnəbi dilin təlimi naqis qalmır, bəlkə onunla bərabər uşaqların təlimi də naqis olub, dərslər düz yolundan çıxır. Müşkülat hasil olur. Bu isə, uşaqlara sui-təsir edir; uşaqlar məşhur təbir ilə korşalır və sair dərslərə dəxi ziyan vurulur.

Balalarımız üçün öyrənilməsi lazım olan rus dilinin tərcümə üsulilə tədris edilməsi isə maarif işinə üç böyük zərər vurur:

Əvvəla, rus dili öyrənilmir və saniyən, uşaqlar korşalır və salisən, ana dilimizə bir çox yalan, yanlış və dilimizə yaraşmayan təbirlər girib bu növlə öz ana dilimiz dəxi xarab olur.

İndi öz sənətinə əhəmiyyət verən və öz ana dilini sevən müəllim baxsın görsün ki, bu məsələ nə qədər mühüm bir məsələdir. Bu məsələni mövqeyi-müzakirəyə qoymaqdan mənim məqsədim rus dilinin yaxşı öyrənilməsini axtarmaq deyil, nə qədər ki, öz ana dilimizin xarab olmasına ağlamaq və o xarabalığa qarşı bir əlac tapmaqdır.

Lakin Rəşid bəy əfəndilər və ola bilsin ki, qeyriləri dəxi mənə deyirlər ki, rus dilinin tərcümə vasitəsilə tədris edilməsi maarif işinə heç bir ziyan vurmur, bəlkə dəxi də kömək edir. İndi mən də bu gün öz dediyimi isbata çalışacağam.

Rəşid bəy əfəndi üsuli-təbiinin nədən ibarət olduğunu bildirmək üçün günlərin bir günü şagirdlər qabağında “yumurtlayan” bir müəllimi yanına salıb onun dərsini bizə tərif etdi. Bu səbəbdən də “Filankəs” dəxi üsuli-tərcümə ilə rus dərsi verən bir müəllimin dərsini bizə göstərdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 18

Kimdən nə soruşdularLoğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Bakının işkol uşaqlarından.

1 dəq
Ordan-burdan 19

Dünyada olan bütün diri məxluqatın (hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi vardır. Yəni bir karastısı var ki, onunla düşməni dəf eləyir.Məsələn, şirin və bəbir kimi heyvanların qüvveyi-tədafüəsi iti dişləri və dırnaqlarıdır.

2 dəq
Ordan-burdan 20

Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!

1 dəq
Ordan-burdan 21

BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.

2 dəq

Başqa şairlərin şeirləri · Satira