Cahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən,
Bizik məhrum olan yalnız bu feyzi-adəmiyyətdən,
Diriğa, müstəbidlər çəkməz əl hübbi-riyasətdən,
Cinayətdən, şəqavətdən, dənaətdən, zəlalətdən,
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!

Əlindən və'deyi-ne'mətlə xəlqin alma vicdanın,
Xəzani-vəhşətə daldırma ünsiyyət gülüstanın,
Riyasətdən ötər tökdürmə məxluqi-xuda qanın,
Eşitməzsənmi, zalim, bivələr ahü əfğanın?!
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!

Dili-əhrari sən sındırdığın peymanə döndərdin,
Ədalət və'dəsin qəlbindəki vicdanə döndərdin,
Vətən gülşənsərasin bir müğilistanə döndərdin,
Yetər, məzlumlar qəlbin cəfadən qanə döndərdin,
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!

Xəyalın hübbi-cahü şanü şövkətdir əgər, bəsdir!
Muradın binəva məxluqə sətvətdir əgər, bəsdir!
Sənə mətlubi-mütləq mütləqiyyətdir əgər, bəsdir!
Qəsavətdir əgər bəsdir, ləcacətdir əgər, bəsdir!
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!

Daş olmuşmu məgər qəlbin, yetər, bu zülmdən ar et!
Yetər məxluqə bunca e'tisafü zülmü azar et!
Qazandın nifrəti-aləm, utan, təğyiri-ətvar et,
Vətən viranəsin minbə'd gili-ədl ilə e'mar et!
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!

Xəyal et, müstəbida! Öldürən millət, ölən millət!
Vətən viran, cəhalət xəsmi-can, məfqud əmniyyət,
Rəiyyət binəva, gün-gündən artar qətlü həm qarət,
Cəmi'-əhli-vicdan böylə halətdən edər nifrət.
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!

Nədir dövlət, onun hifzində millət etməsə şirkət?
Nədir millət, himayə qılmasa hərgah ona dövlət?
Qalır zülmətdə hərgah olmasa ənvari-hürriyyət,
Nə hürriyyət? Siratül-müstəqimi-hifzi-milliyyət
Usan zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!
Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!


Biz vətən viranəsin ədl ilə abad istərik,
Seyli-ədl ilə binayi-zülmü bərbad istərik,
Millətin qəlbi-həzinin xürrəmü şad istərik,
Sevmərik qeydi-əsarət, xəlqi azad istərik,
Xəlqi azad istərik, qanunə münqad istərik.

Etmərik qanuni-şər'i-Əhmədidən inhiraf,
Vurmarıq biz yaveğulər tək əbəs lafü kəzaf,
Çünki var jəngi-qərəzdən qəlbimiz mir'ati-saf,
Ayrı bir məqsudəmiz yoxdur, ey əhli-e'tisaf,
Zülmə var ikrahımız, dad istərik, dad istərik.

Zülfi-xubantək əcəb olmuş pərişan halımız,
Vay əgər kim, halımız tək ola istiqbalımız,
Getdi əldən qəflət ilə şani-qələl'alımız
Bu əsarətdir bizim əsbabi-izmehlalımız,
Saliki-gümgəştəyik biz, əhli-irşad istərik.

Ey qərəz əhli, usan əhrari təkfir etmədən,
Kelmeyi-hürriyyəti-əlhadi təfsir etmədən,
Ar qıl həqguləri tə'kidlə təkdir etmədən,
Məqsədin şəxsi qərəzdir bunca təzvir etmədən,
Biz qərəz əhlin onunçün tərdü ib'ad istərik.

Zülmdən gər əhli-istibdada sətvətdir qərəz,
Hübbü cahü həşmətü iqbalü şövkətdir qərəz,
Leyk biz əhrarə aləmdə ədalətdir qərəz,
Həm ədalət, həm müsavatü üxüvvətdir qərəz,
İnqiyadi-ədlə biz məxluqi mö'tad istərik.

Huri-hürriyyət, əya, məhbubi-şuxü dilşikar!
Bəsdürür qıldın niqabi-zülm içində istitar,
Yandı nari-hicrin ilə aşiqi-məftunü zar.
Aşiqin mə'şuq edərmi bunca əğyar içrə xar?
Canü dildən vəslini, ey şux, şəyyad istərik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən