Deyinən
Qasid, gedər olsan bizim ellərə,Bu naməni o canana deyinən.Qohum-qardaş, dost-müsahib olanlar,Göz dikməsin başqa yana deyinən.
Durub o yollara varandan sonra,Sən bizim elləri görəndən sonra,Bu dilsiz naməni verəndən sonra,Dilcavabı yana-yana deyinən.
Bülbüləm qonmaram qeyri güllərə,Yarım el verməsin özgə əllərə,Aşıq Alı düşdü tozlu yollara,Yolum düşdü Alosmana deyinən.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-deyinen
← → düymələri ilə keçid, R — təsadüfi şeir