Səhifə 1 / 2

Pərviz xanın kəndində. Amilin evi. Evin qabağında vaqe meydançada böyük izdiham.
Xanın vəkili Mirzə Ismayıl balkonda əyləşib. Camaat dəstə-dəstə orada-burada toplaşıb
danışırlar. Bir kənarda bir qoca kəndli – Allahqulu ilə bir cavan kəndli söhbət edirlər.

Cavankəndli. Deyirlər, xan bu gün kəndə buyuracaq. Heç bilirsən, onun hər gəlməyindən rəiyyətə nə qədər ziyan toxunur? Onun da ki, öz rəiyyətinə yazığı gəlmir. Rəiyyət, deyəndə, ağanın övladıdır. Ağa da gərək öz övladına zülm etməsin.

Allahqulu. Oğlum, hələ sən cavansan. Elə ki, mən yaşa yetdin, onda bir az ağıllı danışarsan. (Ətrafa baxır.) Bir az kənara çəkilək, danışdığımızı eşitməsinlər. (Çəkilirlər kənara.) Bala, ağa nə qədər uzaqda olsa, kəndli üçün bir elə yaxşıdır. Oturar evində, lazım olanda malcəhət üçün öz vəkilini göndərər. Biz də vəkilə az verib, çox yalvararıq, çox verib, az yalvararıq, bir tövrlə yola salarıq gedər.

Cavankəndli. Ağa da gələndə, gedib ayağına yıxılıb, deyərsən, Qurbanın olum, məhsulumuz az oldu, quraqlıq düşdü, su azlıq elədi, sel gəlmədi, çəyirtkə yedi. Dövlətli xandır, görərsən camaata rəhm eləyib, verginin yarısından keçdi.

Allahqulu. Oğlum, dünya görməyibsən, sən deyən Pərviz xan deyil, kölgəsidir. Bir xan ki, rəiyyəti qaramal kimi qulağından tutub sata, ona nə yalvarmaq, nə yaxarmaq! Onun elə kəndə gəlib, üç gün qalıb getməsi, mədaxil istəməsə də, camaatın nəfəsini kəsir.

Mirzə İsmayıl (balkondan). Rəcəb kəndxuda, camaatı bir yerə topla!

Rəcəbkəndxuda. Ay camaat, buraya yığılın. Mirzənin sizə buyruğu var.

Camaat balkonun qabağında toplaşır.

Allahqulu. Gedək yavuğa. Qulaq as, gör mirzə nə buyuracaq, o vaxt mən dediklərimi anlarsan.

Gedirlər yavuğa.

Mirzə İsmayıl. Camaat, Pərviz xan, necə ki, sizə məlumdur, iltifat eləyib, bu gün sizə qonaq gəlir.

Camaat. Çox xoş gəlir, gözümüz üstündə yeri var. Allah onun kölgəsini bizim başımızdan əskik eləməsin.

Mirzə İsmayıl. Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar. Cavanlar da hamısı atlanıb xanın qabağına getsinlər. Xana yetişib, baş əyəndən sonra, qayıdıb kəndə girincə xanın qabağında at oynatsınlar. Yaxşı at oynadanlara xan xələt bağışlayacaq. Xan kəndə daxil olan tək, gərək ayağının altında bir öküz kəsilsin. İkinci öküz Qurbanı kəndin ortasında kəsilməlidir. Xan sizə üç gün qonaq qalacaq. Bu üç gündə xanın özünə və onun üstüncə gələn otuz nəfər atlıya gərək bacardığınız hörməti eləyəsiniz. Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. (İçəri daxil olur.)

Rəcəbkəndxuda. Camaat, mirzənin buyruğunu eşitdiniz ki?

Camaat. Bəli, eşitdik.

Rəcəbkəndxuda. Di dayanmaq yeri deyil. Xan kəndə yaxınlaşmaqdadır. Ağsaqqallar gedib xanlıq dəyirmanının qabağında xanı gözləsinlər. Mollaya da xəbər verin. Cavanlar, nə dayanıbsınız?! Haydı, tez olun. Bu saat yola düşün! Yoxsa sizə bir elçi də göndərəcəklər? Tez olun!

Ağsaqqallar, cavanlar gedirlər.

Allahqulu (cavana). Di get, sən də atını min, çap xanın qabağına. Görürsən, bala? Xanın gəlməyi belə olur. İki öküz bu gün kəsiləcək. Hər gündə də gərək iki öküz kəsilsin ki, bəlkə xanın üstüncə gələn ac qurdların qarınları dolsun. Ondan savayı da hər kəsin evində nə var, gərək xanın qulluğuna çəksin: qatıqmı, qaymaqmı, yağmı, motalmı, quzumu. Xan buradan gedəndə də bir neçə araba da belə şeylərlə doldurub özü ilə aparacaq. İndi, bala, görürsənmi, "xan gəldi" necə olar?

Cavankəndli. Görürəm, əmi, mən belə bilmirdim.

Allahqulu. Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksən. Bundan da yaman işlər var. Xan üçün camaatın arvadlarını, qızlarını çəkəcəklər.

Cavankəndli. Əmi, məgər rəiyyətin namusu ağanın namusu deyil? Belə işi də ağa elərmi?

Allahqulu. Rəiyyətdə məgər namus qoyublar? Bizim hamımızı binamus eləyiblər.

Cavankəndli. Əgər bir kəs mənim külfətimə, anama, bacıma toxuna, hər kəs olur-olsun, cəmdəyini yerdə qoyaram.

Allahqulu. Bu sözləri çoxları deyiblər.

Rəcəbkəndxuda (qocaya). Allahqulu, nə uzun söyləyirsən? Gəl, cəld ol, xanlıq dəyirmana tərəf yola düş. İndi xanın gələn vaxtıdır. (Cavan kəndliyə) Bala, Qənbər, sən də dayanma. Söhbətin xan gedəndən sonraya qalsın.

Allahqulu. Deməli, mən xanın qabağına çıxmasam xan yoldan qayıdıb, kəndə girməyəcək?

Rəcəbkəndxuda. Gəl get, ayıbdır, qanının bahasını ağzına alma. Bilirsən ki, xan eşitsə atanı qəbirdən çıxardar.

Allahqulu. Gedirəm, gedirəm. (Cavan kəndliyə) Bala, sən də get, atını min, çap xanın qabağına. Bəlkə xələtdən, filandan sənə iltifat eləyə.

Rəcəbkəndxuda. Allahqulu, get deyirəm sənə. Uzun danışıq fayda verməz. Görünür ağsaqqal vaxtında belin kötək istəyir.

Allahqulu. Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. İki gün kötək dəyməyəndə bədənimiz qaşınmağa başlayır.

Rəcəbkəndxuda. Gəl, get deyirəm. Ondan qorx ki, bir kötəklə canın qurtarmaya.

Allahqulu (cavana). Gedək bala!

Gedirlər.

Mirzə İsmayıl (balkona çıxır). Rəcəb kəndxuda, camaat hamısı getdimi?

Rəcəbkəndxuda. Bəli, mirzə, hamı getdi. (Qoca və cavanı göstərir.) Bunlar da, budur, gedirlər.

Mirzə İsmayıl. Onlarla nə söhbət eləyirdin? Sən də, füzul oğlu füzul, söhbət eləməyə vaxt tapıbsan? Bir adamın yaxasından yapışanda buraxmaq istəmirsən. (Kəndlilərə) Gedin, qardaşlar, dayanmayın. (Qoca və cavan gedirlər. Mirzə Ismayıl enir aşağıya.) De görüm onlarla nə danışırdın?

Rəcəbkəndxuda. Bir danışmaq yox idi. Bu Allahqulu kişi də bir dikbaşın biridir. Heç kəsdən dilini saxlamır. Onun dilini kəsib bir yaxşı tövbə vermək lazımdır.

Mirzə İsmayıl. Necə?

Rəcəbkəndxuda. Necəsi yoxdur. Ağzına gələni xanın haqqında danışır. Bir adam da yoxdur ki, onun ağzının ipini çəksin. Deyirəm get dəyirmanın qabağına, deyir, mən getməsəm, xan küsüb dala qayıdacaq?

Mirzə İsmayıl. Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murder olar?

Rəcəbkəndxuda. Həqiqət, mirzə, belə adamlara tövbə vermək lazımdır. Yoxsa görərsən, camaatı da yoldan çıxartdı.

Mirzə İsmayıl. Xub, xan gələr, mən qulluğuna ərz elərəm.

Rəcəbkəndxuda. Mirzə, sənə bir söz deyim. Sənin çörəyin haqqı, Allahqulunun evində təzə yetişmiş elə bir qızı var ki, dünyanın yarısına verməzsən. Mən deyə bilərəm ki, xanın hərəmxanasında elə can yoxdur. Xalis padşah malıdır.

Mirzə İsmayıl. Bəs, a zalım oğlu, İndiyədək bunu mənə niyə xəbər verməyibsən?

Rəcəbkəndxuda. Xəbər verərdim, qızın qardaşından qorxurdum, ondan qan iyi gəlir.

Mirzə İsmayıl. Onun qorxusu yoxdur. Həqiqət, qız çox gözəldir?

Rəcəbkəndxuda. Ərz elədim ki, padşaha layiq qızdır: uzun boylu, qara gözlü, yanaq, – demə görmədim, – bir şüşə dolu qan, yerişi sona yerişi, saçları topuğundan, guya zalım qızına gün işığı dəyməyib.

Mirzə İsmayıl. Daha kəs səsini, kafir! Ağzımın suyu axdı. Əlbəttə, xana bir belə peşkəş vacibdir.

Rəcəbkəndxuda. Ancaq, mirzə, səndən təvəqqe eləyirəm, xanın qulluğuna o qızın xəbərini mən gətirdiyimi ərz eləyəsən. Bəlkə xandan mənə bir xələt çıxa.

Mirzə İsmayıl. Əlbəttə deyərəm.

Rəcəbkəndxuda. Ancaq, mirzə, bir şey var.

Mirzə İsmayıl. Nə şey?

Rəcəbkəndxuda. Doğrusu, yenə deyirəm, Allahqulunun oğlunun xatasından gərək məni qoruyasan.

Mirzə İsmayıl. Onun əlacı asandır. Arxayın ol. (At ayağı səsi eşidilir.) Rəcəb kəndxuda, gör xandırmı gələn?

Rəcəbkəndxuda (yüyürüb baxıb, tez dala qayıdır). Bəli, mirzə, xan təşrif gətirir.

Mirzə İsmayıl. Yüyür xanın atını özün tut. Sonra mən səni xanın nəzərinə verərəm: qoçaq adamsan, sədaqətli qulluqçusan.

Rəcəbkəndxuda. Ölənədək başla, canla xana qulluq eləmək borcumuzdur.

Mirzə İsmayıl. Tez ol, yüyür!

Rəcəb kəndxuda, Mirzə İsmayıl da onun dalınca gedirlər. Pərviz xan, yanında Mirzə
Ismayıl, ətrafında kəndin ağsaqqalları və cavanları daxil olurlar.

Pərvizxan. Camaat, sizin hamınızı xoş gördük!

Camaat. Xoş bəxtiniz olsun, xan!

Pərvizxan. Necəsiniz, salamatsınızmı?

Camaat. Şəfaətin artıq olsun, xan! Allah sizin kölgənizi bizim başımızdan əskik eləməsin!

Pərvizxan. Əkənəcəyiniz necədir? Malınız, qoyununuz salamatdırmı?

Camaat. Dövlətinizdən salamatlıqdır.

Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır.
Xan ona tərəf baxanda naxahi baş əyir.

Mirzə İsmayıl. Camaat, xan yorulubdur. Siz də sabahdan ayaq üstündə məəttəlsiniz. Gedin evlərinizə, xan da dincini alsın. Hər kəsin nə dərdi var, sabah gəlib xana ərz eləyə bilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ədalət qapıları

Dram iki şəkildəİştirak edənlər

1 dəq
Birinci şəkil

Vaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri*əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək*

5 dəq
İkinci şəkil

Qara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında*qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır.*

5 dəq
Ata və oğul

Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.

27 dəq

Başqa şairlərin şeirləri