İkinci şəkil
Qara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında
qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır.
Padşah əyanla daxil olub taxt üstündə qərar tutur. Yanında bir nəfər üzü örtüklü qız
əyləşibdir.
Padşah. Qızım, gör sənin üçün nə gözəl tamaşalar hazırlamışam. Gətirin müqəssirləri! (Rizvanı və Xacə Firuzu gətirirlər.) Rizvan, sən mənim köhnə və istəkli bağbanım Nəsirin oğlusan. Atan Nəsir kimi sadiq, fəqir və ədəbli kişinin oğlundan sadir olan bu bəd əməlin səbəbi nədir? Nə hədlə sən mənim hərəmxanama ayaq basırsan və öz məqamını anlamırsan? Hətta cürəti bu mərtəbəyə yetiribsən ki, mənim qızıma izhari-məhəbbət edibsən? Məgər sən öz mərtəbənlə şahzadə mərtəbəsinin təfavütünü anlamırsan? Bu taqsırların müqabilində bu dörd qapının birinə daxil olmalısan. Ya heyvanlara və atəşə xörək olarsan və ya bir arvada malik olarsan ki, onu almağa məcbur edilərsən. O vaxt ədalət yolu ilə səni azad edib, arvadınla bir yerdə xaric edəcəyəm...
Rizvan. Qibleyi-aləm! Əmrinizə itaət etmək borcumdur. Fəqət ölməkdən qabaq bir neçə söz deməyə izin istəyəcəyəm.
Padşah. Söylə.
Rizvan. Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Buyurun görək, siz əcdadınız dünyaya padşahmı və mənim əcdadım bağbanmı gəlibdir? Və ya padşah bədəni qızıldan, bağban bədəni palçıqdanmı yoğrulub? Məgər padşah ürəyi cavahiratdan və bağban ürəyi ətdəndirmi? Hamının palçığı bir yerdən götürülüb, hamı bir nütfədən əmələ gəlibdir. Hamının ürəyi ətdəndir və öləndən sonra heç bir kəs padşah sümüklərini bağban sümüklərindən ayıra bilməz. Siz bağda gəzib, mənim əllərimlə becərilmiş güllərin ətrindən ləzzət aparırsınız. Siz padşah əmr edə bilərsinizmi ki, o güllərin ətrini mənim dimağım hiss etməsin? Insan dimağı birdir. İstər padşah olsun, istər gəda. Əmr edə bilərsinizmi havaya ki, məni bəsləməsin? Əmr edə bilərsinizmi günə ki, mənim üzərimə şəfəqini salmasın? Hansı padşah ürəyə hökm edə bilər ki, sevməsin? Hansı padşah gözəlliyə əmr edə bilər ki, ürəklərə təsir etməsin? Göz görən gözəli ürək sevəcək! Istər padşah ürəyi, istər bağban. Sizin qızınız məni sevib, mən də onu sevmişəm. Məhəbbət olan yerdə nə padşah olar, nə bağban və tək məhəbbət iki ürəyin padşahı olub, onlara hökm verər. Sizin hökmünüz mənim canıma, malıma keçə bilər, amma ürəyimə xeyr. Canımı siz burada oda yaxa bilərsiniz, amma ürəyimdəki məhəbbət yanmaz.
Padşah. Dəxi kifayətdir! Mənim qızım padşah qızıdır, heç vaxt sən tək gədalara rəğbət göstərməz. Əgər onun ürəyində zərrəcə məhəbbət olsaydı belə sakit oturmazdı. Kifayətdir! Aç, qapının birinə daxil ol!
Rizvan. Ürəyimdə ölməz bir məhəbbətlə ölümə gedirəm.
Padşahın yanında əyləşən qız Rizvana üç barmağını göstərir. Rizvan üçüncü qapını açır,
oradan bir üzü örtülü qadın çıxır.
Padşah. Ədalətim mənə əmr edir ki, sənin taqsırından keçim. Gərək bu arvadı nikah edib, bununla bahəm məmləkətdən çıxasan!
Rizvan. Qibleyi-aləm. Izin verin o biri qapılardan birinə daxil olum. Mənim ürəyimdə bir məhəbbət vardır. Onunla da ölmək istəyirəm. Mən bu arvada sahib ola bilmərəm.
İstəyir o biri qapını açıb daxil olsun, bu halda üçüncü qapıdan çıxmış olan
padşahın qızı üzünün niqabını atır.
Padşahınqızı (Rizvana). Dayan, padşahın axırıncı sözü qətidir. Gərək buna əməl olunsun.
Padşah (öz qızını tanıyır, təəccüblə). Ax qızım! Bu nə aləmdir? Sən nə növ buraya gəldin? Bəs bu mənim yanımda oturan kİmdir?
Padşahınqızı. Ata, əfv ediniz, mən xəbər tutdum ki, bu qapının dalında həbəş qızı qoyulacaq. Gecə gedib ona yalvarıb, onun libasını geyinib və öz libasımı ona verdim və özüm də gedib əyləşdim onun mənzilində, onu da göndərdim öz mənzilimə. Qızın mənzilindən məni götürüb buraya gətiriblər. Sənin yanında oturan həmin həbəş qızıdır ki, mənim yolumda canından keçibdir. Ata, əmrində baqi qal. Mən bu oğlanı sevirəm. Əgər bizim izdivacımızı öz şəninə layiq bilmirsən, buradan başımızı götürüb bir elə diyara gedərik ki, bizim harada olduğumuzu əsla bilməzsən.
Padşah. Bu mümkün deyil. Bu saat səni də öldürəcəyəm!
Padşahınqızı. Mən Rizvanla bir yerdə ölməyə hazıram! Amma bu, ədalətdirmi?
Padşah. Ədalət mənim xahişimdir. Götürün bu oğlanı atın birinci qapıya, dalınca bu həbəş qızını atınız! Qızımın tənbihini Xacə Firuzla bir yerdə edəcəyəm. Götürün!
Fərraşlar istəyirlər Rizvanı götürsünlər.
Xacə Firuz (yeriyir qabağa). Dayanın, qardaşlarım! (Hamı dayanır.) Mən qoca xacə Firuz altmış ildir ki, bu dərbarda xidmət edirəm. Bu altmış ilin müddətində bu məmləkətdə ədalət nə olduğunu mən görməmişəm. Camaat həmişə azar və əziyyətdə. Ahu-nalə və nifrin göyə dirənibdir. Bu padşahın sayəsində hökumət ərkanı həmişə camaatı quldur tək soymağa məşğuldur. Camaatın əkdiyi, biçdiyi, qazandığı bunun ümərayi-dövlətinin və onun ətrafında duran bu müftəxorların cibindədir. Camaat ac, göz yaşı tökür. Amma bunlar yeyib şişirlər. Bu padşah taxta əyləşən gündən İndiyədək səlahi-məmləkət və camaat üçün bir dəqiqə də olsun fikir etməyib. Peşəsi vəzirləri başına yığıb, camaata azar vermək üçün ənvai-tənbihlər icad etməkdir. Gah Hİndistanda camaat pulu ilə əfi ilanlar gətirdir və ya meşələrdən yırtıcı heyvanlar gətirib, müqəssirləri onlarla güləşdirib, ləzzət aparır. Qardaşlar, budur onun hökumətinin camaata xidməti! Onun axırıncı icadı da bu cəhənnəm qapılarıdır ki, adına “Ədalət qapıları” deyir. Arxadaşlar, dəxi kifayətdir! Göz yaşları silab tək məmləkəti tutub. Buna davam etmək olmaz. Mən qoca Xacə Firuza siz həmişə ata deyibsiniz. İndi də mənim ata sözümə qulaq asın. Alın bu zalım padşahın özünü və yanındakı xunxarları, onun öz tikdirdiyi binanın içinə atın! Qoyun qazdığı quyuya özü düşsün!
Padşah (qalxır ayağa, qeyz ilə). Məlun, nə cürət edib bu sözü deyirsən? (Qılıncı çəkir. Əmələlər padşahın və yanındakıların üzərinə hücum edib qılınclarını alıb, özlərini tuturlar.)
Xacə Firuz. Mən yetmiş il dünyada ömr eləmişəm. Heç kəs bu müddətdə məndən yalan və yamanlıq görməyibdir. Məlun sənsən ki, məmləkəti məzarıstana döndəribsən! Götürün, qardaşlar! (Əmələlər padşahı və vəzirləri atırlar odun içərisinə. Xacə Firuz Rizvanla padşahın qızını əl-ələ verdirir.) Baxın, qardaşlar, budur ədalət!
Hamı. Yaşasın ədalət! Yaşasın qoca atamız Xacə Firuz!
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-edalet-qapilari-ikinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:
QabanBöyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.
Söhbətİsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
MüsibətSərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.