Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.

Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.

Təllin ətəyindən bir xırdaca çay axırdı. Bu çayın kənarı gözəl bir çəmən idi. Şəhərə gedənlər orada dayanıb çayın kənarında istirahətlə yorğunluqlarını alıb, çörək yeyib və çayın duru, “göz yaşı kimi” suyundan içib yola düşərdilər.

Bir dəfə mən də ailə ilə şəhərə gedərkən həmin çayın kənarında düşüb samovar üçün Rəhim bəyə adam göndərdim. Bir də gördüm Rəhim bəy budur özü gəlir və mənim adamım da onun dalınca samovar gətirir. Məni gördükdə salam verib dedi:

– Sizin adınızı eşidib salam verməyi özümə borc bildim.

– Çox məmnunam, Rəhim bəy, əyləşin, çay içək, bir qədər də söhbət edək.

Çayın suyundan samovara töküb od saldılar; Rəhim bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Mən papiros çıxarıb Rəhim bəyə təklif etdim. Rəhim bəy almadı.

– Mən papiros işinə baxmıram. Özünüz buyurun çəkin. Mənimki budur.

Rəhim bəy bunu deyərək, bir dənə uzun quyruq “çırt çubuğunu” çıxardıb qabağına qoydu. Sonra arxalığının yan cibindən tənbəki kisəsini çıxardıb əlində bir qədər ovçalayıb, çubuğunu doldurub çəkməyə məşğul oldu.

Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərdən nağıl edirdi.

– Əbdülkərim indiki qaçaqlara bənzəməzdi. İndikilər quldurdurlar, yol kəsəndirlər, qaniçəndirlər və hamısı da qorxaqdırlar; onların adam öldürməkləri də qorxalıqdandır, igid qaçaq qan tökməz. Əbdülkərim bir nəfəri öldürməzdi, fəqir-füqəraya dəyməzdi. Soyduğu ancaq tacirlər, mülkədarlar olurdu. Hətta füqəra gördükdə pul da verərdi. Divan əmələcatından, xüsusən polis qulluqçularından əlinə keçəndə tutub bərk döydürüb yola salardı. Onun qaçaqlığı da namus üstündə olmuşdu. Sarıqurbanlı Hacı Pənahın oğlu onun nişanlısını götürüb qaçmışdı. O da namusuna qatlaşmayıb oğlanı bazarın ortasında doğrayıb qaçaq düşmüşdü.

– Rəhim bəy, İndicə dedin ki, Əbdülkərim qan eləyən deyildi.

– Yenə deyirəm. Namus yolu başqa, yol üstə durub, gəlib-gedəni öldürüb, var-yoxunu aparmaq başqa. Bu yolda hər kəs olsa qan elər.

Adını igid qoyan belə namusu yeməz.

Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü onun əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Zalım balası qızılquşdan zirək idi.

Birdən eşidərdilər ki, Əbdülkərim filan kənddə filan adamın evində gizlənibdir. Gedib evi əhatə edib sübhədək dörd yandan güllə tökərdi.

Bununla belə, mühasirədən bir fəndlə qaçardı ki, hamını heyrətə gətirərdi. Uzun boylu, gözəl, ceyran kimi bir oğlan idi. Axırda öz yoldaşı namərdlik edib kişini girə verdi.

Əbdülkərim asılan gün qəzanın hər bir yerindən Sultanbuda nümayəndələr çağırılmışdı; əlavə, tamaşaçıların sayı-hesabı yox idi. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar. Heç bir baxan deməzdi ki, bu adam ölüm ayağındadır. Sizi inandırıram ki, sifətində əsla təğyir nişanəsi yox idi. Ətrafa göz gəzdirib gülürdü, guya ki böyük bir ziyafətə gəlibdir. Qətnaməni üzünə oxuduqdan sonra axır deyəsi sözünü xəbər aldılar.

– İzin verin anam ilə görüşüm.

Anasını çağırdılar. Uca boylu, tənumənd bir qadın irəli yeriyib oğlunun üzündən öpdü. Əbdülkərim, anasının üzündən öpüb dedi:

– Ana, mən igidliklə ölümə gedirəm. Məndən sonra bir qətrə göz yaşı töksən, ruhum səndən inciyəcəkdir.

Anası cavabında:

– Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçsa, sənə oğul demərəm.

Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. İzin verdilər, əlini qulağına qoyub oxudu:

Mən aşıq gülə-gülə,
Gül əkdim gülə-gülə.
Evimi düşmən yıxdı,
Üzümə gülə-gülə.

Bayatını oxuyub çıxdı kürsünün üstünə, öz əli ilə kəndiri boğazına keçirib, ayağı ilə kürsünü yıxdı. Tamaşaçıların çoxusunun gözlərindən yaş axdı.

Rəhim bəy çubuğunun başını çəkməsinin dabanına çırpıb dedi:

– Heyf oğlan idi, min can əvəzi idi.

Bir qədər söhbətdən sonra, çay hazır oldu. Hər birimizin qabağına bir stəkan çay gətirib qoydular. Söhbət zamanı baxdıq ki, bir qoca erməni bir sürü donuzu suvarmaq üçün çaya endirdi. Rəhim bəy donuzları görüb dedi.

– Sizə bir qəribə qaban keyfiyyəti də söyləyim, bir az kefiniz açılsın.

– Buyurun, – dedim:

– Təxminən bir qırx il bundan əqdəm Murov Xasbabovun yanında qulluq edirdim. Cavan və qoçaq vaxtım idi. Bir gün Xasbabov Kür qırağında qaban ovuna çıxıb məni də yanınca aparmışdı. Bir qamışlığa od qoyduq; bir də gördük oradan bir qaban çıxdı; yalan olmasın, bir qatır boyda. Uşaqlar on, on iki güllə vurandan sonra güclə yerə yıxıldı. Xasbabov gəlib qabana baxıb dedi:

– Mən nə qədər ov eləmişəm, bu böyüklükdə qabana rast gəlməmişəm.

Bu əlbəttə şəhərə, naçalnikə göndərilməlidir.

Məni çağırıb dedi:

– Rəhim, bu qabanı şəhərə apara bilərsənmi?

Dedim:

– Baş ilə, can ilə.

Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb özüm də üstündə yola düşdüm. Gecə yarısı “L” kəndinə çatıb birbaş sürdüm məşhur ağsaqqal Hacı Osmanın qapısına. Səsləndim: “hacı, hacı”. Hacı səsimi eşidib köynəkcən qapıya çıxdı:

– Rəhim bəy, sənsən?

– Bəli mənəm.

– Bu gecənin yarısında nə vaqe olubdur, xeyirdirmi?

– Allah kəssin qulluq adamının işini. Bizim məgər gecəmiz, gündüzümüz olur? Naçalnikə qaban aparıram. Zəhmət olmasa, gəl onun başından, qıçından yapış qoyaq yerə, arabaçı gərək qayıtsın. Sabah buradan da bir ayrı arabaya qoyub apararam.

Gördüm hacı dayanıb təəccüblə mənim sifətimə baxır. Dedim:

– Dayanma, hacı, tez ol, arabaçı yazıqdı. Azad edək getsin.

Hacı dedi:

– Rəhim bəy, mən səni bir ağıllı oğlan bilirdim. Bu nə növ təklifdir?

– Necə “nə növ təklifdir?” Burada bir ağır təklif yoxdur.

– Rəhmətlik oğlu, bir özün fikir elə, mənim kimi ağsaqqal hacı kişiyə yaraşarmı ki, gəlib qaban başından yapışam, ya qabana əl vuram?

Sən məgər müsəlman deyilsən?

– Çox da müsəlman oldum. Müsəlmanlıq başına nə daş salsın? Murovun əmridir, gərək əməl olunsun. Nahaq yerə arabaçını məəttəl eləmə, gəl qabana yapış, qoyaq yerə.

Hacı Osman qayıdıb otağa girdi və tez çıxdı.

– Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən, bu xatanı mənim başımdan elə, al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır.

Hacı Osmandan on manat alıb arabanı sürdüm molla Allahverdinin qapısına. Sübhə yaxın idi. Gördüm molla Allahverdi dəstəmaz alır. Məni gördükdə aftafasını yerə qoyub gəldi yanıma.

– Ay Rəhim bəy, bu vaxt xeyirdimi? Bu arabadakı nədir?

– Nə bilim nədir, Allah kəssin qulluqçuluğu. Başımıza sənət qəhət olub, özümüzü dolaşdırmışıq. Bir yolluq ölüb qurtarmaq min dəfə bundan yaxşıdır. Budur, bir qabanı yıxıblar bu arabanın içinə. Buyurublar şəhərə, naçalnikə aparım. Əlacım nədir? Boyun qaçırmaq olarmı?

Oxuduğuna qurban olum, ay axund, gəl kömək elə bu qabanı qoyaq yerə, arabaçı qayıtsın evinə. Sübh açılandan sonra bir araba tutub, içinə yıxıb aparım.

Molla baxıb, birdən dedi:

– Əstəğfurllah! Əstəğfürullah! Rəhim bəy, eyib deyilmi mənə bu sözü deyirsən? Mən molla adam necə donuza yaxın gedim? Cavan oğlansan dinmirəm, yoxsa sənə çox ağır söz deyərdim. Təvəqqe edirəm mənimlə zarafat eləməyəsən.

– Zarafat-marafat yoxdur. Gəl donuza yapış qoyaq yerə... Naçalnikə donuz gedir, bu da zarafatdan dəm vurur. Rəhmətlik oğlu, xalqı məəttəl eləmə.

Çox danışdıqdan sonra üç manat da molladan alıb, arabanı sürdüm “Q” kəndinə. Xülasə, nə ərz edim. İki həftə bu qabanı kəndbəkənd bu hacının qapısından o hacının qapısına, bu mollanın qapısından o mollanın qapısına bu seyidin qapısından o seyidin qapısına gəzdirib, yüz manatadək pul topladım. Şəhərə yaxınlaşanda gördüm qabandan it qoxusu gəlir, bu sifətdə bunu şəhərə gətirsəm, naçalnik atamı yandıracaq.

Atdan düşüb çölün çiçəklərindən xeyli yığıb tökdüm qabanın üstünə, şəhərə yetişib, murovun məktubunu içəriyə, naçalnikə göndərib, qabanı arabadan yerə salıb ata dəydim. Asta qaçan namərddir.

Rəhim bəy nağılını qurtarıb, yenə çubuğu doldurdu. Bir-iki qullab vurub dedi:

– Bəli, belə işlərdən mənim başıma çox gəlibdir. Yüz il danışsam, qurtarmaz. Bağışlayın, poçtun gələn vaxtıdır, qulluğunuzdan mürəxxəs olum. Xudahafiz.

Qalxıb əl verib getdi. Mən də ailəmi faytona əyləşdirib, özüm də oturub şəhərə tərəf yola düşdüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri