Kəndin kənarında qazma. Neçə nəfər hərbilər qazmada əyləşmişlər. Bir nəfər cavan
komandan, telefon qulağında, əyləşmiş. Tək-tək atışma səsi gəlir.

Ko mandan (telefonla). Deyirsən üsyançıların hesabı gəldikcə azalır? Elə isə güllə atmayın. Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırıb üsyançıları ələ gətirməkdir.

Rəhim (toza bulanmış daxil olur). Yoldaş komandan, kəndimizin əhalisi, böyüklü-kiçikli, buradadırlar. Hamısı Şura yolunda ya qırılmağa, ya üsyanı yatırmağa and içmişlər.

Pərdənindalındansəslər. Hamımız gedəcəyik, hamımız

Şura yolunda canımızdan keçməyə hazırıq. Komandan (gedir, səhnənin arxasında danışır). Yoldaşlar, tələsməyin. Şurişi yatırmaq üçün Şura hökumətinin kifayət edən qədər qüvvəsi var. Bu saat üsyançılarla vuruşan əsgərlər sizin balalarınız deyillərmi, onlar da sizə hesabdırlar.

İsrafil (bir uşağın çiynindən tutmuş, daxil olur). Komandan haradadır?

Komandan. Komandan mənəm. Sən niyə gəldin, a kişi?

İsrafil. Ölməyə gəlmişəm.

Komandan. Necə ölməyə?

İsrafil. Mənim gözlərim yoxdur, dava eləməyi bacarmaram. Amma Şura yolunda ölməyi mən hamıdan yaxşı bacararam.

Komandan (Rəhimə). Bu kişi kimdir?

Rəhim. Bu, yoldaş Koroğlunun atasıdır.

Komandan. Dayı, bizim üçün yoldaş Koroğlu sənin yerinə kifayətdir. O sənin işini görür, odur gəlir, bir əsir də gətirir. (Koroğlu, qolu sarınmış, iki yoldaşı ilə bir yaralını gətirirlər.) Yoldaş Koroğlu, qolun niyə sarıqlıdır?

Koroğlu. Qoluma güllə dəyib, eybi yoxdur, ziyansızdır. (Atasını görür.) Ata, sən burada nə gəzirsən?

İsrafil. Xalq canından keçib dava eləyən yerdə, mən necə evdə otura bilərəm?

Koroğlu. Yox, ata, sən get evə, daha üsyançılar dağıldılar, qırılanları da az olmadı.

Komandan. Bu kişi kimdir?

Koroğlu. Bunu biz yolda yıxılmış görüb gətirdik.

Komandan (kişiyə). A kişi, haradan yaralanıbsan?

Yaralı. Q u r b a n ın olum, güllə böyrümdən dəyib.

Komandan. A kişi, sizə Şura hökumətindən nə əziyyət keçdi ki, onun üzərinə üsyan qaldırdınız?

Yaralı. Nə bilim, Qurbanın olum. Səbəbin evi dağılsın. Gəldilər camaatı başdan çıxartdılar. Dedilər: təzə hökumət dul arvadların, hamısını yığıb Rusiyaya göndərəcək, məscidləri dağıdacaq, hamını rus məzhəbinə döndərəcək, məscid əvəzinə kilsə tikəcək. Qızları, oğlanları bir-birinə qarışdırıb məktəbdə oxudacaq. Daha nə bilim, çox söz dedilər.

Komandan. Bu sözləri deyən kim idi?

Yaralı. Evi yıxılsın Molla Vəlinin, Hacı Novruzun, Xədicə oğlu Məşədi Əhmədin, Kərbəlayı Allahverdinin. Camaatı başdan çıxarıb qırğına verən bu zalımlar oldular.

Ko mandan. Hacı Bayram oralarda yox idi?

Ya ralı. Yox, başına dönüm. Hacı Bayram heç yerdə görünmürdü.

İsrafil. Oğul, Hacı Bayramı məndən soruş. Hacı Bayram qarışıqlıq düşdüyünü eşidib, evini, eşiyini Mahmuda tapşırıb, bircə qızını tərkinə alıb Kəbirli mahalına tərəf qaçdı. Deyirmiş ki, mən Şura hökuməti ilə dava eləməyəcəyəm.

Komandan. Daha niyə qaçır?

İsrafil. Deyirlər, o biri qolçomaqlar ona rahatlıq verməyirmişlər. Deyirmişlər, gərək üsyançılara pul, çörək verəsən. Yoxsa külfətini qırıb, evini odlayacağıq. O da başını götürüb qaçdı. Dedi: malım getdi, canım əlimdə qalsın.

Koroğlu. Hacı Bayram üsyandan boyun qaçırdısa da, yenə onunla ehtiyatlı dolanmalı. Onun ürəyi bizimlə düz səriməz.

Telefon səslənir.

Komandan (telefonu götürür). Kimdir? Yoldaş Koroğlu, səni çağırırlar.

Koroğlu (telefonu götürür). Kimdir? Yoldaş Məhərrəm, sənsən? (Komandana) Mənim dəstəmin başçısıdır. (Telefonla) Nə xəbər var, söylə. Afərin, çox sağ ol. Böyük igidlik eləyibsiniz. Tutulanları göndərdiniz? Çox gözəl. Hacı Novruz öldü? Bu saat çaparaq gəlirəm.

Komandan. Nə xəbərdir?

Koroğlu. Daha üsyan qurtardı. Mənim dəstəm üsyançı başçılarının yuvasını əhatə eləyib. Çox atışmadan sonra Molla Vəlini, Məşədi Əhmədi, Kərbəlayı Allahverdini ələ gətiriblər. Atəş vaxtı Hacı Novruz ölüb. Mən getdim. (Cəld çıxır.)

Komandan (İsrafilə). Dayan, oğlunun dəstəsinin qoçaqlığını eşitdin? İndi gedib evində rahat otura bilərsən.

İsrafil. Gedim, sənə Qurban olum. (Yanındakı uşağa) Gedək, ay bala? (Gedir.)

Yaralı (əsgərə). Ay bala, susuzluqdan yandım. Bir az mənə su

ver. (Əsgər su verir.) Səbəbin evi dağılsın. (Komandana) Ay oğul, bir

yavuğa gəl.

Komandan (gəlir). Nə deyirsən?

Yaralı. Q u r b a n ın olum, mən ölürəm. Məni başdan çıxartdılar, bir qələt idi elədim, anlamamışam. Mənim iki oğlum sizin tərəfinizdədir. Onları gözdən qoymayın. Evin yıxılsın Molla Vəli, Hacı Novruz, Məşədi... (Ölür.)

Komandan. Bunu götürün bir yana qoyun.

Götürürlər.

Musiqi hərbi marş çalaraq səhnənin dalından keçir. Camaat “ura, ura” qışqırır. Koroğlu
bir neçə yoldaşları ilə daxil olur, qabaqlarında Molla Vəli, Məşədi Əhməd, Kərbəlayı
Allahverdi.

Koroğlu. Üsyanın canları, ürəkləri bunlardır.

Komandan (mollaya). Molla, bir belə qana nə üçün səbəb olurdun? Bu camaat məgər yazıq deyil? Onu işindən, kasıblığından, əkinbiçinindən, bağ-bağatından avara eləyib gətirib qırğına verirsən?

Molla Vəlli. Ay Qurbanın olum, mən bir yazıq mollayam. Mən nə bilirəm üsyan nədir, filan nədir. Mən heç bir işə qarışmamışam. Məni nahaq yerə tutub qollarmı bağlayırlar. Mən namazdan, orucdan, xalqa moizə, nəsihət eləməkdən savayı bir şey bacarmaram.

Komandan. Bu işləri törədən sənin moizələrin deyilmi?

Koroğlu. Molla əmi, niyə birdən belə yazıq oldun? Hanı səndəki odlu dil? Bəs üsyançıların qabağında əlində yaşıl bayraq durub qışqİran kim idi? (Bayrağı göstərir.) Bu yaşıl bayraq kimin əlində idi?

Məşədi Əhməd. Ay komandan, mən bilirəm bizi güllə qabağına qoyacaqsınız. Bizim ayrı tənbehimiz yoxdur. Bizim evimizi yıxan bu zalım

Molla Vəli oldu. Bizi inandırdı ki, bu gələn dəccalın qoşunudur. Bunlarla gərək cahad olunsun. Bunlar bizim dinimizi, məzhəbimizi, dilimizi əlimizdən alıb, hamımızı özləri kimi kafir edəcəklər. Nə bilək, başına dönüm, bizlər avam, bu alim. Dedik, onun ayağı biləni bizim başımız bilmir, dalınca getdik. Nə qədər camaat tələf elədik, özümüzdə belə. (Molla Vəliyə) Allahın lənəti canına gəlsin, dəccal sən özünsən.

Komandan. Molla, Şura hökuməti heç kəsin dinini, məzhəbini əlindən almır. İstər Allaha qulluq elə, istər şeytana, o sənin işindir. Ancaq hökumətə və onun qanununa sədaqətlə qulluq elə. Şura hökumətinin heç kəsin dili ilə işi yoxdur. Şura hökumətinin qanununa görə hər millət savadı öz ana dilində öyrənməlidir. Bunu da bil. İndi görürsənmi nə böyük cinayət törədibsən?

Molla Vəli. Qələt eləmişəm, Qurban olum, bilməmişəm. Məni Şura hökumətinin başına çevir.

Komandan. Sizin işinizə hərbi məhkəmə baxıb, qərar çıxaracaq. Nə sözünüz var orada danışarsınız. Aparın bunları. (Əsirləri aparırlar.) Yoldaş Koroğlu, sağ ol. Sənin dəstən bu canavarları tutmaqda böyük fəaliyyət göstərdi.

Ko roğlu. Bu yerdə müəllim Mirzə Həsənin qulluğu az deyil. Üsyan edən kəndlərin cavanlarının çox yarısını üsyandan qaytaran onun nəsihətləri oldu. Sağ olsun. Bundan sonra kənd cavanları arasında təbliğat aparıb, möhkəm komsomol dəstəsi düzəltmək vacibdir.

Komandan. Hər kənddə məktəb açmaq lazımdır ki, kəndlilərin balaları oxuyub, gözüaçıq olsunlar və Molla Vəli kimi şeytanların dalınca getməsinlər.

Koroğlu. Əlbəttə, maarif işləri başında Mirzə Həsəni qoyarıq, həvəslə iş aparar.

Komandan. Bu sizin ispolkomun işidir. Yenə çox sağ ol! (Əlini sıxır. Əsgərlərə) Yoldaşlar, çağ olun!

Əsgərlər (bir səslə). Zəhmətkeş xalq üçün işləməyə hazırıq!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri