Səhifə 1 / 2

Əhvalat Azərbaycan kəndlərindən birində vaqe olur. Qolçomaq Zamanın
evində kəndin hampalarından bir neçə nəfər əyləşmişlər.

Zaman. A kişilər, biz hamımız bu saat binamus olmuşuq! Bundan sonra biz adımızı kişi qoyub başımıza papaq geyib, el içinə çıxa bilməyəcəyik. Arvadları gətirib mİndiriblər bizim boynumuza. İmdi, odur, qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Bu yazıqcığaz başı qapazlı, qoyun kimi arvadların hər biri qızmış şirə dönüb, düşüblər bizim canımıza! Üstlərinə əl qaldırsan, deyir, bu saat gedib şikayət elərəm, səni tutub qazamata salarlar!

Feyzi. Canım, heç zad deyil, yəqin dünyanın axırıdır! Bundan qabaq toyuq xoruz kimi banlayanda başını kəsirdilər. İmdi toyuqlar hamısı xoruz olublar. Gərək İmdi də xoruzlar yumurta üstündə cücə çıxardalar.

Ba lakişi. Yumurta üstündə yatıb cücə çıxartmaq bu saat elə mənim peşəmdir. Bir də gördün ki, arvad deyir: a kişi, sən uşaqlara muğayat ol, bu gün nümayəndə iclasına, nə bilim, savad kursuna, nə bilim haraya gedəcəyəm. Deyirəm, a mürtədin qızı, mən uşaq saxlamağı nə bilirəm? Mən inək sağmağı nə bilirəm? Budur, çuxam dağılıb, bu gün oraya getmək əvəzinə, xana qurub mənə bir çuxalıq şal toxu. Cavabından gör mənə nə deyir: mən seçilmişəm, vəzifəmdir ki, gərək gedib işləyəm. Sən də mənə mane ola bilməzsən! Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər!

Hadi. Mənim arvadımı hamınız tanıyırsınız. Allahın ağzı otlu bir heyvanı idi. Hamı deyirdi ki, mələsə, əti halaldır. Başına yüz qapaz vursaydın, yuxarı baxmazdı. Bir gün orucunu yeməzdi, namazını keçirməzdi, həmişə də deyirdi ki, a kişi, sən atanın goru, məni bir Xorasana apar, gedim ağamı ziyarət edim. İmdi namazın da, orucun da vaxtını yadından çıxarıbdır. Axmağın qızı, nənəm yaşına çatıb, İmdi başlayıb ki, dərs oxuyuram. Şurada gedib çalışacağam. Elə bil ki, bu kəndin kişiləri şuranın işlərini onsuz apara bilməyəcəklər.

Zaman. Yox, canım, buna bir təhər çəkmək lazımdır. Arvad cəhənnəm, pisdir, boşarsan gedər işinə. Bundan da yaman dərdimiz var. Arvadlara baxıb qızlarımız da pis öyrənirlər. İmdi qızların hərəsi qoltuğuna bir kitab vurubdur ki, dərs oxumağa gedirəm. Qızlarımız da oxudular, molla oldular, işimiz bitdi. Başlayacaqlar cavan oğlanlara kağız yazmağa, onda gəl eşşəyini palçıqdan çıxart da! Arvad, atanın gorunu sevirsən, arı, namusu yemisən, Allah əzabını versin, barı bu qızları rahat qoy, məni binamus eləmə! Deyir, axmaq danışma, köhnə fikirləri başından çıxart, qızla oğlanın nə təfavütü var? Qız da oğlan kimi insan deyilmi? O da istəməzmi ki, açıq gözlə dünya işığına baxsın? Bilmirəm mürtədin qızı bu dilləri haradan öyrənibdir? Məni belə danışığa basır ki, lap mat qalıb, cavab da verə bilmirəm.

Feyzi. Bir gün arvadı çağırıb dedim, ya arvad, gəl əyri oturaq, düz danışaq. Sən bilmərrə abrı, həyanı qurşağına düyünləmisən. Mən də olmuşam binamus. Gündə bir qaçırsan sobranyalara, yığıncaqlara, nəmənəqomlara, adlarını da dilim tutmur. O günləri də deyir ki, gedib şurada kişilərin içində danışırmış. İmdi ki belədir, deyirəm, elə birdibli boşan get! Ondan sonra nə qələt eləyəcəksən, özün bilərsən. Deyir, çox danışma, boşanmaq lazım olsa, sənə deyərəm. Deyirəm, ay ala donquzun qızı, səni boşamaq ixtiyarı məndədir, ya yox? Deyir, onlar keçmiş ola! O sənin şəriətİndir. Deyirəm, arvad, şəriətə də şəkk gətirirsən? Deyir, bu şəriəti yazan hamısı kişilərdir, arvadlar yazsaydılar, belə yazmazdılar.

Zaman. Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur. Durun, buradan hamımız gedək molla Xəlil axundun yanına. Yenə o bizdən ağıllıdır. Görək nə məsləhət görəcək. Bu tüstü bir bizim bacamızdan çıxmır, hamının bacasından çıxır.

Ba lakişi. Pis məsləhət deyil. Axır, ay Zaman kişi, bir buraya bir işdən ötrü gəlmişik.

Zaman. Necə iş, xeyir ola?

Ba lakişi. İnşallah xeyirdir. Şər düşmənin qapısından girsin. Sən bu

Hadi kişini necə tanıyırsan?

Zaman. Hadi kişini kim tanımır? Bunun kimi düz, doğru adam harada tapılar?

Ba lakişi. Çox gözəl. Atan rəhmətlik. Bunun oğlu Qədimi necə görürsən?

Zaman. Niyə, yaxşı oğlandır. Əkən, tökən, qoçaq, əlindən hər iş gələn oğlandır. Allah öz pənahında saxlasın.

Ba lakişi. İmdi bizim buraya gəlməyimizdən qəsdimiz budur ki, Hadinin oğlu Qədimi sənə oğulluğa verək. Sən də gərək bizim sözümüzü yerə salmayasan. Bir qız əvvəl-axır bir oğlana qismət olasıdır. Hadidən yaxşı qohum, Qədimdən yaxşı yeznəni də sən tapmayacaqsan.

Zaman. Mən heç vədə Qədimə bilayiq oğlan demərəm. Yaxşı, başıaşağı, həyalı oğlandır. Hadi də nəinki öz kəndimizdə, hətta cəmi mahalda abırlı bir adam sayılır. Ancaq, izin verin, bir qızın anası ilə də danışım. Onun da ürəyini bilim. Sonra sizə cavab verərəm. Keçən vaxtlar olsaydı, dinməzsöyləməz deyərdim: “Allah xeyir versin!”. Amma İndi özünüz arvadların xasiyyətlərinə bələdsiniz. Kişinin bir sözünə otuz bir cavab verirlər.

Ba lakişi. Nə eyib elər, arvadınla da bir danış. Yəqin onun da bir sözü olmayacaq.

Hadi. Eybi yoxdur, danış, sabah cavabına gələrəm.

Ba lakişi. Inşallah, əliniz yaxşı yağa bulaşar. İmdi qalx, Zaman kişi, düş qabağa, gedək, görək axund bizə nə yol göstərəcək.

Zaman. Siz yavaş-yavaş gedin, mən də daldan gəlib sizə çataram. Qonaqlar bir-bir çıxırlar.

Ba lakişi. Qırılasınız sizi, ay arvad tayfası!

Feyzi. Toxumunuz kalana düşsün, kalana da bir od.

Zaman. Amin, ya rəbbi! (Qonaqları yola salıb, qayıdır.)

Cahan (daxil olur). Kişi, yenə dost-aşnalarını başına yığmısan, xeyirdirmi?

Zaman (şuxluqla). Sən hər gün gedib, sobranyalarda şaftalı tabağı kimi ortalığa atılıb reç oxuyursan, biz də dul, sahibsiz adamlar kimi bir yerə yığışıb öz günümüzə ağlayırıq. Deməli, buna da gərək sizdən izin istəyək?

Cahan. A balam, ağlamalı günlər keçdi. İmdi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir!

Zaman. Zarafat qalsın kənarda, bir gəl otur, sənə bir neçə deməli sözüm var.

Cahan. Əgər yenə mənimlə şəriətdən, zaddan danışacaqsan, boş yerə başını ağrıdıb, mənim də vaxtımı əlimdən alma.

Zaman. Yox, şəriətdən danışmayacağam. Sən bir yolluq buğda yeyib cənnətdən çıxmısan. Mən də danışmaqdan yorulmuşam. Otur, ayrı söhbət var.

Cahan (oturur). Di oturdum, buyur görək.

Zaman. Bu kişilər bilirsən nə üçün gəlmişdilər?

Cahan. Yox, bilmirəm, söylə sən bilərəm.

Zaman. Bunlar elçiliyə gəlmişdilər. Bizim Növrəstəni Hadinin oğlu Qədimə istəyirlər.

Cahan. Yəqin sən də dedin “Allah xeyir versin!”. Beləmi?

Zaman. Elə onun kimi bir iş oldu. Dedim sənə gənəşməsəm qurtaran cavab verə bilmərəm. Hadinin oğlu bir yaxşı oğlandır. Hadi də hər bir yerdə sayılan bir adamdır.

Cahan. Hadi də yaxşı kişidir, oğlu da yaxşı oğlandır. İmdi mən də səndən bir şey soruşum. Bircə de görüm ki, sən göydən düşmüsən, yoxsa o dünyadan gəlmisən? Axmaq kişi, budur, tamam on ildir, dörd ətrafında çəkic vururlar. Sən deyirsən, bu nə taqqatuqdur? Vay sənin başına daş düşsün! Yaxşı, Hadinin oğluna sən ərə gedəcəksən, yoxsa mən?

Zaman. Nədir, yoxsa dediyin budur, mən on beş yaşında qızla məsləhətə oturum? Elə bircə bu qalmışdı, arvad! Atamın goru haqqı, məni cana doyduracaqsan, axır bir gün səni də öldürəcəyəm, uşaqların da bir-bir başlarını kəsəcəyəm. Qoy ondan sonra məni də aparıb güllə qabağına qoysunlar. Daha bu yerədək adamı saymamazlıq olmaz ki! Lap bir belə ağ eləmək olmaz ki! Ata olasan, öz qızını ərə verməyə ixtiyarın olmasın? Bu hansı şəriətdədir, hansı zakondadır? (Papağını başından götürüb yerə çırpır.) Ay sahibsiz qalasan belə papaq! (Cahan qəhqəhə ilə gülür.) Niyə gülürsən, ay mürtədin qızı?!

Cahan. Nəticəsini görərsən! (Çağırır.) Ay Növrəstə, ay Növrəstə!..

Növrəstə (daxil olur). Nə deyirdin, ana?

Cahan. Atan səni Qədimə vermək istəyir, nə deyirsən?

Zaman (Növrəstəyə). Ay qız, çəkil buradan cəhənnəmə! (Cahana) Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan?

Növrəstə. Ata, hələ mən dərs oxuyuram, elə ki oxudum qurtardım, bəyəndiyim oğlanların birisinə də gedərəm. Bir də, ata can, qoyun satmırsan, keçi satmırsan. Məndən xəbərsiz məni necə ərə verirsən?

Zaman (qəzəbli). Axmaq qızının danışığına bax! Doğru deyiblər, anası çıxan ağacı balası budaq-budaq gəzər! Belə anadan belə qız törəyəcəkdir! Zamananız dağılsın! Sizə tərbiyə verənin evi yıxılsın! Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Oturarsan evdə, qapıdan çölə çıxarsan, durub qıçını sındıraram. Gəlib sənin o kitablarının hamısına od vuracağam! Bir də uşkola adı çəksən, dilini tutub dibindən kəsəcəyəm. Çəkil buradan, bihəya!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri