Səhifə 2 / 2 · 50%

Növrəstə. Kəndin qızları hamısı oxuyur. Mən də oxuyacağam. Sənin də məni məktəbdən çıxarmağa heç ixtiyarın yoxdur.

Zaman. Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Budur, gedirəm axundun yanına, orada mən sənin kəbinini Hadinin oğlu Qədimə kəsdirərəm. Onda sənin bu uzun dilin gödələr!

Cahan. Zakon on beş yaşında qızı ərə verməyə ixtiyar vermir!

Zaman. Zakon ixtiyar vermir, şəriət ixtiyar verir. A mürtədin balaları, mənim atalıq ixtiyarımı əlimdən aldınız, namusumu tapdaladınız, şəriətimi də əlimdən alacaqsınız?! Şəriət doqquz yaşında qızları ərə verməyi rəva görür, qurtardı getdi. Mənim qarşıma zakon çıxaranların qarşısına şəriət çıxardaram. Görək kim güclüdür!

Növrəstə. İşin yoxdur, ana, qoy nə bilir eləsin. O, axundun yanına gedər, mən də kənd şurasının. Ondan sonra kim güclü olduğun baxıb görərik. Dur, ata, buyur axundun qulluğuna!

Zaman. Gedərəm də, sənin o qurd düşmüş dilini də yaxşı kəsərəm! (Durur.)

Növrəstə. Get, get!..

Zaman (gedə-gedə). Laməzhəb uşağı laməzhəb. İmdi sizə əlimin suyunu göstərərəm (Cəld çıxır.)

Cahan. Qoçaq qızım, yaxşı cavab verdin.

Növrəstə. necə eləyim, ana? Bir də görəcəksən gəldi qapını bağladı. Bir gecədə götürüb bir axmağın birisinin tərkinə atdı. Bu saat gedib kənd şurasına deyəcəyəm ki, atam məni oxutmaq istəmir, özümü də ərə verir. (Gedir. Qapı açılır, beş-altı nəfər qadın içəri daxil olurlar).

Cahan. Nə var, ay arvadlar, xeyirirmi?

Birinciqadın. Xeyir olmamış nə var? Sənin canın üçün, bütün kəndin arvadlarını görmüşük. İmdiyədək yatdıqları bəsdir, gərək hamısı bugünkü seçkiyə getsinlər. Daha bir nəfər “ay mən uşaqlarımı yiyəsiz qoyub camaat işlərinə məşğul ola bilmərəm” demir. Hamı bu on ilin müddətində lazımınca ayılıbdır.

İkinciqadın. Elə ki, məni də istədilər aparıb iş üstə qoysunlar, yalvardım, dedim amandır, məni uşaqlarımdan ayırmayın. Mənim balalarım gözümün qabağında olmasalar, bir dəqiqə rahat ola bilmərəm. Axırı olmadı, əl çəkmədilər, aparıb qadınlar şöbəsində oturtdular. Mən camaat işinin, camaat qulluğunun belə şirin olduğunu bilmirdim.

Qadınlardanbirneçəsi. Belədir, həqiqət belədir!..

Cahan. İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Gərək biz də öz bacarığımızı göstərək. Kənd şurasına qadınlardan bir neçə nəfər üzv seçək. Bacarsaq, şura sədrini də qadından seçək!

Qadınlar. Cahan xala düz deyir, belə də edilməlidir!

Cahan. Kəndimizin məktəbi yoxdur, bulağı yoxdur. Bu seçkidə ən bacarıqlı və qanacaqlı adamları şuraya seçməliyik ki, bu məsələləri həyata keçirtsinlər! Camaatın qara su içməkdən hamısının qarnı şişibdir. Çalışıb kəndə bir bulaq suyu gətirtmək lazımdır. Arvadlarımız Bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Aya, bir yer lazımdırmı ki, işə gedən arvadlar körpə uşaqlarını aparıb orada qoysunlar? Bundan ötrü də çocuq yaslisi açmaq lazımdır.

Hamı. Bu hər şeydən vacibdir.

Cahan. Hər yerdə qiraət koması açılır, amma biz İmdiyədək onun adını eşidib, üzünü görmürük. Yağış yağandan sonra küçələrimizdə yerimək olmur. Heç olmasa kəndin bir küçəsini də daşlamaq lazımdır.

İkinciqadın. Cahan xala gözəl danışır. Biz gərək hamımız birləşib, bizə verilmiş ixtiyaratdan tamamilə istifadə edək. Qoy görsünlər ki, biz də iş bacarırıq. Gərək bacardıqca seçkidə çox qadın keçirək. (Cahana) İmdi bilirsənmi, Cahan xala, biz bir çox qadınların tərəfindən buraya deleqat gəlmişik. Biz çalışacağıq da, məramımıza da çatacağıq. Biz səni kənd şurası sədrliyinə namizəd seçmişik. Sən də gərək boyun qaçırmayasan.

Cahan. Mən camaat qulluğundan, özünüz bilirsiniz, qaçmamışam və qaçmaram da. Amma bir şey var, mənim yaşım qırx beşi adlayıb. Aranızda qoçaq, işbilən, savadlı qadınlar var, onlardan birinin namizədliyini qoyun.

İkinciqadın. Yox, Cahan xala. Gərək bizim sözümüzü yerə salmayasan. Sən bizim savadlılarımızdan artıq iş görə bilərsən və halonki savadsız qadınlar üçün gecə kursları açıb, tamam savadsız qadınları savadlandırarıq.

Cahan. Baş üstə, siz istəyəndən sonra mənim də sözüm yoxdur, razıyam. Ancaq seçki yavuqlaşır, gərək kənd arvadlarının hamısının ağızlarını bir yerə yığasınız.

İkinciqadın. Bu barədə arxayın ol. Kəndin cavan, qoca qadınları hamısı bir dil, bir ürəklə seçkiyə gedəcəklər.

Cahan. Çox gözəl! Yaşasın çalışqan kənd qadınları!

Hamı. Yaşasın qeyrətli Cahan xala!

İkinciqadın. Salamat qal, Cahan xala, biz də gedən işimizdə olaq.

Arvadlar gedirlər.

Növrəstə (tələsik daxil olub). Ana, getdim kənd şurasına xəbər verdim. Onlar da adam göndərib atamı mollanın evindən çağırdılar. Özünə də dedilər ki, əgər qızının oxumağına mane olasan, ya onu özündən bixəbər ərə verəsən, səni tutub qazamata salacağıq. İmdi budur, hirsli gəlir. Mən qaçıb gizlənəcəyəm. (Çıxır.)

Zaman (daxil olur). Məramına çatdın, arvad. Bundan sonra sən çal, mən də oynayım. (İstehza ilə) Anlamamışam, qələt eləmişəm, cənab Cahan xanım, bağışla məni, taqsırlarımdan keç! (Qeyzlə) Məlun uşağı məlun! Namusumu əlimdən aldınız. (Hirsli, papağını yerə çırpır.) Alın, bu da papağım!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri