Səhifə 1 / 2

Pərdə ahəstə qalxır. Nümayan olur Sona xanımın otağı. Otağın üç qapısı var:bir sağdan,
biri soldan və biri müqabildən. Sağ tərəfdə pəncərənin qabağında bir sandalya qoyulub. Sona
xanım namazdan fariq olub, dizi üstündə dua eləyir.

Sonaxanım (əllərini yuxarı qovzayıb). Əziz Allah, dərgahına qalxızmışam əllərimi. Sənə dua eləyirəm. Səndən kömək istəyirəm. Yoxdur mənim dünyada bir kəsim, savayı sən. Səndən mədəd istəyirəm. Cəmi əlsiz, ayaqsızlara, naəlaclara, zəiflərə, mərizlərə, mən o cümlədən. Mən də fəqirəm, mən də naəlacam, üstümə-başıma baxan həsəd aparır, amma çölüm özgələri yandırır, içərim özümü. Pərvərdigara, məgər sən övrət tayfasını yaradanda heyvan yaradıbsan, insane yaratmayıbsan? Məgər övrət tayfasını dərd, qəm çəkməyə yaradıbsan? Xudaya, nə vaxtadək bizim dilimiz bağlı olacaq? Nə vaxt, görəsən, biz də ürəyimizdəkini açıq deyəcəyik, sözlərimiz ürəyimizdə qalıb dərd, vərəm olmayacaq? Yəni görəsən o günləri görəcəyik ya yox? Övrətsən, dinmə, kişi deyənə bax, öl deyir öl, qal deyir, qal! Qabqazandan başqa heç bir şeyə əl vurma. Vurarlar, səbr elə. Söyərlər, səbr elə. Pərvərdigara, sən adilsən, nə üçün biz övrət tayfasına olan zülmü götürürsən? Malımız kişinin, canımız kişinin, ixtiyarımız kişinin əlində. Ağzımızı açıb söz demək istəyəndə ağzımızın üstündən vururlar ki, övrətsən dinmə. Xudaya, əgər məsləhət belədir, nə üçün bizə dil veribsən, ürək veribsən? Kişi qurşanıb qumara, kəndlər bir-bir əldən gedir. Danışmaq istəyirəm, deyir kəs səsini. Mən də salıram ürəyimə. İndi budur, bu quru nəfəsim qalıb, bir az keçməz gedər, qayıtmaz. Ey yerin, göyün bir pərvərdigarı! Rəhm elə bizə, kömək elə bizə, bəlkə gələcəkdə bizim də sözümüz olsun (Süleyma n bəy o biri otaqdan çıxır. Əynində səyahət paltarı, ayağında uzun çəkmə, gəlib aynanın qabağında durub özünə təravət verir.) Süleyman, qadan alım, yenə haraya gedirsən? (Canamazı yığışdırıb bir ah çəkib oturur.)

Süleymanbəy. Heç, anacan, istəyirəm bir atla şəhərdən çölə gəzməyə çıxam. Ürəyim çox darıxır.

Sonaxanım. Get, Allah amanında, anan gözlərinə Qurban olsun.

Amma, sən Allah, tez qayıt, yoxsa gecələr gec qayıdanda gözümə yuxu getmir.

Süleymanbəy. Uşaq ki deyiləm, məni tutub yeməyəcəklər. Niyə gözünə yuxu getmir?

Sonaxanım. Qadan alım, bilirəm yeməyəcəklər, amma yenə ana ürəyidir, nazik olur.

Süleymanbəy. Yaxşı, tez qayıdaram.

Sonaxanım. Get, Qurbanın olum, Allah pənahında ol.

Süleyman bəy çıxır.

Pərixanım (daxil olur.) Ay Sona, neçə vaxtdır, ha yığışıram bircə səni görməyə gəlim, amma görürsən, iş düşür. (Oturur.) Keçən cümə axşamı, bizim Mərdan bəyin təziyyəsində o qədər ağlamışam, gözümdən bir Kürcən yaş gedib. Oradan gələni yıxılmışam, İndi bir az halım özümə gəlib, qalxmışam. Ayağa duran kimi dedim, gedim görüm Sona necədir, uşaqlar salamatdırlarmı?

Sonaxanım. Pəri, heç mənim halımı soruşma. Bax, görürsən, gün-gündən geri gedirəm. Gecələr sübhədək quru öskürək məni boğur, ürəyim qıldan asılır, İndi qırılar, bir saat qırılar deyirəm.

Pərixanım. Axır sən niyə hər zadı özünə dərd eləyib, ürəyinə

salırsan? Məgər öz canına yazığın gəlmir?

Sonaxanım. Necə eləyim, ay Pəri, budur kişi qurşanıb qumara, bir azdan sonra görərsən olub-qalanın hamısını uduzub, qaldı lat-lüt. Uduzduğundan savayı, gələnə bağışlayır, gedənə bağışlayır. Mənim dilim yoxdur ki, qabağında bir söz deyim. Yalvarıram olmur, yapışıram olmur. Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Səni görəndə könlüm açılır, gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Sən Allah, Pəri, tez-tez gəl-get mənim yanıma. Yoxsa Dustaq kimi qalmışam dörd divarın arasında, xiffət eləməkdən az qalıb canım çıxsın.

Pərixanım. Qadan alım, heç canını üzmə, səbr elə, Allah kərİmdir. Kişinin bəlkə ağlı başına gəldi, qumarı qoydu yerə. Həmişə belə getməz, bir də baxıb görər ki, dahı oynamaq ona layiq deyil, oynasa abrısı gedər, qumarı qoyar yerə. Allah qoysa, yazın axır ayında havalar istilənər, bir yerdə gedərik ziyarətə. Qurba n kəsərik, dua eləyərsən, Allah sənə cansağlığı verər. Ərinə də ağıl verər, şeytan yolunu buraxıb, Allah yoluna qayıdar.

Sonaxanım. Vallah, Qurban olduğum Allahın da o qədər səbri var ki, nə həddi var, nə hesabı. Elə insan səbirsiz olar. Dünən gecə də bir yaman vaqiə görmüşəm, Allah məni onun xatasından savışdırsın.

Pərixanım. Xeyir olsun, söylə görüm.

Sonaxanım. Gördüm bizim həyətdə bir çox böyük və gözəl ağac bitib. Ağacın dörd ətrafı gözəl çəmənlikdir ki, gül gülü çağırır, bülbül bülbülü çağırır. Çəmənin neçə yerindən şirin bulaqlar axır, guya bizim həyət behişt olub. Yorulanlar gəlib ağacın kölgəsində dincəlirlər, bulaqların suyundan içib başlarını, üzlərini yuyub, bulaq və çəmən sahibinə dua edib gedirlər. Bir də gördüm hava tutuldu, bir bərk külək başladı ki, Allah göstərməsin. İldırım çaxdı, göy guruldadı, bir güclü dolu başladı yağmağa. Onda gördüm bir böyük dolu qəflətdən düşdü həmin ağacın təpəsindən. O saat ağacın cəmi qolqanadları qırıldılar, töküldülər yerə. Qaldı ağacın quru kötüyü. O saat gördüyüm çəmən yox oldu, axan bulaqlar həmin dəqiqə qurudu. Bülbüllərin səsləri kəsildi, güllərdən, çiçəklərdən heç bir nişan qalmadı. Oyanmışam, bir saat ağlım başıma gəlməyib. Ondan sonra neçə salavat çevirmişəm, Allaha dua eləmişəm, iki qoyun Qurban demişəm ki, aparım ocaqda kəsim. Amma ürəyim yenə heç toxtamır. Elə bil, məni məngənə arasına qoyub sıxırlar.

Pərixanım. Qurbanım olum, qorxmagilən, yaz ağzıdır, adam çox qarışıq-quruşuq yuxular görər. Yaxşı da eləyibsən ki, nəzir və Qurban deyibsən. Bir də, qadan alım, vaqiəni tərsinə yozarlar. Ağac kimi hər tərəfə qol-budaq atacaqsınız. Aləm sizin kölgənizdə dolanacaq.

Dolunun vurmağı da vurmamaqdır.

Sonaxanım. Yox, Pəri, çoxdan bəri ürəyimə min qara-qura şeylər gəlir. Heç ürəyim bir dəqiqə sakit olmur, başıma pis-pis fikirlər gəlir.

Nazlıxanım (daxil olur). Sona xanım, Qurbanın olum, yanına bir təvəqqeə gəlmişəm. Dünən olan olmazımı vermişəm kişiyə aparsın satsın. Kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Nəcəf bəy də pulun hamısını udub, kişini əliboş salıb yola. Qurbanım olum, mənim əlacım olsa, var-yoxumu satmaram. İndi mən nə qayırım? Bir böyük külfət sahibiyəm, özün bilirsən. Olub-qalan hər nə vardı kişi vurub qumara. Dünən gözümün axır tikməcəyini ağlayaağlaya vermişəm aparıb satıb, onu da gətirib Nəcəf bəyə uduzub. Qurbanım olum, Nəcəf bəyə deginən, məni başına çevirsin, balalarıma rəhm eləsin, o pulları qaytarsın.

Sonaxanım. Qoy bu saat çağırtdırım, özü ilə danış. (Çağırır.)

A Cavad, a Cavad! (Cavad daxil olur.) Cavad, Nəcəfi bir buraya çağır,

deginən adam gəlib, səni görmək istəyir. (Cavad gedir, Pəri qalxır.)

Sən haraya gedirsən, ay Pəri?

Pərixanım. Kişi gəlir, deyirəm keçim o biri otağa.

Sonaxanım. Yaxşı, get, indi mən gələrəm sənin yanına. (Nazlı xanıma.) İndi Nəcəf gələr, mənə dediyin sözləri ona de, bəlkə pullarını qaytara verə özünə.

Nəcəfbəy. (daxil olur). Kimdir məni çağıran?

Sonaxanım. Nazlı xanımdı. Sənin yanına gəlir, gör nə deyir.

Nəcəfbəy. Nə deyirsən, bacı?

Nazlıxanım. Nəcəf bəy, Qurban ım olum, mənim bu ağarmış başıma rəhm elə. Mənim bir bölük balalarıma rəhm elə. Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun.

Nəcəfbəy. Nə deyirsən, sözünü de görüm.

Nazlıxanım. Nəcəf bəy! Ölümüm qabağında olsun, dünən bizim kişi gəlib, burada qumar oynayıbsınız. Olub-qalanını uduzub. Mən bilirəm, taqsır mənim kişimdədir, amma bir qələtdir eləyib. Sənin də mənim körpə uşaqlarıma rəhmin gəlsin. Razı olma ki, bir kişinin nəslidirlər, ac qalsınlar. O pulları qaytarıb verəsən mənə, elə bil bir təsəddüq verirsən.

Nəcəfbəy. Bacı! Belə şey olmaz. Qəhrəman bəyin əvvəla pulu yoxdur, nə üçün qumar oynayır? İkincisinə qalan yerdə, puldur, uduzub, istədiyi nədir?

Nazlıxanım. O istəmir, Qurbanın olum, mən istəyirəm. Mənim əhvalım sənə hamıdan yaxşı məlumdur. Bilirsən ki, hər nə vardı, hamısı əldən gedib. Dünən yaxamın, ətəyimin qızıllarını söküb vermişəm kişiyə, aparsın satsın. Ancaq eybimiz açılmasın, acından ölməyək, gedib qonum-qonşuya əl açmayaq. İndi, Nəcəf bəy, səni and verirəm o bir Allaha ki, bizim üstümüzdədir, sən də bizim biabırçılığımıza razı olma. Nəcəf bəy Bacı, artıq söz lazım deyil. Bayaq sənə dedim, ərin pulu uduzmayaydı, İndi ki uduzub, qurtarıb çıxıb gedib. Mən pul qaytara bilmərəm. Mən özüm də az uduzmuram. Necə ola bilər ki, gedim uduzduğum pulları istəyim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mozalanbəyin səyahətnaməsi

Bizim möhtərəm mühərririmiz Mozalan bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy” kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, Irəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın... nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?

28 dəq
MarallarımMüqəddimə əvəzinə

Qədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən...Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan

2 dəq
Mütrüb dəftəri

“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.

2 dəq

Başqa şairlərin şeirləri