Şəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq
axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllərində samavar, dəsmala
bağlı məkulat daxil olub, şeyləri yerə qoyurlar. Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb
qoyur yanına və dəsmalı ilə alnının tərini silir.

Süleymanbəy. Baho, ay qəribə yorulmuşam.

Əvvəlincicavan. Zarafat deyil, şəhərdən buraya gərək əqəllən üç verst olsun. Bir belə yolu gələn əlbəttə yorulacaq.

İkincicavan. Mən sizə demədimmi ki, at tutaq, atla gedək gəzməyə? İndi bu yorulmağa dəyərmi? Hələ gəlməyimiz yenə heç, qayıdanda xörək yemiş adamlar bu yoxuşu necə çıxacayıq?

Süleymanbəy. A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı gəzmək ləzzət verməz.

İkincicavan. Odur ki, palaz kimi sərilibsən yerə də.

Süleymanbəy. Sərilməyimin ziyanı yoxdur. İndi çay içərik, yornuğumuz çıxar. Bir də, mən gəzməkdən yorulan deyiləm. Amma budur üç gündür dərə-təpələri it ayağı yemiş kimi gəzirəm.

Əvvəlincicavan. Nə düşmüşdü, niyə gəzirdin dərə-təpələri?

Süleymanbəy. Aləm bilir ki, mən bildirçinbazam. Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa. Zurnaçılı bağda Qaraqazan oğlu çıxdı qabağıma, çiynində bir xurcun, əlində bir torba, tər tökə-tökə gedir. Soruşdum, a Qaraqazan oğlu, haradan gəlirsən? Dedi ki, bəs filankəs, Almasatanlıdan gəlirəm. Alacaq dalınca getmişdim, bir şey ala bilmədim, budur, piyada qayıdıram. Yolda tor qurub beş-on bildirçin tutdum, budur torbada. Bir az şoraba üçün yerpənək almışam, gedirəm. Soruşdum: a kişi, heç əməlli bildirçinin varmı? Dedi, yox ancaq gecə yarısı Qarğalı çayından keçəndə bir “gəlmə” bildirçin səsi eşitdim. Zalım oğlunun malı altı dəfə vururdu. Bu sözü eşidən kimi Qarğalı çay deyib birbaş getdim. Bir gün axşamadək, gecə də sübhədək gəzib bildirçin axtarmışam.

Əvvəlincicavan. Tuta bildin, ya yox?

Süleymanbəy. Necə tuta bilmədim, məgər mənim əlimdən bildirçin qurtarar? Gətirib, qəfəsə qoyub asmışam, gecələr ləzzət verir. İndi, budur, ayaqlarım hələ də ağrıyır. (O yana-bu yana göz gəzdirir.) Amma bura da çox basəfa yerdir ha!

İkincicavan. Bəli, çox basəfa yerdir. Biz həmişə elə buraya səyahətə gəlirik. Buranın yerindən, havasından əlavə suyu çox içməlidir, buz kimi ürək sərinlədəndir.

Süleymanbəy. Onda, mən ölüm, o sudan bir az ver içim, tərif elədin tamahım düşdü.

Əvvəlinci cavan dəstmaldan bir stəkan çıxarıb, su ilə doldurub
Süleyman bəyə verir.

Süleymanbəy (suyu içir). Bəh-bəh, nə gözəl sudur! Xalis abi-kövsərdir!

Əvvəlincicavan. Balam, boş-boş danışmaqdan fayda yoxdur. S ü leyman bəy, burada bəy və ya qeyri-bəy gərək olmasın, gərək yoldaşlıq olsun. Biz gedək odundan-zaddan yığaq, sən də samavar hazır elə.

Süleymanbəy. Baş üstə, samavar da hazır elərəm, hələ desəniz kabab üçün ət də doğraram.

İkincicavan. Çox gözəl, bəs biz odunu nə ilə qıracağıq? Nə səndə bir kəsər var, nə məndə. Gərək heç olmasaydı evdən bir dəhrədən-zaddan gətirəydik.

Əvvəlincicavan. Süleyman bəy xəncərini versə, elə onunla qıra bilərik.

Süleymanbəy (xəncəri verir). Niyə vermirəm, buyur, ancaq gözlə ağzı daşa dəyməsin.

Əvvəlincicavan (xəncəri alır). Xatircəm ol. (Cavanlar gedirlər.)

Süleymanbəy (tək). Çünki oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu. (Durub samavarı aparıb suyun altına qoyur.) Su mənə ləzzət verdi. Bir stəkan da içim. (İçir.) Bəh-bəh, ürəyimə yayıldı.

Kərim (kolun dalından çıxır). Adamı belə tələyə salarlar, al gəldi!

Süleymanbəy. Nə qayırdığındı, a namərd? (Kərim güllə ilə onu vurub qaçır. Süleyman bəy yıxılır.) Ox, ox... Öldürdü məni namərd oğlunun gülləsi, yıxdı atamın evini, tökdü anamın göz yaşını. Cavan ömrüm paymal oldu, ax!.. ax!.. Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım... ox!.. ox!..

Bu halda təpənin dalında gəzən uşaqların oxumaq səsləri gəlir.

Uşaqlar (oxuyurlar):

Əsmə badi-səba, əsmə,

Dəymə tellər o tellərə.

Şanə vurmuş o tellərə

Dad əlindən, dad əlindən, yar əlindən...

Süleymanbəy. Oxuyun, uşaqlar, səsinizə Qurban olum. Ox... Ox... Allahın altında mən də uşaq olub, sizinlə gəzəydim...

Uşaqlar (oxuyurlar):

Mənim adım sarı laçın,

Fələk qoymur qəddim açım,

Gəl səni götürüm qaçım,

Bizim ellər o ellərə,

Şanə vurmuş o tellərə.

Dad əlindən, dad əlindən, yar əlindən.

Uşaqlardanbiri (təpənin üstündə peyda olub, Süleyman bəyi görür). Vay dədəm vay! Burada bir adam öldürüblər. Odur yıxılıb, qanı da axır!..

Neçə nəfər uşaq təpənin üstünə çıxıb baxırlar.

İkinciuşaq. O yolla gedən ovçuları çağıraq gəlsinlər. (Çağırır.) Ay ovçular, ay ovçular!..

Ovçu. Hey, hey! Nə deyirsən?

İkinciuşaq. Buraya gəlin, burada bir adam öldürüblər.

Əvvəlinciovçu (gəlir). Ölən adam hanı?

Əvvəlinciuşaq. Odur ey, orada yıxılıb eşələnir.

Əvvəlinciovçu (yoldaşına). A balam, deyəsən tanış adamdır, bir gəl görək.

İkinciovçu. Evin yıxılmasın, bu Süleyman bəydi, Nəcəf bəyin oğlu. Vay binəva!.. Görəsən bunu kim vurub? Ağlın nə kəsir, bu, Kərimin işi deyil ki?

Əvvəlinciovçu. Necə Kərimin?

İkinciovçu. Dəllək İmamverdinin oğlu?

Əvvəlinciovçu. Çox ola bilər. Doğrudan da Kərim bunu çox girləyirdi.

İkinciovçu. Qardaş, bu sözlər öz aramızda qalsın, nə borcumuzdur, qoy özləri öz qanlılarını axtarsınlar, taparlar yaxşı, tapmazlar, bəlkə Allah qəzəbini eləyə. Sonra bizi də dərə-divana dartarlar ki, bəs siz, Kərimin bunu girlədiyin bilirdiniz, niyə lazım olan yerinə xəbər vermirdiniz? Di yeri gedək irəli, yazıq eşələnə-eşələnə qalıb. Yeriyirlər qabağa.

Əvvəlinciovçu. Süleyman bəy, başına dönüm, sənsən?

Süleymanbəy. Kimsən, a danışan? Yoxsa mənim axırımı eləməyə gəlibsən?

Əvvəlinciovçu. Yox, başına dönüm, biz ovçuyuq, səni yaxşı tanıyırıq, hərçənd sən bizi tanımırsan.

Süleymanbəy. Ovçusan, hər kimsən, öldür məni əziyyətdən qurtar.

İkinciovçu. Süleyman bəy, biz sənə düşmən deyilik, dostluqla sənə kömək eləməyə gəlmişik, səni qoymayaq bu quru yerdə qalasan. Sən bizdən heç bədgüman olma. (Əyləşir başının üstündə.) Bircə başını qalxız qoy dizimin üstünə. (Süleyman bəy ovçunun köməyi ilə başını qovzayıb qoyur onun dizinin üstünə.) Qadan alım, bir de görüm bu nə işdir, səni kim vurub?

Süleymanbəy. Soruşma... soruşma... soruşma... Taqsır özümdədir, dostumu tanımadım, düşmənimi tanımadım, axırda bada getdim. Məni tovlayıb gətirdilər buraya gəzməyə. Başa düşmədim, gəldim, özümə dost bildim. Burada mənim xəncərimi odun qırmaq bəhanəsi ilə alıb qaçdılar. Düşmən gəldi, asanlıqla bildiyini elədi. Ox... ox... Evi yıxılan atam vay!..

Əvvəlinciovçu. Süleyman bəy, səni tovlayıb gətirən kim oldu, kim vurdu səni?

Süleymanbəy. Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular... Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Mənə bir üz göstərirdilər ki, dedim bunlar mənim yolumda canlarından da keçərlər. Axırda məni bu hala saldılar, verdilər Kərimin əlinə, o da məni öldürdü. Qardaşlar, Allah sizdən razı olsun, gəldiniz mədəd əlinizi mənə yetirdiniz. Mənim sizə vəsiyyətim budur ki, dediyim sözləri atama yetirəsiniz, ta mənim qanım yerdə qalmasın. Bir də mənim atama deyərsiniz ki, məni halal eləsin. Mən onun üçün pis oğul olmuşam, sözünün qabağında söz demişəm. Uşaq olmuşam, qanmamışam, məni bağışlasın... Ox... ox... Qardaş!..

İkinciovçu. Nə buyurursan?

Süleymanbəy. Ürəyim yanır, ölənlərinin ehsanı olsun, o sudan bir az ver içim.

Əvvəlinciovçu. Su istəyirsə, vermə, yoxsa bu saat tamam olar.

İkinciovçu. İçmə, başına dönüm, güllə dəyənə su zərərdir.

Süleymanbəy. Mənimki zərərdən keçib, görürsən, can yığılıb boğazıma, beş dəqiqədən sonra çıxar. Sən Allah, bir az su ver.

İkinciovçu. Balam, o sudan bir stəkan gətir ver buna, əlac yoxdur.

Əvvəlinci ovçu gedib suyu gətirir. İkinci ovçu Süleyman bəyin başını qalxızır.

Əvvəlinciovçu. Bəy, buyur iç.

Süleymanbəy (içir). Oxay, ürəyimə yayıldı. Aparma suyu... Bir az da ver... Oy!.. oy!

İkinciovçu. Nə var, başına dönüm?

Süleyman bəy. Oy... oy... öldüm... ana, gəl... Su... su... su... (Ölür.)

İkinciovçu. Yazıq, dünyadan kam almamış fəqir! Allah sənə rəhmət eləsin.

Əvvəlinciovçu. Allah rəhmət eləsin, İndi biz nə eləyək?

İkinciovçu. Nə eləyəcəyik, mən qalım burada meyitin yanında, sən get evlərinə xəbər elə, gəlib aparsınlar.

Əvvəlinciovçu. Yaxşı, mən gedim. (Gedir.)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri