İkinci məclis
Səhifə 2 / 2 · 50%
Nazlıxanım. Başına dönüm, sən dövlətli kimsənəsən, amma mənə bu saat fitrə vacibdir.
Nəcəfbəy. Bacı, sözün düzü, məndən sənə pul çatmayacaq.
Nazlıxanım. Nəcəf bəy, üstündə Allah var, Allahdan qorx. Mənim uşaqlarımın nəfəsi yetim nəfəsindən bədtərdir. Onların gözlərinin yaşlarını tökmə, rəhm elə.
Nəcəfbəy. Üstümdə Allah da var, peyğəmbər də var, onu bilirəm. İstər sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan tökülə, yenə məndən sənə pul verdi yoxdur. Təvəqqe eləyirəm, zəhmət çəkib, gedib evində oturasan və ərinə də deyəsən ki, pulu yoxdur nə üçün qumar oynayır?
Nazlıxanım (Nəcəf bəyin ayaqlarını qucaqlayır). Nəcəf bəy, istəyirsən ayaqlarından öpüm, mənim düzlərdə qoyma.
Nəcəfbəy (ayaqlarını çəkib). Qaraçılıq lazım deyil. Mən sənə dedim, aləm yığıla, üç qəpik verməyəcəyəm. Təvəqqe edirəm, mənə əziyyət verməyib gedəsən.
Nazlıxanım. Nəcəf bəy? Ahü-naləmdən qorx. Mənim balalarımın göz yaşlarını Allah yerdə qoymaz.
Nəcəfbəy. Di çıx eşiyə. İstər nə qədər ömrün var mənə ahünalə elə. Guya sən ahü-nalə eləyəndə mənim küllüyüm göyə sovrulacaq. Çıx eşiyə, əziyyət vermə!
Nazlıxanım. Çıxıram. Allah səni evsiz, eşiksiz qoysun. (Çıxır, çöldə söylənir.) Allah! Mənim balalarımı düzdə qoyanın balalarını düzdə qoy! Allah! Məni oda yandıranın üstünə od yağdır! Belə Allah sizin gözlərinizin yaşını çörəyinizə yavanlıq eləsin! Sizi görüm, ağ gün eşidəndə burnunuzun ucu tutulsun!
Nəcəfbəy. Cavad!
Cavad (daxil olur). Ağa, nə deyirsən?
Nəcəfbəy. Çıx o bayquşu sal eşiyə, baş-beynimizi aparmasın.
Cavad çıxır.
Sonaxanım (yeriyir irəli). Nəcəf, Qurbanın olum, bizi ahü-nalə yiyəsi eləmə, çağır o arvadın ağzını yum.
Nəcəfbəy. Rəhmətliyin qızı, sən nə deyirsən? Arvadsan, gedib öz işində olsana. (Yavaşca itələyir.)
Sonaxanım (yıxılıb əziyyətlə qalxır). A kişi, Allah məni onda vurubdur ki, ömrümün əvvəlindən İndiyədək sağ can görməyirəm. Sən niyə məni vurursan? (Ahəstə-ahəstə otaqdan çıxır. Nəcəf bəyin haləti gərgin olub, tez-tez var-gəl edib, sonra gəlib özünü kürsünün üstünə yıxıb məbhut olur. Bu halda Dərviş səsi gəlir.)
Dərviş (oxuyur). Əzizi-mən, canım ey dust! Əvvəla namixudavəndi- qədim. Yəni bismillahirrəhmanirR əhim!
Ey əzizim, bir baxın dünya nə ibrətxanədir!
Axırın fikr etməyən aqil deyil, divanədir...
Nəcəfbəy (hövlnak qalxıb pəncərəni açır). Ağa D ə r v i ş, ala bu pulu, daha dalını oxuma get. (Qayıdıb əyləşir.) Ayıltdı məni evi yıxılmış. “Axırın fikr etməyən aqil deyil, divanədir”. Amma bundan sonra nə olsun, on iki para kəndin qalıb ikisi, özüm də boğazımadək borcun içində. Kül başına, Nəcəf! Məgər sən qabağına açılan əlləri boş qaytarardın? İndi o qədər ölübsən, ahü-nalə qəbul eləyirsən. Yetim uşaqları çörəksiz qoyursan. Amma nə çarə qılım? Deyim: “Bacı, pulum yoxdur? “. Xeyr, əstəğfürullah, mənim ağzımdan belə söz çıxmaz. Əlacım kəsilir, elə yolla rədd eləyirəm ki, üstümə bəd dua tökülür. Öl, Nəcəf, öl. (Bu halda Süleyman bəy rəngi təğyir tapmış daxil olub, istəyir
o biri otağa keçsin.) Nə var, nə olub?
Süleyman bəy. Heç, bir şey yoxdur. (Keçir o biri otağa, çöldən dəllək İmamverdinin səsi gəlir.)
İmamaverdi.. Buraxın məni içəri girim, mən bəy-filan tanımıram. Mən saqqalımın ağ vaxtında biabır olmuşam. Mən heç vaxt qəbul eləyə bilmərəm ki, bu qoca vaxtımda mənim adım müttəhim olsun.
İmamverdi hirsli daxil olur içəri, dalınca oğlu Kərim.
Kərim. Hanı o arvad kimi qaçıb gizlənən tülkü? Bircə onu mənə verin, cərcənəyini ayırım. Bəlkə ondan sonra ürəyim soyusun. Mən bacımın rüsvayçılığını yerdə qoysam, gərək başıma papaq geyməyib, ləçək geyəm.
Nəcəfbəy. Nə var, nə qilü-qaldır?
İmamverdi. Nə olacaq? Mən saqqalımın ağ vaxtında rüsvayialəm olmuşam. Sənin oğlun neçə yoldaşı ilə gəlib mənim qızımı sürütləyə-sürütləyə aparıb dağ-daş arasında gizlədib. Məgər Allah belə zülmü götürər?!
Nəcəfbəy. İndi mənim təklifim nədir?! Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm və sənin qızın da qayıdar gələr evinə.
İmamverdi. Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Mən öz abrımın qədri-qiymətini bilirəm və qızımın rüsvayçılığınıheç vədə qəbul etmərəm.
Nəcəfbəy. Xub, get evinə, qilü-qal lazım deyil, qızın gələr.
İmamverdi istəyir söz desin. Kərim yeriyir qabağa.
Kərim. And olsun Allaha, o mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb bağırsaqlarını ayaqlarına dolamasam, atamın oğlu deyiləm. Ata, gəl gedək. (Atasının qolundan tutub çəkir çölə.)
Nəcəfbəy. S ü l e y m a n!
Süleymanbəy (daxil olur). Nə var?
Nəcəfbəy. S ü l e y m a n! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin? İt-qurd gəlib mənim qapımda hürür. Məgər mən dəlləkməllək tayıyam? A bihəya, heç utanmırsan? A məlun, heç qızarmırsan? Budur sənə buyururam, gərək bu gün İmamverdinin qızı qayıtsın atasının evinə, yoxsa sənin belində qamçını tikə-tikə elərəm. Eşidirsən? Mənim əslim və nəcabətim heç vədə qəbul etməz ki, mənim evimə it-qurd qızı gəlsin.
Süleymanbəy. Ağa, sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Amma bu yerdə mənə heç kəs buyuruq verə bilməz. Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram və bir adama da ixtiyar vermərəm ki, mənə nəsihət eləsin.
Nəcəfbəy. Gədə, başına at təpməyib, axmaq-axmaq nə danışırsan! And olsun Allaha, vuraram təpən iki para olar! (Oğluna bir sillə vurur.)
Süleymanbəy. Atasan, bu dəfə dinmədim, təvəqqe eləyirəm bir də mənə yaxın gəlməyəsən. Yoxsa bir də vursan əvəzində cavab elərəm.
Nəcəfbəy. Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Bu saat itilərsən mənim gözümün qabağından və mənim evimdən gedib harada dolanacaqsan dolan. Mənim qapıma ayağın düşər, səni it ilən çıxardaram. Itil bu saat mənim evimdən! Bundan sonra mənim Süleyman adlı oğlum yoxdur. Çıx bu saat çölə! (Süleyman bəy çıxır) Cavad! (Cavad daxil olur.) Bu saat gədələrdən neçə nəfər götürüb gedərsən qaya başına. İmamverdinin qızını harada gizləyiblərsə tapıb, aparıb tapşırarsan atasına. Di bu saat, dayanma get. (Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir.) Kordu yurdum, kor, kor, kor... (Özünü yıxır kürsünün üstünə.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-dagilan-tifaq-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizim möhtərəm mühərririmiz Mozalan bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy” kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, Irəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın... nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?
MarallarımMüqəddimə əvəzinəQədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən...Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan
Mütrüb dəftəri“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.