Molla Vəlinin evində iclas. Əyləşənlər: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd,
Kərbəlayı Allahverdi və s. kulaklar.

Molla Vəli. Camaat, mən sizə deyəndə ki, bu gələn hökumət dəccal hökumətidir, inanmırdınız. İndi gözlərinizlə görüb, qulaqlarınızla eşidirsiniz. Deyirlər gərək hamı oxusun, qızlar, oğlanlar bir-birinə qarışıb məktəbə getsinlər. Bunun nəticəsini anlayırsınızmı? Bir nəfər namusu olan belə təklifi qəbul edə bilərmi?

Hacı Novruz. Axund, and olsun oxuduğun Qurana və atamın goruna, mənim, ayıb olmasın, iki qızım var, ikisinin də başını it qibləsinə kəsərəm, amma oğlanlarla bir yerdə məktəbə göndərmərəm.

Kərbəlayı Allahverdi. Kim göndərər ki? Xalq məgər namusdan keçibdir?

Molla Vəli. Bunun qarşısında tədbir lazımdır.

Kərbəlayı Allahverdi. Ay axund, yenə bu işlərdə hamımızdan çox bilən sənsən. Allahın əmrini, peyğəmbərin şəriətini bilirsən. Necə ki Allah buyurur, elə də bizə yol göstər, biz də o yolla gedək.

Molla Vəli. Yol aydındır. Şəriət demir ki, xalq elm öyrənməsin, övladını oxutmasın. Ancaq elm də var, elm də var. Elm Allahın elmidir, islam dininin üsuludur, elm xalqın düz şəkkiyyat və səhviyyatını öyrənməsidir. Yoxsa müəllim Mirzə Həsən öyrədənə elm deməzlər: Yer göyün başına belə dolanır, ayın tutulması yerin gün ilə ayın arasına girməsindəndir. Nə bilim, insan meymundan əmələ gəlib... Belə-belə cəfəngiyatın adını elm qoyublar. Oruc bilməzlər, namaz bilməzlər, təharət tanımazlar. Istəyirlər camaatın balaların da özləri kimi kafir eləsinlər.

Hacı Novruz. Heç kəs bunu qəbul eləməz.

Məşədi Əhməd. Ay canım, bilmirəm bu məktəb məsələsi nə idi axund saldı ortalığa. Canım, hər kəs öz uşağının sahibidir. Kefi istər uşağını məktəbə göndərər, istəməz göndərməz. Kimin nə ixtiyarı var gəlib mənim uşağımı zorla tutub oxutmağa aparsın?

Molla Vəli. Bu gün-sabah onu da eləyəcəklər.

Məşədi Əhməd. Heç kəs mənim qapıma da dolana bilməz. Bu işlər asandır. Buna nə deyirsiniz ki, budur bizim var-yoxumuzu hesaba götürüblər, adımızı oğru qoyublar. Deyirlər siz dövləti camaatın zəhmətlərindən qazanıbsınız. Ona görə sizin var-yoxunuz camaatındır, gərək qaytarıb camaata verəsiniz. Mənim gözüm baxa-baxa kor İsrafilin oğlu mənim varyoxuma sahiblik eləsin? Məgər bunu Allah götürər?

Hacı Novruz. Xalq mənim üçün müftə, atası ehsanına işləməyibdir. Cığ-cığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Mən nə vaxt camaata yalvarmışam ki, gəlib mənim üçün işləsinlər, mən də pul qazanıb doldurum cibimə?

Məşədi Əhməd. Məni yandİran bir şeydir. Əlimlə çörək verdiklərim gəlib mənim bədimə getdilər. Məni çağırıb soruşurlar ki, neçə qoyunun, neçə malın-atın var? Mən də azda-çoxdan hesab verdim. Bu halda, – siz Allah, tamaşa eləyin, danışanda canım od tutub alışır, – bu halda çobanım ortalığa atılıb mənim mal-qaramın hesabını verir. Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. İndi, axund, mal, maya əldən getdi, sən bizə bir dürüst yol göstər. Yox, belə getsə, hamımız acımızdan qırılacağıq.

Molla Vəli. Qabaqca acından ölənin biri mən olacağam. Mən camaatla dolanıram. Camaat da, kafirlər aldadandan sonra, kafir olub bilmərrə Allah yolundan dönəcəklər. Uşaqlar gedib Mirzə Həsənin xarabasında bir az şaltay-baltay öyrənib gələcəklər ki, – nəuzöbillah, – Allah yoxdur. Hamısı dindən uzaqlaşacaqlar.

Kərbəlayı Allahverdi. A Məşədi Əhməd, Mirzə Həsənin başdan eləməsini boynuna götürmüşdün, bəs necə oldu? İndi belə ağzı odlu danışırsan.

Məşədi Əhməd. Neyləyim, nökərlərə ümid oldum, hamısı məndən üz döndərdilər. Mirzə Həsən zalım oğlu da quyruq ələ vermir.

Hacı Novruz. İndi, Molla Vəli, nə tədbirin var, elə.

Molla Vəli. Yol bircədir. O da xalqı gədə-güdə hökumətinin üzərinə qaldırmaq. Mənim sözdən savayı əlimdən bir şey gəlməz. Mən kəndləri dolanıb, Allahın əmrini camaata yetirərəm. Siz də gərək puldan keçəsiniz.

Məşədi Əhməd. Əldə olan pulları camaata borc vermişik. O da hamısı guruldadı getdi. Daha pulu haradan verək?

Hacı Novruz. Məşədi Əhməd, sən istəyirsən ki, damdan yıxılasan heç bir yerin ağrımaya. Aclıq dursun qıraqda, biz camaat arasında hörmətdən, etibardan düşmüşük. Gədə-güdə, İndiyədək bizə baş əyənlər, bizə salam da vermirlər. Guya heç bizi tanımırlar.

Kərbəlayı Allahverdi. Doğrudur, Hacı Novruz, dünən istədim dəyirmana bircə pud buğda göndərim üyünsün. Adam tapmadım. Gördüm mənim rəncbərim Cəbrayıl gedir. Çağırdım: ay Cəbrayıl, yaxşı oğlan, gəl bu bircə pud buğdanı apar dəyirmanda üyüt, gətir. Deyir: mən sənin atanın hambalı deyiləm. Sən də mənim kimi bir adamsan, boynun da mənim belimdən yoğundur. Al dalına, apar üyüt. A kişi, bu camaat necə üzüdönük olarmış!

Hacı Novruz. Elə mənim də dediyim odur. Yüyürən yıxılmağına baxmaz. Bu yerdə pul lazımdır. Doğrudur, molla öz işini görəcək və camaatı da Şura hökumətinin üzünə durğuzacaq. Xırda-para mülk sahibləri hamısı bizim tərəfimizdə olacaqlar. Bəylər, mülkədarlar yatmayacaqlar.

Ancaq camaata tüfəng lazımdır, patron lazımdır. Bu da pulla olar. Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Olan gedib, qoy yerdə qalan da getsin. Bəlkə ağ günə çıxaq.

Hamı. Razıyıq. Hacı Novruz doğru deyir, var-yoxdan çıxmalıyıq.

Hacı Novruz. Hacı Bayram, sən niyə danışmırsan? Məgər bizə dəyəndən sənə dəyməyib?

Hacı Bayram. Mənə dəyən ziyan heç kəsə dəyməyib, üçcə min

elə tək qoyunum gedibdir. Qalanını da hesaba gətirmirəm.

Hacı Novruz. Elə biz də onu deyirik.

Hacı Bayram. Mən bu yolda bir qəpik verməyəcəyəm. Özüm də əlimi ağdan qaraya vurmayıb, axırını gözləyəcəyəm.

Məşədi Əhməd. Nəyin axırını?

Hacı Bayram. Şura hökumətinin.

Hacı Novruz. Sən, mən əlimizi yanımıza salıb oturanda, onun axırı olarmı?

Hacı Bayram. Ay camaat, ahımınız dünya görmüş adamlarsınız. Bundan qabaq sərdarlar, qubernatorlar, naçalniklər görmüşük, hamısı böyük yarananlar. Adam baxanda bağrı yarılırdı. Onlar getdilər, müsavat hökuməti gəldi. İş başında bəylər, xanlar əyləşdilər ki, hər biri bir ocağın nəsli idi. İndi görün bizim hökumət kİmdir? Uçitel Mi rzə Həsən, kor İsrafilin oğlu qotur Salman, adını da Koroğlu qoyub, mənim nökərim Əhməd. Bunlardan, canım, hökumət olmaz. Bir neçə gün ağalıq elərlər, sonra görərsən Nikolayın qoşunu daldan çıxdı, hamısını vurdu dağıtdı.

Hacı Novruz. Deməli, sən bu yolda pul verməyəcəksən?

Hacı Bayram. Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm.

Molla Vəli. Hacı Bayram, sən dindar, Allah bəndəsi bir adamsan. Allahın əmri ilə və peyğəmbərin şəriəti ilə Şura hökumətinin qarşısında cahad vacibdir. Sən gərək mənim xatirim üçün, ya mənim xatirim mülahizə olunmasa, oxuduğum Quran xatirəsi üçün bu yolda pul qoymaqdan boyun qaçırmayasan.

Hacı Bayram. Axund, sən buyurandan sonra sənin xatirin üçün mən də bir qədər pul verərəm. Ancaq lazımsız xərcdir, çünki bu hökumət beş günlükdür.

Molla Vəli. Çox razıyam, Hacı Bayram. Allah sənin imanını kamil eləsin. Deməli, həzərat, biz sabahdan işə başlayırıq. İnşallah xudavəndialəmin tofiqi ilə bir neçə günün içində cəmi ətrafı qaldırıb bu dəccal hökumətini məhv edərik.

H a mı. İnşallah!

Molla Vəli. Bəli. Mən dua eləyim, siz də amin deyin. Pərvərdigara, sən dini-islama qüvvət ver!

Hamı. Amin!

Molla Vəli. Xudavənda, sən bu kafirlərin qollarını, dillərini öz yədiqüdrətinlə bağla!

Hamı. Amin!

Molla Vəli. Bu kafirlərə inananları haqq yola qaytar!

Hamı. Amin!

Molla Vəli. Bu kafirlərin dalınca gedənləri qiyamətə üzü qara gətir.

Hamı. Amin!

Molla Vəli. Bəcahi Mühəmmədin və aleh və bəhörməti surətil fatihə.

Hamı fatihə oxuyur.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri