Saat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi.

Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi.

Gözlərim bu mənzərəyə məşğul ikən qulağıma “sələməleyküm” səsi gəlidi. “Əleykəssəlam” deyib başımı qovzadım; gördüm bir nəfər sinni altmışdan ötmüş şəxs, beli bükülmüş, gözləri çuxurda, ağ uzun saqqalı, əynində bir uzun palto, başında çərkəzi börk durub. Mən bu şəxsə baxanda dedi:

– Dünən mən sizi bazarda bir acarlı müsəlmanı ilə bir yerdə gördüm, zatialiləriniz müsəlmandırmı?

– Eşitmədinizmi məgər, salamınızın cavabını verdim; əlhəmdülillah, müsəlmanam, əyləşiniz, əfəndim.

– Rica edirəm, əfəndim, bəndəni əfv ediniz. Mənim sualım qəbih sual oldu, nəhayət, libasınızdan şəkkə düşdüm.

– Eybi yoxdur, əfəndim, əyləşiniz.

Şəxs əyləşdi. Bir qədər sükutdan sonra cibindən tənbəki və kağız çıxarıb, qabaqca mənə təklif etdi:

– Buyurunuz, əfəndim, siqara çəkiniz.

– Təşəkkür edirəm, əfəndim, bəndə papiros çəkmirəm.

Şəxs özü bir papiros büküb, yandırıb bir-İki dəfə çəkdi, sonra yenə üzünü mənə tərəf tutub soruşdu:

– Siz haralısınız, əfəndim, isminiz nədir?

Mən cavab verdim.

Şəxs bir-İki dəfə mənim adımı təkrar edib dedi:

– Bən də acarlıyam, ismim Süleyman əfəndidir; qaç gündür ki, buraya varid olmuşam. Sizin yerlərin əhalisi nə ilə güzəran keçirirlər?

– Ticarətlə, ziraətlə, dəhat əhli əksərən ziraətlə məşğuldurlar, bəndə özüm də əkinçiyəm.

– Nə qədər yeriniz var?

Yerin neçə desyatin olduğun dedim.

– Sizlər desyatin nəyə deyirsiniz, əfəndim?

– Səkkiz pud buğda səpilən yerə desyatin deyirik.

– Bu hesabdan mənim qırx desyatindən ziyadə yerim var idi. Süleyman əfəndi bir dərin ah çəkdi:

– Şəhərdə imarətim var idi, aşağı mərtəbəsi dükanlar, üstü mənzillər. İndi, əfəndim, evim, dükanlarım dağılıb yerim bilmirəm necə olub, ailəm var idi, İki qoçaq oğlanlarım var idi; biri iyirmi beş, biri otuz yaşında:

övrətim, balaca qızım bilmirəm haradadırlar, oğlanlarımın İkisini də zalımlar, birəhmlər gözümün qabağında...

Bu yerdə Süleyman əfəndinin nitqi tutulub, sifətinin qırışlarının hər yeri bir arxa dönüb, gözlərinin yaşı silab tək sifəti və saqqalı uzunu axdı.

– Mən bir şəxs sayılırdım, əfəndim! Gözəl yurdum var idi, dövlətim var idi. Atlarımın, mallarımın, qoyunlarımın hesabı yox idi. Hamısı əlimdən getdi... hamısı!.. Nə etmədi, məsləhət tanrınındır. Malı mən qazanmışdım, yenə qazanaram, özüm qocalmışam, oğlanlarım qazanardı, kaş balalarım əlimdə qalaydılar... Ax, gözəl oğlanlarım, məni divanə edib avara salan balalarım!..

Süleyman əfəndinin gözündən dübarə yaş cari olmağa başladı.

Mən ona təskin vermək üçün dedim:

– Əfəndim, məsləhət bizi yaradanındır, səbr edin, bir papiros da çəkiniz, xəyalınız dağılsın.

Süleyman əfəndi qoltuğundan dəsmal çıxarıb gözlərini sildi. Birdən hövlnak yerindən qalxıb, əyilmiş bədəninin düzəldib, bir halətlə mənim sifətimə baxdı ki, həqiqət bədənimə lərzə düşdü: tamamən qeyz tutub, gözləri böyüyüb, yanaqları qızarıb, əlləri uçundu... Bir dəqiqə bu növ mənim üzümə baxandan sonra acıqlanmış qışqırdı:

– Kimdir deyən ki, mənim oğlanlarımı öldürüblər? Mənim igid oğullarımı kim öldürə bilər? Onların hər birisi yüz adama cavab verməyə qadirdir! Kim mənim oğlanlarımın vücudu ilə mənim ailəmə əl uzada bilər? Heç kəs!.. Heç kəs!.. Salamatdırlar! Ancaq məni arayırlar, mən də onları arayıram. Tapacağam balalarımı! Övrətimi tapacağam, yenə öz mülkümüzə qayıdacağıq, yenə mən həmin Süleyman əfəndi olacağam ki, var idim! Hamısı salamatdırlar! Qulaq ver, əfəndim, gör mənim qoyunlarımın nə gözəl mələşməsi gəlir! Eşidirsinizmi? Qulaq verin, əfəndim! Can! Səslərinizə qurban olum, gözəl qoyunlarım, səbr ediniz, sahibiniz tez gələr.

Bu yerdə Süleyman əfəndinin haləti təğyir tapıb bədəni zəifləşib yenə əyləşdi. Mən dedim:

– Süleyman əfəndi, rahat olun, papiros çəkin.

Süleyman əfəndi bir papiros çəkdi, sonra yenə üzünü mənə tərəf tutub söylədi:

– Yox, əfəndim, yox! Hamısı qırıldı, hamısı dağıldı, öz gözümlə gördüm.

Mən dedim:

– Əfəndim, naxoşsunuz, mənziliniz haradadır? Buyurun sizi aparım.

Dedi:

– Dərbənd nömrələrində.

Süleyman əfəndinin qolundan tutub durğuzdum. Bir-iki qədəm gedəndən sonra yenə dayandı.

– Əfəndim, bağın ayağından üzü o yana gedən oğlanı görürsünüzmü?

Bax, o mənim böyük oğlumdur, ölməyib, məni arayır. Bala, getmə, gəldim! Dayan, bala, dayan!

Bu sözlə Süleyman əfəndi bağın ayağına tərəf yüyürmək istədi. Nə qədər səy etdim, saxlamaq mümkün olmadı, əlimdən çıxdı, amma üçbeş qədəmdən sonra yıxılıb bihuş oldu. Bağda gəzən camaat cəm oldu bizim ətrafımıza. İki nəfər şəxsin köməyi ilə Süleyman əfəndini götürüb bir skamyanın üstünə qoyduq. Bir az vaxtdan sonra gözlərini açdı, başladı camaata məhbut baxmağa. Bir xanım gedib su satandan bir şüşə limonad alıb gətirdi. Süleyman əfəndi sudan içib, bir az halətə gəlib dedi:

– Əfəndim, məni mehmanxanaya göndərin.

Bu halda mənim acarlı dostum da bir tərəfdən çıxdı, bir fayton çağırıb, Süleyman əfəndini acarlı dostumla bir yerdə mİndirib yola saldım. Süleyman əfəndi getdi. Mən yenə qayıdıb öz yerimdə əyləşdim.

Evindən, külfətindən, oğlanlarından, mal və əmlakından əli çıxıb, Məcnun tək divanə olub, Yəqub tək “bala vay” naləsi ilə avara qalmış qoca bir kişinin xəyalı mənim bütün vücudumu işğal etdi. Axşamdan xeyli keçincə şəhərin bağlarını, küçələrini laənşüur dolandım. Hərçi səy edirdim, Süleyman əfəndinin axırkı haləti gözümün qabağından getməyirdi.

Saat doqquzdan adlamışdı. Getdim “Dərbənd” nömrələrinə, gördüm qoca yatıb və dostum da əyləşib onun yastığının yanında. Gecə yarısı xudahafiz edib gəldim mənzilimə və soyunub rəxtxabə girib, yorğanı çəkdim başıma. Neçə saat yata bilmədim. Axır huşa gedib özümü bir kiçik şəhərdə gördüm. Gözəl imarətlər, rast küçələr, bazarlar, hər evin ətrafında xırda bağçalar və bağçalarda çarhovuzlar. Gördüm Süleyman əfəndi atlı gəlib bir evin qabağında atdan düşdü və evi dəqqilbab etdi. O saat qapı açılıb, bir tənumənd oğlan içəridən çıxdı. Atasını görüb təzim etdi və atı onun əlindən alıb çəkdi həyətə. Süleyman əfəndi daxil oldu evə. Baxdım ki, mən də evin içindəyəm, amma heç kəs məni görməyir. Süleyman əfəndi bir döşəkcə üstündə əyləşib sağ tərəfində övrəti və qızı, sol tərəfində İki nəfər gözəl oğlanlar. Xanım çay töküb əyləşənlərə verir. Süleyman əfəndi keçmiş günlərindən söyləyir.

Birdən evin divarları titrəşdi, hamı hövlnak yerlərindən qalxdılar, mən çıxdım eşiyə, gördüm göydən od yağır, yerdən alov çıxır, evlər birbəbir uçurlar, toz duman kimi dünyanı bürüyüb, bu yerdən patıltı səsi gəlir; övrətlərin, uşaqların qışqırtısı, heyvanatın nərəsi, uçan imarətlərin gurultusu hamısı bir-birinə qarışıb. Bir azdan sonra gördüyüm gözəl şəhər bir xarabazara döndü. Itlər, canavarlar, gördüm, insanların nəşlərini sökürlər, qara libas geyinmiş şəxslər xarabaları birbəbir axtarıb əllərinə keçən əşyadan yüklənib gedirlər, dübarə yenə gəlib xarabaları axtarırlar, amma nə isə məni heç kəs görmür.

Mənzərə dəyişilib, özümü bir böyük səhrada gördüm, səhra bir tərəfdən uca dağlara təkyə edirdi, ətrafı qar basmışdı. Soyuq külək hər tərəfdən gurultu ilə əsib səhranın qarını dərya tək mövcləndirirdi. Birdən göydən yağan qarla yerdən toz kimi qalxan qar hamısı bir-birinə qarışıb dünyanı qaranlıq edirdilər. Külək sakitləşib, qar seyrəklənəndə yenə dağın sinəsi görünürdü. Bir də gördüm bir nəfər övrət bir qızın qolundan tutub dağın ətəyi ilə gedir. Övrətin yaylığı və qıçlarına dolanmış tumanı küləyə tabe olub özündən qabaq yellənirlər. Balaca qız hərdən deyir:

– Ana can, soyuqdan öldüm, bəs bibim evinə nə vaxt çatacağıq?

– Səbr elə, bala! Dağı adlasaq, bibin evi görünəcək. Tez yeri, bala!

– Ayaqlarım yorulub, ana can! Qardaşım canına, yeriyə bilmirəm. Vallah, deyəsən öləcəyəm, bir yer yoxmu, ana can, orada dincimizi alaq?

– Gedək, bala, bəlkə yer tapdıq.

Külək gəldikcə şiddətlənib, gah bəm, gah zil səsi ilə guvuldayırdı. Qoca övrət gücü gəldikcə yüyürürdü və qızı da özü ilə çəkirdi. Balaca qız əllərini qoynuna dürtüb, sızıldaya-sızıldaya anasının yanınca sürünürdü.

Küləyin guvultusuna dürüst qulaq verib gördüm külək səsi deyil, insan naləsidir! Küləyin bəm guvultusu kişilər nərəsidir ki, səs-səsə verib qışqırırlar:

– Oğul vay!..Bala vay..Oğul... Oğul!

Övrətlər səs-səsə verib qışqıranda, küləyin səsi hərdən zilə dönür. İkinci məni təəccübə gətirən halət bu idi ki, göyün üzünü qara bulud tutmuşdu. Amma buludlar arasından ulduzlar parıldaşırdı və qışın soyuğunda qətrə-qətrə yağış tökülürdü. Göyün üzünə dürüst baxıb gördüm başımın üstündə bulud hesab etdiyim övrət başlarıdır ki, pırtlaşmış sacları bir-birinə dolaşıb, qara bulud tək havada dolanırlar və işıldayan ulduzlar anaların, bacıların gözləridirlər ki, yerə qətrə-qətrə yaş tökürlər.

Gözümü göydən döndərib, yenə dağın ətəyi ilə gedən ana-balaya tərəf baxdım. Gördüm övrət bir daşın dalında əyləşib, balaca qız da özünü onun ağuşuna qısıb deyir:

– Oxay, ana can, necə istidir, bax İndicə bədənim qızışdı.

Amma anadan səs gəlmir.

Bir də baxdım ki, ana-bala İkisi də qalxdılar havaya, onların pırtlaşmış saçları qalan saçlara dolaşıb, işıldayan gözlərindən başladı yaş tökülməyə. Qəflətən bir dəhşətli qışqırtı eşidib, üzümü geri çöndərdim, gördüm Süleyman əfəndi əllərini göyə qovzayıb deyir:

– Bax, odur, balam oradadır, övrətim də onun yanında! Bala, gəl!..

Bala, gəl atanın ağuşuna!.. Bala, gəl!

Süleyman əfəndinin qışqırtısına oyanıb, gördüm soyuq tər basmış bədənim bütün lərzədədir. Sübh saat səkkizdir. Durub, libasımı gedim. Üzümə su vurub aram oldum. Çay içib çıxdım küçəyə. Gördüm camaat dəstə-dəstə gedir. O saat yadıma düşdü ki, bu gün mövludinəbidir, hərbzadələrə ianə yığacaqlar. Mən də məscidə tərəf rəvan oldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri