Səhifə 1 / 3

Ağ çuxalı, ağ arxalıqlı, İkiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.

Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün İki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir özözünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda İki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar.

Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxdı və dedi:

– Afərin, Səfər, İndi xalis şairsən!

Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri qızarıb, daha şairliyinə şəkk ola bilməzdi.

Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd, beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-İki baş gəzİndi. Hərçi fikir etdisə, şeri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib qələmi alıb gözəl xətlə yazdı:

Darvazamızı fələk vurubdu!

Mirzə Səfər hərçi çalışdısa, İkinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi.

Mirzənin atasının evində saat birdə nahar yeyilirdi. Bu dəfə saat bir oldu, İkidən addadı, Mirzə nahara gəlmədi. Atası təşvişə düşüb otaqdan çıxdı. Oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nar tək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır, otaqda o baş-bu başa dayanmadan yüyürür, hərdənbir otağın ortasında dayanıb, ayaqlarını hirslə yerə çırpıb deyir:

“Darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu, darvazamızı

fələk vurubdu!”

Atası qapının açıb otağa daxil oldu:

– Ay oğul, bu nə halətdi səndə?

Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: “Darvazamızı fələk vurubdu!”

Yazıq kişi yəqin etdi ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb, kağızda yazı görüb oxudu:

“Darvazamızı fələk vurubdu!”

Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdu. İrəliləyib, oğlunun boynundan yapışıb dedi:

Darvazamızı fələk vurubdur!
Sən tək bişüuru mənə veribdi.

– Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən olar.

Oğlunu otaqdan çıxarıb apardı nahara.

Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul etdi.

Ancaq cavab verdi ki: qızın ixtiyarı atasının əlindədir, atası gələr, söylərəm.

Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz, axşam kişi ilə danışıb cavab göndərərəm.

Mirzənin anası xatircəm evə qayıtdı.

Qız qapının dalında durub danışığa qulaq açırmış. Anası qonağı yola salıb qayıdanda, qızını gözü yaşlı görüb, xəbər aldı:

– Ay qızım, nə olub sənə, niyə ağlayırsan?

Qız cavab verdi:

– Ana can, danışdığınızın hamısını eşitmişəm, məni atamın başına çevir, qurban kəs, məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə.

– Ay qız, Səfər necə oğlandı, niyə xoşuna gəlmir?

– İstəmirəm, ana can, qurbanın olum.

– Hələ bir şey yoxdur, o almadı, biz də vermədik, bəlkə heç atan razı olmayacaq.

Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başı aşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını gözünün üstünə qoyub gəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də movzun deyildi. Belə adamları qızlar sevməzdilər.

Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl etdi. Kişi bir az fikir edib dedi:

– Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, gərək İki ev saxlayaq; qızımızı bir elə yerə verək ki, bir parça çörək yeyib bizə möhtac olmasın...

– Axır onlar bizdən cavab gözləyəcəklər?

– Bir gün gözləsinlər, eyb eləməz, sabah bir dükan qonşum Hacı Əbdüləzimə də məsləhət eləyim, o, bir ağıllı, dünya görmüş kişidir. Səhər qızın atası Hacı Əbdüləzimin dükanına keçib keyfiyyəti söylədi. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi:

– Kişi, məgər sən öz qızının düşmənisən? Mənim bir kor pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, bir dəfə məscidə getməz, hətta deyirlər, axşamadək erməni bazarında şirəxanada oturub çaxır içir, gecə də evə piyan gəlir. Əgər mənim yanıma məsləhətə gəlibsən, mən məsləhət görmürəm.

İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə, kiçik qızı atası heç kəsə verməyəcək.

Keyfiyyət Səfərə təsir edib, onu naxoşluğa salır.

Atası oğlunun halətini görüb dedi:

– Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qoməqrəbamız

və möhkəm arxamız yox, bizə qızmı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşısı budur get piyadə Qurbanlıda bir neçə gün dayının evində qal, havanı dəyiş, bəlkə bu sövda da başından çıxa.

Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü hardansa, adına bir başıbağlı məktub gəlib, məktubu açıb gördü şeirdir. Bir nəfər naməlum şair belə yazmışdır:

Fəzayi-eşqdə Məcnunə nisbət,
Nə düşübsən biyabana, ay Səfər!
Hansı Leyli salıb dami-zülfünə
Gətiribdir səni cana, ay Səfər!
Mahtab tələtli, kim vermiş firib,
Dərdinin dərmanın tapmamış təbib.
Yar ilə aranı vuran səg rəqib,
Pərvanə tək oda yana, ay Səfər!

Yarın çox gözəldir, nə pünhanı var,
Dövlətinin nə ədədi, sanı var.
Deyirlər ki, ancaq bir nöqsanı var...
Məhəl qoymaz sən tək cana, ay Səfər!

Mirzə bu məktubdan çox dilgir oldusa da, onu özündə saxladı. Axır vaxtlarda bu şeri özü çox həvəslə oxuyardı.

Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzimin oğluna verdilər.


Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi.

Mirzə Səfərlə biz tanış olanda, onun yaşı qırx beşlə əllinin arasında idi. Özü də qəza dəftərxanasına qulluq edərdi. Rusca savadı az olduğundan, ancaq işi mübəyyizlik idi. Iyirmi beş manat da maaşı vardı.

Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi – saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb divarın daşına dayayıb, ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi.

Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Rus dilini bilmədiyindən, tərcümələri də çox tuhaf çıxırdı. Başlardı:
– Usta Zeynal, gör şair nə gözəl deyib:

Xoş əst badeyi-gülgün ba kəbabi-şikari,
Zidəst saqiyi-gülçöhrə dər kənari-buxari.
Nə əz bəhri-niguyi-gül bə pişət dəstə avürdəm,
Zixubi-laf mizəd gül giriftə bəstə avürdəm.

Afərin şairə! – deyib qozun ləpəsindən birin ağzına qoyardı.

Usta Zeynal, həmçinin, bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı. Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi:

“Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək İkiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib, ayağımdan çıxar”.

Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi İki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm – verməsinlər”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri