Məzmun
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Səhifə 23 / 25 · 88%

Qız tək otaqda əyləşib sevgilisini gözləyirdi. Ayaq səsi gələndə ürəyi döyünüb dedi:

– İndicə Fərman qapıdan girəcək.

Nəhayət, qapıdan daxil olan, Hacı Mirzə Əhməd ağa özü idi.

– Sən çox xoş gəlibsən bu evə, gözəl qız. Qədəm əziz eləyibsən!..

Qız ağanın sözündən bir şey anlamayıb, ancaq onu xeyir-dua verməyə gəlmiş hesab etdi. Amma elə ki ağa əmmaməni çıxardıb, bir yana qoyub, əbanı da mismardan asıb, gözləri qızarmış, qıza tərəf hücum etdi, qız aldandığını duydu. Və bir dəfə ucadan qışqırıb yıxıldı.

Hacı Mirzə Əhməd ağa təşvişə düşüb, cəld çıxıb, böyük arvadını səslədi. Istədi həkimbaşı Mirzə Mehdi üçün adam qaçırtsın, böyük arvad razı olmadı.

– Cavan qız uşağıdır. Belə şeylər çox olar. Bir-İki gün atılıb-düşüb yerində əyləşəcək.

Bir neçə dəqiqədən sonra tamam əndərun qadınları Gövhərtacın ətrafına cəm oldular. Hərçi səy edirdilər, onu özünə gətirə bilmirdilər...

Bəzən bir-İki dəqiqəliyə ayılıb, ətrafına baxıb, dübarə qışqırıb yıxılırdı.

Qadınlar sübhədək yatmayıb Gövhərtacla məşğul oldular. Sübh Gövhərtac ayıldı. Qadınların nəsihətlərinin və onu yola gətirməyə çalışdıqlarının müqabilində Gövhərtac ancaq bir söz deyirdi:

– Evimizə gedəcəyəm!

Adam göndərdilər, Gövhərtacın anası gəldi. Qızını bu halətdə görüb başladı şarp-şarp dizlərini döyməyə:

– Ay qız, bu nə oyundur çıxardırsan? Allah sənə elə bir bəxt açıbdır ki, yatsan yuxuna da gəlməz. O axmaq bambılıda sən nə görübsən?

Sənin müctəhid Hacı Mirzə Əhməd ağa kimi ərin var. Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparırlar. Şəhərin tamam

əyanı bir-bir gəlib sənin atana gözaydınlığı verirlər. Məni bəyənməyən Kamran xanın
arvadı dünən özü mənim yanıma gözaydınlığına gəlmişdi. Sənin bu hərəkətin atanı da,
məni də yerə çırpır. İndi bəlkə Hacı Mirzə Əhməd ağanın qeyzi tutub, səni qolundan
tutub atdı bayıra. Ondan sonra sənin atan camaat içinə çıxa bilərmi? Mən Kamran
xanın arvadının və sair arvadların üzünə necə baxaram? Sənin öz haqqında arvadlar
İki min söz danışıb, ağzıgöyçəklik eləyəcəklər. Necə ola bilər ki, mən sağ gözümdən
təmiz qız bəsləyim, onun haqqında olmayan sözləri arvadlar danışıb, abrısını tökələr?
Ağlını başına cəm elə, qızım. Hacı Mirzə Əhməd ağa özünü padşahdan yuxarı tutur.
Amma sən elə kişini xoşlamayıb, bir bambılının dərdini çəkirsən. Onu da bilginən ki,
atan sənin bu işindən xəbərdar olsa, gəlib yəqin başını kəsəcək.
Gövhərtac özünü köməksiz görüb, mat, mütəhəyyir divara yapışdı.
Anası bir az nəsihət edib, durub getdi. Qalan arvadlar da onun anasının sözlərini
təsdiq etdilər.


Məmləkətin şəhərlərinin hamısında dərviş Nakamın tərifi söylənirdi. Doğrudan da
tərifə layiq idi. Qara, uzun saçları çiyninə tökülmüş, uca boylu, qara irigözlü, gözəl
səsli dərviş Nakam bazara çıxanda hər bir yerdə onun tamaşasına cəm olurdular.
Onun oxuduğu sair dərvişlərin qəsidələri deyil idi. Bu başqa bir şivə ilə meydana
çıxmışdı. Oxuduğu Xəyyamın rübailəri, Sədinin qəzəlləri və Qaaninin qəsidələri idi.
Elə ki:

Çi qəm zi bikülahi, k-asiman külahi-mənəst,
Zəmin bisatü dəru dəşt barigahi-mənəst –

oxuyanda hər tərəfdən “afərin” sədası gəlirdi. Ya Sədinin qəzəliyyatından:

Əz hərçi mirəvəd süxəni-dust xoştərəst,
Peyğami-aşina, nəfəsi-ruhpərvərəst –

Papaqsızamsa nə qəm, göy mənim külahımdır,
Bu yer büsat mənə, çöl də barigahımdır.
Dostum nə söyləsə sözü xoşdur bilənlərə,
Dostun sifarişi məzədir ruhə bir kərə.

şur üstündə oxuyanda çox adamın gözlərindən yaş axırdı. Çünki hamı onun dərdindən xəbərdar idi.

Hacı Mirzə Əhməd ağanın onunla rəftarı hamının ürəyini nəinki bir Hacı Mirzə Əhməd ağanın, tamam ruhani siniflərinin əleyhinə döndərmişdi. O da bundan istifadə edib, daha da camaatı ruhanilərdən rugərdan eləməyə çalışırdı və müvəffəq də olurdu. Çünki əlindəki dəlillər çox möhkəm idi.

Şəhərlərin əyanından, tüccarından hər biri dərviş Nakamı görməyi özü üçün fəxr hesab edirdi. Məclislərdə gözəl qəzəllər və qəsidələr oxuyandan sonra şirin söhbətlərlə camaatı məşğul edirdi. Və söz arasında çox yerdə şuxluğa salıb ruhanilər əleyhinə təbliğat aparırdı.

– Baxın, birisi adını müctəhid qoyub namaza duranda onun dalında o qədər adam iqtida bağlayır ki, məscid, camaatı tutmur. Axırda çıxıb meydanda camaat namazı qılır. Yolla gedəndə müridlər dalınca qoyun sürüsü kimi gedirlər. O da baxıb ləzzət aparır. Camaatın malı, dövləti, irzü namusu onundur. Ona da bu lazımdır. Rəyasət zəhəri hamısını zəhərləyib. Mürid, yəni qoyun sürüsü yığmaq üçün həmişə bir-biri ilə mübarizədədirlər. Bu onun, o bunun küfrünə hökm verir. Biri adını üsuli qoyur, biri şeyxi qoyur, biri ağayi qoyur, biri şiə qoyur, biri sünni qoyur. Birisi də çıxıb deyir: sizin hamınız yalan danışırsınız! Sizin dininiz də köhnəlib, özünüz də köhnəlmişsiniz. Mən özüm bəhaüllaham, Allahın ruhuyam. Sizin köhnəlmiş Quranınızın qarşısında göydən mənə bəyan nazil olubdur, Cəbrayıl mənə hər gün vəhy gətirir. Bunların hamısı rəyasət mübarizəsi, camaatın qoyun kimi yununu qırxıb, sərvət qazanmaq mübarizəsidir. Yoxsa hamısının danışıqları yalandır. İbadətləri, oruc-namazları hamısı xalqı soymaq üçün hiylə və təzvirdir. Onlar heç bir şeyə inanmırlar və elmlə də yəqin ediblər ki, heç bir şey yoxdur.

Birdən görəndə ki, bu söhbət camaatın bir parasına naxoş gəldi, o saat söhbəti dəyişib, bir neçə lətifə söylərdi. Sonra da başlayıb, bir gözəl qəzəl oxuyub, xalqın yenə məhəbbətini özünə tərəf çəkirdi və deyirdi:

– Camaat, mənim danışıqlarıma artıq papey olmayın. Mən dərviş babayam və məlumdur ki, dərvişin dini olmaz.

Belə danışıqlarla sözlərini malalayırdısa da, yenə ürəklərə bir şəkk toxumu səpirdi.

Dərviş Nakam neçə sənə İranı, Hindistanı, Qafqazı, Türküstanı dolandı. Hər yerdə özünü şad, xürrəm, lətifəgu göstərdi. Amma gecələr sübhədək Gövhərtacın fərağında davam etməyib zəifləşirdi. Axırda sinəsindən qan gəlməyə başladı. Daha səsində köhnə lətafət qalmadı. Nəfəsi gödəldi. Bununla belə yanıqlı qəsidələri qulaq asanlara böyük təsir edirdi.

Bir neçə vaxtdan sonra dərviş Nakam bilmərrə ortalıqdan çıxdı. Kimisi onu ölmüş, kimisi Hİndistana və ya müalicə üçün sair bir yerə getmiş bildi. Ancaq hamı onun meydandan çıxmasına əfsus edib, dübarə salamat qayıtmasını arzu edərdi.

Məclislərdə onun söhbəti danışılırdı. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Bu da yenə dərviş Nakamı camaatın gözünün qabağına gətirərdi.


Gövhərtac Hacı Mirzə Əhməd ağanın evində ən əziz vücud, arvadların zübdəsi olmağına baxmayaraq, İki gün salamat görünəndə üç gün bəstərdə yatırdı. Mirzə Mehdi həkimbaşı həftədə İki-üç dəfə onu yoluxurdu.

Dərviş Nakam üç ildi ki getmişdi. Gövhərtacın mərəzinin istəklisinin fərağından nəşət etdiyini heç kəs güman etmirdi. Ancaq bir tək Mirzə Mehdi onun mərəzinin səbəbini bilirdi.

Fərman bir dəqiqə Gövhərtacın gözünün qabağından getmirdi. O özünü həmişə həbsdə hesab edirdi.

Hacı Mirzə Əhməd ağa onu başdan-ayağa cavahirata tutmuşdu. Yanında neçə nəfər kəniz onun hər bir xahişinə əməl edirdilər. Bununla belə, gecələr çıxıb, əndərun bağçasında kənizlərlə bir yerdə gəzəndə kənizlərə deyərdi:

– Siz məni burada bir qədər tək qoyun, sonra mən çağıranda gələrsiniz.

Kənizlər gedərdilər. Gövhərtac gül ağacının yanında əyləşib qəm dəftərini açardı. Leyli tək Aynan, buludlarnan sevgilisinə sifarişlər göndərərdi, deyərdi:

– Yəqin, mən tamaşa etdiyim Aya bu halda Fərman da tamaşa edir. Nə olardı bu dəqiqə qanadlanıb, quştək uçub özümü ona yetirəydim. Aya, görəsən, mən çəkdiyim qəmdən o da çəkirmi? Yoxsa İndi özünə bir yar tapıb Gövhərtacı bilmərrə unudubdur? Yox... Fərman vəfalı oğlandır. Onun əlindən namərd iş gəlməz. Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Mən Fərmanın məriz olmasını istəmərəm. Qoy salamat olsun. İndi ki məndən ayrı düşübdür, mən öləndən sonra, düşəndə bir mənim qəbrimin üstünə gəlsin. Özümlə görüşmək ona müyəssər olmayacaq. Bəlkə qəbrimlə görüşə. Yoxsa, nainsaf Hacı Mirzə Əhməd onu mənim qəbrimin üstünə də qoymayacaq?..

Birdən yasəmən ağacının arasından Fərmanın heykəli gözünə göründü. Ucadan qışqırıb yıxıldı. Kənizlər onun səsinə yüyürə-yüyürə gəlib, üzünə su səpib, ayıldıb otağına apardılar.

O gündən Gövhərtacın mərəzi getdikcə şiddət edib böyük iztiraba səbəb oldu.

Həkimbaşı Mirzə Mehdi gündə üç dəfə gəlirdi və ona dərman yazırdısa da, bilirdi ki, bir təsir bağışlamayacaq. Onun dərdinin bircə dərmanı var idi. Onu da ki, əczaxanadan almaq mümkün deyildi.

Bir dəfə Hacı Mirzə Əhməd ağa Mirzə Mehdini otağına çağırıb dedi:

– Mirzə Mehdi, bu gəlin üç ildir naxoşdur. Hər dəfə siz gəlib onunla görüşüb gedəndən sonra bir-iki saat haləti özünə gəlib gülür, danışır. Sonra yenə haləti təğyir tapıb yıxılır. Onun mərəzinin sizə məlum olmasına şəkkim yoxdur! Bəlkə siz onun dərdinə müalicə tapmayırsınız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri