Məzmun
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Səhifə 25 / 25 · 96%

Bu sözlə əbanın altından bir köynək və bir ədəd qan ləkəli dəsmal çıxarıb Fərmana verdi.

Fərman dəsmalı və köynəyi neçə dəqiqə iyləyib dedi:

– Oxqay, Gövhərtacın qoxusu gəlir. Sizdən çox razıyam, həkimbaşı.

Heyf ki, bu mərəzdən mən durmayacağam. Yoxsa sizin xəcalətinizdən layiqincə çıxardım. – Sonra köynəyi qalxızıb bir qədər yanıqlı nəzərlə baxıb odlu bir ah çəkdi:

– Sevgili dilbərim! Illərcə fərağını çəkməkdən canım dərdə düşdü.

Gecə-gündüz dilimin əzbəri, şam tək gözümün qabağında şölə verən, parlaq ulduz tək yollarımda mənə rəhbər olan, gecələr Aya baxanda gördüyüm sən idin. Ölümün yetişdiyini hiss edib, axır nəfəsimi sənin yaxınlığında vermək üçün özümü buraya yetirdim. Didarın mənə müyəssər olmadı. İndi sənə ən yaxın olan köynəyinə baxıb səni vida edirəm.

Əlvida, dilbərim!

Bu sözlə köynəyi bağrına basmış həmişəlik gözlərini yumdu.

Həkimbaşı qalxıb, gözlərinin yaşını silib ahəstə otaqdan çıxdı.


Haman gün şəhərin hamı məscidlərinin minarələrində çəkilən minacatlar müctəhid Hacı Mirzə Əhməd ağanın zövcəsinin vəfatını şəhərin əhalisinə elan elədi.

Gövhərtac axır nəfəsində ərini yanına çağırtdırıb dedi:

– Məni bağışlayın, ağa, mən üç ildir sizin evinizdə kəniz kimi dolanıb, bir dəfə cürət edib sizə bir söz deməmişəm və sizdən bir xahiş etməmişəm. Ancaq sizin sualınıza cavab verib, sizin məramınızla rəftar eləmişəm. Dərmansız dərdə düşüb, bircə dəfə də olsun dərdimin nə olduğunu qısıldığımdan sizə söyləməmişəm. Siz və həkimbaşı mənim dərdimin nə olduğunu bilirdiniz, ancaq dərman tapmaqdan aciz idiniz. İndi mənim axır nəfəsimdir. Sizdən mənim bircə xahişim var.

Ona əməl etsəniz, mənim ruhum sizdən xoşnud olar; mənim qəbrimi Fərmanın qəbri ilə yanaşı qazdırın, onun da axır nəfəsidir.

Hacı Mirzə Əhməd ağa söz verdi. Gövhərtac əlini uzadıb ərinin əlini tutub dodaqlarına tərəf çəkmək istədikdə boğazından bir parça qan gəlib, ağanın əlinin üstünə düşdü. Gövhərtac bihiss yıxılıb canını tapşırdı.

Şəhərin əhalisi Gövhərtacın dəfn və izhari-təhiyyəti üçün ağanın evinə cəm oldular. Böyük bir təntənə ilə rəsmi-dəfni icra elədilər.

Amma ağa verdiyi sözə əməl etməyib, Gövhərtacı öz həyətində dəfn etdirdi.


Odabaşı hekayəsini qurtarıb süpürgəçini göstərib dedi:

– Bu zalım bir-birini ürəkdən sevən İki cavan vücudun fənaya getməsinə səbəb oldu.

Odabaşıya dedim:

– Daha kifayətdir. Gedək. Qoy bu burada süpürgəsini çəksin. Ona hər nə olursa haqqında olur. Sənin bu hekayətin mənim ürəyimi odlayıb yandırdı. Gedək buradan.

Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb daha cəhənnəmi səyahət etmək həvəsindən düşdüm. Öz-özümə dedim:

– Mən məgər bundan da bir ağır müqəssir görəcəyəm. Bunun müqabilində, gördüklərimin dünyada tutduqları işlər hamısı uşaq oyuncağı

mənzələsindədir. Daha bəsdir, evə qayıtmaq lazımdır.

Üzümü odabaşıya tutub dedim:

– Əmi oğlu, bağışlayın, sizə çox zəhmət verdim və öz zəhmətinizlə məni çox məmnun etdiniz. İndi axır zəhmət çəkib məni buradan çıxardın. Daha burada qalmağa mənim tabım yoxdur.

Odabaşı istədi mənə sair məkanları da göstərsin, boyun qaçırtdım.

O da mənim inadımı görüb, dala qayıdıb, cəhənnəmin çıxacağına tərəf yönəldi.

Bu halda gördüm cəhənnəm əhli hamısı bir-birinə dəyib. Bir qışqırtı qopubdur ki, cəhənnəm az qalır partlayıb dağılsın. Odabaşıdan soruşdum:

– Nə xəbərdir?

Dedi:

– Mən də sənin kimi. İndi bu saat xəbər bilərik.

Bir az gedib baxdıq ki, göz işlədikcə cəhənnəm adamla doludur.

Hamısı qışqırır. Camaatın əksəri deyir:

– Odabaşı, istəmirik, gəlməsinlər. Onları biz aramıza qoymayacağıq.

Onlar bizə cəhənnəmdə də rahat yatmağa imkan verməyəcəklər.

Camaatın az hissəsi bunlara nəsihət eləyir:

– Qardaşlar, qoyun gəlsinlər, nə işiniz var. Onların sizə heç bir əziyyət və azarları toxunmayacaqdır. Onlar da buraya sizin kimi yanmağa gəlirlər.

– İstəmirik, gəlməsinlər. Qoy gedib hansı cəhənnəmdə yanacaqlar yansınlar. Biz onları öz cəhənnəmimizə qoymayacağıq.

Baxdım, nəsihət edənlərin içində gördüyüm bəylər, axundlar və sair millətlərin ruhaniləri və əyanı hamısı səf-səf dayanıb gələnləri gözləyirlər.

Cəhənnəm əhlinin birindən xəbər aldıq:

– Oğlan, bu nə əhvalatdır?

Dedi:

– Nə olacaq?! Rus qoşunu cəhənnəmə dolur. Bundan sonra gərək hamımız cəhənnəmdən baş götürüb qaçaq.

Baxdıq ki, rusun kazakları, saldatları, əfsərləri, yarananları dəstədəstə cəhənnəmə dolmaqdadırlar. Axundlar əllərini göyə qalxızıb, keşişlər, əllərində xaç, bunlara dua edirlər. Bəylər, ağalar, dvoryanlar hamısı İkiqat olub gələnlərə baş əyirlər. Yaranallardan biri səsləndi:

– Camaat, sakit olun! Əlahəzrət imperator əzəm İkinci Nikolay həzrətləri lütf edib cəhənnəmə buyururlar.

Odabaşıya dedim:

– Əmi oğlu, tez olun, buradan məni çıxardın. Bunlar ki buraya sahibləndilər, məni başburtsuz görüb əziyyət edəcəklər. Tez olun, qardaşım!


Bu yerdə diksinib özümü yatağımda gördüm. Dost-aşna qoyub getdiyim

qərar əyləşib mənim gəlməyimə müntəzir idilər.

Cənab Ağ Molla mənim qayıtmağımı hamısına axşamdan xəbər vermişdi.

Yoldaşlar bir-bir başladılar mənə sual verməyə.

Dedim:

– Danışmaqla qurtarası deyil. Gördüyümü yazaram. Siz də, cəmi məraq edənlər də oxuyarlar. Cəhənnəmdə çox qəribə şeylər və adamlar gördüm. Hamısını yazacağam. Ancaq axır vaxt padşah da yaranalları ilə bahəm oraya gəldi. Bu nə işdir?

Dedilər ki, bəs İndi zəhmətkeşlər hökuməti öz əllərinə alıb. Padşahı cəmi xahanları ilə bir yerdə göndərdilər cəhənnəmə.

Rəfiqlərimdən birisi durub pəncərəni açdı, dedi:

– Buyur, tamaşa elə, gör nə halətdir.

Pəncərədən baxanda şəhərin tamam evlərinin üstündə qırmızı bayraqlar gördüm. Cavanlar dəstə-dəstə, əllərində qırmızı bayraqlar gəzinib, bir növ nəğmələr oxuyurlar ki, mən əsla eşitməmişdim.

Rəfiqim dedi:

– Bu nəğməyə proletar nəğməsi deyirlər. Keçmişdə bunları xəlvətdə oxuyurdular. İndisə küçələrdə ucadan oxuyurlar. Keçmişdə bu nəğməni oxuyanları tutub boğurdular, Sibirə göndərirdilər, qazamatlarda çürüdürdülər. İndisə işlər başqadır. Hətta zəhmətkeşlər cəhənnəmi, behişti də yox elan ediblər. Çünki behiştə layiq olanlar da, cəhənnəmə layiq olanlar da cəzalarını zəhmətkeşlərin əlindən bu dünyada alırlar.

Dedim:

– Məgər qırxca günün müddətində bir belə təbəddülat vaqe olubdur?

Ağa Molla cavabımı verdi:

– Sizə belə gəlir. Mən və möhtərəm Mirzə Qoşunəli də cəhənnəmin hər gününün dünyanın qırx gününə bərabər olduğunu sizə söyləmədikmi?

İndi siz gedəli tamam dörd il və neçə aydır.

Dedim:

– Çox gözəl, biz də öz cəzamıza müntəzir olarıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri