Bir tacir qulamı ki, əzəldən talesizmiş,Sarayda xacə üçün dəyərsiz çalışardı.O gözəl bir gənc idi, amma ki, qulam idiGörəndə ev qızını odlanıb alışardı...

Bir gecə saray içrə hər yerdə qəndil yandıQələmkar süfrələri döşədi qulam yerə.Qonaqlar gəldi bir-bir, içildi qızıl şərab,Hər yerdən danışdılar, qalmadı təpə, dərə.

Bu ara sərxoş xacə qulamı səsləyərək,Sərin su xahiş etdi naxışlı kasasında.O kasa Çindən gəlmə, mərcan tək bənzər imişAğ örtü üzərində hindin al adasına.

Deyirlər bir qonağın o qaba gözü dəydiEyvanda düşdü yerə, daş üstə parçalandı.Təşvişə düşdü Qulam, titrəyib qaçdı rəngiBu qəza üzərindən od tutub xacə yandı.

Saraya gəldi darğa, qulamı zəncirlədiAparıb bir daxmada ac-susuz buraxdı da.Dan yeri açılanda qulamı suya salıbSonra da şallaqlayıb, dedi: – Ey haramzada.

Xacənin kasasını nə üçün sındırmısan?– Vurma, qoy düzün deyim, dedi ey darğabaşı.Xacənin gözəl qızı baxırdı pəncərədənAyağım sürüşdü də görmədim yonma daşı.

Zindana salındı o bir neçə aydan sonraQazının əmri ilə ölümə məhkum oldu.– O, qıza aşiq imiş, bu gizli dərd üzündənQaranlıq yerdə gül tək saralıb, həm də soldu.

“Bəlx”dən gəlmə qazı bir “adil” adam imiş,Boğarmış ədl adı ilə elləri payız və qış.Soruşdu günahsızdan: – De görüm, yazıq oğlum,Ulduzun sönük imiş, tuş oldu sənə ölüm.Nə ilə bu gün ölmək istəyirsən? Dedi Qulam:– Ev qızı mənə versin zəhərlə dolu bir cam.

Eşikdə eşidildi sübh çağı qadın səsi,Göründü evin qızı əlində mey piyaləsi.Qız, qələm qaşlı dilbər, dayanıb dözdü bir az.Gözləri yaşla dolu, qulamı süzdü bir az.Qədəhə titrək əllə zəhərli şərab tökdüDöşəyib ətəklərin yer üstə dizə çökdü.Su nədi, şərab, qulam içərək rəngi soldu.Saralıb bət-bənizi, qanına zəhər doldu.Çatladı dodaqları, boğunuq çıxdı səsi,Sevgili yara dedi: – Ey ölüm fəriştəsiMən əzəl gündən inan sevmişəm candan səni,Yenə də şərab sula, məst qıl, gözəl məni.

Aşiqin ölümünü gördü qız, oldu qəmgin,Zəhərli sürahiyə uzatdı o da əlin.Bu ara pəncərədən sarı gül işıq saldıXəzanlı daxma içrə, qız qaldı, qulam qaldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana