Ovcumda torpaqdır, bir ovuc torpaqGünəş boyda işıq, ümman boyda su.Fəsillər boylanır salamlaşaraq,Gah payız qoxusu, gah yaz qoxusu...

Çeşmələr qaynayır, gur çaylar axır,Mələyir cüyürlər, kişnəyir atlar.Ovcumun içindən güc alıb qalxır,Meşələr, çəmənlər, bağlar, bağatlar.

Ovcumda torpaqdır, bir ovuc torpaq...Qaya ətri gəlir, daş ətri gəlir.Bir ovuc torpaqda genişliyə bax,Dərələr, təpələr, dağlar dincəlir.

Seçilməz əvvəli, görünməz sonu,Bir dünya məhəbbət, bir dünya inam.Qürbət ocağının həsrət odunuBir ovuc torpaqla söndürüb babam.

Vətən nə zümrüddür, nə yaqut, nə zər,Qızıl bu gün məndə, sabah səndədir,Əbədi özüllər, ədəbi köklərBir ovuc torpağın üzərindədir.

Ovcumda duyduqca bu hərarətiGözümdə nə qədər ulduz yanıbdır.Nizami kamalı, Babək qüdrəti,Bir ovuc torpaqla mayalanıbdır.

Onu düşünürəm, fikrimdə aləm,İlk eşqim, son andım bu günə kimi.Bir ovuc torpaqdan dönən deyiləm,Bir ovuc torpağa dönənə kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar