Ey enişli-yoxuşlu ömrün ömürsüz yolu,Ey həyat yaranışdan qüssə dolu, qəm dolu,İtirmək asandırmı yeganə, əziz oğlu?Bu sınaq meydanında cürət saxladı məni.

Qapıdan kəsilmədi gediş-gəliş bir an da,Dan yeri ağaranda, dan yeri saralanda,Balalar balam kimi boynuma sarılanda,Məhəbbət həyan oldu, hörmət saxladı məni.

Gah açıq nalə çəkdi, gah gizli yandı şair,İçindən yaralanıb, qana boyandı şair.Bir səs: – Gözlə özünü...Bir səs: – Amandı, şairQayğı, təsəlli dolu söhbət saxladı məni.

Baharım qışa döndü, yerlər, göylər qaraldı,Bulud bir də oynadı, şimşək bir də gurladı.Adım babamın adı, batırmıram bu adı,Dədə-baba dəyanət, qeyrət saxladı məni.

Könlümdə közərməmiş neçə qığılcım qalıb,Bir şeir marağında min-min oxucum qalıb,Qədirbilən kəslərə misilsiz borcum qalıb,Vətənimə, xalqıma xidmət saxladı məni.

Yenə meylim səfərdə, yenə fikrimdə aləm,Yenə Zalqızı Gülnaz, yenə yaralı Dilqəm,Yenə önümdə kağız, yenə əlimdə qələm,Zəhmətə qurban olum, zəhmət saxladı məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri