Axşam əzanından sonra
Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.
Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Şəhər rəisi bura çatanda hökmdarın dediklərini “qeyrətinə sığışdıra bilməyib” edilən töhmətləri də, deyilən acı sözləri də unutmağa çalışırdı. Belə vaxtlarda isə onun dadına ancaq şərab çatardı...
– Nəsrin!
– Bəli.
– Gəl, piyaləmi doldur.
– Baş üstə.
– Başın Seyidabad gülləri üstə.
Nəsrin xatun bəzək otağından çıxdı, nazlana-nazlana gəlib ərinin yanında dayandı. Əyilib mizin üstündəki balaca gümüş gülabzəni götürdü, qızıl piyaləyə şərab süzdü.
Rəis başını qaldırıb əlvan Təbriz xatayından xalat geyən, qara gur saçlarını, boyun-boğazını ətrə tutan arvadını altdan-yuxarı çox diqqətlə süzdü.
– Niyə elə baxırsan? – Nəsrin xatun əzilib-büzüldü.
– Xoşuma gəlirsən... Gətir yanağından öpüm.
– Belim ağrıyır. – Nəsrin xatun sol əlinin dalını onun ağzının üstünə qoydu – Əyilə bilmirəm...
Nəsrun xatun yalan danışırdı. Yalan danışırdı deyəndə ki, öz qadın nəfsinə, kişiyə olan iştahasına anasının südü kimi bələd idi. Həm də onun üçün heç bir fərqi yox idi, şah dodağı, yaxud gəda, sipəhsllar dodağı, yaxud mühafiz. Təki dodaq olsun, hərarətli, çılğın, onun sönüb gedən hisslərini dirildən, cana gətirən kişi dodağı...
Axı dodağı kişi dodağına deyəndə ölüb-dirilirdi, bütün bədəni od tutub yanırdı, az qala o dünyalıq olub gedirdi. Bir də ona görə yalan danışırdı ki, son illərdə bir-birini aldatmaq onlar üçün bir növ adət halını almışdı, mərzə çevrilmişdi. Rəis öz işində idi, xatun da öz işin də...
¹ Yolkəsənlər
² Kef yoldaşları
Yanaqdan öpüş istəyən ev sahibi fərqinə varmadan sahibənin əlini öpə-öpə oradaca mürgüləyib yuxuya getdi. Nəsrin xatun ürəyində ərinin qarasınca deyindi: “Boyuna xam iplik tutum... Kişiyə bax, ağzına bir piyalə şərab dəyən kimi yeddi illik yuxuya gedir. Evini karvana yükləyib aparsınlar, övrətini evindən oğrasınlar – xəbəri olmaz... Bu baş-qulağınan da iki günün biri başıma vurur ki, züriyyətsizlik...”. Kəniz çağırdı, işarə edib ərinin elə həmin otaqdakı dibacədə yerini rahatladı, süfrəni yığışdırtdı və yenə öz otağına keçib bədənnüma güzgünün qabağında əyləşdi, zümzümə edə-edə bəzək-düzəyini əyər-əskiyini tamamlamağa başladı. Üzünə Nüşapür kirşanı çəkdi, yanaqlarına İsfahan qımızı sürtdü. Bir azdan sonra zümzüməsi otağa doldu, arada mahnıya da çevrildi: “Əzizinəm, yar dərdi, Mən gül əkdim yar dərdi. Ürəyimə toxunma, Bil onun da var dərdi...”
...Qapı açıldı, içəriyə öskürə-öskürə üç kişi daxil oldu. Gələnlərin biri Hatib ibn Mübarək, biri memar Məsud ibn Əbutahir və biri də saray şairi Kəmaləddin Naxçıvani idi.
Onları şəhər rəisinin özü qarşıladı. Mizin başındakı dibacədə xeyli mürgüləməsinə, ayılandan sonra əməlli-başlı yuyundurulub, çimizdirilməsinə baxmayaraq rəisin qaş-qabağından zəhər tökülürdü. Axşam əzanından sonra baş şeyxin yanına iki nəfəri salıb gəlməsi onun ürəyincə olmasa da, heç nə deyə bilmədi.
Axı “Göydə bir olan Allahın, yerdə isə xilafətin vəkili və “nümayəndəsi” şəhərdə istədiyi adamın qapısını istədiyi vaxt açıb içəriyə varid ola bilərdi, istədiyi adama istədiyi sualı verə bilərdi, istədiyi adamdan istədiyi cavabı tələb edə bilərdi. Bu ixtiyari Allah-Təala özü əta etmişdi, bu haqqı ona Allahın müqəddəs kəlamları olan Quran bağışlamışdı.
Nəsrin xatun bəzənib-düzənəndən sonra mələkənin növbəti görüşünə getmişdi.
Gələnlər rəislə salamlaşdılar, baş şeyx təklif gözləmədən keçib başda əyləşdi, memarlar şair isə təklif olunan kürsülərdə öz yerlərini tutdular.
– Demək biz belə qanaq ki, hökmdar bizim ricamızı nəzərə almaq fikrində deyil? – Baş şeyx rəisə bir neçə vaxt bundan əvvəl dediyi sözləri bir də təkrar etdi. – Qureyş aqilləri deyiblər: “La tərkəb farasə ğayrikə!”¹
¹ Özgə atına minən tez düşər (ərəb.)
Rəis başı dumanlı olsa da, daşın hara və niyə atdıldığını dərhal başa düşdü.
– Kimə-kimə, amma sizə... belə narahatçılıq yaraşmır, cənab əş-şeyx ər-rəis!
– Niyə yaraşmır? – Baş şeyx əlində çevirdiyi səddadənin şəvə kimi qara dənələrini ovcunun içərisinə yığıb əsəbi-əsəbi silkələdi. – Allah-təalanın bu Nəxçovan şəhərində məndən başqa da vəkili var? Cavab almadığı üçün bir də sual elədi: – Soruşuram: var, ya yox?.. Əlbəttə, yoxdur. – Memar Məsud ibn Əbutahir qabağa düşüb baş şeyxin sualına əvvəl cavab verdi.
Kəmaləddin Naxçıvani də yarıciddi, yarızarafatla öz fikrini bildirdi:
– Möhtərəm əş-şeyx ər-əris cənabları vəkil deyil, Allah-təalanın Yer üzündə mövcud olan yeganə xəlifəsi əmirəlmöminin ən nüfuzlu, ən mötəbər nümayəndəsidir.
Rəis əvvəlcə memara, sonra şairə sərt bir nəzər yeritdi və kinayə ilə gülümsəyib xəbər aldı:
– Onda belə çıxır ki, vəkillərdən də biri cənab memar Məsud ibn Əbutahirdir, digəri də şair Kəmaləddin Naxçıvani, eləmi? – Rəis sualına cavab almağını gözləməyib hirslə əlavə etdi: – Əvvəlan, mən sizi evimə dəvət etməmişəm, ikincisi də sizə danışmağa, fikir yürütməyə icazə verməmişəm, üçüncüsü, də siz rəisin hüzurundasız, özü də evimdəsiz!.. Deyin görüm gəlməkdə fikriniz, məqsədiniz nədir?
– Onları mən gətirmişəm, cənab rəis. – Bu sözləri baş şeyx çox rəsmi, bir az da kinayə ilə dedi, sonra səddadəsinin dənələrini çox arxayın-arxayın qoşalayıb əlindən-əlinə ötürdü, bu o demək idi ki, vacib iş üçün gəlmişəm, özü də bilə-bilə tək gəlməmişəm. Və mənimlə gələn kim olur-olsun, siz rəisin borcudur ki, ona ehtiram göstərəsən, hörmət qoyasan. Yoxsa unutmusan ki, nəzərini üstündən çəkdim hələ atabəy-əzəmin dövründə şələni vermişdilər qoltuğuna. O ki, qala sarayın ikinci sahibinə, nə vaxt göz eləsəm, harayın Bağdada çatmamış tükünü didər... Ağır otur, batman gəl!..
– Sən bilirsən ki, Cahan sərdabənin tikilməsi barədə xüsusi fərman hazırlayır?
– Bilirəm.
Rəisin cavabı baş şeyxin xoşuna gəlmədi, çünki onun səsində deyəsən, əsəbilik var idi.
– Düzünü de, bizim ricamızı ona çatdırmısan, ya yox?
– Demişəm. Deyir Əbubəkr oğlu tikəcək sərdabəni... Deyir guya bu, atabəy-əzəmin də arzusu imiş... Bir də deyir ki, anamı, Möminə xatunu yuxuda görmüşəm, o da deyib ki, qəbrim üstə sovməəni tapşır Əbubəkr oğlu tiksin, Şeyx Yusifin sovməəsini tikən kimi...
– Dirilərin ricasını saya salan yoxdur, mərhumların yuxuda etdikləri xahişləri də ödənilir. Bir işə bax, ha! – Məsud ibn Əbutahir oyalandı və baş şeyxi bir az da qızışdırmaq istədi.
– Cahan sovməə tikdirmir...
– Elə iş oradadır ki, sovməə tikdirmir. – Rəis baş şeyxin yarımçıq qalan fikrini tamamladı.
Baş şeyx nə fikirləşdisə sözünü yarımçıq kəsdi. Səddanəni ovcuna yığdı və sonra ləbaddəsinin cibinə qoydu, qəribə bir nəzərlə rəisə baxdı. Elə bil bu baxışla demək istədi ki, sənin nədən xəbərin var ki, bundan da xəbərin ola.
– Demədin ki, Məsud ibn Əbutahir də memardı?
Rəis elə bil baş şeyxin çürükçülük etməsindən darıxdı.
– Dedim... Deyir ki, Əbubəkr oğlu istəsə usta Məsudu özünə müavin götürə bilər.
Məsud ibn Əbutahir bu sözləri eşidən kimi öz-özünə donquldandı:
– Mən şeyx övladı ola-ola bir dulusçunun oğluna müavin işləyim?
– Sonra rəisə müraciətlə soruşdu: – Saray sahibi bildi ki, mən sərdabəyə çəkilən xərcin altıda birinə də razıyam?
– Onu da dedim, bildi... Dedi ki, ucuz ətin şorbası olmaz. – Baş şeyxin əvvəlki söhbətinə qayıtdı: – Dedi ki mən adicə sovməə tikmirəm... məqbərə tikirəm... hələ bəlkə qəsr tikdirdi... Əbubəkr oğlu isə işə, muzd barədə hökmdara heç nə deməyib. Bu da onun xoşuna gəlib. Vəzir də Səddəin Əsədə tapşırıb ki, ümumi qaydanı pozsun və fərmanda tikili üçün çəkilən xərcin beşdə biri qədər yox, dörddə biri qədər muzd ayrılmasını göstərsin. Bundan əlavə, eşitdirib ki, tikilinin özülünə bir kisə qızıl tökəcəyəm... Özü də xalis səlcuq qızılı... Hələ söz arası eşitdirdi ki, sərdabə yaxşı çıxsa, Əbubəkr oğluna bir nalbənd, bir çörəkçi dükanının gəlirini vəqf kəsəcək. Hələ bəlkə ayrıca Əcəmi zaviyyəsi də yaratdı...
Otağa sükut çökdü, heç kim danışmadı. Baş şeyx səddanəsini ləbbadəsinin qoltuq cibindən çıxarıb təzədən çevirməyə başladı. Kəmaləddin Naxçıvani isə baş şeyxə, Məsud ibn Əbutahirə od qoymaq istədi:
– Heyf!.. heyf!
Baş şeyx şairin heyfsilənməkdəki eyhamı başa düşmədi:
– Bəs demədin ki, Əbubəkr oğlu məscidin, qəzavatxananın qənşərindən keçəndə az qalır yanını qaşısın... Necə rəva görürsən ki, belə bir bəndə sənin ananın məzarı üstündə sərdabə tiksin? Mərhum atabəy-əzəmin ağıllı, sevimli övrətinin müqəddəs ruhunu narahat etsin, gecələr əcinnələr məzara doluşub nalayiq hərəkətlər törətsinlər? Yox, deyəsən, mən özüm hökmdarın yanına getməli olacağam.
– Hökmdar bu günlərdə Həmədana qayıdır və buna görə də heç kimi qəbul etmir. – Rəis bu dəfə sakit və bir az da təəssüflə fikrini baş şeyxə çatdırdı.
Elə oradaca da fikirləşdi: “Görəsən bu qoca islamçı, bənna oğlundan nə istəyir?. Onun ilk məhəbbətini daşa çırpdı, Dəryanuru əlindən aldı. Özündən də əl çəkmək istəmir. Əcəmi adı eşidəndə varından-yoxundan olur. Elə bil dəliyə qırmızı göstərirlər. Mən heç bilməzdim ki, dindarların kin-küdurəti də islama etiqadları kimi qatı olurmuş...”
Son sözləri müraciətdən çox sarayın ünvanına giley-güzara çevrildiyindən rəis cavab vermədi.
– Hökmdar ki, öz zənənini özündən yuxarı başa keçirdi, rəiyyət gərək özü gedib öz qəbrini qaza. Deyirlər kişinin nəyi övrətin əlində olursa olsun, eyb etməz, gərək bir atı, bir saqqalı, bir də sözü özünçün ola...
Kəmaləddin Naxçıvaninin ikibaşlı danışığından rəis alınsa da, baş şeyx dərhal nə isə oğurladı.
– Deyəsən, səndə təzə xəbər var axı?
Kəmaləddin Naxçıvani o tərəf-bu tərəfə baxdı, alnının qırışlarını sıxlaşdırdı, əlini gicgahlarına tökülən seyrək tüklərinə çəkib dedi:
– Hökmdar Əlincə ovda olanda, Pir cuvarındakı cədəlgahda qoşunun təliminə baxmağa gedəndə Əcəminin mələkənin yanından çıxan görüblər...
Rəis dərhal onun ağzının üstündən vurdu:
– Siz naxçıvanlılar elə sözbaz olursunuz... O ki, qala hələ şüəra-sına! Nə istəyirsən, nə qədər istəyirsən quraşdırsınlar sənin üçün saxta sözləri. Gündə onunu, yüzünü. Bəh-bəh, danışdı da! Buna heç kim inanmaz!
Baş şeyx isə fikrini qəti bildirdi:
– Heç kim də inanmasa, hökmdar inanar. Allahın elçisi olan mən, – sinəsinə döydü, – dəfələrlə belə qənaətə gəlmişəm ki, şahlar, padşahlar bütün ömürləri boyu şübhə içində yaşayıblar, onların ölümlərini də son məqamda baltalayan elə şübhə olub. Onlar şübhə ilə qidalanıblar, şübhə ilə nəfəs alıblar. Onların əməlləri də şübhə ilə yoğrulub, şübhə ilə naxışlanıb...
– Hökmdar öz övrətlərinə inanır... Başınız bədəninizə ağırlıq etməsin. – Rəis qəti xəbərdarlıq etdi.
Kəmaləddin Naxçıvani ürəyində baş şeyxə rişxənd etsə də, “Köpəyin duası müstəcəb olsaydı, göydən yağış əvəzinə sümük yağardı” kəlamını xatırlasa da, əl-qolunu ölçərək bədahətən şeir qoşub onu mədh etməyi də lazım bildi: “Günəş kimi nur saçır bizim qüdsi-barigah. Onu daim hifz elə, aqil və bazil Allah!”...
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-axsam-ezanindan-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,
Şəhdigül...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.
Bu xatirə yenə Əcəmi dilindəndir“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.
Əli ŞimşəkƏcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.