Ay işığında
Aylı yay gecələrindən biri idi. Havadan elə bil od-alov yağırdı... Ancaq bir az keçəndən sonra hava yavaş-yavaş sərinlədi, Yəzdi-Kürd tərəfindən əsən meh bürkünü qovub içəri küçələrdən, həyətlərdən, sonra da şəhərdən uzaqlaşdırmağa başladı...
Şəhdigül yataqlarını axşam həyətdəki kətildə salmışdı, bürküdən darıxdıqları üçün Əcəmi balaca kilimi də, yorğan-döşəyi də çiyninə alıb pilləkənlə damın üstünə qaldırmışdı. Onun dalınca pillələri qalxan ev sahibəsi yatacağı yer-yurd eləmiş, sonra ərinin yanına uzanaraq gözlərini bədirlənmiş aya dikib dərin fikrə getmişdi. Əcəmini yorğun bildiyi üçün onu sual-cavaba da tutmamışdı. Fikirləşmişdi. “İşinin qızğın çağıdı... tez gedib, gec qayıdır... qoy yatıb dincəlsin...” Ancaq Əcəminin döşəkdə tez-tez böyrünü dəyişdiyini görüb Şəhdigül yenə dinc durmadı:
– Oyaqsan?
– Hə... yuxum qaçdı...
– Gördün, ha budu, deyəsən, hava sərinləyir...
– Sərinləyəcək... Bizim şəhər gecələr heç vaxt küləksiz olmur...
Yoxsa yay aylarında adam bürküdən lap boğulur... Sənə bir az çətindi, amma mən öyrənmişəm...
– Yavaş-yavaş mən də öyrəşərəm.
– Öyrəşəcəksən, amma gec öyrəşəcəksən... Axı sən kənd qızısan, Şəhdi... Sərin çeşmələri, gözəl ab-havası olan bir kəndin qızı... Səni belə qəşəng, gümrah, tutiməqam eləyən də elə o kəndin suyudu, ab-havasıdı...
Şəhdigül yatanda arxası qatda uzanan Əcəminin böyrünə qısıldı.
– Hamısını başa düşdüm, amma tutiməqam nədi, onu başa düşmədim... Neçə dəfə demişəm ki, mənimlə qəliz dildə danışma... İndicə dedin ki, kəndli qızıyam, başa düşmürəm...
Əcəmi güldü, böyrü üstə çevrilib ona tərəf döndü. Gözlərin buludsuz səmadan yavaş-yavaş məğribə tərəf enən aydan çəkən Şəhdigül də onun başının altında qoyduğu qolunu çəkib yana uzatdı, qara hörüklərini boynun dalına yığıb başını ərinin sinəsinə söykədi.
– Hər gəlinə tutiməqam deməzlər... Sən həqiqətən tutiməqamsan. Yəni şirindilli. – Əcəmi onu yamsıladı: – Ha budu, bal kimi şirin dil...
– Di yaxşı! – Şəhdigül barmaqlarının üçünü Əcəminin dodaqları üstünə qoydu, sonra bir uşaq dəcəlliyi ilə saqqalını oxşadı. – Yorulmadın məni tərifləməkdən?.. Elə danışırsan ki, ha budu, elə bil bu dünyada məndən başqa qız-gəlin yoxdu! – Bu dəfə səsindəki ərköyünlüyü, həm də şübhəni Əcəmidən gizlədə bilmədi.
– Niyə yoxdu?.. Var. – Əcəmi aram-aram dedi: – Qız-gəlinə nə gəlib... Amma səndən yoxdu, sənin kimi ürəyəyatanı, ürəyiaçığı yoxdu. Sən yaxşı qızsan, Şəhdi! – Əcəmi onun alnından öpdü.
– Alnımdan niyə öpürsən? – Əlini Əcəminin sinəsində gəzdirdi. – Sonra dikəlib onu öpdü və arxası qatda düşüb qaldı.
Əcəmi onun öpüşünü cavabsız qoydu. Şəhdigül elə bil incidi, başını yana çəkdi, Əcəminin qolunu başının altından çıxardı, dirsəkdən qatlayıb sahibinin sinəsi üstünə aşırdı.
– Ay şıltaq!..
Araya xeyli sükut çökdü.
Ay məğribə tərəf xeyli əyilmişdi. Şəhdigül başını yastıqdan qaldırıb dikəldi, yerinin içərisində oturub, dizlərini qucaqladı.
– İstəyirəm... Ha budu... bir söz soruşam, inciməzsən ki?
– Niyə inciyirəm, soruş. – Əcəmi əli ilə onun kürəyini oxşadı.
– Şeyxin qızını da çox istəyirdin?
– Hansı şeyxin?
– Hatibdi, itibdi... Onun da...
Əcəmi güldü, sonra zarafata keçdi:
– Ha budu, sən ki, baş şeyxə lap qəşəng ad tapmısan...
– Sözümü qəribliyə salma... Dəryanuru deyirəm.
Əcəmi əlini Şəhdigülün kürəyindən çəkdi və onun sualına birdən cavab vermədi. Bir müddət heç biri dinib danışmadı...
Tut ağacında gecələyən sərçələrdən “pırr” eləyib başqa budağın üstünə qondu. Bir neçə sərçə bir-iki ağız civildəyib səsini kəsdi...
– Haradansa, lap uzaqda bir xoruz vaxtsız banladı...
Şəhdigülsə elə bu anda verdiyi sualın xəcalətini çəkdi. Anasının bir vaxtı siğə bacılığı Xəzəngülə dediyi sözlər yadına düşdü: “Qız uşağı ki, ər evinə ayaq basıb gəlin oldu, gərək sahibinin işlərinə qarışmaya... Qarışsa ortada həmişə inciklik olar. Çünki kişi öz evinin qibləsini hamıdan yaxşı bilər. Elə öz övrətindən də... Kişiyə kişi deyiblər...”
Əcəmi belə bir sualı gözləmirdi. Gözləmirdi ki, bütün varlığı ilə ona bağlanan bu sadə kəndli qızı bir gün onun köhnə yarasının qaysağını qoparar, onun yavaş-yavaş unutmağa çalışdığı nisgilini təzədən təzələyə bilər... Əcəminin xəyalı ötən illərə qayıtsa da, gözləri buludsuz səmaya zilləndi. Üfüqdə, göyün lap dərinliyində ara-sıra gözə dəyən ulduzlara baxdı. Ayın gur işığında onlar güclə işarırdılar. Əcəmi həmin ulduzları uğursuz ilk məhəbbətinin çoxdan sönüb itən işığına bənzətdi. Bədirlənmiş Ay isə ona gecənin yarısı dizlərin qucaqlayıb yanında əyləşən, verdiyi qəfil sualın xəcalətini çəkən ömür-gün yoldaşının timsalı kimi baxırdı. “Nə cavab verim?.. Düzün deyim, ya yalan danışıb aldadım?.. Düzünü desəm ürəyinə xal salacağam... yalan desəm özümü bağışlaya bilməyəcəyəm. Hə, ver cavabını, durub-oturub təriflədiyin, mədhiyyə dediyin cavan arvadının, hərdən bir gülə, bülbülə bənzətdiyin Şəhdigülünün...”
Şəhdigül özü Əcəmini çətinlikdən qurtardı.
– Deyəsən, elə sən, ha budu, qızları-gəlinləri istəməyi bacarırsan... Şeyxin qızını onda istəyə bilmisən ki, indi də məni istəyə bilirsən... Yoxsa istəməyi əvvəlcədən bacarmasaydın, heç məni də, ha budu, indi necə istəyə bilərdin?..
Əcəminin yadına anası Badisəbanın neçə-neçə illər bundan əvvəl toxuduğu xalçaya heyran-heyran baxarkən dediyi karıxdırmalardan biri düşdü: “...Bu mis nə pis mis imiş, bu mis Misir misi imiş...”
Bir müddət gözlərini səmada gəzdirdi, göyün dərinliyində işaran ulduzları saydı “bir, iki, üç...” Sonra Aya baxdı... Birdən haradansa bir parça bulud qəfil Ayın qabağına keçdi, bu an səmada gözünə quzeydən güneyə uzanan “karvan yolu” görünüb yox oldu. Əcəmiyə elə gəldi ki, yaşıl-yaşıl dərəynən axan köpüklü bir çayın suları xırp kəsildi... Fikirləşdi: “Bax, onu da, neçə-neçə illər keçəndən sonra adını kimdənsə eşidib öyrəndiyin, yaxud kiminsə aramıza girmək qəsdilə qulağına pıçıldadığı Dəryanur da baş şeyx belə gecələrin birində, nağıllarda deyilən kimi şəhərdən gizlincə çıxarıb intəhası bilinməyən eləcə bir yolla apardı... Və o, bir daha geri qayıtmadı... Məni ona, onu mənə həsrət qoydu, tamarzı qoydu qoca Bağdad tülküsü...”
– Bilirsən nə var, Şəhdi? – Nəhayət, danışdı Əcəmi.
– Haradan bilirəm?.. Deyərsən, ha budu, bilərəm.
– Sənə yalan deməyə mənim dilim var gətirmir... Əcəmi nəzərlərini səmadan çəkdi, başını yastıqdan qaldırdı və dikəlib yerinin içərisində Şəhdigüllə yanaşı oturdu. – İndi ki, soruşursan, gərək düzünü deyəm... Adını çəkdiyin Dəryanur baş şeyxin qızı deyildi... Bir kasıb kişinin qızıydı... Özü də çox gözəl idi. Təmiz ürəyi var idi, mehribanıdı, heç kimə pislik eləməzdi. Ancaq bədbəxt idi. Elə bədbəxt də oldu. Baş şeyx onu götürüb gizlincə, bir gecə hara apardısa heç kim xəbər tutmadı... – Şəhdigül üzünü Əcəminin çiyninə söykədi. O, ağlayırdı. Əcəmi Dəryanur barədə başladığı söhbəti yarımçıq kəsdi. Sən ağlayırsan?
– Hə... ağlayıram... Dəryanur kimi bir qızın başına gələn müsibəti eşidəndə, ha budu, adamın göz yaşı sözünə necə baxa bilər? – Şəhdigül gecə köynəyinin yaxası ilə göz yaşını sildi. – Daha dalını demə, Əcəmi...
Əcəmi kiridi, Şəhdigülün ürəyiaçıqlığına, ürəyiyumşaqlığına təzədən heyrət etdi, qolunu onun çiyninə aşırdı və söhbəti dəyişincə çalışdı: – Sənin də, mənim də yadımızdan çıxıb ki, gecə yarısıdı, hamı yatıb, biz isə oturub köhnə boxça sökürük. Görürsən, Ay da yavaş-yavaş batmağa gedir.
Şəhdigül başını qaldırıb məğribə sallanan Aya baxdı və bilə-bilə söhbəti dəyişdi:
– Bilirsən yadıma nə düşdü?.. Gülmə ha! Qoy danışım... Bilmirəm neçə yaşım olardı. Deyirdim bə, ha budu, gecələr hər həyətin üstündə bir Ay doğur. Bir gün gördüm ki, bizim Ayın yarısı yoxdu. Başladım zır-zır ağlamağa ki, ha budu, bizim Ayın yarısını Muxtarəddin kişinin oğlu oğurlayıb... Bilirsən niyə belə deyirdim? Ona görə ki, qonşumuz Muxtarəddin kişinin oğlu iki gün əvvəl, gecə divardan aşıb həyətimizə düşmüşdü. Sonra da hinimizi açıb mənim xoşuma gələn [?] xoruzumuzu oğurlayıb aparmışdı.
Əcəmi özünü saxlaya bilməyib xeyli güldü:
– Oyunun olsun, Şəhdi!.. Qiyamətsən, vallah!..
– Onun da bir gic arvadı var!.. Şəhdigül dirsəyilə Əcəminin böyrünü dümsüklədi.
– Gecə keçir ha, Şəhdi. – Əcəmi əsnədi.
– Doğrudan ha! Oyaq elə üçümüzük... Sən, mən, bir də Ay – sonra öz-özünə danışır kimi əlavə etdi: – Kim yatıb, kim oyaq? Hamı yatıb cırtdan oyaq!.. Özümü deyirəm ha, Əcəmi ha budu, səni cırtdana oxşatmaq ürəyimdən gəlməz... Sən böyük adamsan! Cəmil qardaş da bir dəfə dedi ki, Əbubəkr oğlu dünyada təkdi... Ucaltdığı abidə kimi!.. Belədi ki, deyir Cahan Pəhləvanın özü də abidəyə baxanda ağzı açıla qalıb, hələ tikilib qurtarandan sonra, ha budu, ağzı lap açıq qalacaq. Axı mənim Əcəmimin əlləri qızıldı!.. – Şəhdigül Əcəminin əlini dodaqlarına dayayıb öpməyə başladı. – Sənin bu əllərinə qurban kəsilim!..
– Di yaxşı... Ay baxır, ulduzlar baxır...
Şəhdigül nəzərlərini göyə zillədi:
– Əcəmi, sənnən mənim ulduzum da onların içərisindədi? Axı anam deyərdi ki, ha budu, hərənin göydə bir ulduzu var...
Əcəmi əli ilə güney tərəfdə, üfüqlə parıldayan bir ulduzu göstərdi:
– Bax, o parlayan sənin ulduzundu... Onun yanındakı da mənim.
– Doğrudan?
– Lap doğrudan.
– Əcəmi, sən bilərsən, ha budu, göydə necə ulduz var?
– Ha çox.
– O ulduzların sayı çox olar, yoxsa sənin abidəyə hördüyün kərpiclərin? Əcəmi güldü.
– Ay qız, bu gecə vaxtı dilotu yemisən? – Əcəmi onu qucaqlayıb özü ilə bərabər yatağa uzatdı və belə vaxtlarda onu kirimək üçün dediyi sözü təkrar etdi: – Qara qazan, qup!.. Yatdıq!..
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-ay-isiginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
ÜnçəqayGəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.