Səhifə 7 / 7 · 86%

– Onlar axmaq-axmaq işlər tuturlar, sən də gülürsən.

Ancaq cavan tacirin sözləri qızın xoşuna gəlmədi, ürəyində o, zarafatcıl bəy oğlanlarını heç də axmaq hesab eləmədi. Cavan tacir ağıllı da olsa, qadın tayfası barədə təcrübəsiz idi, elə bildi ki, bu qızıl vəznəli, gümüş xəncərli, yaraşıqlı oğlanların axmaqlığı barədə onun dediklərinə nişanlısı inandı. Tay bilmədi ki, sözləri qızın ürəyində onun, yəni cavan tacirin zərərinə oldu. Tapışdıqları vaxtdan birinci dəfə olaraq nişanlısının belə bir bəy oğlu olmadığına qız ürəyinin dərinliklərində heyifsiləndi. Cavan tacirin geyimi də, ağırbaşlı hərəkəti də qıza indi birdən-birə xoş gəlmədi. Ancaq, necə deyərlər, iş-işdən keçmişdi.

Həsən bəy axşam iftardan sonra üçatlı faytonunu qoşduraraq qazı ağa ilə birlikdə əyləşib getdilər Qarabulağa, Bayram bəyin evinə. Bayram bəy o saat başa düşdü ki, bunlar nəyə gəlib. O biri otaqda Fatma xanım bildi ki, Həsən bəylə qazı ağa nəyə gəlib. Ancaq iki dünya bir olub, biri də heç olsa, Bağdad bəyin nəvəsi Fatma xanımın ürəyi heç zaman bu işlə barışmayacaq. Qozsatan Güney güzdəkli gədəsi pristav Bayram bəyin kürəkəni olsun?! Qızın əvvəlki nişanlısının atası Hacı Hüseyn rəiyyət də olsa, adlı-sanlı tərəkəmə idi. Vurub-tutan, sayılan adam idi, qoyun sürülərinin, at ilxılarının, bir ucu buradaydı, bir ucu harada... Güney güzdəkli gədəsi kimdir?! Tərəzi gözünə baxan bir çərçi, (Fatma xanımın ticarət əhlindən zəhləsi getdiyi üçün hamısını «tərəzi gözünə baxan çərçi» adlandırırdı), özü də irtməkli sünni. Ancaq Bayram bəy başqa cür fikirləşirdi, Bayram bəy uzaqgörən adam idi, baxıb gördü ki, indi dünya ticarətindir. Abdulla da, insafən, çox ağıllı, zirək tacirdir. Az vaxtda əməlli-başlı mağaza sahibi olub, hörmət, etibar qazanıb, Moskva, Kiyev, Xarkov kimi şəhərlərlə ticarət edir. Qaldı sünni olmağı... Bayram bəy heylə şeylərə fikir verən döyül. Nə sünni-şiəbazlıqdı? Bunlar hamısı lotu-potu mollaların uydurmalarıdır.

Bütün bunlara görə də qazı ağa ilə Həsən bəy barışıq məsələsini açanda Bayram bəy çox ustalıqla özünü tox tutub dedi:

– Vaxta ki, siz gəlmisiniz, nə deyə bilərəm?

Qazı ağa dedi:

– Allah xeyir versin!

Həsən bəy dedi:

– Gərək bu xeyir işin sağlığına bir qədər qırmızı Hadrut şərabı vuraq.

Bayram bəy də gülümsəyib dedi:

– Qazı ağa icazə versə, vurmaq olar.

Həsən bəy dedi:

– Qazı ağa ilə sövdalaşmışıq, biz onun arvadbazlığının üstünü vurmuruq, o da bizim şərab istemal eləməyimizin.

Bayram bəy gülüb Bünyadı çağırıb əmr verdi ki, o biri otaqda süfrə açıb, zirzəmidən də şərab çıxarsınlar.

Bayram bəyin razılığını alandan sonra Güney Güzdəkdən cavan tacirin əmisi Abdulla Əfəndi, başqa qohum-qardaşı gəldi. Qızın kəbini kəsildi, sonra da oğlanla qızı gətirib, Bayram bəylə barışdırdılar.

Fatma xanım nə qızının üzündən öpdü, nə də kürəkəninin üzünə baxdı, ancaq Bayram bəy razılıq verəndən sonra nə eləyə bilərdi?

Cavan tacir külfətini apardı Məşədi Cəlilin mülkündə kirayə tutduğu evə...

... Yazda sənin dayın Nuru ilə Haramıda, alaçığın qabağında söhbət edirdik. Xaynamaz Qarabulaqdan gəlib xəbər gətirdi ki:

– Yaqutun bir gilasgöz oğlu oldu, yəni sən dünyaya gəldin, ay Murad! Nuru dayın ona üç manat muştuluq verdi. Sənin babalarının, nənələrinin əhvalatları belə olub, əlbəttə ki, mən ancaq yadıma düşənləri danışdım, kim bilir, onların həyatında daha nə qədər əhvalatlar olub... Neyləmək?.. Bu dünyada igid babalardan, nənələrdən yadımıza düşənlərdən başqa nə qalır ki?..

Möhnət qoca qəlyanından bir nəfəs alıb, üfüqdə gümüş bir xətt kimi parıldayan Araza baxdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 dəq
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 dəq
Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 dəq
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 dəq

Başqa şairlərin şeirləri