Səhifə 1 / 3

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...

Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

... O, bir neçə ay bekar gəzdi... Əlbəttə, təzə filmlər, primyeralar tez-tez olmurdu. Firəngiz darıxırdı.

Atası iyirmi beş ildən artıq idi ki, statistika idarəsində işləyirdi. Bir gün qızına dedi ki, bekar gəzmək yaxşı deyil, öz idarəmizdə sənə balaca bir iş düzəldək, gir, işlə. Anası da bu fikrə şərik çıxdı:

– Onsuz da, – dedi – gələn il ali məktəbə girmək üçün sənə iş barədə kağız lazım olacaq.

Və qız, istər-istəməz, statistika idarəsində işə girdi. Ah, bu statistika idarəsi... Bu rəqəmlər... Sarımtıl kağızlar... Daşlarının rəngi getmiş məhsəbələr... Hər biri otuz-qırx il işləyən yaşlı mühasiblərin eynək arxasından adama dikilən soyuq baxışları... Ucuz kolbasa ilə çay içən yaşlı qadınların kobud fincanları... Saçlarını rəngləyən müdirin iyirmi il bundan qabaqkı dəbdə olan solğun qalstuku...

... Gələn yay Firəngiz universitetin filoloji fakültəsinə ərizə verdi. Fikirləşdi ki, nə qədər də olsa, incəsənətə yaxın sahədir. Bəlkə... bəlkə təzə ruhlu müasir bir tənqidçi oldu.

Ancaq hələ orta məktəbdə oxuduğu zaman bərk zəhləsi getdiyi qrammatikadan olan sualların heç birinə cavab verə bilmədi və kəsildi...

Və birdən öz taleyi onu qorxutmağa başladı. Bu qorxu onun gözəlliyini gözündən salırdı. Həyata qarşı onda anlaşılmaz bir yadlıq, bir şübhə baş qaldırdı. Lakin bununla belə, o özünü ləyaqətlə aparmağı bacaran bir qız idi. Sözsüz-hərəkətsiz təmiz ailədən idi.

Ordan-burdan elçilər gəlirdi. Telefon zəngləri olurdu. Lakin qız hamısını rədd edirdi. Bu da, xüsusən anasını əsəbiləşdirirdi. «İllər keçir...» deyə arvad deyinirdi. Firəngiz də cavab verirdi ki, «mən ali məktəbi qurtarmayınca ərə getməyəcəyəm».

Ancaq qızın elçiləri rədd etməsinin əsl səbəbi bu deyildi. Məsələ orasında idi ki, onu istəyən oğlanların biri iqtisadçı, biri baş mühasib, biri riyaziyyat müəllimi, biri, nə bilim, kim idi. Bu adamların hamısı da ona yabançı görünürdü. Onların içində yaraşıqlı olanları, necə deyərlər, həyatda özlərinə möhkəm yer tutanları da var idi. Lakin onlar qıza tamam yabançı idilər.

... Nəhayət, o, ata-anasının təkidi ilə və yenə də, istər-istəməz, Xalq Təsərrüfatı İnstitutunun gecə şöbəsinə daxil oldu. İndi o, gündüzlər sevmədiyi statistika idarəsində işləyir, gecələr sevmədiyi institutda oxuyur və yenə hər dəfə güzgüdə öz gözəlliyinə tamaşa eləyəndə həsrətlə yazıçı haqqında, rəssam haqqında, bəstəkar haqqında düşünürdü.

O, yenə də incəsənət xəbərlərini acgözlüklə izləyirdi, yeni sərgilərin, yeni tamaşaların heç birini buraxmırdı, yazıçıları, şairləri, rəssamları, artistləri yaxından görüb-tanımaq üçün fürsət düşdükcə, onların yığıncaqlarına, iclaslarına gedirdi. İndi onun ürəyində hamıdan gizli saxladığı yeni bir arzu da baş qaldırmışdı: indi ki, onun özünə incəsənət qismət olmadı, heç olmasa... ah, heç olmasa, əri o aləmdən olaydı. Qız heç vəchlə ürəyini o sehrli aləmdən qopara bilmirdi. O aləmdən ayrılmaq ona həyatdan, dünyanın ecazkar gözəlliklərindən ayrılmaq kimi gəlirdi.

Və tale bu dəfə ona yar oldu, qız bir toyda bir qədər aralıdakı stolda ultra dəbdə geyinmiş, qabaqdan seyrəlməkdə olan saçlarını arxadan xeyli uzatmış, barmağına iri platin üzük taxmış bir oğlan görüb pıçıltı ilə yanındakı qızdan soruşdu ki, kimdi o?

Qız oğlana ötəri bir nəzər salıb cavab verdi ki, toy yiyəsinin qohumu, rəssam Mürşüddür.

Bu rəssam xalq arasında məşhur olmasa da, Firəngiz bayram təntənələrində, rəsmi yığıncaqlarda oxunan və ya çap olunan siyahılarda onun adına rast gəlmişdi. Muzeylərdə, sərgilərdə bəzi rəsmlərini də görmüşdü. Doğrudur, bu rəsmlər onda elə bir təsir oyatmamışdı. Ancaq nə olsun? Pikassonun da tablolarını çox adam başa düşmürdü. Bəlkə, Mürşüdün də əsərlərində elə sirlər var ki, Firəngiz, ya başqaları onu dərk eləyə bilməyib yanından soyuq keçirlər.

Mürşüd qızdan azı iyirmi yaş böyük idi, ancaq nə olsun ki, məşhur dramaturq O'Nilin qızı Una əlli altı yaşlı Çarli Çaplinə ərə gedəndə on yeddi yaşında idi. Pikassonun arvadı özündən nə qədər kiçik idi...

Mürşüd elə bir yaraşıqlı adam deyildi, ancaq rəssamlığı qızın gözündə ona orijinal bir görkəm vermişdi. Barmağındakı qara qaşlı iri platin üzük qıza əsrarəngiz təsir bağışlayırdı. Köynəyi, qalstuku da heç kəsinkinə bənzəmirdi. Toydakı kişilərin hamısı kostyumda olduğu halda, o, yaşıl məxmər şalvarla, şabalıdı, tumac pencək geymişdi. O, demək olar ki, heç nə yemirdi. Elə hey konyak içir, siqaret çəkir və Firəngizə baxırdı. Ona müraciət eləyən adamlara qarşı üzündə elə bir təbəssüm yaranırdı ki, elə bil, o bu təbəssümü ilə sənə böyük bir iltifat göstərirdi. Elə bil, bu toya gəlişi ilə hamını şərəfyab etmişdi. Bütün bunlar da Firəngizə hədsiz dərəcədə yeni və maraqlı görünürdü. Rəssamın mərhəmətli baxışları altında qız bilmirdi neyləsin. Qız fərəh və səadət içindəydi. Qız rəssamın gözlərinə baxmağa cəsarət eləməsə də, bütün fikri onun yanında idi. Onun bütün hərəkətlərini görürdü...

Sonra qəribə bir hadisə oldu. Toy sovuşub, adamlar foyedə paltolarını alanda, rəssam qıza yaxınlaşıb, tamam bir açıq-saçıqlıqla pıçıldadı:

– Xahiş edirəm, mənə zəng eləyəsiniz...

Ancaq o, telefon nömrəsini vermədi. «Yəqin, bilir ki, onun nömrəsini tapmaq asandır» deyə qız ürəyində gülümsədi... O gecə uzun zaman gözünə yuxu getmədi. Səhər dərin bir həyəcan içində Mürşüdə zəng elədi. Hər şey sürətlə həll edildi və iki aydan sonra toyları oldu.

Qız göyün yeddinci qatındaydı. O, rəssamlar haqqındakı xəbərləri böyük maraqla izləyir, qəzetlərdə, radioda, televiziyada eyzən nişanlısının adını axtarır, rast gəldikdə, sevinclə ata-anasına xəbər verirdi. Ərinin emalatxanasını özü səliqəyə saldı. Elektrik çayniki, armudu stəkan, zərif nəlbəki, gümüş çay qaşığı, təmiz əl-üz dəsmalı, ətirli sabun qoydu. Balaca stolun üstünə kraxmallanmış süfrə saldı... Lakin Mürşüdün bu işdən xoşu gəlmədi, yarım saatın içində emalatxananın əvvəlki səliqəsizliyini bərpa etdi və qız bundan heç bir şey başa düşmədisə də, səbəbini soruşmadı, yəni bunu soruşmaq heç onun ağlına da gəlmədi. Qız özünü xoşbəxt sayırdı. Düzü, qız ərinin rəssamlığı ilə o qədər məşğul idi ki, öz səadəti haqqında düşünməyə vaxtı çatmırdı... Onun işləməyinə sevinclə tamaşa edir, yarımçıq rəsmlərin tez çəkilib qurtarması üçün tələsirdi. Bir dəfə o, statistika idarəsindən işdən çıxmaq istədiyini bildirdi.

Mürşüd dedi:

– Niyə? Ayda yüz manat çölə tökülməyib ki...

Qız bunu ürəyinə salmadı. O, evlərində, idarələrində elə hey Mürşüdün rəsmlərindən danışırdı, özü də o qədər həvəslə danışırdı ki, qulaq asanların üzündə yaranan biganə təbəssümün fərqinə də varmırdı. Bir dəfə emalatxanada ərinin işləməyinə tamaşa edərkən dedi:

– Bu gün qızlar Nərimanın təzə rəsmlərini yaman tərifləyirdilər.

Əri soruşdu:

– Hansı qızlar?

– Nərminə, Turac, Şəfiqə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri