Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.

Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.

Qayaburnu bağlarının əsas meyvəsi üzüm idi. Qol yoğunluğunda tənəklər, uca ərik, alma-gavalı ağaclarına sarılıb yuxarı qalxaraq, enli yarpaqlı qol-budaqları ilə bir-birlərinə elə sarılmışdılar ki, torpağa gün düşmürdü. Ağacların dibi tər otlarla örtülü olurdu. Mənə o da təəccüb gəlirdi ki, mən yaşda olan əmim oğlu Bəhlul o meşə kimi bağda heç zaman azmırdı. Öz bağlarının sərhədlərini heç vaxt dəyişik salmırdı.

Əmimgil uzun, nazik ağac budaqlarından ucu haça koxa qayıraraq ağaclara çıxıb onun köməyilə üzümü dərib özləri toxuduqları cəvərənlərə dolduraraq iplə aşağı sallayırdılar. Yerdəki arvadlar da cəvərənləri böyük səbətlərə boşaldırdılar. Səbətlərsə arabalara yüklənib kəndə daşınırdı. Mənim üçün ən maraqlı tamaşalardan biri də Qubad əmimin şalvarını çırmayıb ayaqlarını tərtəmiz yuduqdan sonra çardağın üstünə qalxıb çubuqlardan toxunmuş çətənlərə yığılan üzümü ayaqlayıb şirəsini çıxarmağı idi. Qubad əmim üzümü ayaqladıqca şirəsi tökülürdü çardağın altında qoyulmuş iri tiyanlara. Bu tiyanlar dolduqda aparıb qoyurdular ocağın üstünə ki, bişib bəhməz olsun. Sonra təzə qozun ləpəsini sapa düzüb salırdılar bəhməzin içinə, bəhməzin içində bişən ləpələr çox ləzzətli olurdu. Sonra bəhməzin bir hissəsinə gavalı, ya tut, ya ərik salıb irçal da bişirirdilər. Bu da bizim mürəbbələrə oxşayırdı. Üzüm yığılması, bəhməz bişirilməsi kənddə bayrama çevrilirdi. Hamı məmnun görünürdü.

Lakin birdən xəbər çıxdı ki, Vəli uşağından olan Vəliş, Əfəndi uşağından olan Cəbini Qayaburnu bağlarında doğrayıb öldürüb. Həmin saat aləm dəydi bir-birinə. Bizim qohum-qəbələdən olan kişilər – kimi xəncər, kimi tapança götürüb çıxdılar Yal deyilən meydana. Qubad əmim də işini yarımçıq qoyaraq, ayağını yuyub, geyinib getdi meydana. Axşamçağı məlum oldu ki, əhvalat Aynanın üstündə olub. Ayna Güney Güzdəkdə birinci gözəl idi. Mən əmim oğlu Bəhlulla tez-tez Şahbulaq adlanan kəhrizə gedərdim və burada su doldurmağa gələnlər arasında Aynanı görəndə ağzımı əngəldib heyran-heyran ona tamaşa edərdim. Əmimgilin qonşusu zarafatcıl gəlin Xasa da mənə sataşıb deyirdi:

– Ayna, vallah, Xəlsə qarının bu şəhərli nəvəsi sana aşiq olub.

Mən də utanıb qaçırdım. Amma səhər yenə də əmim oğlu ilə kəhrizin üstünə gəlib Aynanı görməyincə getməzdim. Əlbəttə, mən aşiqliyin nə demək olduğunu bilmirdim. Amma Aynanın gözəlliyinə tamaşa eləmək mənim xoşuma gəlirdi. Əri Pullu Fəttahı Bəhlul mənə göstərmişdi. Gödək, fındıqburun bir kişi idi. Əmimgilin evinin yaxınlığında olan ikimərtəbə evinin altında dükanı vardı. Papiros, kibrit, qənd, saçaqlı konfet, nöyüt satardı. Mənim ondan zəhləm gedərdi. Bəhlulu da öyrədərdim, xəlvətcə dükanına daş atıb qaçardıq. Kişi də məni görəndə gülə-gülə deyərdi:

– Başına dönüm, adam əmisinin dükanına daş atmaz.

Kənd arvadlarının anamgillə danışıqlarından eşitdim ki, Cəbi boylu-buxunlu gözəl bir oğlan imiş. Özü də hələ Ayna ərə getməmişdən ona bənd imiş. Amma Aynanın ata-anası qızı ona deyil, Pullu Fəttaha veriblər. Deyirlər, Aynanın da gözü Cəbidə imiş. Kənd arasında söz çıxarıblar ki, «Ayna Cəbi ilə oynayır». Axırda Vəli uşağının ağbirçəyi gödək Nisə Fəttahın əmisi oğlanları olan Murtuza ilə Vəlişə deyir:

– Siz də adınızı kişi qoyub ortada gəzin, əminiz oğlunun arvadı da saman mərəklərində, Qayaburnu bağlarında Cəbi ilə kef çəksin. Əfəndi uşağı da sizi lağa qoyub gülsün. Əminiz oğlu biqeyrətdir, hər şeyi vurur boynunun ardına, siz də durub baxırsınız!

Vəliş bağda Cəbiyə rast gəlib onu ovxarlanmış dəhrə ilə doğradı.

Bu əhvalatdan üç gün sonra Əfəndi uşağından olan Ağgöz Cabbar gecə bacadan Vəlişi güllə ilə vurub öldürdü. Ağgöz Cabbar ucaboylu, arıq, enlikürək bir adam idi. Adama, xüsusən də arası olmadığı, ya kin bəslədiyi adama baxanda gözünün ağı həddindən artıq böyük görünüb, onun sərt üzünə qorxunc bir ifadə verirdi. Ağgöz Cabbara kənd arasında «adamcıl»da deyirdilər. Mən eşitmişdim ki, «adamcıl» canavara deyərlər. Danışırdılar ki, bəzən elə canavarlar olur ki, onlar ən çox insan əti xoşlayırlar. Ona görə də Ağgöz Cabbarın «adamcıl» olması mənə çox dəhşətli görünürdü. Mən qapı-bacada ona rast gəlməkdən qorxurdum. Heç bir zaman onun gülümsədiyini görməmişdim. O, atamgilin qohumlarından olduğu üçün hərdən əmimgilin evlərinin həndəvərində də görünərdi. Atam da həmişə ona «xalaoğlu» deyib zarafat edərdi. Bu zaman Ağgöz Cabbarın üzündəki qorxunc ifadə bir qədər yumşalsa da, atamın zarafatlarına heç vaxt zarafatla cavab verməzdi.

Vəlişin xalası oğlu Bəşir gecə tövlədə heyvana ot verdiyi yerdə, Ağgöz Cabbar əmisi oğlu Şahmarla qəfil girib onu da doğradılar. Sonra Vəlişin qohumları Şahmarı öz qapısında uzaqdan sərrast güllə ilə vurub öldürdülər. Daha heç kəs, hətta biz də gecə çıraq yandırmırdıq.

Sonra günəşli bir gün idi, bir dəstə qız-gəlin çöldən pencər yığmaqdan gəlirdi, mən də uzun, enli artırmada dayanıb onlara tamaşa edirdim. Gözəl Ayna da onların arasında idi. Onlar çöl pencəri ilə dolu torbalarını qoltuqlarına vurub gəlirdilər. O ili taxıl yaxşı olmadığından çörək qıtlaşmışdı. Ona görə də kənd əhli çöl pencərinə-zada güc verirdi. Bir də gördüm, ucaboylu, cavan bir oğlan olan Murtuza əlində tüfəng kənddən çıxıb, pencərdən qayıdan qız-gəlinə tərəf gedir və bir də gördüm, o, tüfəngini üzünə götürüb, Aynanı tuşlayaraq atdı. Ayna ağacda vurulmuş quş kimi səssizcə düşdü torpağa. Murtuza tüfəngin gilizini çıxararaq tələsmədən yoluna davam etdi və yerlərində quruyub qalmış qız-gəlin birdən hərəkətə gələrək, Aynanı otların üzərinə sərilmiş qoyub kəndə qaçdılar və Murtuza, yalın o biri üzünə aşmamış Aynanın dayısı oğlu Sərdar kənddən çıxıb yüyürərək, dizini yerə qoyub dalbadal Murtuzaya iki güllə atdı. Murtuza da ayaq üstə çevrilib ona güllə ata-ata aşdı yalın o biri üzünə və bu zaman kəndin kişiləri qasırğa kimi töküldülər meydana.

Sonra Əfəndi uşağı ilə Vəli uşağının arasında dəhşətli bir dava düşdü. Kimi xəncərlə, kimi yaba ilə, kimi daşla, kimi tapança ilə bir-birinin harası gəldi, vururdu. Qan su yerinə axırdı. Atamgilin əmizadələrindən olan Əziz tapança ilə üç adam vurub öldürmüş, dördüncüsünü də yaralamışdı. Heç üç gün keçmədi ki, Əziz gecə dostları ilə damda kart oynadığı zaman Vəli uşağından oğurluqda ad çıxarmış Vahid bacadan güllə ilə onu vurub öldürdü. Hökumət olmadığından bu qırğının qabağı alınmırdı. Artıq bizim də kənddə qalmağımız qorxulu idi, yəni mən bunu atamla anamın söhbətindən hiss edirdim. Atam, demək olardı ki, evdən bayıra tək çıxmırdı. Həmişə də özü ilə tapança gəzdirirdi. Bir də gördük Bayram babamgil əhvalatı eşidib bizi şəhərə köçürmək üçün Qızılbaşoğlu Alı ilə birlikdə beş tüfəngli atlı göndərib. Mən Əhmədalı ilə Hacını da onların arasında görüb xeyli sevindim. Əhmədalı ilə Hacı əvvəlki kimi kefi kök olub, anamla zarafatlaşıb gülüşürdülər, elə bil ki, Güney Güzdəkdəki bu dəhşətli hadisə onlar üçün tamam adi bir iş idi. Yalnız Qızılbaşoğlu qırğın barədə, kimin kimi öldürməyi barədə atamın dediklərinə diqqətlə qulaq asırdı. Əhmədalı ilə Hacı isə «doşab satan güzdəklilər» deyə, kənd camaatını lağa qoyurdular. Mən hiss elədim ki, tərəkəmələr oturaq kəndlilərə yuxarıdan aşağı baxırlar, onları atıb-vurmaqda, igidlikdə əli olmayan adamlar hesab edirlər. Buna görədir ki, hərəsinin döşündə üç kəmər patron, böyürlərində də tapança olan Əhmədalı ilə Hacı özlərini kəndin arasında elə tuturdular ki, elə bil, yüz kənd əhlini bir qoz hesab eləmirdilər, kənd cavanları da onlara kinli-kinli baxırdılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..

Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:

9 dəq
Muradın söylədikləri

Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.

7 dəq
Bağçamızdakı payız meyvələrinin mənə dikilən xoşhal baxışları...

Biz babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Alıgilin müşayiətilə getdik şəhərə. Evimizdə ilk qabağımıza çıxan adam, çiynində hansı qonşununsa səhəngi kəhrizdən gələn İman kişi oldu. O gülüb dedi:– Xoş gəldiniz!

3 dəq
Evimizdəki gecə məclisləri

«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.

4 dəq

Başqa şairlərin şeirləri