Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:

– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:

– Köpəyin qızı, tay doğma! Qız yetər!

O gündən də yeddinci qızın adı qaldı Qızyetər. Allah Qızyetərə bir gözəllik vermişdi: böyüyüb ərgən yaşa çatanda Aya deyirdi, sən çıxma, mən çıxıram, günə deyirdi, sən çıxma, mən çıxıram. Qarılar ona rast gələndə deyərdilər: «Ay batmış, laləni niyə yanaqlarına sürtüb qızartmısan?!» Amma Qızyetərin yanaqları elə qüdrətdən lalətək alışıb-yanırdı, boyu təzə pöhrələnmiş sərv ağacı idi. El Qızılboğaz yaylağına qalxanda, Qızyetər səhəng götürdü, Eşşək bulağına enəndə deyirdin, bəs, o yandan bəri maral gəlir.

Elçilər bir-birinin dalına düzülürdü, amma anası heç kəsə «hə» demirdi. «Mənim qızım xanlara, bəylərə layiqdi» deyirdi. Axırda Dəlisoy Gülmalı arvadını o ki var əzişdirib dedi:

– Köpək qızı, görmürsən qız yetişib, hədə-qadağadan çıxıb? Nəyi gözləyirsən?

Dəlisoy Gülmalı bunu deyib qızın «hə»sini verdi dövlətli qardaşı oğluna. Gülmalının evinə bir dəvə yükü sarı buğda unu, bir dəvə yükü akula düyüsü, yeddi erkək gəldi. Qızyetəri nişanladılar əmisi oğluna. El yaylağa köçəndə əmisi oğlu əkin-biçini yığıb-yığışdırmaq üçün aranda qalıb, nişanlısına söz verdi ki, «peşqurd qurtaran kimi gələcəm yaylağa, sənə zərxara paltarlıq, ay-ulduzlu çarqat alıb gətirəcəyəm!»

Amma ala yaylaqda, güllər-çiçəklər arasında Qızyetər hey gözlədi, əmisi oğlu gəlmədi. O vaxt Qızyetər bir namə yazıb göndərdi nişanlısına; aşıqlar da o naməyə hava qoşub oxudular:

Əmim oğlu, məndən heç utanmadın?
Üç ay keçdi, bir yaylağa gəlmədin!
Yüz min cəfa ilə köks ötürdüm mən,
Ordan endik Ağbulağa, gəlmədin?!

Mən səni istədim hamıdan əziz,
Neyləyim, yanında oldum bir kəniz.
Ətir can bəslədim, güllərdən təmiz,
Namərd oğlu, kef-damağa gəlmədin!

Sonra Qızyetər xəbər tutdu ki, əmisi oğlu aranda dəyirmançı Şirinin qızı qısır Narıngüllə bərk alışıb. Qızyetər yandı töküldü, ürəyində dedi: «Ay gədə xislət! Mənə də Qızyetər deyərlər! Səndən də yaxşı oğlana getməsəm, dədəmin qızı deyiləm!»

Qızyetər belə qərar verəndən sonra, günlərin birində Kərbəlayı İbixan nəvəsi Alməmmədə qoşulub qaçdı. Üç gün, üç gecə toy vuruldu, otuz erkək, yeddi cöngə kəsildi. Cəmi elat axışıb Məşədi Gülməhəmməd oğlu Alməmmədin toyuna gəldi. Amma Qızyetərin əmisi oğlu da qabağından yeyən oğlanlardan deyildi, and içdi ki, «mən bu qisası yerdə qoymuyacağam! Alməmməd Kərbəlayı İbixanın nəvəsidirsə, mən də tayqulaq Həsənin törəməsiyəm!»

Günlərin birində aranda Qızyetərin əmisi oğlu ilə Alməmməd çöldə qəfil rastlaşdılar. İkisi də atlı-tüfəngli idi. Qızyetərin əmisi oğlu Alməmməddən cəld tərpənib ona üç güllə vurdu. Çox çəkmədi ki, Alməmmədin maması oğlu Dadaş da Qızyetərin əmisi oğluna üç güllə vurdu. Sonra ağsaqqallar tökülüşüb barışıq elədilər. Amma kin-küdurət qaldı. Obada Qızyetərin günü göy əsgiyə düyüldü. Qarımış qarılar ona baxıb deyirdilər: «Bu qızıxmış qancığın üstündə iki igid güdaza getdi». Qaynı Eyvaz onu dindirmirdi. Qayınanası Səkinə onun qanını içərdi. Amma Qızyetərə də Qızyetər deyərdilər. Ərinin qohum-əqrəbası onu söyüb-danladıqca, o da gündən-günə lalətək qızarıb gözəlləşirdi. Çoxdan doğmayan madyan kimi qızışıb ərsəyə gəlirdi. Yeriyəndə yer tərpənirdi. Təhlə-Muğan elindən olan çoban Mahmud Qızılboğaz yaylağında onu görüb bir könüldən min könülə aşiq oldu. Qızyetər Eşşək bulağından səhəngini doldurub çıxanda gördü ki, çoban Mahmud qayanın üstündə dayanıb ona baxır. Qızyetər neçə dəfə onun belə baxdığını görmüşdü, ona görə də qız-gəlindən təkləndi ki, görsün bu qəşəng oğlanın mətləbi nədi. O zaman çoban da o yan-bu yana baxıb, ona yan aldı:

– Ay gəlin, – dedi, – bilirəm, dulsan, amma aşiqəm sana, mana gələrsənmi?

Qızyetər gülümsünüb dedi:

– Buy, başıma xeyir, oğlanın yalanına bax...

Çoban dedi:

– Yalanı yoxdu, düz sözümdü.

Qızyetər dedi:

– Sən belə cavan, gözəl oğlansan, üç uşağın anasına necə aşiq ola bilərsən?

Çoban dedi:

– Lap doqquz uşağın da olsa, keçməyəcəyəm səndən.

Çoban bunu deyib, iri səhəngi Qızyetərin çiynindən alıb qoydu yerə, Qızyetər gülüb dedi:

– Buy, oğlanın üzünə bax ey...

Çoban onun ağ biləklərindən yapışıb özünə tərəf çəkdi. Qızyetər gülə-gülə dedi:

– Yavaş, görən olar...

Amma o yan-bu yana baxıb gördü ki, heç kəs yoxdu, o zaman neçə vaxt ərsiz qalmış gəlin özü cavan çobana girişdi, nə girişdi.

Hə... aşıq da burada vəcdə gəlib dedi:

Gözəl, səndə nə qaydadır,
Gedəni yoldan eylərsən?

O gündən ala yaylaqların daldalarında, soyuq bulaqların baldırğanlıqlarında Qızyetərlə çoban Mahmud gecə demədilər, gündüz demədilər, hey bir-birlərinə sarılıb kam aldılar. El ağzı, çuval ağzı. Elin gözü, tərlan gözü. Aşiqlər nə qədər pünhan görüşürdülərsə də, yenə də aləmə car olurdu, qarımış qarılar yenə də içlərini çəkib deyirdilər:

– Bu qızıxmış qancıq yenə də dünyanı qana çalxayacaq!

Ərgən qızlar çoban Mahmudun qarasına qəzəblənib deyirdilər:

– Bu tanrısız gözəl oğlan, anası yerində qatırda nə görüb?

Amma çoban Mahmud da Qızyetəri yüz ərgən qıza dəyişməzdi. Qızyetərin qaynı Eyvazın el içində bir sözü iki deyildi, gülləsi havayı getməzdi. Onun arvadı Qızyetəri daldaya çəkib dedi:

– Ay tanrısız, əl çək o çobandan! Qaynın bilər, səni tikə-tikə doğrayar.

Səhəri gün Dəvəuçan dağın pünhan yerində Qızyetər sevgilisinə baxıb yanıqlı-yanıqlı dedi:

Dağların üstündə qar nişanası,
Gül üstə görünür xar nişanası,
Ölürəm, qəlbimdə yar nişanası,
Gözüm yolda, intizara yetmədin...

Çoban Mahmud gördü ki, nəsə, Qızyetərin dərdi tərpənib, dedi:

– Nə olub? Niyə yaralı-yaralı danışırsan?

Qızyetər dedi:

– Fələk bizi bir-birimizdən ayıracaq!

Çoban dedi:

– Fələklərin gücü aciz-avaralara çatar.

Qızyetər «ah» çəkib dedi:

– Yox, canım-ciyərim, məni aparmasan, biz bir də görüşməyəcəyik, sən tək oğlan Kərbəlayı İbixan tayfasına neyləyə bilərsən?

Çoban dedi:

– Yaxşı, hara aparım səni?

Qızyetər yanıqlı-yanıqlı dedi:

Şamamanın gülü sarı,
Üzməmişəm, gülü sarı.
Apar məni, canım çoban,
Gün çıxmamış aran sarı.

Çoban dedi:

– Sənin sözün sınınca, qoy düşmənin boynu sınsın.

Birdən Qızyetər şübhəyə düşüb soruşdu:

– Bəlkə, – dedi, – sən getmək istəmirsən?

Çoban dedi:

– Sən daş qoyan yerə, mən baş qoyaram.

Gündüz Qızyetər uşaqlarını çimizdirdi, paltarlarını yuyub-yamadı, iki teşt çörək bişirib yanlarına qoydu. Gecə el yatandan sonra qalxıb, şirin yuxuda olan uşaqlarına baxıb ağladı, ürəyini boşaldandan sonra onları Allaha tapşırıb çiskinli qaranlıqda komadan çıxdı.

... Gündüzlər daşda-qayada, kol-kosda gizlənib, gecələr yol getdilər. Az getdilər, çox getdilər, axır gəlib çıxdılar Arazın kənarına. Tanrıya tabe olmayan Xan Araz göylə gedib «qan-qan» deyirdi. Çoban Mahmud iki qoyun dağarcığı götürmüşdü, paltarlarını onların içinə yığdılar, sonra üfürüb hava ilə doldurub bağladılar bellərinə.

Çoban dedi:

– Suda məndən aralanma.

Qızyetər dedi:

– Məndən arxayın ol.

Qərəz, Arazı keçib çıxdılar o taya. Yenə də xeyli yol gedib, Aslandüz mahalında çatdılar bir xanın mülkünə. Eşikağası soruşdu:

– Nə istəyirsiniz?

Çoban Mahmud dedi:

– Əgər iş olsa, xana qulluq edərdik.

Xan ahıl adam olub günlərini ovda, eyş-işrətdə keçirirdi. Amma arvadı şorgöz, cavan bir fars qızı idi. Xanın başına ip salıb oynadırdı. Çoban Mahmudu görən kimi ağzının suyu axdı. Amma özünü onda qoymayıb, eşikağasına tapşırdı ki, gəlin sağıcı olsun, oğlan da evdə xidmətçi.

Çoban Mahmud dedi:

– Xanım, mən çobanam, ev işi bacarmaram.

Cavan xanım işvə ilə gülümsəyib dedi:

– Öyrədərlər, bacararsan.

Xanımın gülüşünü, işvəsini görəndə Qızyetərin dalağı sancdı, amma bu barədə sevgilisinə bir söz demədi. Bir günün içində Mahmudu bəy balası kimi elə geyindirib-gecindirdilər ki, Qızyetər məəttəl qaldı. Bu təzə libasda çoban Mahmud, Həzrət Yusif kimi gözəl görünürdü, özünün də kefi daha bu sözdən deyildi.

... Onlar sarayın nökər-naib olan hissəsində balaca bir otaqda olurdular, bayır nökərlərinin də, Qızyetərin də xanla arvadı yaşayan hissəyə girməyə ixtiyarı yox idi, amma Mahmud bütün günü orada olurdu. Qızyetər məğrur gəlin idi, ona görə də Mahmuddan soruşmurdu ki, «sarayda, eyzən xanımın hüzurunda neyləyirsən?» Mahmud da bir söz demirdi, özü də Qızyetərə əvvəlki kimi sarılmırdı. Qızyetər için-için yanırdı, amma yenə üzə vurmurdu.

Günlərin birində xan ovçularını, itlərini götürüb Savalan dağının ətəklərinə ova getdi. Xanın belə ovu neçə gün çəkirdi.

Xan gedəndən sonra Mahmud Qızyetərə dedi ki:

– Mən gecə sarayda qalacağam.

Qızyetər soruşdu:

– Niyə?

Mahmud dedi:

– Xanım yatan otağın qapısında dayanacam.

Qızyetər soruşdu:

– Bəyəm, səndən başqa ayrı xidmətçi yoxdu?

Mahmud acıqlanıb dedi:

– Ay tanrısız, nə məni sorğu-suala tutursan? Görünür, xanım ancaq mənə etibar eləyir, dayna.

Qızyetər hesabı içəri verib dedi:

– Neynək, vaxta ki, xanım sənə etibar eləyir, get.

Düzdür, Qızyetər belə dedi, amma bütün bədəni uçunurdu. Gecə ilan vuran yatdı, Qızyetər yatmadı; gördü xeyir, dayana bilmir. Durub geyindi, çıxdı bayıra. Hamı qəflət yuxusundaydı. Qızyetər xanım olan evə qalxıb gördü ki, otaqların hamısı qaranlıqdı, içəridən içəriyə bir neçə otaq keçib, çatdı xanım yatan otağa, dayanıb nəfəsini dərdi. Sonra qapını usdufca aralayıb nə gördü? Xanımla Mahmud qol-boyun olub şirin-şirin yatırlar. Qızyetər bir xeyli baxdı. Sonra dinməz-söyləməz öz qaldıqları otaqdan çoban Mahmudun xəncərini götürüb geri qayıtdı. İstədi əvvəl xanımı vursun. Amma fikirləşdi ki, birdən Mahmud oyanar, qoymaz, ona görə də əvvəl xəncəri var gücü ilə sancdı sevgilisinin ürəyinə. Mahmud gözünü açıb pəncərədən düşən Ay işığında onu gördü, nə isə demək istədi, amma nitqi olmadı. Sonra Qızyetər xəncəri çəkib sancdı xanımın sinəsinə, sonra da qapıdan çıxıb düşdü bağa. Bağın dəmir darvazası gecələr qıfıllı olurdu. Qızyetər bağbanın nərdivanını barıya söykəyib aşdı o biri üzə. Aydınlıq çöllərlə getdi, hey getdi... O gecədən sonra Qızyetəri bir bəni-insan görmədi. Amma izin verin, Möhnət qoca desin, bəs o yiyəsiz çöllərdə Qızyetərin başına nə gəldi?

Möhnət qoca uzun demisindən bir-iki qullab vurandan sonra nağılına davam etdi:

– Qızyetər özü də bilmirdi ki, hara gedir. Birdən dünya durduqca yaşayan Xızır peyğəmbər çıxdı onun qabağına, dedi ki, «ay gəlin, bu yiyəsiz çöllərdə səni qurd-quş basıb yeyər. Yum gözünü, açanda, özünü obada görərsən».

Qızyetər dedi:

– Mən nə üzlə obama qayıdım?

O zaman Xızır peyğəmbər dedi:

– İndi ki, öz obana getmirsən, ayrı obaya apararam səni.

Qızyetər dedi:

– Yox, mən tay insan üzü görmək istəmirəm.

– Onda babalın öz boynuna.

Xızır peyğəmbər bunu deyib yox oldu. Qızyetər bir qədər getmişdi ki, qabağına bir toy məclisi çıxdı. Gördü, vallah, burada bir dəsgahdır ki, gəl görəsən. Məleykə kimi bir qız əyləşib qızıl taxtın üstündə, sazəndələr çalır, qızlar oynayır... Ortalıqdakı süfrənin üstündə də dünyanın hər cürə naz-neməti var. Taxt-rəvanda əyləşən qız onu görüb soruşdu:

– Ey bəni-adəm, necə olub ki, sən bura gəlib çıxmısan?

Qızyetər soruşdu:

– Sən kimsən?

Qız dedi:

– Mən pərilər padşahıyam.

Qızyetər başına gələn əhvalatı, zalım sevgilisinin vəfasızlığını açıb pərilər padşahına nağıl elədi, pərilər padşahı olan o gözəl qız soruşdu:

– İntiqamını alandan sonra ürəyin soyudumu?

Qızyetər dedi:

– Nə qədər bu dünyada sevgililərinə xəyanət eləyən oğlanlar var, ürəyim soyumaz. Dünya durduqca, mən onlardan intiqam almaq istərdim.

Pərilər padşahı olan o gözəl qız, Kor Şeytanı çağırtdırıb dedi:

– Bu gündən sən bu arvadın ixtiyarındasan, nə əmr etsə, yerinə yetirərsən!

İndi o vaxtdan bəri Qızyetər dəmir çarıq geyib, dünyanı gəzir, sevgililərinə xəyanət eləyən namərd oğlanlardan intiqam alır!

Möhnət qoca dağlara baxıb ağır-ağır dedi:

Dərdim çoxdur, dindirməyin, həzarat,
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,
Kimsə bilmir, pünhan-pünhan öldürür.

Heç bilmirəm neyləmişəm, neyləyim,
Xəncər alım, qara bağrım teyləyim.
Bir canım var, yara qurban eyləyim,
El də desin, aşiq qurban öldürür...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 saat 25 dəq
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 dəq
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 dəq
Birinci pərdə

Birinci şəkilXosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.*

195433 dəq

Başqa şairlərin şeirləri