Səhifə 5 / 5 · 80%

– Dəyən hardadır?

– Odur ey, o şiş dağın altında...


... Oğlan bişirdiyi kababları gətirib qızın qabağındakı boşqaba çəkdi:

– Yeyin.

Qız istehza qarışıq bir təbəssümlə dedi:

– Siz məni lap İran şahzadəsitək bəsləyirsiniz...

Oğlan gülümsədi:

– Neyləyək, borcumuzdur...

– Borcunuz olmasaydı, bəsləməzdiniz?

– Məni elə dərinliklərə çəkməyin...

– Dərinliklərə getməkdən qorxursunuz? – deyə qız götürdüyü tikəni hələ də barmaqları arasında tutaraq soruşdu.

– Qorxuram... – deyə eyni zarafatla davam etdi. – Dərinlik çox zaman qaranlıq olur... O qaranlıqda da bizi nə gözlədiyini bilmirik.

– Zənnimcə, siz qorxaq deyilsiniz...

– Bilirsinizmi, – deyə oğlan bu dəfə zarafatmı, ciddimi olduğu məlum olmayan bir ifadə ilə dedi, – qorxaqlıq da qəhrəmanlıq, cəsarət kimi çox mürəkkəb məsələdir... Ona görə də, kababı soyutmayın...

Qız dərindən nəfəs alaraq:

– Gəlin siz də oturun, – dedi.

– Bu saat, – deyə oğlan ocaqdakı şişləri çevirərək, gəlib qızla qabaq-qabağa oturdu.

Qız dedi:

– Ömrümdə belə ləzzətli kabab yeməmişəm.

– “Bir” – sizdə! – deyə oğlan gülümsədi.

– Nə üçün?

– Bayaq çobanın əliyi vurmağına təəssüf edirdiniz... Amma indi o günahsız heyvanın kababından ləzzətlə yeyirsiniz.

– Bir halda ki, həyat anlaşılmaz ziddiyyətlərdən ibarətdir... biz neyləyə bilərik...

– Siz bu yaxşı tikəni götürün, özünüz də o barədə narahat olmayın. Vaxtı gəldikdə, ziddiyyətlər aydınlaşır, bütün sirlərin tədriclə açılması həyatın gözəl qanunlarından biridir.

Qız oğlanın göstərdiyi tikəni yeyə-yeyə zarafatla dedi:

– Bütün ziddiyyətlərin sirri açılsa da, sizin rəftarınızdakı ziddiyyətlərin sirri açılmaz.

Oğlan səmimi təəccüblə soruşdu:

– Siz mənim rəftarımda nə ziddiyyət görürsünüz?

Qız cəsarətlə davam etdi:

– Nə üçün siz mənim üstümdə iş-gücünüzü buraxıb, bu qədər əziyyət çəkirsiniz? Siz məni ölümdən qurtararaq, bura gətirib çıxarandan sonra çobana tapşırıb, gedə bilərdiniz...

– Mən çobanın necə adam olduğunu bilmirdim. Ona görə də, sizi ona tapşırıb gedə bilməzdim...

– Siz özünüzün necə adam olduğunuzu bilirsiniz?

– Şübhəsiz.

– Sizə nə dəxli vardı ki, çoban mənimlə necə rəftar edəcəkdi?

– Dəxli var idi! – deyə oğlan sərt ifadə ilə cavab verdi. – Aydındırmı?

– Deyəsən, aydındır... – deyə qız dərindən nəfəs aldı.

... Bir-birilərinin ardınca gənc geoloqlar dəyəyə daxil olub, təəccüb içində dayandılar. Qız isə, heç bir təəccüb və həyəcan əlaməti duyulmadan gülümsəyib:

– Xoş gördük, köhnə dostlar... – dedi, – özünüzü yaxşı yerə vermisiniz... Biz əliyin kababına təzə başlamışıq... Sizi də yaman saqqal basıb. Gərək ki, mənim yox olduğumun üçüncü günüdür. Necəsən, Laçın?.. Saqqal sənə nə yaxşı yaraşır.

Sonra qız oğlana:

– Tanış olun, – dedi, – bu mənim həyat yoldaşımdır, bunlar da dostlarımız.

Oğlan əvvəl Mərdanla, sonra da Elxanla əl tutuşdu. Sonra gözlərini qəzəblə qıza zilləmiş Laçının münasibətini hiss edərək, ona əhəmiyyət vermədən:

– Siz əyləşin, – deyə Mərdanla Elxana müraciət etdi, – mən də kababın işinə baxım.

Və oğlan ət çəkilmiş şişləri götürüb bayıra, ocağın yanına getdi.

– Bu kimdir? – deyə Laçın buz kimi soyuq ifadə ilə soruşdu.

Leyla ona uzun bir nəzər salaraq:

– Mənim xilaskarım! – deyə sakit təbəssümlə cavab verdi. – Sən ona təşəkkür elə!..

– Üç gün səninlə bu otaqda qaldığına görə?

Leyla eyni sakitliklə:

– Yox, – dedi, – məni ölümdən qurtardığına görə, o qiyamətdə məni yeddi-səkkiz kilometr qucağında gətirib, bura çıxardığına görə... Üç gündən bəri gecə-gündüz mənə xidmət elədiyinə görə... Aydındır?

– Aydındır! – deyə Laçın kəskin istehza ilə cavab verərək, papiros çıxarıb yandırdı. – Çobanın nə üçün sizi ər-arvad adlandırdığı da aydındır...

Leyla qəhqəhə ilə gülərək dedi:

– Çobanın səhvini zarafata salırdıq... Ona görə də, həqiqəti açıb demirdik...

– Bəsdir, – deyə Laçın hiddətlə qışqırdı. – Xalqı uşaq yerinə qoyma.

– Yaxşı, – deyə Mərdan qaşqabaqla Laçına baxdı. – Məşədi İbad kimi o saat özündən çıxma görək...

... Leyla, Mərdan, Elxan və oğlan bayırda dayanmışdılar.

Oğlan balaca tranzistoru qıza uzadaraq:

– Rica edirəm, – dedi, – bunu verin çobana, deyin ki, ona bağışlayıram.

... Leyla gözləri ona dikilib qalmış olduğu halda, tamamilə qeyri-şüuri bir hərəkətlə tranzistoru alıb, boynuna aşırdı.

... Sonra oğlan onlara xəfifcə baş əyərək:

– Sağ olun... – deyib sürətli addımlarla getdi.

– Dayanın! Bir dəqiqə... – deyə Leyla arxadan qışqırdı.

Oğlan ayaq saxlayıb geri döndü. Leyla axsaya-axsaya ona çataraq, qollarını boynuna dolayıb, hər iki üzündən öpdü:

– İndi gedin...

Oğlan gedir... Leyla baxırdı...

– Məndən xanımınıza salam yetirin... – deyə Leyla təkrar arxadan qışqırdı, – deyin, mən ona həsəd aparıram, eşidirsinizmi, həsəd!

Oğlan qanrılıb əlini havada yelləyərək, yoluna davam etdi.

Və o, qayanın arxasına burulub, görünməz olduqda, Laçın hələ də oğlanın ardınca baxan Leylaya yaxınlaşıb soruşdu:

– Nə üçün onun arvadına həsəd aparırsan? Gözəl oğlan olduğuna görə?

– Yox, – deyə qız sakit ifadə ilə cavab verdi. – Həqiqi kişi olduğuna görə!

Və o çevrilib ağır addımlarla Laçından uzaqlaşdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı

Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.

27 dəq
Qaraca

Mən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.

8 dəq
Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqını

Yastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:– Nə olub, Xanmurad, birtəhər görünürsən?

20 dəq
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı

Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.

21 dəq

Başqa şairlərin şeirləri