Səhifə 1 / 3

Yastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:

– Nə olub, Xanmurad, birtəhər görünürsən?

Qaçaq Xanmurad başını bulayıb cavab verdi ki:

– Qızdırma əhədimi kəsib.

Dayım soruşdu:

– Soyuq dəyib?

Qaçaq Xanmurad dedi:

– Bilmirəm. Neçə gündür titrədib-qızdırıram.

Dayım dedi:

– Malyariyadır.

Qaçaqlardan nisbətən yaşlı bir kişi dedi:

– Gətirdik, beş-altı gün yatıb dava-dərman eləsin.

Cavanların hamısı qaçaqların gəlişinə sevindi. Əhmədalı Qaçaq Xanmuradın qoluna girib apardı öz komalarına. Mən sonra bildim ki, o, Qaçaq Xanmuradın dostudur.

Obanın başbiləni Eyvaz əmi dərhal öz sürüsündən bir toğlu gətirib kəsdirərək qaçaqları qonaq elədi, sonra həmin yaşlı qaçaq Eyvaz əmiyə dedi:

– Tapşır, uşaqlar Qaçaq Xanmuradın burada yatdığını qonşu obalara deməsinlər, yüz düşməni var.

Eyvaz əmi dedi:

– Düşmən köpəkoğlu bir qələt eliyə bilməz, arxayın olun.

Sonra qaçaqlar üç-dörd gündən sonra gəlib Xanmurada baş çəkəcəklərini söyləyərək, atlanıb getdilər.

Anam çox malyariya keçirmişdi, ona görə də özü ilə ehtiyat üçün kinə-filan götürmüşdü, ümumiyyətlə, anamın çox xəstəliklərdən başı çıxırdı, dostumuz doktor Quliyev zarafatla deyərdi ki:

– Yaqut xanım yarıdoktordur.

Anam hər gün səhər-axşam Qaçaq Xanmurada kinə, daha bilmirəm, hansı dərmanlar isə verir, onun üçün toyuqdan, dana ətindən yüngül xörəklər bişirirdi. Anamın bu hərəkəti obada hamının – qocaların da, cavanların da, qohumların da, yadların da xoşuna gəlirdi, hamı qaçağa bacardıqca hörmət eləmək istəyirdi. Eyvaz əmim, hətta Nuru dayım da saatlarla onun yanında olurdular. Anamın xəstə qaçağa bu cür görüm-baxım eləməyi yalnız atamın xoşuna gəlmirdi. O, qaşqabaqla anama deyirdi:

– Axı sənə nə düşüb, bu qaçağın qulluğundan əl çəkmirsən? O, sənin qardaşın deyil, əmin oğlu deyil?!

Anam da cavab verirdi ki:

– Nə olsun əmim oğlu deyil? Bəs o bizi ölümdən qurtaranda yaxşı idi?

Anamın Qaçaq Xanmurada göstərdiyi xidmət məni fərəhləndirirdi, ürəyimdə mən anamı tamam haqlı bilib, onunla fəxr edirdim. Bir dəfə Qaçaq Xanmurad mənə işarə ilə anama dedi:

– Yaqut bacı, o vaxt Pirağbulaq dərəsində səni tutub Abdullanın əlindən alsaydıq, indi bu gözəl oğlan da olmazdı.

İkisi də güldü.

Gündə bir neçə dəfə atamın gözündən oğurlanaraq, Qaçaq Xanmuradın yatdığı komaya gedirdim. Anamın verdiyi dava-dərman öz təsirini göstərirdi. Qaçaq Xanmurad indi əvvəlki kimi şiddətli titrədib-qızdırmırdı, qızdırması günaşırı, özü də yüngül gəlirdi. Oba cavanları tez-tez onun başına toplaşırdılar, söhbət... zarafat.

... Nuru dayım da onun üçün Gorus şəhərindən həkim gətirtdi. Əlbəttə, Qaçaq Xanmuradın kim olduğunu həkim bilmədi, yəni indi bilməyinin də bir əhəmiyyəti yox idi, çünki «hürriyyətlik»di. Yəni rəsmi hökumət yox idi. (Camaat hökumətsizliyi belə adlandırırdı).

... Mən komaya girəndə Qaçaq Xanmurad gülümsəyib dedi:

– Hə, qaqaş, gəl otur, söhbət elə görək.

Mən Bayram babamla, Fatma nənəmlə olduğu kimi, onun da yanında özümü çox sərbəst hiss edirdim, elə bil ki, biz lap çoxdan dost imişik.

Qaçaq Xanmurad arxası üstə, əllərini başının altında çarpazlayaraq uzanmışdı. Mən ondan soruşdum:

– Sən nə üçün qaçaq olmuşdun?

O, komanın qapısından görünən və zirvəsində həmişə qar olan Qızılboğaz dağına baxaraq sakit halda dedi:

– Adam öldürmüşdüm.

Mən təəccüblə soruşdum:

– Kim idi o adam?

O, gözlərini Qızılboğazdan çəkməyərək dedi:

– Bir səfeh naçalnik idi.

– Niyə öldürdün onu?

O, qaşqabaqlı dedi:

– Murdar adam idi.

– Yəni neyləmişdi, axı?

O, dərindən nəfəs alıb dedi:

– Mənim atam kasıb bir kişi idi, qaqaş, gözümüzün ağı-qarası bir atımız var idi, ancaq yaxşı at idi, bütün mahalda adla deyilirdi. Bilirsən, biz nəsillikcə at həvəslisi olmuşuq, dədə-babadan həmişə yaxşı at saxlamışıq. Mən atamın təkcə oğlu idim, amma kişi o atı məndən az istəmirdi. Bizdə məsəl var, deyərlər: «Arvadı əriylə, kişini atıyla sayarlar». Həmin dediyim naçalnik bir gün kəndə gələndə gözü düşdü ata. Nə qədər atamı dilə tutdu ki, atı sat mənə, atam razı olmadı. Dedi: «O atsız mən nəyə lazımam?» Bir gün atamla mən qonşu kənddə muzduna zəmi biçdiyimiz zaman naçalnikin yasavulları gəlirlər, anam da nə qədər haray-həşir salır, olmur – atı çəkib aparırlar. Biz axşam biçinindən yorğun-arğın evə qayıdıb əhvalatı biləndə, elə bil ki, atamı qəfil güllə ilə vurdular, kişinin danışmağa nitqi olmadı. Kişi elə sarsıldı ki, səhər biçinə də gedə bilmədi. Amma mən biçin adı ilə getdim şəhərə, atın yerini öyrənib gecənin bir aləmi qara oğurluqla yeridim tövləyə, kilidi sındırıb atı apardım.

Qaçaq Xanmurad bura çatanda dərindən nəfəs alıb, bir az susdu, sonra:

– Eh, qaqaş, – dedi, – sən uşaqsan, başa düşməzsən, dünyada çox nainsaf köpəkoğlular var.

Mən yenə də səbir eləməyib soruşdum:

– Bəs sonra nə oldu?

– Atam dedi ki, Xanmurad, bala, naçalnik əl çəkməyəcək, qorxuram, üstəlik səni də tutub göndərə Sibirə.

Mən dedim:

– Tapsa, tutub göndərsin!

Atam dedi:

– Neyləmək fikrindəsən? Kirs meşəsinin lap dərin yerində olan Alyanlı obalarında bizim dədə-baba qonağımız var idi. Dedim:

– Atı aparacağam Alyanlıya, hələlik qoyarıq qalar orada, görək sonra nə olur.

Atam dedi:

– Hamısı birdi, yenə naçalnik bizdən yapışacaq.

Mən dedim:

– Deyərsən, bizim xəbərimiz yoxdur.

Kişi qalmışdı naəlac, nə atdan keçə bilirdi, nə də mənim cəncələ düşməyimə razı olurdu.

Mən dedim:

– Əşi, ölsəm də atı o it oğluna verməyəcəyəm.

Mən Qaçaq Xanmuraddan soruşdum:

– İndi mindiyin at həmin atdı?

Qaçaq Xanmurad yenə də dərindən nəfəs alıb dedi:

– Həmin atdı, onda lap cavan ürgə idi.

Mən yenə soruşdum:

– Sonra nə oldu?

– Sonra da belə oldu ki, anam heybəmə çörəkdən-zaddan qoydu, atama dedim ki, məni soruşanda, deyərsən gedib Bakıya, fəhləliyə. O vaxt bizim kəndlərdən Bakıya çox adam gedirdi fəhləliyə. Qərəz, qaqaş, elə gecə ikən kənddən çıxıb, çöl yolu ilə gedib gün günorta yerinə qalxanda girdim Kirs meşələrinə...

Mən yenə də səbir eləməyib soruşdum:

– Sənin onda neçə yaşın olardı?

– On səkkiz, on doqquz...

– Tüfəngin vardı?

– Yox.

– Bəs ayıdan, canavardan qorxmurdun? Deyirlər, Kirs meşələrində yaman ayı olur.

Qaçaq Xanmurad təbəssümlə dedi:

– Yox, qaqaş, onlardan qorxmaq heç ağlıma da gəlmirdi, çünki çarın naçalnikləri onlardan da quduz idi.

– Demək, gedib qaldın Alyanlıda?

– Yox, çox qala bilmədim. Əmim oğlu xəbər gətirdi ki, məndən sonra naçalnik kəndə gəlib günün günorta çağı camaatın gözü qabağında atamı meydanda yıxdırıb döydürüb, özünün də dilindən kağız alıb ki, gərək oğlunu üç günəcən gətirdəsən. Bunu eşidəndə ağlım başımdan çıxdı. Dost-düşmənin gözü qabağında atamı o cür bihörmət eləmişdilər. Alyanlıdakı qonağımızın elə mən yaşda dəliqanlı bir oğlu vardı, indi də durur. Ona dedim: «Ə, Məhər, mənə bir tapança tap, meşə yeridi, ora-bura gedirik...» Əsl fikrimi demədim. Məhər də Şuşa qalasına satmağa erkək aparanda mənə bir naqan alıb gətirdi, mən də qaşqa dayı minib düz getdim Qarabulağa, atı qapıda bağlayıb qalxdım naçalnikin idarəsinə. Qapıda duran yasavul istədi məni buraxmasın, dedim «məni naçalnik özü çağırıb». Girdim içəri, naçalnikin başına üç güllə çaxıb, pəncərədən tullandım, ha eləyib yasavullar əl tərpədincə, qaşqa day məni aradan çıxartdı. Beləliklə də oldum qaçaq.

Bu söhbət zamanı Səkinə nənə komaya girib:

– Qadan alım, Xanmurad, necəsən? – dedi.

– İndi babatam, nənə, – dedi. – Yaqut bacının dərmanları, deyəsən, harayıma çatır.

Səkinə nənə dedi:

– Allaha şükür. Mən də Bayramdan yaman nayranam. Sifariş göndərib ki, bu günlərdə gələsidi... Yollar da ki, qarmaqarışıq....

Qaçaq Xanmurad dedi:

– Əşi, Bayram dayını aləm tanıyır, nədən narahat olursan?..

Səkinə nənə dedi:

– Orası heylədi, amma düşmən də düşməndi.

Sonra Qaçaq Xanmurad gülümsəyərək mənə işarə ilə dedi:

– Nəvən (əslində mən Səkinə nənənin nəticəsi idim) qaçaqlarla, atıb-tutmaqla yaman maraqlanır.

Səkinə nənəm bərkdən güldü:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatı

Atamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim:

21 dəq
Təzə günlərin təzə əhvalatları

On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi.Otaqların ancaq birini vermişdilər bizim, guya «nökərimiz» olan Zəbi əmimə. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri də sındırıb dağıtmışdılar.

14 dəq
Məktəb, uşaqlar və mən

Sentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.

5 dəq
Mən və kitablar

Mən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.

4 dəq

Başqa şairlərin şeirləri