Məktəb, uşaqlar və mən
Sentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.
Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.
Uşaqlar arakəsmədə, sinif otağında oyan-buyana yüyürüşür, bir-birilərilə gah öcəşir, gah zarafatlaşır, gah masanın üstünə çıxıb yerə tullanırdılar. Mən isə bir tərəfdə divara söykənərək, dinməz-söyləməz onlara tamaşa edirdim. Mən onlara qarşı özümdə bir yadlıq hiss edirdim. Mənə elə gəlirdi ki, onlar bir-birlərini çoxdan tanıyırlar, bir-birlərilə qohumdurlar. Onu da bilirdim ki, bu, belə deyil. Onlar mənə əhəmiyyət vermirdilər, heç mənə tərəf baxmırdılar da...
Həmin bu günlərdə anamın malyariyası yenə də başlamışdı. Yenə də şiddətli titrədib-qızdırırdı. Yenə də mən həyətimizdəki böyük tut ağacının altına qaçıb xəlvətcə dərd çəkirdim. Bəlkə mənim məktəbdəki uşaqların şənliyində iştirak eləməməyimin bir səbəbi də bu idi... Ancaq, axı bizim qonşumuz Yaqubun da anası bərk xəstə idi. Bəs nə üçün o, sinifdə hamıdan çox səs-küy salırdı, hamıdan çox nadinclik edirdi?
Bizim ilk müəllimimiz Mirzə Camal yarısaqqallı, yarımolla geyimli bir şəxs idi. Bizə papaqlarımızı çıxarmağı əmr etdiyi halda özü sinifdə dəri papaqla dərs deyirdi. Bilmirəm dərsə başladığımızın neçənci günü idi, anamı evdə yenə bərk xəstə qoyub gəlmişdim. Yenə də uşaqların şən səs-küyünə dərin qüssə içində qulaq asırdım. Yenə də bu şənlik mənə təəccüblü görünürdü. Zəng vuruldu. Biz keçib masalarda əyləşdik. Mirzə Camal ağır addımlarla içəri daxil olub dedi:
– Durun!
Biz qalxdıq.
Dedi:
– Oturun!
Biz əyləşdik.
Dedi:
– Nəğmə öyrənəcəyik.
Uşaqlar sevinclə tərpənişdilər və Mirzə Camal müəllim başladı öz yavaş, nazik səsilə nəğməni öyrətməyə. Uşaqlar hamısı oxuyurdu, məndən başqa. Anamı evdə xəstə qoyub gəldiyim üçün nəğmə oxumaq heç mənim ağlıma da gəlmirdi. Mən məyus-məyus qulaq asırdım. Birdən mənimlə bir masada oturan oğlan əlini qaldırıb dedi:
– Müəllim, bu oxumur!
Müəllim mənə yaxınlaşıb soruşdu:
– Niyə oxumursan?
Mən dinmədim. Mirzə Camal müəllim hirsləndi, mənim qolumdan dartıb masadan çıxararaq:
– Rədd ol! – deyib, itələyib saldı bayıra.
Mən arakəsmədən keçib çıxdım məktəbin həyətinə. Ətrafda heç kəs yox idi. Hamı siniflərdə idi. Mən divara qısılıb dayandım. Mənə elə gəldi ki, Mirzə Camal müəllim məni itələməklə bütün insanlardan, insanlar yaşayan bütün aləmdən ayrı saldı. Mən bir də heç zaman daxilən bu insanların içinə qayıtmadım. Bir də heç zaman daxilimdəki aləm barədə onlara bir kəlmə də söz demədim. Evimizə gələndə olduqca gonbul, ağıldan bir az kəm, Rəşid adlı oğlan atamı küçədə görüb demişdi ki:
– Müəllim oğlunu nəğmə oxumadığı üçün sinifdən qovub çıxardı.
Atam bərk hirslənib məni o ki var danladı. Anam da elə xəstə-xəstə ona qoşuldu. İkisi də məni maymaq, bişüur, daha bilmirəm nə adlandırırdı. Sonra ikisi bir-birilə dalaşmağa başladı. Atam anamı ittiham edib deyirdi:
– Bunu sən belə eləmisən.
Anam da atamı məzəmmət eləyib deyirdi:
– Oxşayıb sənin qardaşlarına.
Mən söyülüb təhqir olunmağıma baxmayaraq, özümdə qəribə bir gümrahlıq hiss edirdim, çünki anamın xəstə-xəstə bu cür canlı, qızğın dava eləməsi, hələ desən, atamın onunla bacarmaması ürəyimin dərinliklərində məni sevindirirdi. Amma anamın, məni atamın qardaşlarına oxşatması izzəti-nəfsimə toxundu. Çünki atamın «qardaşları» deyəndə, birinci növbədə, Qubad əmim gözümün qabağına gəlirdi. Mənsə Qubad əmimə oxşamaq istəmirdim.
Beləliklə, ətrafımdakı insanlarla mənim aramdakı gözəgörünməz sədd möhkəmlənirdi. Mən özümü bu insanlar arasında yalqız hiss eləyirdim.
Mənim daxili aləmimdə fərəhli heç nə olmadığı üçün daima küskün, dumanlı bir ruhla böyüyürdüm. Xarici aləmin ancaq dərdi-kədəri mənim daxili aləmimə nüfuz edirdi. Anamın xəstəlikləri, atamın mənimlə getdikcə daha sərt rəftarı, bizim inqilabdan sonrakı yoxsul həyatımız...
Mən ikinci sinifdən çox yaxşı oxumağa başlamışdım. Rüstəm adlı cavan müəllimimiz, demək olar ki, hər gün məni tərifləyirdi, hətta atama da demişdi ki, oğlunuz çox istedadlı uşaqdı. Mən öz istedadımın nədən ibarət olduğunu bilməsəm də, onun məni lap «heç nə» hesab eləyən atama tərifləməsi və atamın gəlib bunu evdə anama danışması məni çox mütəəssir etmişdi. Mən həyətimizdəki böyük tut ağacının altına qaçaraq xəlvətcə, nə üçünsə yana-yana ağladım. Rüstəm müəllimə qarşı ürəyimdə isti bir məhəbbət hiss eləyirdim. O, mənim xəyalımda getdikcə yüksəlirdi. Ancaq bir yaz günü qəribə bir hadisə oldu. Rüstəm müəllim dedi: «Sabah çölə gəzməyə gedəcəyik. Orada kükü bişirəcəyik». Ona görə də kükü bişirmək üçün hər uşağa bir şey tapşırdı. Mən yağ və çörək gətirməli idim. Mənim yoldaşım yumurta... və sairə. Bizim yerlərdəki baharın dünyada misli yoxdur. Gül-çiçəklə dolu ot dizə qədər qalxır. Ağaclar çiçəkləyir... Çaylar daşır...
Və bizdə ən gözəl bahar xörəyi – təzə göyərib qalxmış yabanı şomudan, quzuqulağından, gicitkəndən bişirilmiş kükü sayılırdı.
Lakin səhəri gün hava pis olduğu üçün biz gəzməyə gedəsi olmadıq. Məktəbdən çıxıb evlərimizə gedəndə, yolda Rüstəm müəllim bir daşın üstündə oturub mənə dedi:
– Gətir sənin yağından bir yaxmac götürüm.
Və o mənim heybəmi açıb oradakı təndir çörəyindən, yağdan özü üçün yaxmac düzəldəndə yuxarı sinif şagirdləri yanımızdan gəlib keçirdilər. Anamın türk zabitinə qoşulub Türkiyəyə gedən rəfiqəsi Məhbub xanımın kiçik qardaşı Bəşir də onların arasında idi.
Birdən Bəşir qışqırdı:
– Müəllimə baxın, şagirddən rüşvət alır. Müəllimə baxın.
Yoldaşları qəhqəhə ilə gülüşdülər. Rüstəm müəllim də Bəşirə dedi:
– Ay sənin boyunu yerə soxum!
Özü də, pərt olmayaraq, yaxmacını iştaha ilə yeməyə başladı. Doğrusu, heç mənim ağlıma gəlməzdi ki, «müəllim də ac olarmış... Müəllimin də evində yeməyə şey olmazmış». Bizim şəhərdə camaatın hələ aclıq çəkdiyini bilirdim. Ancaq müəllimin də ac olması...
Mən Məhbub xanımın qardaşı Bəşirin hərəkətini anama danışanda gözləyirdim ki, o, Bəşiri məzəmmət eləyəcək. Ancaq belə olmadı, anam Rüstəm müəllimi məzəmmət elədi:
– Dabbax Abdullanın oğlundan nə olacaq, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-mekteb-usaqlar-ve-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?
QəribcanMən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...