Tufandan sonra
Səhifə 1 / 5
kinonovella
Xorla oxunan qədim bir Azərbaycan mahnısı sıldırımlı dağlardan axıb dərələrə töküldü...
Mənim adım – Sarı Laçın,
Gəl, səni götürüm qaçım...
Üçtelli, dördtelli,
Beştelli durna...
Başı qarlı Murov dağının fonunda, yaşıl otlarla, təzə-təzə açılan lalələrlə dolu vadidə üç cavan oğlanla bir qız bu mahnını oxuya-oxuya çadır qurdular.
Elxan tək oxudu:
Ovçu əlindən yaralı durna.
Hamı təkrar etdi:
Ovçu əlindən yaralı durna,
Yaralı, yaralı, yaralı durna,
Ovçu əlindən yaralı durna...
Elxan məzəli bir əda ilə:
– Dünyanın qəribə təsadüfləri var, – dedi, – axı, necə olub ki, bizim bu Laçın (oğlanlardan birinə işarə etdi), məhz mahnıda deyildiyi kimi, sarı olub?
Laçın gülümsəyərək təkrar etdi:
Ovçu əlindən yaralı durna...
Hamısı birdən oxudu:
Yaralı... yaralı... yaralı... durna...
Uca dağların maralı durna...
Qız dedi:
– Amma heyf ki, bizim Laçınımız ovçu deyil...
Elxan soruşdu:
– Yəni, ovçuluqdan bu qədər xoşun gəlir?
– Xoşum gəlir də sözdür, – deyə qız cavab verdi.
Laçın dedi:
– Bizim evdə hara baxsan, ovçuluq haqqında kitab görərsən.
Qız gülümsədi:
– Mən, – dedi, – pələng kimi igid yırtıcılar ovçusunun pərəstişkarıyam, dovşan ovçusunun yox...
Elxan yerə sancdığı dirəyin dibini bərkidə-bərkidə:
– Ümumiyyətlə, – dedi, – ovçuluq humanizmə zidd bir peşədir... Mənim əlimdə ixtiyarım olsaydı, ovçuluğu qadağan edərdim.
Mərdan çadırın o biri dirəyini yerə sanca-sanca:
– Daha bundan da boş söz eşitmək olmaz, – dedi.
– Nə üçün? – deyə Elxan zarafatla soruşdu.
– Onda gərək qoyun-quzunu, toyuq-cücəni kəsib yeməyi də qadağan eləyəsən və biz, Şeyx Nəsrullah demişkən, “gündə bir xurma ilə təam eləyək”, – deyə Laçın səhnədə gördüyü Şeyxin ifasına uyğun tərzdə cavab verdi.
Elxan:
– Mən, – dedi, – əminəm ki, gələcəkdə elə qida həbləri tapılacaq ki, daha ətə-çörəyə ehtiyac olmayacaq.
– O zaman, – Mərdan cavab verdi, – onsuz da, darısqal olan bu Yer planetində heyvan əlindən tərpənmək olmaz...
– Ayılar... qabanlar hücum çəkib evlərə dolar, – deyə Laçın bərkdən güldü.
... Mərdan artıq qurub qurtardığı çadıra işarə ilə Laçınla qıza dedi:
– Bu gəlinimizlə özündənbəyin...
– Taleyimizdən xeyli razıyıq, – deyə Laçın zarafatla arvadına göz vurdu...
Elxan dərindən nəfəs alaraq, şairanə bir əda ilə dedi:
– Bu güllü-çiçəkli dağlarda gecələr uzaqdan gələn şəlalə şırıltısını dinləyə-dinləyə əbədi məhəbbət anları yaşamağı nə ilə əvəz etmək olar?
Qız dedi:
– “Əbədi” sözünü tulla!
– Tullamayacağam, – deyə Elxan hərarətlə davam etdi. – Böyük hisslərlə yaşadığımız hər an, məncə, bir əbədiyyətdir.
– Bəs, kiçik hisslərlə? – qız soruşdu.
– Kiçik hisslər göbələk kimidir. Birini qoparanda, səhər yerində beşi bitəcək. Amma necib hisslər... Leyla, demək, “əbədi” sözü artıqdır?
– Elxan, yox, artıq deyil. Böyük hisslər məhv olsalar da, biz onları heç bir zaman unuda bilmirik... Onlar bizim üçün əbədi işıqdır.
... Mərdan qurub qurtardıqları ikinci ağ çadıra işarə ilə:
– Bu da bizim yemək otağımız, – dedi.
... Mərdan qurub qurtardıqları üçüncü ağ çadırı göstərərkən özü ilə Elxana işarə ilə:
– Bu da biz qarımış oğlanların xanəsi, – dedi.
... Gecə idi.
Mərdanla Elxan öz çadırlarındakı balaca, qatlama stolun ətrafın-
[Mənbənin skanında burada mətn itib.]
... Sonra bu mahnını qəflətən yuxarılardan qopub, üzüaşağı dərəyə yumalanan hansı bir qaya parçasınınsa gurultusu əvəz etdi.
... Öz çadırlarında, qatlama çarpayıda əri ilə yanaşı uzanaraq, xəyal dolu nəzərlərini məchul bir nöqtəyə dikmiş Leyla diksindi:
– Eşidirsən?
Laçın yuxulu gözləri ilə gülümsəyərək:
– Daşdı, yəqin ki, pələngin ayağının altından qaçdı, – deyə zarafatla cavab verdi.
– Yox, – deyə Leyla qalxıb, çılpaq qolu ilə yastığına dirsəklənərək cavab verdi, – pələng çox ehtiyatla hərəkət edir. O, heç vaxt möhkəm olmayan yerə ayağını basmaz...
– Nə bilirsən?
– Eşitmişəm... Mənim dayım məşhur ovçu idi. Bir dəfə
[Mənbənin skanında burada mətn itib.]
– Laçınla Leyla, demək, siz ora! Biz isə, bura! Saat beşdə, düşərgədə görüşərik.
Sonra gülümsəyərək əlavə etdi:
– Sizə də, bizə də uğurlu səfər!
... Bellərində dəri heybələr, ayaqlarında dağ-daşa, palçığa davamlı qalın çəkmələr olan Laçınla Leyla əl-ələ tutaraq, üzüaşağı götürüldülər.
– Ehtiyatlı olun! – deyə Mərdan arxadan qışqırdı...
– Arxayın olun! – deyə Laçın sol əlindəki dəmir uclu ağacı havada yellədi.
– Onların xoşbəxtliyi mənə ləzzət verir, – deyə Elxan gülümsədi.
... Gümüş kimi parıldayan dağ çayı özünü daşlara, qayalara çırparaq nərildəyirdi. Laçın hansı uzaq zamanlardasa yerin dərinliklərindən qalxan nəhəng qayaya çevrilmiş süxuru çəkiclə parçalayırdı. Leyla lupa ilə kiçik süxur qırıntılarını tədqiq edirdi...
– Hələ ki, bir əlamət görünmür, – deyə o, nəhayət, başını qaldıraraq Laçına müraciət etdi.
Laçın süxuru parçalamaqda davam edərək:
– Geoloq üçün ən vacib məsələlərdən biri səbr etməyi bacarmaqdır, – dedi.
... Leyla lupa ilə nəzərdən keçirdiyi yeni süxur parçasını tullayaraq:
– Heç nə yoxdur, – deyə ümidsizliklə səslətdi.
– Sən indidən belə əsəbiləşməyə başlasan, qızıl tapanacan bizdə can qalmaz, – deyə Laçın zarafatla cavab verdi.
Leyla soruşdu:
– Yəni, sən bizim bir şey tapacağımıza inanırsan?
Laçın, çəkiclə qayaya yeni zərbə endirərək:
– Biz, – dedi, – bir şey yox, iki şey tapacağıq, qızıl və civə!
Sonra dikəlib, alnının tərini silərək saatına baxdı:
– Saat beşə işləyir. Sən tərpən düşərgəyə, yeməyə bir şey hazırla.
– Bəs sən? – deyə Leyla soruşdu.
– Mən hələ bir saat da işləyəcəyəm. Süxur gətirərəm, çadırda tədqiq edərik.
– Yorulmamısan?
– Yox, tərpən!..
... Leyla uzaqlaşanda Laçın arxadan qışqırdı:
– Gözlə, azarsan.
– Azaram, gəlib taparsan, – deyə qız zarafatla cavab verdi.
Leyla sıldırım qayaların arası ilə aşağı enirdi.
... Yamaclar, vadilər təzə-təzə açılan bahar çiçəkləri ilə dolu idi və Leyla gedə-gedə bu çiçəklərdən yığıb iri bir buket düzəltdi...
... Və nəhayət, Leyla dağı enib, meşəyə girdi.
... Leyla irəlilədikcə, sığırçın, sarıköynək zümrüd yarpaqların arasından ona baxaraq həyəcanla səslənirdi.
... Birdən zanbaq kimi gömgöy səma qaraldı...
Və şiddətli külək meşəni hərəkətə gətirdi.
... Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını Leylanın üzünə çırpırdı...
... Sonra dalbadal göy gurultusu eşidildi...
... Dalbadal ildırım çaxıb, təlatümdə olan meşəni və göz açmağa imkan tapmayan qızı işıqlandırdı.
... Sonra dolu qarışıq şiddətli yağış başladı.
... Yağış və dolu zorla yeriyən qızı amansızlıqla döyəcləyirdi.
Qız hara getdiyini bilməyərək yıxıla-qalxa irəliləyirdi...
... Və nəhayət, o, balaca meşə açıqlığına çatdıqda, əynində başlıqlı neylon plaş, çiynində quşla dolu heybə və tüfəng olan ucaboylu bir adamın on beş-iyirmi addım aralıda dayanıb, ona baxdığını gördü.
... Neçə vaxtdan bəri qorxu və əzab içində yorulub əldən düşmüş qız insan gördüyünə sevindi.
Oğlan əlinin dalı ilə gözlərinə çırpılan yağış suyunu silərək, qıza yaxınlaşıb soruşdu:
– Bu tufanda hardan gəlib, hara gedirsiniz?
Qız bunun iyirmi yeddi-iyirmi səkkiz yaşında çox yaraşıqlı bir oğlan olduğuna yalnız indi diqqət yetirərək:
– Mən geoloqam, – dedi, – düşərgəmizə gedirəm.
– Düşərgəniz hayandadır?
– Bilmirəm, – deyə qız şiddətlə yağan yağışın arasından onun belindəki patron kəmərinə baxaraq cavab verdi, – yolu itirmişəm...
– Kompasdan, xəritədən yoxunuzdu?
– Kompas da, xəritə də Laçının yanında qaldı.
– Laçın kimdir?
– Mənim yoldaşım.
Sonra qız gülümsəyərək əlavə etdi:
– Yəqin ki, bu dolu ilə yağış indi ona da divan tutdu. Biz axtarışa bir getmişdik. Mən bir az tez qayıtdım ki, yeməkdən-zaddan hazırlayım... O cür gözəl havada birdən-birə bu cür tufan qopacağı kimin ağlına gələrdi.
– Bu dağların havasına inanmaq olmaz, – deyə oğlan ciddi ifadə ilə cavab verdi, – indi belədir, bir saat sonra başqa cür olacaq...
... Sanki qızın qorxusu və yorğunluğu bir andaca yox olub getmişdi. O, təkrar gülümsəyərək:
– Görünür, – dedi, – bu yerlərin havasını öyrənməkdə səhv etmişik. Siz ovçusunuz?
– Xeyr, elə-belə... həvəskaram... Vaxt olanda, çıxıram. Siz, düşərgənizin təxminən hansı səmtdə olduğunu da bilmirsiniz?
– Bizim düşərgəmiz, – deyə qız ruhla cavab verdi, – Göy gölə tökülən dağ çayının sağ sahilindədir.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-tufandan-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.
Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqınıYastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:– Nə olub, Xanmurad, birtəhər görünürsən?
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatıSəhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Başqa şairlərin şeirləri
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?