Səhifə 2 / 4 · 25%

Atalar da, analar da onların ər-arvadlıq həyatından çox razı qalıb, övladlarının belə uğurlu izdivacı üçün böyük Allaha min təşəkkür elədilər.


İndi budur, altı ildir ki, onlar söz-söhbətsiz, dava-dalaşsız, əqli-səlimlə mehriban yaşayıb, iki gözəl oğlanlarını böyüdürlər.

Hacılar da, dizə qədər qarla örtülü olan uzun qış gecələrində bir-birinə qonaq gedib «Şahnamə»dən, Sədinin macəralı həyatından, qadınların günahlarını öyrənib yazma cəhdindən söhbətlər edirdilər. Və bütün bu aləm Xan qızı Gülsənubərdən uzaq idi. Bu həyatın daxili aləmi ona məlum deyildi, onun üçün yox idi. O, hətta tarzənin körpə balaları barədə də düşünmürdü. Sanki bütün bunların onun məhəbbətinə dəxli yox idi. O da qəribə idi ki, əgər ona desəydilər ki, sən tarzənə aşiq olmusan, qız buna təəccüb edərdi. Çünki o, tarzənə o qədər aludə olmuşdu ki, ona o qədər vurulmuşdu ki, bunu ifadə üçün təkcə «eşq», «məhəbbət» sözləri kifayət eləməzdi.

Tarzənin bütün varlığı, gözəlliyi, çaldığı muğamlarla birləşərək qızı uzaq, anlaşılmaz hisslərlə dolu aləmə aparanda, qız nəhayətsiz bir şirinliklə hey onun gözlərinə tamaşa etmək və bu gözəllik içində yuxuya getmək istəyirdi. Şirin... əbədi yuxuya... O, muğamın hər nidasında, hər çırpıntısında özünü uzaq və məchul bir aləmdə görüb hiss edirdi. Bəzən «Min bir gecə» nağıllarında təsvir edilən tilsimli bir qalaçada oturub, ondan ayrı düşmüş sevgilisinin hicranını çəkir, bəzən qupquru bir səhrada Məcnun kimi gəzib sevgilisini axtarır, bəzən dünyanın gözəl gülləri, çiçəklərilə dolu əsrarəngiz bir bağçada dolaşaraq, ondan ayrı düşmüş sevgilisinin həsrətilə göz yaşı tökürdü... Lakin heç bir zaman o da Məcnun kimi sevgilisinə çata bilmirdi... Və nəhayət, muğam qurtarır və qız təzədən real həyata qayıdaraq, nə olursa-olsun, o, tarzəni görməyə can atırdı.

Və o, freylinası Fatiməyə dedi:

– Məni o tarzənlə tanış elə. Deyirsən, atası əminlə dostdur, özünüz də qonşusunuz.

Fatimə dedi:

– Yaxşı, xanım, tutaq ki, mən sizi tanış elədim, sonra?

– Sonrasına baxarıq.

Fatimə ciddi ifadə ilə:

– Xanım, – dedi, – sən o oğlana o qədər bağlanmısan ki, mən sizi tanış eləməyə qorxuram.

Gülsənubər zarafata saldı:

– Qorxma, bizim aramızda heç bir şey ola bilməz, mən haqq aşiqiyəm, o mənə toxunsa, od tutub yanar.

Sonra freylinanı onları tanış etməyə razı salmaq üçün əlavə elədi:

– Ürəyinə başqa şey gəlməsin. Mən Xan qızıyam! Çox təsirli çaldığı üçün onunla tanış olmaq istəyirəm.

Və onlar axşamçağı Fatimə xanımgilin küçəyə baxan eyvanlarında oturub çay içdikləri zaman, gəlib öz darvazalarına dönən tarzəni görəndə, Fatimə bərkdən dedi:

– Sadıq qağa, buyur çaya qonağımız ol, Gülsənubər xanım da səninlə tanış olmaq istəyir.

Sadıqcan bir an ayaq saxlayıb, tərəddüd etdi. O, Gülsənubərin Xan qızı olduğunu bilirdi. Yalnız buna görə yox, ümumiyyətlə, gənc dinləyicilərin sözünü yerə salmamağı adət etmişdi. Bu dəfə də Fatimə xanımgilin həyətinə daxil olub pilləkənləri qalxdı və qonaq otağından keçib qızlar əyləşən eyvana çıxdı. Və ayağa qalxaraq onu qarşılayan qızlar oturandan sonra özü də əyləşdi. Görünür, Gülsənubər, doğrudan da, Allahın vəhy elədiyi haqq aşiqi idi. Ürəyi elə çırpınırdı ki, qız özünü ələ ala bilmirdi. Fatimə rəfiqəsinin qəfil ağarmış çöhrəsindən keçirdiyi həyəcanı hiss edərək tarzənə dedi:

– Sadıq qağa, Gülsənubər xanım sənin çalmağının vurğunudur.

Tarzən sakit, hörmətkar ifadə ilə dedi:

– Minnətdaram. Allah Xan qızını xoşbəxt eləsin.

Elə bil ki, tarzənin bu sözləri Gülsənubərin əsəblərini birdən-birə sakitləşdirdi və o öz-özünə təəccüblə fikirləşdi: «Cavan oğlan mənə qoca kişilər kimi təşəkkür edir».

Və qız indi tamam sakit ifadə ilə tarzənə dedi:

– Sizin çalmağınız çox xoşuma gəlir.

Oğlan cavab verdi:

– Ömrünüz uzun olsun, xanım. Sizin kimi nəcib insanlara xoş gəlmək biz tarzənlər üçün xoşbəxtlikdir.

Gülsənubər bu dəfə özünü saxlaya bilməyib gülümsəyərək zarafatyana dedi:

– Sizlər qoca kişilər kimi təşəkkür edirsiniz...

Tarzən də eyni təbəssümlə dedi:

– Sizə nisbətən, əlbəttə, qocayam, xanım. Bu gün-sabah oğlanlarımın gələcək xeyir işləri haqqında düşünməli olacağam.

Xan qızı dedi:

– Nə qayğıkeş atasınız.

Tarzən dedi:

– Atalar üçün onlardan başqa nə var ki?!

Fatimə balaca stəkanda gətirdiyi çayı tarzənin qabağına qoyaraq dedi:

– O barədə Sadıq qağama heç kəs çatmaz. Oğlanları atalarını görəndə quş kimi hərəsi bir çiyninə qonur.

Gülsənubər qəribə bir daxili gərginliklə Sadıqcana dedi:

– Yəni siz bu çalmağınızın təsirinə qarşı bu qədər biganəsiniz? Axı hər gecə mən şəhər yatandan sonra Cıdır düzündə təkcə çaldığınız muğamları eşidirəm...

Sadıqcan dedi:

– Gecənin elə gec vaxtı sizin mənim çaldığım muğamları eşitməniz mənim üçün, həqiqətən, xoşbəxtlikdir, xanım. Təşəkkür edirəm.

Gülsənubər eyni gərginliklə dedi:

– Təşəkkür lazım deyil. Mən özüm üçün qulaq asıram. Ancaq nə üçün siz elə gecələrdə eyzən tək çalırsız? Axı siz həmişə Hacı Hüsünü müşayiət edirsiniz...

Sadıqcan dedi:

– Hacı Hüsü o qədər gözəl oxuyandır ki, xanım, mən onu müşayiət eyləyəndə avazına o qədər aludə oluram ki, elə bil, özüm də onun səsinin bu avazıyla, bu nisgiliylə birləşib hey uzaqlara, anlaşılmaz, naməlum aləmlərə gedirəm...

Tarzən birdən-birə bikef halda susdu. Xəyalı o aləmlərəmi getdi? Sonra çox mülayim və bir az da məlum ifadə ilə əlavə etdi:

– Bilirsiniz, xanım, arada mən özümlə tək qalıb ancaq öz çalğımı dinləmək istəyirəm ki, görüm muğamın hekayə elədiyi sözsüz əhvalat nə üçün getdikcə bu qədər dərinləşir, xanım, bu qədər dərinlik ki var, harada qurtarır? Mən bunu dərk etmək istəyirəm! Hacı Hüsü Füzulinin qəzəllərinin dili ilə ürəyini boşaldır. Amma mən çaldıqca nə qədər dərinə gedirəmsə, Allahın bizə vəhy elədiyi bu dərin iztirabların dilini başa düşə bilmirəm. Onun nəhayətinə çatmaq istəyirəm. Eh! Xanım, görünür, insan iztirabının sonu yoxdur. Biz üzüqara bəndə bu sonu heç bir zaman görməyəcəyik. Başa düşmürəm, nə üçün böyük Allahın vəhyi, bizə bəxş etdiyi istedad bizi, biz sənətkarları insan iztirabını, insan hicranını, nisgilini daima daha dərindən, daha təsirli ifadə eləməyə sövq edir. Biz heç bir zaman özümüzdən razı qalmırıq...

Bu cavan, bu yaraşıqlı oğlanın belə bir dildə danışması, belə sözlər deməsi, elə bil ki, bu gənc xanımları birdən-birə bir sehrə salmışdı. Handan-hana Fatimə səsini çıxartdı:

– Qağa, sən, məsələn, «Mirzə Hüseyn segahı»nı çalanda, bəyəm, görmürsən ki, adamlar necə yerlərində quruyub qalırlar?

Tarzən dedi:

– Görürəm, o çəpikləri də eşidirəm, xanım... Amma...

– Nə amma? – deyə, Gülsənubər, nəhayət ki, sehr aləmindən çıxıb hövsələsiz soruşdu.

– Amma, xanım, mənə elə gəlir ki, adamlar uşaq kimi aldanırlar. Mənim öz ürəyimi soyutmayan musiqi başqasını necə mütəəssir eyləyə bilər?

– Siz bizi, öz dinləyicilərinizi təhqir edirsiniz, cənab tarzən, – deyə Xan qızı məzəmmətlə ona baxdı. – Bizə məlumdur ki, neçə vaxtdır siz tarın üzərində işləyib onu daha da mükəmməlləşdirmək istəyirsiniz. Zənnimcə, buna da müvəffəq olmusunuz. Məsələn, indiyəcən tarı diz üstə qoyub çalırdılar, amma sizin kəşfinizdən sonra tar sinəyə qalxdı. Demək, siz onu yerdən qaldırıb ürəyinizə... qəlbinizə daha da yaxınlaşdırmısınız... Onun da insafı olsa, gərək sizdən heç bir sirrini gizləməsin. İndi gərək o sizin hökmünüzdə olsun.

Fatimə:

– Məncə, heç bir tarzən tara Sadıqcan qağa qədər hakim deyil.

Sadıqcan:

– Yox, elə deməyin, ustad tarzənlərimiz çoxdur...

Və sonra Gülsənubər xanıma müraciətlə səmimi etirafla cavab verdi:

– Xeyr, xanım, mən özüm-özümü təhqir olunmuş sanıram. Mənə elə gəlir ki, bizim ifamızda, nə isə bir saxtalıq var ki, sadədil adamlara bu qədər xoş gəlir.

– Görürsünüzmü? Demək, biz sadə adamlar, ancaq «saxta» gözəlliyə malik işləri sevirik?

Tarzən dedi:

– Bağışlayın, xanım. Bəlkə, «saxta» sözü sərt çıxdı. Mən «ürəyin dərinliklərindən gələn» demək istəyirdim. Məsələn, mənə elə gəlir ki, heç bir muğam məni təmin edəcək dərəcədə ürəyimin dərinliklərindən gəlmir. Bilirsiniz, xanım, hər dəfə muğam çalmağı məndə, məsələn, sizə qəribə görünə bilən fikirlər oyadır.

Qız maraqla soruşdu:

– Məsələn, nə cür fikirlər?

– Məsələn, mənə elə gəlir ki, bütün canlılar kimi, cansızların da ruhu var, xanım. Onlar da nə isə hiss edirlər. Onların daxili fəaliyyəti də idarə olunur, nizama salınır. Məsələn, torpaq öz-özlüyündə cansız bir şeydir. Ancaq necə olur ki, öz-özünə o boyda meşələr, bağlar yetirir? Niyə çiçəklərin hamısı bir rəngdə olmur? Niyə quşların, heyvanların erkəkləri dişilərindən gözəl olur?

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri