Səhifə 3 / 4 · 50%

Fatimə dedi:

– Doğrudan da, qəşənglikdə xoruz hara, toyuq hara.

– Mənə elə gəlir ki, – deyə tarzən davam etdi, – milyon illərdən bəri yaşayıb gələn cansız cisimlərdə də vaxtilə onlarla uğraşan, məşğul olan insanların xatirələri, iztirabları, sevincləri yaşayır. Ona görə də, mən tarın üzərində bu qədər çalışıram ki, bu cansız görünən simlər şahidi olduqları insan iztirablarını daha dərindən ifadə eyləyə bilsinlər... O aləm yenidən canlansın!

Gülsənubər soruşdu:

– O aləm sizin özünüzə məlumdurmu?

Tarzən dedi:

– Mən o aləmi hiss edirəm. Mən ərz elədim ki, muğamın avazındakı nisgil, pərişanlıq, bəzən mehribanlıq, mərdanəlik atəşində sonsuzluq hiss edirəm. Ona görə də, imkanım olduqca, tək özümə çalıram ki, görüm, mən o aləmi nə dərəcədə ifadə edirəm? Nəhayət, onun axırına çata bilərəmmi?

Fatimə təəccüblə dedi:

– Qağa, vallah, mən başa düşə bilmirəm ki, sən nə istəyirsən? Çaldığın hər muğam bizə o qədər təsir etdiyi halda, nə üçün özünə əzab verirsən ki, guya sən onun dərinliklərinə girə bilmirsən?

Gülsənubər sanki öz-özü ilə danışırmış kimi yavaş səslə dedi:

– Görünür, Sadıqcan çaldığı muğamın hekayə elədiyi əhvalatı olduğu kimi ifadə etdiyindən razı qalsaydı, onda Sadıqcan olmazdı.

Qız bu sözləri sanki bir teht içində dedi. Sanki tarzənin zahiri gözəlliyi, onun bu müəmmalı daxili aləmi ilə birləşərək qızı eləcə sehrləmişdi. Qız özündə bu oğlana qarşı şiddətli bir istək hiss edirdi və eyni zamanda da bu hiss onu ürküdürdü. Əlbəttə, Xan qızı Gülsənubər on səkkiz yaşında başqa yaraşıqlı, aristokrat oğlanları üzdən çox görmüşdü, lakin onların heç biri onun əqli-səlimini bu qədər alt-üst eləməmişdi. Onların heç biri onu bu qəribə bir maqnit qüvvəsi ilə özünə tərəf çəkməmişdi. Qıza elə gəlirdi ki, o bu saat, nə isə ağılsız bir hərəkət edər, səfeh bir söz danışa bilər və o, Fatiməyə dedi:

– Gedək, gecdir.

Və onlar qalxıb çıxanda anlaşılmaz bir ürək çırpıntısı ilə tarzənə dedi:

– Sağ olun!

Lakin oğlanla əl tutuşmağa cəsarət eləmədi. Elə bil, nədənsə, qorxub çəkindi.


Onlar axşam olub çıraqlar yananda Xan qızıgilin imarətinə daxil oldular. Gülsənubər öz otağına çəkilib Fatimə ilə də heç nə danışmadan qapını örtdü. O, tək qalmaq, o oğlan haqqında düşünmək istəyirdi. Əslində Xan qızının o tarzən barədə düşünməli, aydın olmayan bir fikri yox idi. Lakin bununla belə, o, özünü oğlandan qoparmaq, onun haqqında düşünməmək iqtidarında deyildi.

Qız oğlanın evli olması, uşaqları barədə düşünmürdü. Sanki onların varlığı heç yadına da düşmürdü.

Qəribə bir halsızlıq içində, şam eləmədən yuxu onu tirmə divan üstündə aparmışdı. Və gecənin bir aləmi qız diksinərək yenə də Cıdır düzündə tarda çalınan o muğamı eşitdi. Və eşitdikcə, sanki muğamın min cürə iztirab ifadə eləyən nidaları o oğlanın mükəddər üzü ilə birləşərək, qızı da özü ilə birlikdə, hara isə uzaqlara, anlaşılmaz nisgilli uzaqlara aparırdı. Və qız artıq heç nə düşünmədən qalxıb ipək örtüklü miz arxasına keçərək ona belə bir məktub yazdı:

«Əzizimiz Sadıqcan! Sənin əsil adın Sadıq olduğu halda, elə bil ki, xalq bu adı məhz mənə görə, «Sadıqcan» deyə çağırır. Elə bil ki, Sadıq mənim öz canım olub... Mən sənin aləminə o qədər giriftar olmuşam ki, özümü səndən, bir anlığa də olsa, ayrı bir can, ayrı bir ruh kimi təsəvvür eləyə bilmirəm. Öz-özümdən soruşuram:

«Bu nədir? Sevgidirmi? Məhəbbətdirmi? Məcnun eşqidir, nədir?» Ey Allah, – deyirəm, – mən Xan atamın yeganə qızıyam! Məni xilas elə, məni o oğlanın tilsimindən xilas elə!

Mən özümü tilsimə düşmüş kimi hiss edirəm. İndi bu sətirləri qorxudan titrəyə-titrəyə yazıram. Mən səni insanların fövqündə dayanmış gözəllik, nəciblik timsalı, alicənab, anlaşılmaz bir məxluq kimi hiss edirəm. Mən dəli-zad deyiləm. Bəlkə sən yenidən zühur etmiş həzrət Yusifsən? Mən səni təklikdə görmək istəyirəm. Ancaq cəsarət etmirəm. Rica edirəm, bu məktubu oxuyub mənə bir söz de. Bəlkə mən dəli olmuşam? Bəlkə gecənin bir aləmində Cıdır düzündə tək oturub çaldığın muğamlar məni sehrləyib? Bilmirəm, heç nə bilmirəm!»

Xan qızı daha ayrı bir söz yazmayaraq, əynində çərkəz çuxa, belində gümüşqəbzəli balaca xəncər, ayaqlarında uzunboğaz çəkmə olan on beş yaşlı saray buyruqçusu Cəmili çağırıb, məktubu ona verərək dedi:

– Bu kağızı aparıb xəlvətcə tarzən Sadıqcana verərsən. Ancaq heç kəs görməsin, ağzından bir kəlmə söz qaçırsan, öldürərəm.

Saray pajı Cəmil cavan xanımın axırıncı hədəsindən inciməyərək, şən bir əhvalla məktubu alıb götürüldü.

Sonra qız biləyində ləl-cəvahirlə işlənmiş bilərzik, barmaqlarında brilyant üzüklər olan gözəl əllərini göyə qaldıraraq:

– Ey böyük Allah, ey hər sirrimizə vaqif olan, Ərhəmərrahimin Allahımız! Əgər günah edirəmsə, məni bağışla! Mənə kömək et! – deyə pıçıldadı.


Cəmil tarzəni güdüb, o, evlərinin darvazasına təkcə yaxınlaşanda, yüyürək qabağını kəsib, ipək zərfdə olan məktubu ona verərək, özündən bu sözləri də əlavə etdi:

– Bax, bu barədə ağzından bir kəlmə söz çıxmasın!

Sadıqcan ani təəccüblə məktubu alıb, nə isə demək istədi. Lakin Cəmil döngəni burulub gözdən itdi. Sadıqcan məktuba ani bir nəzər salaraq, cibinə qoyub darvazanı açaraq, həyətə daxil oldu. Səhər-səhər yuxudan yenicə qalxıb, tabaq boyda açılmış qızılgüllərin arasında oynayan oğlanları səs-küylə yüyürüb gənc atalarının dizini qucaqladılar. Sadıqcan ikiyaşlı balaca oğlunu qucağına alaraq balkona çıxdı. Cibindəki məktubun nə barədə olacağını təxmin edirdi. Başqa qızlardan belə məktublar almışdı. Ona görə otaqlarında açmadı. Ona görə yox ki, arvadı soruşa bilərdi ki, «nə məktubdur?» Ona görə ki, yad qadının eşq məktubunu arvad-uşağın yanında oxumağı özünə rəva bilmədi. Səhər yeməyindən sonra dincəlmək üçün külafirəngiyə qalxıb divanın üstündə uzanaraq, zərfi açdı (yəqin ki, Xan qızı Gülsənubər tarzənin onun məktubunu belə qarşıladığını bilsəydi, çox sarsılardı).

Və məktubu sakit halda oxudu. Sonra bir əlini gözünün üstünə qoyub, eyni sakitliklə xəyala getdi. Əlbəttə, Gülsənubər onunla tanış olmaq istəyən başqa qızların tayı deyildi.

Kor Şeytan tarzənin ürəyinə girib dedi:

– Düzdü, Gülsənubər hara, o qızlar hara?! Gülsənubər Şuşa qalasında tək gözəldir. Avropa təhsili görmüş, şah sarayına layiq qızdır! Sənin arvadın isə bozbaş bişirən sadəlövh qadındır...

Söz bura çatanda tarzən sanki diksindi. Kor Şeytanı qovmaq üçün arvadının səhər onun naharı üçün gətirdiyi Turşsudan bir stəkan içdi. Sonra məktubu zərfi ilə birlikdə didik-didik eləyib, Üçmıx dağından əsib gələn yelə verdi və kəklikotu, yabanı nanə ətrilə dolu yel də onu – Gülsənubərin bu ilk məhəbbətini – bağçada açılmış tabaq boyda qızılgüllərin, mavi yasəmən çiçəklərinin üstünə səpələdi. Və günorta tarzən külafirəngidən düşüb evə çıxaraq, arvadı və balaca uşaqlarıyla birlikdə Allahın verdiyindən nahar elədi.


İkinci gün idi ki, Gülsənubərin məktubuna cavab gəlmirdi. Və qız bir yerdə qərar tutub dayana bilmirdi. Otaqları, bağçanı bir-birinə vurub, qərarsız gəzib-dolaşır, heç kəslə, hətta istəkli freylina Fatimə ilə də bir kəlmə kəsib danışmırdı. Tarzənə məktub göndərdiyini də Fatiməyə demirdi. İki gecəydi ki, Cıdır düzündən tarzənin tarının səsi də gəlmirdi. Bu isə qızı lap dəli edirdi. Üçüncü gecənin bir aləmi Cıdır düzündə tarzənin çalmağa başladığı muğamın ilk nidaları eşidiləndə, qız qeyri-iradi hövlnak bir hərəkətlə qulaqlarını qapadı və bir neçə saniyə bu cür dayandı və bu bir neçə saniyə ona bir əbədiyyət qədər uzun göründü. Sonra qulaqlarını açaraq, gecə paltarında yarıqaranlıq bağçaya düşdü və güllərin arasına qoyulmuş kətilin üstündə oturub dinləməyə başladı. İndi qıza elə gəlirdi ki, bu muğamı çalan tamam yad bir adamdır və bu yad adam onun zavala gəlmiş nakam məhəbbətinin, nakam qəlbinin iztirablarını bu qədər nisgillə hekayə edir, ona bu qədər dərindən acıyır...

Və qız səhərə yaxın qeyri-şüuri, tələsik paltarını dəyişib, saray əhlindən gizlin bağçanın Cıdır düzünə tərəf açılan qapısından çıxaraq, sərt qayaların arasıyla qıvrıla-qıvrıla yuxarı qalxan dar cığırla Cıdır düzünə doğru getməyə başladı. Yaxındakı fənərlər sönmüşdü. Şuşa qalası ulduzlarla dolu, lakəsiz, nəhayətsiz göyün altında şirin yuxuda idi. O, heç nə görmürdü. Elə bil ki, bu qaranlıq, dolama cıdırlarla onu tarzənin çaldığı o muğamların nidaları, fəryadları çəkib aparırdı.


Tarzən birdən başını qaldırıb ulduzların işığında onu görəndə, çalğını saxlayıb, həyəcanla ayağa qalxdı. Musiqinin kəsilməsilə sanki qız da birdən-birə özünə gələrək, yerində dayandı. Və elə bil ki, bütün vücuduna qəfil, yeni bir həyat qüvvəsi daxil oldu və məhz bu neçə saniyədə o, xalq arasında igidliyilə məşhur olan Xan atasının qızı olduğunu xatırladı və sərt, amiranə bir səslə qışqırdı:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri